1969 dəfə oxunub

Qatarla Londona səyahət

Londondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Çıx qatar yoluna, məni qarşıla.. Amsterdam-London səyahəti

Bu həftəsonu on beş illik Amsterdam macərama nöqtə qoyub Londona çörəkpulu qazanmaq üçün yola düşdüm. Bilet aldığım ərəfədə təyyarə biletləri sərf eləmirdi Londondaki hava limanlarının evə uzaq olması səbəbilə. Eurostar qatarının Londondaki dayanacağı yaxın olduğu üçün qatarla səyahət qərarına gəldim. Həm də hər sərnişinə istənilən ölçüdə 2 böyük baqaj, bir də əl çantası icazəsi var deyə daha uyğun oldu. Amma gömrükdə heç yoxlamadılar kim nə qədər çanta keçirir.

49384544_10218021731080672_3972101702277922816_n

Qısaca Eurostar barədə. 1994-də istifadəyə verilən bu qatar marşrutu Avropada Fransa və İngiltərəni dəmiryolu ilə birləşdirən yüksək sürət qatarlarından istifadə edir. Bakı-Gəncə qatarı qədər bərkgedən olmasa da, saatda 320 km ilə dünyada ən yüksək sürətli qatarlardan sayılır. Sadəcə Eurotunnel bölgəsində, dənizin altında təhlükəsizlik səbəbilə sürəti bir az azaldırlar. Ümumiyyətlə Eurotunnel xüsusilə Böyük Britaniya üçün ciddi əhəmiyyət kəsb edir. Gələn idxalın 25 faizi bu tuneldən keçən ticarət mallarından ibarətdi. Eurotunnel dənizin altından iki tunellə İngiltərə ilə Fransanı birləşdirir və hazırda dünyada ən işlək yolu sayılır: ildə 2.5 milyon maşın, 1.5 milyon yük maşını və 20 milyon sərnişin daşınılan iki tuneldən biri Eurostar üçün nəzərdə tutulub. Tunelin 37 kilometri dəniz səviyyəsindən 100 metr aşağıdadı amma qatarda ümumiyyətlə hiss eləmirsən bunu.

49831309_10218021752201200_611056219951464448_o

Marşrutların şəklini aşağıda əlavə eləmişəm. Amsterdam-London istiqamətində hələki birbaşa qatar yoxdu, amma London-Amsterdam istiqamətində var. Səbəb Amsterdamda Birləşmiş Krallığın gömrük nəzarət nöqtəsinin olmamasıdı. Amma onu da 2019-un sonunda həll edəcəklər deyəsən. Amsterdamdan gedəndə Fransızların Thalys qatarı Brüsselə aparır. Orda düşüb həm Belçika gömrüyündən EU-nu tərk edirsən, 2 metr gedib UK gömrüyündə pasport kontrola girirsən. Avropa Birliyi vətəndaşı olmaq işimə yaradı: normalda non-EU vətəndaşları olan yerdə sıra var idi, amma EU vətəndaşları biometrik pasportla 10 saniyədə kontroldan keçdi. Sonra baqaj yoxlanılır, ardınca da terminala gedirsən.

 

[gallery ids="1200,1199" type="rectangular"]

Yeni il ərəfəsində səyahət edənlər çox olur deyə fikirləşirdim ki, adam çox olar, amma kupe demək olar ki bomboş idi. Qatar təmiz, keyfiyyət və s yaxşı idi. Biletdən asılı olaraq kupeyə yeməklər də gətirib xidmət göstərirlər. Amma kupelərin çoxunda restoran-kafe də mövcuddu. Eurostar qatarında mobil app-la kinolar izləmək, kitab oxumaq, maraqlananlar üçün Virtual Reality ilə qatarın balıqlarla əhatələnməsini "görmək" olur. Uşaqlar üçün nəzərdə tutulsa da, böyüklər heç imkan vermir 

49503062_10218021751001170_7896504644522737664_n

Qiymətlərə gəlincə, mən bir az gec aldım deyə bir tərəf üçün 130 euro ödədim. Amma Amsterdam-London-Amsterdam biletini rahatlıqla 90-100 euroya almaq olar. Amsterdamdan Londona hardasa 4 saat yarım, Londondan Amsterdama 3 saat 20 dəqiqəyə səyahət mümkündü Eurostarla.

Qısacası, təyyarə ilə 45 dəqiqəlik yol yerinə maraqlı macəra yaşamaq istəyənlər üçün məsləhətdi 

PS. Artıq Amsterdam sakini sayılmasam da, ana yurd barədə suallarınızı həmişə olduğu kimi yenə ünvanlaya bilərsiz 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Isa Yusibov

DİGƏR BLOQLAR

Yunan adası - Rodos

Rodosdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Heç bir plan olmadan, tələm-tələsik baş tutan çox maraqlı bir səfərim haqda danışmaq istəyirəm. Türkiyədə hazırda gönüllü qaldığım yerdə oturum izni almadığım üçün Azərbaycanlılara uygulanan 1 aylıq vizasız yaşam zamanım doldu. Ölkəni tərk etməli idim, bu da sevə-sevə işlədiyim yerdən ayrılmalı olduğum anlamına gəlirdi. Burda olan dostların axtarışı nəticəsində çarəni 1 günlük Yunan adalarından birinə gedərək yenidən 1 aylıq qala bilmə izni yaradaraq, həm də yeni bir yer kəşf etməkdə tapdıq. Beləliklə problem həll olundu, mən də səbrsizliklə çantamı hazırlamağa başladım.Günübirlik turun qiyməti 42 avrodur. Səhər saat 9da yola düşürsüz və 1saat içində Rodosa çatırsız. Feribot nə çox kiçik bir qayıq tipli bir şey deyil, nə də İstanbulda boğazı keçərkən istifadə olunan o böyük gəmi deyil. Heç ölkələr arası kruizdə deyil ???? Yəni xəyal qurmağa dəyməz bu mövzuda, çox sürətli hərəkət edir və bir də Rodos tərəfində daha çox yırğalanır. Ege dənizinin maviliyi göz oxşayır desəm yanılmaram. Günübirlik olduğu üçün biletim saat 5də də yenidən geri qayıdış zamanım idi. Bir-iki saat içində gəzə bildiyim yerlərdən bəhs edim. İlk zatən feribotdan endikdən sonra şəhərə doğru irəliləyib “Old town” adlı qədim hissəsini doyunca gəzdim.Sonrasında isə özümə dəniz məhsullarından dadmaq üçün zaman ayırdım. Beləki burda balıq yemədən, dəniz yeməklərinin dadına baxmadan və məhşur ouzo içkisini sınamasan olmaz. Mən də bu olmazsa olmazı dənədim. Beləki çox ləziz olan menyudan ahtapot grili və qızardılmış kalamar qarışığı bir boşqab sifariş verdim. Əlbətdə məşhur tarixi yunan içkisi ilə birlikdə bu 12 avroya başa gəldi. Hesabı ödədikdən sonra isə onlar məni qarpıza qonaq etdilər, niyəsin soruşduqda isə onların adətlərinin belə olduğunu bildirdilər.Artıq geri dönmək üçün yalnız 2-3 saatım qalmışdı. şəhəri heç gəzmədən getmək isə könlümə yatmadığı üçün turistik avtobusla şəhər turuna qatıldım. Prinsipcə zamanınız varsa piyada gəzmək, azmaq, yerli əhali ilə söhbət etmək tərəfdarıyam. Amma zaman… Səhər aldığınızda 12.50 avro olan bilet, saat 12.00dan sonra 9 avro olur. İstədiyiniz yerdə minib-enmə imkanı və hər tarixi yerdə olan şeylər haqda seçdiyiniz dildə geniş bir məlumat verir. Rodos özündə antik Yunan mədəniyyətini, Pers işğallarını, Roma imperatorluğunun gücünü, Osmanlı islam tarixini birləşdirir. Eləcə də bir çox avropa ölkələri müstəmləkəsi olduğundan hər mədəniyyətin bir parçasını hələ də özündə qoruyub saxlayır.Dünyanın 7 möcüzəsindən biri olan Kolossos heykəlinin vətəni Rodos haqda bu qədər yetərlidir, növbəti yazımda oranın digər populyarı olan Lindos kəndi haqda yazacam.Rodosda çəkdiyim digər şəkillərə facebookda “Bilməzin macəraları” səhifəsində baxa bilərsiz.P.S.: Bura getmək üçün şengen vizası lazımdır. Türk vətandaşlarından Kıbrısda olmuş olanlara və ya Kıbrıs vətandaşlarına sərhəddən buraxılış verilmir. Əgər sizin də pasportunuzda Kıbrıs cümhuriyyətinin möhürü varsa öncədən ora zəng vurub soruşun, sonra sərhəddə qalmayasız.P.S.: Mənim kimi uzaq bir yerdən gedəcəksənizsə bir gün öncədən gedib Marmarisdə qalmaqda fayda var. Çünki böyük bir növbə olur sərhəddə və saat 9da yola düşdüyü üçün feribot gecikmə ehtimali var.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər... Paylaşdı: Nilufər Əzim 

1291 dəfə oxunub

Almaniya ilə bizim fərqimiz…

Yeni iş imkanlarına qovuşmaq… Avropanın sərhdəsiz tərəflərindən istifadə edib yeni yerlər kəşf etmək… Övladlar üçün çəkişməsiz amma dayanıqlı həyatın bünövrəsini qoymaq…Fərqli-fərqli səbəblərə görə hər il Almaniyaya üz tutan həmvətənlərimizin sayı getdikcə artır. Bəziləri bu ˝passiv˝niyyətlə ömürlərinin sonuna qədər vətəndə qalır, digərləri isə risk edərək onəmli Köçü reallaşdırır.Almaniyada üç ilə yaxın yaşayan birisi kimi sizə Azərbaycanla Avropanın bu tayı arasındakı fərqi, qismən də olsa, anlatmaq istəyirəm. Buraya üz tutanlarda düzgün ilk təəssürat formalaşsın deyə, şəxsi təcrübəmə söykənərək, sizinlə kiçik də olsa ˝hal-qəziyyəni˝bölüşmək istəyirəm.Qərar verdim, gedirəm….Almaniya dünyanın ən dayanıqlı iqtisadiyyatına sahib olan ölkələrindəndir. Bu o deməkdir ki, buranı xəyal edən milyonlarla insan var və hamı burada firavan həyat qurmaq üçün dəridən qabıqdan çıxmağa hazırdır. Polşalı da, Venesuellalı da, Çinli də, hətta Panamalı da…Siz müxtəlif yollarla bura gələ bilərsiniz. Əgər Azərbaycanda İT sekotru üzrə təcrübə sahibi olmusunuzsa, proqramlaşdırma və ya data analytics, data engineering və s. üzrə püxtələşmisinizsə, onda narahat olmağa dəyməz. Sizi, belə desək, özləri tapacaqlar. Bu zaman köç bir o qədər də ağrılı olmayacaq. Həkimlərin də bir mənada üstünlüyü var. Son zamanlar pandemiyaya görə Almaniyada hər 20 min sakinə bir ixtisaslı həkim tələbatı irəli sürülüb ki, bu da imkanları artırır. Almaniyada iş bazarı və imkanları barəsində gələcək yazılarımda sizinlə ətraflı bölüşəcəm.  Bu bir intro idi.Xülasə, əgər siz nə həkim, nə İT mütəxəssisi, nə də digər strateji ixtisas sahibi deyilsinizsə, o zaman bura ya ali təhsil almağa, ya məcburi köçkün kimi, yaxud da qısa müddətli iş axtarışı vizası üzrə gələcəksiniz.Hər bir halda, sizə bunları tövsiyyə edərdim:Alman dili ən önəmli üstünlüklərdən biridir. Bu dili gəlməmişdən əvvəl ən az B2 səviyyəsinə qədər öyrənməkdə fayda varÖzünüzlə sizi ən az 1 il təmin edə biləcək vəsaitlə gəlin.Köç etməmişdən əvvəl hansı şəhərə getmək istədiyinizi dəqiqləşdirin. İmkan olsa bura bir səfər edin. Ümumi qayda belədir: Şəhər böyük olduqca iş imkanları da böyüyür, lakin rəqabət də artır. O deməkdir ki, burada kirayə ev, övladlara məktəb və ya baxça tapmaq imkanı çox aşağı olur. Həyat xərcləri də buna uyğun artır.Almaniya sənə ele belə yer deyil e, orda qayda qanun varBu hər birimizin beynində olan bir stereotipdir. Nə deyim, bir çox hallarda bu stereotip özünü doğruldur. Yox, sizi yanıltmayacam. Almaniya həqiqətən də hüquq dövlətidir. Əgər doğru sizin tərəfinizdədirsə, heç kim pulla satın alına bilməz, heç kim sizin əleyhinizə gedə bilməz. Amma bir məsələyə öyrəşmək şəxsən mənə çətin olmuşdu. İnsanların demək olar hər şeyə laqeyidliyi… Məsuliyyət məhfumunun tamam başqa prizmadan anlaşılması…Sizi inandırım ki, Azərbaycan ilə müqaisədə bu ağ və qaranın müqaisəsi kimidir.Sizə bir misal deyim, o zaman anlayacaqsınız. Almaniyanın nəqliyyat sistemi çox mükəmməl işləyir. Rəqəmsəllaşma templəri isə, çox aşağıdır. Yəni burda vağzallarda bəzən gedib kassada bilet almalı, məlumat soruşmalı olursan. Günorta saatlarında üç kassadan bəzən biri işləyir, növbədə rahat 20 nəfər olur. Və bu növbənin ortasında kassir 10 dəqiqəlik rahat kofe fasiləsinə gedir… Növbə isə böyüyür. Bu kassirin haqqıdır, pauzadan istifadə etməyi heç kim qadağan edə bilməz. Amma bizim üçün bu laqeyidlikdir.Almaniyada sizin özünüzü öyrəşdriməli olacağınız əsas məsələ, hər sosialist ölkəyə xas olduğu kimi, işlərin çox ləng getməsidir. Bura çox bürokratikdir!Burada həyat köçən insanlar üçün ən az bir ildən sonra gözəl olmağa başlayır. Ona qədər, bu bürokratiyaya öyrəşməli olacaqsınız. Məndə artıq buna qarşı immunitet hissi var. Həyat gözəldir :))Bəlkə də yazıma bir az minor notlarla başladım, amma doğrusu Almaniya çox gözəl ölkədir. Təbiəti, bolluğu, rəngarəngliyi onu yaşamaq üçün bənzərsiz edir. Lakin gəldikdən sonra əzmkarlıq göstərməli və özünüzü inteqrasiyaya məcbur etməlisiniz. Əks halda hər gün vətən üçün daha çox darıxacaq, əsas amalınızdan – firavan həyat qurmaqdan çəkinəcəksiniz.Münasibət başqa şeydir…Deyirlər Alman ilə Amerikalının müqayisəsi ananasla avokadonun müqaisəsi kimidir. Amerikalı avokado kimidir, gülərüz, mehriban, adam həmən ona etimad bəsləyir. Amma bir müddətdən sonra yumşaq avokadonun ortasındakı bərk çərdəyə yaman dəyirsən. Yəni münasibət üçün baryer yoxdur, lakin birdən elə badalağ gəlir ki, heç gözləmirsən. Alman isə əsl kokos kimidir, qabığı çox bərkdir, içində isə zərif südü var – əvvəl səninlə aralarında münasibət baryeri olur, lakin sonra səni tanıdısa hər zaman dürüst və yaxşı münasibətdə olacaq. Mən bunu öz təcrübəmdə sınamışam.Almanlar gəlmələrdən yorulublar, lakin demək olmaz ki, hamıya qarşı müxalifdirlər. Qərbi Almaniyadan şərqə getdikcə insan özgəliyi daha çox hiss edir. Ancaq sizi yaxından tanıyandan sonra bir çoxları fikirlərini dəyişir. Sözüm odur ki, bura gələndə ya özünüzü özgə hiss edəcəksiniz, ya da inteqrasiyaya hə deyərək cəmiyyətə daxil olacaqsınız.Hüquqlar daha orada da qorunmasın, harda qorunsun?!Azərbaycanlının zəngin olmaq məhfumu ilə Almanın zəngin olmaq məhfumları çox fərqlənir. Bizim üçün hər şey pulla ölçülür. Elə bilirik ki, hər şeyi ala bilirik. Alman isə puldan daha çox emosinal və mənəvi azadlığını zənginlik rəmzi sayır. Ona görə də Berlin, Frankfurt və Hamburg kimi böyük şəhərlərdə çoxlu sayda evsiz-eşiksiz, kücədə yatan insanlara rast gəlmək olar. Doğrusu mənim üçün ən böyük psixoloji hədd həmin evsiz ilə (hansı ki dövlətdən aylıq pul alır) və mənim (35% qədər dövlətə öz məvacibindən vergi verən şəxs) eyni hüquqa malik olmasıdır. Yəni əgər həmin evsiz, öz “kiçik ehtiyaclarını ödəmək” üçün binanın divarına və ya ağaca camaat içində üz tutarsa, sən ona heç nə deyə bilməzsən. Yoxsa sən hüquq pozursan və Almaniya kimi hüquqa söykənən dövlətdə bunun cavabını verməlisən.Görəsən necə olacaq…Mən Almaniyaya gələndən sonra özümə bir faktı aşkarladım. Əgər əzmkar olsan hər şeyə nail olarsan. Yalnız nadir hallarda insanlar burada “hazıra nazirI” həyatı sürə bilərlər. Bu cəmiyyət insanın öz potensial və bacarığını tam istifadə etməyə məcbur edir. Yəni Faydalı İş Əmsalı hər zaman yüksək olmaldır. Əgər planlı surətdə məqsədə doğru getsəniz o zaman Alman həyatı sizin üçün çox gözəl olacaq. Bura davamlı məhsuldar qüvvə qıtlığı ilə üz-üzə qalan Kanada və ya Avstraliya kimi deyil, burda rəqabət və əzmkarlıq var. Bəzi həmvətənlərimiz bu məsələnin ciddiliyini anlamırlar, bu səbəbdən də Almaniyada çox qala bilmirlər, ya da öz kürəklərini dövlətə dayayaraq məcburi köçkün kimi yaşamağa verirlər. Bu da bir çıxış yoludur. Amma belə fikriniz varsa, Azərbaycanda qalmağınız daha məsləhətdir. Rus demişkən – Хуже не будет.Önümüzdəki yazılarda sizə Almaniya həyatı barədə daha çox məlumat verməyə çalışacam.Xudahafiz!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Nəbizadə

2602 dəfə oxunub

Dünyadakı passportların rəngləri və seçilmə səbəbləri

Passportların rəngini incələyəndə, dünyada 4 rəngdə passport olduğunu görmək olar. Hər bir ölkənin, müvafiq rəngi seçməkdə də, adətən öz səbəbləri olur. Bu yazıda bu seçimin nəyə əsaslandığını sizinlə bölüşmək istəyirik. Hava limanında olan uzun növbələr sizi darıxdırarsa sadəcə bu məqaləni xatırlamağa çalışın.Qırmızı, passportlar üçün ən çox istifadə olunan rəngdir. Qırmızı passportu adətən indiki və keçmiş komunist ölkələri seçir. Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Rumıniya, Polşa və Gürcüstan vətəndaşları qırmızı passport daşıyıcısıdırlar. Xorvatiyadan başqa bütün Avropa Birliyi ölkələri vətəndaşları da qırmızının müxtəlif çalarlarında olan passportlar istifadə edirlər. Türkiyə, Makedoniya və Albaniya kimi Avrop Birliyinə qoşulmaq istəyən ölkələr isə bir neçə il qabaq passportların rəngini qırmızıya dəyişiblər. Latın Amerikasından isə Boliviya, Kolumbiya, Ekvador və Peru vətəndaşları qırmızı passportlarla səyahət edirlər.Qırmızıdan sonar ən çox işlənən passport rəngi isə göydür. Passportlarda olan göy üzlük yeni dünyanı simvolizə edir. 15 karib hövzəsi ölkəsinin vətəndaşlarının passportları məhz göy rəngdədir. Cənubi Amerika blokunda olan ölkələrdən, Mercosur ticari birliyində olanlar da vətəndaşlarına göy passportlar tədqim edirlər. Bu siyahıda Braziliya, Argentina və Paraqvay var. Venesuela isə burada istisnadır. Ölkə ticari birliyin üzvü olsa da vətəndaşları qırmızı passport daşıyırlar. Birləşmiş Ştatlarda isə passportlar ancaq 1976-cı ildə göy rəngə dəyişilib.Müsəlman ölkələrinin əksəriyyətində vətəndaşlar, məhz Azərbaycanda olduğu kimi yaşıl passportlar daşıyırlar. Mərakeş, Səudiyyə Ərəbistanı və Pakistan burada istisnadır. Buradakı Yaşıl Məhəmməd peyğəmbərin ən sevdiyi rəng hesab olunur. Bundan başqa yaşıl həm də həyatı və yaşamı simvolizə edir. Burkina Faso, Nigeriya, Niger,Fil dişi sahilləri və Seneqal kimi qərbi Afrika ölkələri vətəndaşları da məhz yaşıl passport daşıyıcısıdırlar. Bu ölkələrin vətəndaşlarına yaşıl passport verməsinin səbəbi onların, QADİB-ə (Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi) üzv olmalarıdır.Çox az ölkələrin passportlarının rəngi qaradır. Afrikada Botsvana, Zambiya, Burundi, Gabon, Anqola, Çad, Kongo, Malavi və s. ölkələrdə qara rəngli passportlar istifadədədir. Yeni Zellandiyanın milli rəngi qara olduğundan, orada da vətəndaşlar qara rəngli passportlar gəzdirirlər.Aşağıdakı xəritədə hansı ölkədə, hansı rəng passport istifadə olunduğunu görə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Babek Musa-Zadeh 

2052 dəfə oxunub

Gəzəyən məsləhəti- Səyahət zamanı qarşılaşa biləcəyiniz sözlər məcmusu (Part 1)

Səyahət zamanı lounge, IATA, boarding kimi sözləri tez-tez eşidirik. Bəs bunlar nə deməkdir?Status “hərşey bilənlər” üçün deyil )) 1. Rezervasiya: Eynilə restoranda yer rezerv etdiyimiz kimi aviabilet, hotel, gəmi, qatar, avtobus biletləri və s. yerlərin rezerv edilməsinə deyilir. 2. Bilet: Səyahət üçün lazımi ödənişin ödənildiyini göstərən, səyahət haqqında məlumat və təfərrüatları ehtiva edən səyahət sənədidir. Hava yolu ilə səyahət etmək üçün alınan sənədə aviabilet də deyilir. Aviabiletdə gediş / gəliş məlumatları, PNR və rezervasyon nömrəsi, oturacaq nömrəsi və uçuş vaxtı kimi məlumatlar olur. Aviabiletləri aviaşirkətlərdən, vasitəçi qurumlardan, veb sayt vasitəsilə və mobil tətbiqetmələrdən istifadə etməklə əldə etmək olar. Aviabiletlər paket şəklində satıla bilər və bu paketlər müxtəlif olur. Ekonom və biznes sinfi sektorda ən çox istifadə olunan iki növdür. 3. Pasport: Xaricə səyahət edərkən istifadə olunan beynəlxalq səviyyədə qəbul edilmiş şəxsiyyəti təsdiq edən sənəddir. 4. Viza: Bir xarici ölkəyə daxil olmaq, orada yaşamaq, işləmək, təhsil almaq və s. üçün xarici pasportda edilən xüsusi qeyd və ya rəsmi icazə.. Viza müraciətləri konsulluqlar və ya vasitəçi təşkilatlar kimi xarici nümayəndəliklər və ya havalimanları və sərhəd qapılarındakı xüsusi yerlər vasitəsi ilə həyata keçirilir. Elektron viza metodu ilə də müraciət etmək mümkündür.Check-in (Onlayn qeydiyyat): Bu prosesə təyyarədə yer seçmək, hava limanında baqaj vermək və bilet kontroldan keçirmək-yoxlamaq və təsdiqləmək aiddir. Bir sözlə, check-in sərnişinin təyyarəyə minəcəyini bildirməsidir. Qeydiyyatdan keçmədən təyyarəyə minə bilməzsiniz. Qeydiyyat prosesi iki mərhələdən ibarətdir: internet vasitəsilə edə biləcəyiniz onlayn qeydiyyat və havalimanında qeydiyyatdan keçmək. 5. Baqaj: Sərnişinlər tərəfindən daşınan hər şey. İki növü var: Əl ilə götürəbiləcəyimiz (backpack və s.) və qeydiyyat masasında təhvil verilən baqaj.Sərnişinin təyyarəyə daxil ola biləcəyi çantalara əl baqajı (kabin baqajı), qeydiyyat masasında araşdırılaraq yük hissəsinə aparılanlara baqaj deyilir. Aviaşirkətlər sərnişinlərə ödənişli olaraq müəyyən kiloqramlıq qeydiyyatdan keçmiş baqaj ehtiyatı təklif edirlər. Baqajın çəkisi və ölçüsü həddi keçərsə, qeydiyyat masasında əlavə haqq tutula bilər. 6. Gate (qapı): Sərnişinlərin təyyarəyə minəcəkləri ərazinin adıdır. 7. Gate number: Aviabiletdə hərflərdən və rəqəmlərdən ibarət olan kod. Bu kodu istifadə edərək müvafiq əraziyə doğru hərəkət edə və təyyarəyə minmək üçün son əməliyyatları edə bilərsiniz. Bu nömrəni tapmaq üçün uçuş məlumatları ilə terminalın içərisindəki monitorlara da baxa bilərsiniz. Monitorlarda təyyarələrə minmək üçün hansı qapılara getmək lazım olduğu göstərilir. Uçuş vaxtı yaxınlaşdıqca qapı nömrələri ilə bağlı elanlar da verilir. Uçuşdan əvvəl qeydiyyatdan keçmə prosedurlarınızı tamamladıqdan sonra müvafiq qapıya (gate) gedib uçuş vaxtınızı gözləməyə başlaya bilərsiniz. 8. Boarding: (təyyarəyə minmə): təyyarəyə minmədən əvvəl son yoxlamadır. Təyyarənin uçuş vaxtından bir müddət əvvəl sərnişinlər növbə ilə son yoxlama məntəqəsindən keçərək təyyarəyə minirlər. Boarding vaxtı keçdikdən sonra heç kim içəri buraxılmır. 9. Hava limanı: Təyyarələrin qalxdığı və endiyi, yükləri endirdiyi və boşaltdığı və sərnişinlərin təyyarələrini gözlədiyi bütün sahələri əhatə edir.Beynəlxalq havalimanı: Gömrük məntəqələrinin və beynəlxalq terminalın yerləşdiyi hava limanıdır. Beynəlxalq havalimanları beynəlxalq uçuşlarla birgə daxili uçuşlarda da istifadə edilə bilər. Bu iki sahə beynəlxalq terminal və daxili terminal olaraq bir-birindən ayrılır. 10. Duty free: Beynəlxalq terminalda məhsullar vergidən azad olduqları üçün daha əlverişli qiymətlərlə satılır. “Duty free” vergisiz alış-veriş deməkdir. Vergilərdən azad olan bu mağazalarda alış-veriş etmək üçün pasportunuzu göstərməlisiniz. Bu cür mağazalardan ala biləcəyiniz şeylərə qanun çərçivəsində məhdudiyyətlər təyin olunduğundan, aldığınız hər məhsul pasportunuzda işlənir. 11. Lounge (istirahət otağı): Xüsusi şərtlərlə girilə bilən sahələr. Əsasən yaşayış, əyləncə və aviasiya sektorlarında olan xidmətlər, standart gözləmə otaqlarına nisbətən daha rahat yerlərdir. Havalimanlarnda lounge xidmətləri həm beynəlxalq həm də daxili terminallarda olur. Lounge bölməsi daha tənha və sakit hissədə yerləşir. 12. Jet lag: Əsasən uzun uçuşlardan sonra meydana gələn və bədənin bioloji saatı eniş vaxtı ilə uyğun olmadığı üçün yaranan xəstəlikdir. 13. Tranzit uçuş. Birbaşa uçuçun olmadığı üçün təyinat məntəqəsinə iki və ya daha çox uçuşla getmək. 14. Business class/Econom class (Biznes və ekonom sinifləri): Nisbətən ucuz uçuş biletləri ilə hava səyahətini mümkün edən uçuş paketidir. Ekonom sinif aviabiletləri həm daxili, həm də xarici uçuşlar üçün əldə edilə bilər. Xüsusi xidmətlər təklif edən bir neçə aviaşirkət istisna olmaqla, bütün hava yolları ekonom sinifinə malikdir. Ekonom sinif qısa məsafəli uçuşlar üçün idealdır. Daha uzun məsafəli uçuşlarda daha rahat olmaq üçün biznes sinif aviaşirkət biletlərinə üstünlük verilə bilər. İkisi arasındakı fərqlər imtiyazlarla əlaqədardır. Biznes sinifi daha çox baqaj, yemək, istirahət xidmətləri və daha geniş oturacaqlar təklif edir. Ekonom sinifində belə imtiyazlar yoxdur. Bundan əlavə, biznes sinifi və ekonom sinif bölmələri bir qapı və ya panel vasitəsi ilə ayrılır. Bu tip təyyarələrdə xüsusi şərtlər olmadığı təqdirdə digər tərəfə keçə bilməzlər. 15. Low-cost (aşağıbüdcəli aviaşirkətlər): Ekonom sinifindən də əlverişli aviabilet qiymətləri təklif etmək üçün müxtəlif strategiyalar hazırlayan və bunun üçün min oyundan çıxan aviaşirkətlərə “lowcost” deyilir. 16. Pilot: təyyarəni idarə edən şəxs (təyyarə, helikopter, planer, hava gəmisi və s.). 17. Exit / Çıxış qapısı: Təyyarəyə minmək və enmək üçün qapılardır. Xüsusi bir mexanizmə sahib olan bu qapılar uçuş zamanı açılmayacaq və təzyiq itkisinə səbəb olmayacaq şəkildə dizayn edilmişdir. Təyyarələrdə üç növ qapı var: sərnişin qapısı, xidmət qapısı və təcili minmə qapısı. Təyyarəyə giriş təmin edən sərnişin qapıları, xüsusən də böyük sərnişin təyyarələrində gövdənin ön, orta və arxa hissələrində yerləşir. Bu qapılar sayəsində sərnişinlər fərqli qapılardan təyyarəyə minə bilirlər. 18. IATA ( International Air Transport Association) kodu: Hava nəqliyyatında sərnişin və yük daşınmasına nəzarət etmək üçün hava limanlarına iki kod verilir. Bunlardan biri də IATA agentliyinin təyin etdiyi IATA kodudur. IATA tərəfindən hava limanlarına verilən IATA kodu 3 hərfdən ibarətdir. Bu hərflər şəhər və hava limanı tərəfindən təyin olunur. Kod şəhərin adından seçilən hərflərə uyğun olaraq ortaya çıxır. Hava limanlarına ilk dəfə 1930-cu illərdə iki hərfli kod verilmişdir. Daha sonra, üç hərfli kod sistemi qəbul edildikdə, mümkün olan qarışıqlığın qarşısını almaq üçün köhnə kodların sonuna X əlavə edilib. 19. ICAO (International Civil Aviation Organization) kodu: Dünyadakı bütün hava limanlarının identifikasiya kodu var. Bu kod ICAO kodu adlanır və ICAO qurumu tərəfindən müəyyən edilir. ICAO kodu hava limanına verilən 4 hərfdən ibarətdir. Bu kodlar təyin edilərkən ölkələr və bölgələr arasında edilən təsnifatlar istifadə olunur. Birinci hərf hava limanının yerləşdiyi bölgəni, ikinci hərf isə yerləşdiyi ölkəni göstərir. Digər 2 hərf adətən sırayla verilir. 20. Air Hub, Hub Airport: Aviaşirkətlərin qərargahları xaricində istifadə etdiyi havalimanlarına verilən addır. Transfer və ya transfer mərkəzi də demək olar. Bir havalimanı nə qədər çox istiqamətə uçuş həyata keçirərsə və uçuş tezliyi nə qədər yüksək olarsa, bir o qədər də HUB sayılır. 21. HUB: Hub nəqliyyatlararası transfer yerinə deyilir. Yəni sərnişinlər və yüklər mərkəzlər sayəsində təyyarədən metroya, metrodan avtobusa, avtobusdan qatara keçə bilər. Digər tərəfdən hava qovşağı, hava yolu şirkətlərinin mərkəzindən başqa, hava nəqliyyatında ikinci dərəcəli hava limanlarıdır. Məsələn, Pegasusun baza aeroportu Sabiha Gökçen havalimanıdır və Atatürk havalimanını HUB olaraq istifadə edir və ya Pegasus, Berlin istiqamətindəki uçuşlarını Schönefeld havalimanından yerinə yetirir və Berlindən yola düşür. Başqa sözlə, Schönefeld Havalimanı, Pegasus'un Almaniyadakı baza havalimanlarından biridir. Dünyanın ən böyük hava limanları həm də meqa mərkəzlər olaraq xarakterizə olunur. OAG tərəfindən hazırlanan hesabatlara görə, London Heathrow havalimanı siyahıda birincidir. 22. Turbulent. Təyyarənin uçmasına kömək edən elementlərdən biri olan hava axınının pisləşməsi səbəbindən təyyarənin silkələnməsi deməkdir. Təyyarənin birdən-birə yüksəkliyi itirməsinə səbəb olur. Bəzən şiddətli, bəzən isə çox mülayim olur. Pilotlar bu zaman təhlükəsizlik kəmərinizi bağlamağınızı xahiş edirlər. Bu vəziyyətdə təhlükəsizlik kəmərinizi bağlamağınız çox vacibdir. ABŞ-da aparılan bir araşdırmaya görə, 2015-ci ildə səyahət edən 800 milyon sərnişindən yalnız 58-i turbulentdən zərər görüb və bu yaralanan sərnişinlərin əksəriyyətinin təhlükəsizlik kəməri taxmadığı müəyyən edilib. Təyyarələr hər cür təlatümlü vəziyyətə tab gətirmək üçün hazırlanmışdır. Şiddətli təlatüm qorxulu görünə bilər, ancaq pilotlar xüsusi turbulentlik təhsili almış insanlardır. Başqa sözlə, təhlükəsizlik kəmərinizin bağlandığından əmin olmaq və təlatümün bitməsini gözləmək kifayətdir. 23. İldırım vurması: Araşdırmalara görə, hər sərnişin təyyarəsinə ildə orta hesabla bir dəfə ildırım vurur. Təyyarəni havada ildırım vursa yüksək səslə müşayiət olunan parlaq bir işıq görünəcək və sarsıntılar ola bilər. Təyyarələr Faraday konsepsiyasına uyğun dizayn edilmişdir. Başqa sözlə, ildırım sərnişin təyyarəsini vurursa, içərisinə zərər verə bilməz. Bundan əlavə, hava karkasındakı boya da antistatik xüsusiyyətlərə malikdir. Bu, elektrik enerjisinin təyyarəyə keçməsinin qarşısını alır. İldırımlara qarşı xüsusi hazırlanmış avadanlıq sayəsində ildırım vurması təyyarənin vacib hissələri üçün təhlükəli bir vəziyyət yaratmır. Şimşək çaxması və ya təlatüm halında oturacağınız yerdən qalxmayın. Kabin heyəti tərəfindən verilən təlimatları izləyərək sakit olun.Şimşək çaxması kimi vəziyyətlərdə, elektrik yükü boşaldıqda partlayışa bənzər səslər meydana gələ bilər. Bu səslərə görə qorxmaq lazım deyil.ildırım vurmasının sizə təsir etməsi qeyri-mümkündür.İldırım vurması zamanı və ya sonrasında çaxnaşma edən sərnişinlər varsa, onları sakitləşdirə və ya kabin heyətindən dəstək gözləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Elşən İsmayılov

2675 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!