1283 dəfə oxunub

Pandemiya dövrünün ilk səyahəti - Sofiya

Deyəsən Azərbaycandan başqa heç yerdə karantin yoxdur.

Pandemiya dövründəki ilk səyahətim haqqında yazıb qrupdakılara bir az acıq verim. (təxmin edirəm ki, ilkdir)

Gecə saat 3-də (29 iyun) Italiyadan Sofia hava limanına endik. (terminal 1, Wizzairlə 20 euro) Təyyarədən çıxan kimi havadakı qoxu sanki SSSR - yə xoş gəlmisiniz deyirdi. Pasport yoxlanışında oturan 3 maniken kimi qız elə gözəllikləri qədər ciddi baxışları ilə də bizi buraxmamağa çalışırdılar. Nəysə, birtəhər yoxlanışı keçdikdən sonra qarşımıza bir həkim çıxdı. Həkim nə həkim əminliklə deyə bilərəm ki, əynindəki xalatı karantin başlayan gündən bugünədək əynindən çıxartmayıb (heç nə yoxlamadılar, self declaration doldurub yolumuza davam etdik) T1-in vəziyyəti həqiqətən də pis gündə idi, Sofiya haqqında çox pis fikirlər formalaşmağa başlayırdı. İlk gördüyüm mənzərə soyuq insanlar, əldən düşmüş, sınıq-sökük hava limanı.


Axır ki, gəlib Bolqarıstanın paytaxtı və əsas şəhəri Sofiyaya çatdıq. Gecə saat 3 olduğundan gecəni barda keçirib, səhər şəhərə yollanmağı fikirləşdik. Ətrafdan öyrəndik ki, bu saatda ancaq bir kafe açıq ola bilər. Kafe deyirəm e sizə 1 manatlıq çayxanalarımız onun yanında toya getməli idi.

Girdik kafeyə və mən "traditional" nəyiniz var ?- deyə soruşdum (suala bax e) Nə istədiyimi soruşdu, dedim "ət" .(uğursuz bir zarafat idi) Nəysə, bu güclü zarafatdan sonra bildiyimiz kartof və toyuğu "traditional" adı ilə məcbur yedik. Səhərə yaxın saat 5-6 arası xəritədən baxdıq ki, bir azdan avtobuslar hərəkətə başlayacaq.


Bundan sonra Sofiya barədə formalaşan mənfi fikirlər müsbətə doğru dəyişməyə başladı. Dayanacaqda gözləsək də biletimiz yox idi. (Bilet satışı 7-8 arası başlayır) Avtobus gəlsə də koronaya görə terminal 2-yə gedib ordan da qatarla mərkəzə getməli olduğumuzu dedilər. Ən rahat yol bu imiş. (ooo terminal 2-də varmış) Xəritədə baxdıq ki, piyada T1 ilə T2 arasında 30 dəqiqəlik yol var. ilk dəfədir ki, eyni havalimanının terminalları arasında bu qədər məsafə olduğunu görürəm. Tam ümidlərimiz öləndə avtobusun sürücüsü bizi T2-yə qədər aparacağını dedi))) Qayıtdım ki, "naçalnik" bəs biletimiz yoxdur. Dedi : chill up man)) Avtobusa minib getdik və mən T2-nin gözəlliyinə vuruldum, ya rəbb. Terminal o qədər gözəl idi ( bir gediş üçün 1.6 BL =0.8 sent, ancaq 4 BL = 2 euroya bir günlük limitsiz metro gedişi almağınız daha yaxşıdır. Bunun avtobusa uyğun olub-olmadığını bilmirəm. Çünki hər istifadə üçün barkodu kioska daxil edib aktiv etməlisiniz). Nəysə, artıq şəhərə çatdıq.


Şəhər bir sözlə belissimo, perfetto. Bugünə qədər olduğum heç bir şəhər təmizlik və gözəllikdə Sofiyaya çatmaz. (Ələxsus Sicilyada yaşayan biri üçün). Şəhər sanki meşənin içərisində qurulub, hər yer park və ağaclıqdır. Lakin şəhərin əsas problemi qidalanmanın çox zəif olmasıdır. (barmaqla sayılacaq qədər yemək yeyə biləcəyiniz kafelər, restoranlar var.Onlar da bulvar adlanan ərazidə) Di gəl ki, söhbət içkiyə gəldikdə 2 metrdən bir barlar, kafelər doludur. (sırf içki üçün) Səhər 11-dən boş yer tapmaq olmurdu. Hamı oturub içir eləcə)) "Hər gün son günmüş kimi için"- devizi ilə yaşayırlar deyəsən. Bərbad başlayan səyahət gözəl sonluqla bitdi. Sofiyanı tam gəzməyə bir gününüz bəs edər. Bizim də onsuzda 1 gün vaxtımız vardı, bol-bol gəzdik (sözün əsl mənasında gəzdik, internetdən girib məşhur yerlərinə baxıram, hamısında olmuşuq) və oradan da İstanbula keçdik.(yeriniz məlum) Daha Türkiyə haqqında məlumat vermirəm, bu qədər kafidir.

P. S ümid edirəm ki, sizi yetəri qədər qıcıqlandıra bildim))


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Sadiqov Nicat


DİGƏR BLOQLAR

Qaranohura gəzəyən turu – Səfər qeydi

Sıxıcı və fəaliyyətsiz sentyabrdan sonra bu şəkildə davam edə bilməyəcəyimi başa düşdüm. İş-ev marşurutu bir müddət sonra adamı sıxır. İlk olaraq dostlarla olan görüşləri çoxaltdım. İş və dərslərimi tam çatdıra bilməsəm də bu görüşlər məni daha yaxşı hiss etdirirdi. Oktyabrın ilk iki həftəsonu futbol oynadım. Sonrakı həftəsonu isə haqqında danışacağım möhtəşəm səfərə qoşuldum.Qrupda real olaraq təkcə Toğrulu tanıyırdım, 3-4 nəfər də virtual tanışlar vardı. İlk başlarda biraz məsafəli davrandım. Getməmişdən qabaq Toğrul dedi ki, uşaqların çoxu bir-birini tanıyır. Tək başına səssiz gölə qalxıb düşəcəyimi düşündüm. Ancaq danışmağa başladıqca qrupdakılarla qaynaşmağa başladıq. Belə ünsiyyətcil insanları ilk dəfə belə toplu halda görürdüm. Hərəsi ayrı-ayrı peşə sahibləri olmasına baxmayaraq hamımızın bir məqsədi vardı. Gəzintimizi maksimum əyləncəli və yaddaqalan etmək. Düşünürəm ki, biz bunu bacardıq. Yol boyu oynadığımız oyunlar və rəqslər də bizi yol yorğunu olmaqdan xilas etməklə bərabər, həm də yadda qalan xatirələr yaşadıq.Gələk səfərin təbiət hissəsinə. Qaranohur gölü İsmayıllının Talıstan kəndindən yuxarıda, Şahdağ Milli Parkının İsmayıllıda olan hissəsində yerləşir. Dəniz səviyyəsindən təxmini 1600 metr yüksəklikdədir. Bakıda payız hiss olunmasa da, burada qızılı rəng özünü göstərir. Talıstan kəndindən gölə qədər 4,5 km məsafə var. Bunun 3 km çay və meşə ilə qalan 1,5 km isə dağa dırmanma yolu ilə gedir. Təcrübəsi olmayanlar üçün çətin marşrut ola bilər. Meşə yemişan, əzgil, böyürtkən və itburnu ilə doludur. Gölə qədər su ehtiyacımı bu meyvələrlə qarşıladım. Havanın da günəşli olması bizim işimizi asanlaşdırdı, yer nisbətən quru idi. Meşələr Milli park ərazisi olmasına rəğmən köhnə və hündür ağaclar çox az idi. Yaşlı ağacları ancaq gölə yaxın yerlərdə və ondan yüksək görə bildik. Yol boyu aşağıdakı kəndə açılan mənzərə daha da genişlənirdi. Sanki tabloya biraz uzaqdan baxırdıq. “Heç gölə çatmasaq da olar” kimi bir fikir keçdi ağlımdan. Bir tərəfdə çay və şəlalələr, çayın özünə açdığı kanyon, digər tərəfdə isə böyüyən kənd mənzərəsi. Təbii ki birdə hər addımda bir-birinə dəstək olan, kömək edən, deyib gülən 5 mövsüm ailəsi. Orada olanda tək bir şeyə heyfsləndim; Niyə bu qrupa daha öncə qoşulmadım?Uşaqlıqdan təbiətlə iç-içə olmuşam. Hər səfər təbiət insana bir şeylər öyrədir yaxud yadına salır. Bu dəfə də eynisi baş verdi. Böyük dağları, geniş meşələri gördükcə əslində heç vaxt təbiətə hökm edə bilməyəcəyini, özünlə və özündə olanlarla barışmalı olduğunu sənə xatırladır. Təbiət insana özümüzdə olanları sevməyimiz üçün səbəb və stimul verir. Həmin anlarda “Niyə mən bunları daha öncə düşünmədim” deyə insan özünə təəccüblənir. Yol boyu gördüyümüz çürük və sağlam ağaclar bizə hər şeyi bir tam olaraq qəbul etməyi öyrədir. Pozitivə yönəlsək neqativi, neqativə yönəlsək pozitivi görə bilmərik. Ona görə də tablomuz hər zaman əskik qalacaq. Necəki aşağıda ancaq kəndin çox az hissəsi görünürdü. Təbiət həm də səssiz ortamda rahat düşünməyə imkan verir. Sərt qayaların xırda çayların qarşısında aciz qaldığı bu mühitdə insanların hər zaman bir-birinə ehtiyacı olduğunu sübut edir. Fikrimcə, təbiət insanı cəmiyyətdən uzaqlaşdırmır, əksinə cəmiyyətin niyə lazım olduğunu ona göstərir. Biz isə bunları düşünüb dərk etdikcə daha çox dinləməyə, tələsik fikir bildirməkdən qaçmağa, həqiqətən insanları başa düşməyə başlayırıq. Hər zaman hərəkətdə olmağın vacib olduğunu düşünürəm. Bakıdakı aqressiv və pessimist simalar, amansız sosial münasibətlərlə əhatəli mühitdən bir günün içində tam əks bir mühitə keçdim. İnsan ancaq gəzdikcə, paylaşdıqca böyüyür. Özünün və ətrafının qeydinə qalmağı öyrənir və dərk edir. Bir səfər mənə bu qədər yaxşı təsir edirsə, niyə mən bu səfərləri vaxt aşırı etməyim? Tezliklə yeni səfərlərdə görüşmək ümidilə 5 mövsüm ailəsi. Başda Toğrul və Məsud olmaqla səfərdəki hər kəsə dərin təşəkkürlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Akifsoy

2386 dəfə oxunub

İndoneziyanın Lombok adasında oğurluq hadisəsinə şahid oldum

Salam, Gəzəyənlər.11 yanvar tarixində İndoneziyanın Lombok adasında qaldığım hosteldə oğurluq hadisəsinə şahid oldum. Bu hadisə bu yazını yazmağıma əsas motivasiya oldu. Malayziyada 1 ay, İndoneziyada 1 ay 10 gün olmaqla artıq təxminən 2 aydır Cənub-Şərqi Asiyadam. Bu, bu səyahətdən qrupdakı 2-ci postumdur. Bu postda Sizə səyahət zamanı təhlükəsizlikdən, xüsusilə oğurluq hadisələrinə qarşı ala biləcəyimiz qabaqlayıcı tədbirlərdən danışacam. Sizin də fikirlərinizi və təkliflərinizi rəydə görməkdən məmnun olaram Hadisə: Mən tək səyahət etdiyimə görə hostellərdə qalmağı üstün tuturam. İndoneziyanın Lombok adasında qaldığım bungalov tipli hosteldə 7 nəfərlik bir otaqda qalırdım. Səhər saat 7-də oyandıqda aramızdan bir avstraliyalı bir qızın kartlarının və nağd pulunun oğurlandığını eşitdim. Ardından sırayla oyanan digər 4 nəfər də eyni formada sadəcə kartlarının və nağd pullarının oğurlandığını dedilər. Hamının kartları Lombok hava limanında istifadə edilmişdi və müəyyən məbləğ xərclənmişdi. Otaqda yalnız mənim və başqa bir şəxsin əşyalarına toxunulmamışdı. Məndən heç nəyin oğurlanmaması oğrunun seksist olması (ancaq qadınlardan oğurluq olmuşdu) və ya şans nəticəsindədir, çünki həmin gün yorğun olduğumdan aşağıda qeyd edəcəyim tədbirlərin çoxunu almamışdım.Oğurluqdan sonra baş verənlər: Kameranı izlədik, kameralarda biz yatdıqdan və kartın istifadə olunduğu tarixdə sadəcə otaqdan bir nəfərin saat 3 arasında otaqdan ayrılıb 30 dəqiqə sonra geri qayıtdığı göründü. Məndən heç nə oğurlanmadığı üçün otaqdakılar əşyaları oğurlanmayan iki nəfərdən şübhələndilər. Amma birbaşa ifadə edə bilmədikləri üçün hamımız bir-birimizin əşyasını axtarmaq bəhanəsi ilə 30 dəqiqə ərzində otaqda axtarış apardıq. Heç nə tapılmadı  Polis gəlmədi, araşdırma olmadı, hostel heç bir məsuliyyət qəbul etmədi. Hadisə 2 gün sonra unuduldu. Bundan gəldiyim nəticə odur ki, oğurluqdan yayınmaq, sonrasında edə biləcəklərinizdən çox daha yaxşıdır. Çünki turistlərin əşyalarının oğurlanması belə yerlərdə adiləşmiş bir haldır və ciddi tədbirlər görülmür.Təhlükəsizlik üçün mən öz təcrübəmdən paylaşa biləcəklərim:3 əsas əşya müəyyən etmişəm, pasport, telefon, pulqabından kənar olan nağd pul. Bu üç əşyanı mütəmadi olaraq, yer dəyişəndə, restorandan və ya oteldən ayrıldıqda yoxlayıram. Beləliklə, itki ehtimalını erkən aşkar edə bilirəm.Nağd pulun bir hissəsini pulqabından kənarda, oğrunun ağlına gəlməyən bir yerdə saxlayıram.Özümlə bir neçə kart gətirmişəm, kartların hamısını eyni yerdə saxlamıram, Əsasən də 2 fərqli çantada saxlayıram. Nəticədə, hər hansı bir çantanı itirsəm, digər çantadakı kartı itirməmiş olacam.Hosteldə qaldıqda locker (şkaf) istifadə edirəm. Nəticə olaraq, otaqda olmadıqda, yuxuda olduqda əşyalarıma kənar müdaxilə olunmasından yayınıram.Yeni və şəxsi ərazim olmayan yerlərdə dəyərli əşyalarımı (kamera, noutbuk) nümayiş etdirmirəm. Beləliklə, pis niyyətli şəxslər üçün hədəf olmaqdan yayınmış oluram.Əsas pul və əlavə pul olaraq pulumu kateqoriyalaşdırmışam və hardasa nağd ödəniş etdikdə əlavə puldan ödəyirəm. Nəticədə, ətrafda pis niyətli adama şirnikləndirməkdən yayınıram.Sizin başqa nə tip təklifləriniz var? Və ya siz oğurluqla əlaqəli hansı neqativ və ya pozitiv hadisələrlə qarşılaşmısınız? Instagram, və youtube-da gəzdiyim yerlər, Malayziya, İndoneziya və digər asiya ölkələri haqqında da məlumat paylaşıram, siz də izləyə bilərsiniz:https://www.youtube.com/@bashiroglu https://www.instagram.com/bashirogluPaylaşan Abdulla Bashiroglu

195 dəfə oxunub

Hindistan - Səyahət əhvalatı

Bəs siz heç Hindistanın TV-lərində Xəbər proqramlarına çıxmısız? Videoda baş verənləri anlamaqda çətinlik çəkir, lakin baş verənlər diqqətinizi çəkirsə, onda bu yazını oxuyun. Deməli, bir il ərzində (2017-2018) işimlə əlaqədar Hindistanda yaşamışam. Bu ölkə o qədər rəngarəng və hər mənada gözlənilməzdir ki, demək olar ki, burada hər gün bir əhvalat yaşayırsan. Yaşadığım müddətdə bir çox qeyri-adi, gülməli və bir o qədər də kədərli hadisələrlə rastlaşmışam. Lakin məhz bunu sizlərlə bölüşmək istədim. 2018-ci ilin avqustunda Hindistanın şimalına səyahətimiz zamanı dostum ilə Jaisalmer şəhərinə getdik. Elə oteldə yerləşmək istəyirdik ki, otelin baş meneceri bizə yaxınlaşaraq polis məntəqəsinə getməyimizi xahiş etdi. Sən demə, avtobus dayanacağında bizi qarşılamaq üçün gözləyən otelin digər əməkdaşı əlində adım yazılan A4 kağızı tutduğuna görə həbs olunub. Deyə bilərsiniz ki, nə qəribə cinayətdir, buna görə adamı tutarlar? Biz də belə soruşduq. Otel işçilərinin sözlərinə görə, uzun müddətdir həmin polislə aralarinda ədavət varimiş. Otelin gəlirlərinin çox olması və heyətin müsəlmanlardan ibarət olması polisi qıcıqlandırırmış. Bu dəfə də guya otel işçisinin tutduğu adım yazılan kağız avtobus danacağında olan camaatı çaşdırıb və o bu bəhanə ilə həbs edilib. Məsələni eşidəndə vicdanımız dözmədi, eyni zamanda macəra yaşamaq həvəsi bizə üstün gəldi, ədalətli addım ataraq kömək etmək qərarına gəldik. İlk olaraq oğlanın həbs edildiyi polis məntəqəsinə yollandıq, baş polis ilə görüşdük. Orada izah etdik ki, kağızın üstündə adı yazılan Firuza mənəm və bizi qarşılamasını özümüz oteldən xahiş etmişik. Polis bizim məsələyə qarışmağımızdan heç də məmnun qalmadı və bizi "go to your resort" sözləri ilə yola saldı. Bu rəftardan sonra əsəbiləşdik, məsələni belə qoymamağa qərar verdik. Artıq yavaş-yavaş şəhər kommunası, media nümayəndələri, yoldan keçən hər kəs oraya toplaşırdı. İnsanlar məsələyə biganə yanaşmadığımız üçün bizə təşəkkür edir, müsəlman olub-olmadığımız ilə maraqlanırdı. Biz də əlbəttə ki, "yes, yes, muslim, mashallah, inshallah" filan şəklində cavab verirdik Bir neçə saat ərzində müxtəlif məntəqələr dolaşdıqdan sonra, nəhayət ki, şəhərin baş polisi ilə görüşə bildik. Həmin şəxsə məsələni izah etdim, kobud polis əməkdaşından şikayətimi bildirdim, o da öz növbəsində, lazımi tədbirlərin görüləcəyi və otel işçisinin azad ediləcəyinə dair söz verdi. Əslində, çox yorulduq, gecəni "sleeper bus"-da keçirdikdən sonra özümüzə gəlməyə vaxtımız olmadı, hava da ki çox isti (Jaisalmer şəhəri Tar səhrasında yerləşir). Bütün bunlara baxmayaraq, bu qəribə macəradan zövq aldıq və ən əsası da pulsuz otaq və səhər yeməyi qazandıq Onu da qeyd edim ki, videonu səhifəmdə paylaşdıqdan sonra, yüzlərlə mesaj aldım, hamı bizim cinayətə qarışdığımızı, təhlükədə olduğumuzu düşünüb narahat olmuşdu. Sağ olsun hindlər, xəbər proqramında bütün hadisənin mərkəzinə bizi qoydularhttps://www.facebook.com/100005928302888/videos/1262812263926372/?extid=eJQb5JcPJc6wxrQVƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Firuza Harunova

2454 dəfə oxunub

Bir çayın hekayəsi - Səyahət əhvalatları

Günəşli bir noyabr günü səhər 7 də Bakıdan yola çıxdıq. Ölkənin Naxçıvan xaric getmədiyim təkcə bölgəsi var idi, Quba-Qusar tərəf. Bu dəfəki səfərimin bu istiqamətdə olmasının yanı sıra öncəki səfərdə tanıdığım bəzi yol yoldaşlarımın da yenə mənimlə olması həyəcanı qat-qat artırmışdı. Səfərin maraqlı keçməsi üçün yol yoldaşlarınızla söhbətinizin tutması vacibdir. Təbiətə olan yanaşmalar, eyni mənzərəyə olan fərqli baxışlar sizə bu anları daha yaxşı xatırlamanıza yardım edir. Yol boyu Toğrul və İlahə ilə gəzintidən tutmuş, siyasətə qədər bir çox mövzuda müzakirələrimiz oldu. 3 saat sonra artıq Qusarın Laza(Latsar) kəndində idik.Kənddə olan seyrək evlər, uşaqların qayğısızca oynamaları, sıldırım dağlar, donmaqda olan şəlalələr, otların quruması ilə bozarmış təpələri xeyli izlədik. Bir az daha ətrafı gözdən keçirib, bütün komandanın hazırlığına əmin olandan sonra üzü Qızılqaya massivi tərəfə yola çıxdıq. Burda artıq şəlalələrin bir hissəsi donmuşdu. Artıq günəş tez-tez buludların arxasında yox olurdu. Bakı şəraitinə uyğun olaraq, çox adam adicə su götürmüşdü. Ancaq havanın bizə hazırladığı sürprizlərdə xəbərsiz idik. Nəhayət yaylağa qalxdıq, burda artıq qış idi, qar, güclü külək və soyuq hava hamını qalın geyinməyə məcbur etdi. Yemək fasiləsində artıq hər kəs çay axtarırdı. Təkcə Toğrulda çay var idi. Bu da bildiyimiz standart qara çay yox, adəti üzrə Toğrulun dəmlədiyi yabanı bitki çayı idi. Bəziləri sadəcə qaynar su içdi, mən isə dağ başında belə hədiyyəyə yox deyəcək halda deyildim.Bu çaydan sonra bir balaca özümüzə gəlib, kiçik bir qrupla növbəti marşurut üzrə yola davam elədik. Ümumi qrupda yeni başlayanlar və yavaş gəzənlər olduğu üçün onlardan ayrılmalı olduq. Bunun üçün gəldiyimiz yolu geri qayıtdıq, və kəndin içinə girdik. Əhalinin az olması, son illərə qədər davam etmiş yolsuzluq problemi həll olunsa da, diqqətdən kənarda qalması hər halından hiss olunurdu. Kəndin içində uşaqlardan başqa heç kimi görmədik. Böyüklər yəgin hərəsi öz işində idi. Kuzun yolundakı şəlalədə dayandıq. Burda artıq şəlalənin yanına getmək biraz qəlizdir. Bunun üçün öncə çayı keçmək lazımdır. Axşama az qalırdı, biraz nəfəsimizi dərib gəldiyimiz yerə kəndə qayıtdıq. Kəndə tərəf isə möhtəşəm duman gəlirdi.“Bəs hanı çay, onun hekayəsi hardadır bəs?” dediyinizi hiss edirəm. Hekayədəki çayın nə qədər arzulanan olduğunu çatdırmaq üçün səfər haqqında məlumat verməyin vacib olduğunu düşündüm. Kəndə çatanda artıq xeyli yorğun və susuz idik. Yol boyu həm danışıb, həm də cibimizdə sumkamızda nə varsa yemişdik. Su doldurmaq üçün, darvazalardan birini döydük, ilk suyu doldurandan sonra ev sahibəsi qrup halında olduğumuzu gördü, bizə çay təklif elədi. Nəzakət xətrinə yox desək də, içimizdə kəpənəklər uçuşurdu. Ancaq qonaqpərvər ev sahibəsi bu yoxa məhəl qoymadan çaydanı gətirib həyətə qoydu. Evə dəvət eləsə də, tez geməli olduğumuzu bəhanə edib, yuxarı qalxmadıq. Qrup üzvlərinin üzündəki uşaqca, məsum sevinci görməmək mümkünsüz idi. Kim sumkasında çayın yanına qoyula biləcək nə vardısa hamısını qoydu ortaya. Bir tərəfdə, bizim necə sevincək çay içdiyimizi izləyən, öz hərəkətindən həddindən ziyadə məmnun olan Xanpəri xala, digər tərəfdə çaydan və sonradan gələn samovara baxıb həvəslənən, sevinən biz. Bu cür qəribə hisslər və ab-hava içində çayın dadını çıxararkən, arxadakı qrup da gəlib bizə çatdı. Onlar da elə göydən düşmə kimi yanaşdılar çaya. Ancaq onların bizimki qədər çox vaxtları yox idi. Biz xeyli yorğunluğumuzu almışdıq. Əlsində sevindiyimizdən yorğunluq yaddan çıxmışdı. Sağollaşarkən hamımızı qucaqlayan Xanpəri xala yeni tanıdığı ömrünün axırına qədər ona minnətdar olacaq gənclərə sevinc-kədər qarışıq hisslərlə baxırdı. Bilmirdi etdiyi yaxşılığa görə sevinsin, yoxsa onun tez bitməsinə kədərlənsin. Həmin gün ora bir daha gələcəyimə söz verdim. Ancaq hələki gedə bilməmişəm. Yuxarıdakı şəkillərdən sonra Xanpəri xala ilə şəklimiz olar deyə düşünmüsünüz bəlkə də, qaranlıq olduğu üçün çəkilən şəkillərdə heç nə görünmür.Kənardan baxanda Azərbaycan üçün tipik bir qonaqpərvərlik nümunəsi ola bilər. Ancaq bir çayzadə olaraq həyatımda içdiyim ən ləzzətli çayı orda içdim. Həyatımızda hadisələri yadda qalan edən ona yüklədiyimiz mənalardır. Mən o çayı gün boyu arzuladıqdan sonra günün sonunda şükranlıq içində içdim. Hər qurtumunu hiss edərək, soyuq noyabr günündə dağ kəndində çayın içimi necə isitdiyini hiss edərək, bunun üçün təşəkkür edərək içdim. Bu yaşıma qədər çox olmasa xeyli yerdə gəzdim, fərqli insan və yerlərlə rastlaşdım. Günü bu gün də o səfəri, o çayı xatırlayarkən içimdə bir minnətdarlıq hiss edirəm. Kənddən çıxanda artıq yağış başlamışdı. Çayın verdiyi istilik, günün yorğunluğu maşında mürgüləmək üçün əla bəhanədir. Amma tanıdığınız adamlarla birlikdə olanda bu heç də uzun çəkmir. Söhbət üçün kimsə sizi qaldıracaq. Adi bir səfər ola biləcək günü, xüsusi insanlar sayəsində həyatımın gözəl bir anına çevirdim. Həyatınıza müsbət izlər qoyacaq insanlarla qarşılaşmanız diləyi ilə...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Murad Akifsoy

1811 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!