1408 dəfə oxunub

Pakistan bələdçisi

İyul ayının 15-dən 30-dək Pakistanda səfərdə oldum. Səfər özündə 3 gün İslamabadı, 9 gün Gilgit-Baltistan bölgəsini, 3 gün də Lahoru birləşdirdi. Kifayət etdimi? Qəti şəkildə yox) Üstəlik mən bu ölkəni sevirəm və daha geniş plana sahib biri idim, lakin ilk yaranmış fürsət baxımdan şansı qaçırmaq istəmədim.

Pakistanı niyə ziyarət etməliyik?
1. 1991-ci ildən müstəqilliyimizi ilk tanıyan dövlətlərdən 3-cüsü olmaqla gün bu gün daim bizimlədirlər, qardaş dedik, bildik və həqiqətən də insan orada özünü yad bir ölkədə yox, məhz evində hiss edir.
2. Dinimizlə yanaşı dilimiz az qala birdir – urdu və Azərbaycan dillərində çox ümumi sözlər var ki, 2 gündən sonra rahat urducanı ən azı başa düşə biləcəksiniz.
3. Səfəvi və Moğol dönəmlərindən başlamış sıx mədəni və siyasi bağımız var. Pakistan maddi-mədəni irslə zəngindir. Bu gün geniş sayda Qızılbaş icmasının yaşadığı ölkədir, ələlxüsus Lahor şəhəri - vaxt darlığı baxımdan icmanın rəhbəri ilə görüşə bilmədim təəssüf ki.

4. Pakistan möhtəşəm təbiətə malik ölkədir – 5 8000-lik, bir neçə 7000-lik və saysız-hesabsız 6000-liklərə ev sahibliyi edir. Dağa çıxmasanız belə, base camp-lara kimi belə bu gün möhtəşəm trekking marşrutlar təqdim edən tur paketlər var.
Lakin Pakistan nəinki Karakorum dağ silsiləsidir, bura həmçinin yaşıl vadilərin, səhraların, dənizin belə olduğu ölkədir. Dünyanın ən soyuq səhrası belə Pakistanda, Skardudadır.
5. Etnoqrafik baxımdan fərqli xalqların yaşamlarına şahidlik etmək, onlarla tanış olmaq üçün bu ölkə açıq səma altında muzeydir.
6. Bir tək Lahor qədimliyi, müasir hissəsi, çılğınlığı və mədəni yanları ilə azı 1 həftə kəşf edilməlidir.
7. Fərqli mətbəxini dadmaq üçün Pakistan əvəzsiz bir ölkədir. Dağlıq hissələrdə bir qədər ehtiyatlı olmaq lazım olur, çünki coğrafiyamıza xas olmayan heyvani yağlardan istifadə edilir. Lakin şəhərlərdə yemək sarıdan hər şey okaydir. Dəhşət acı olsa da lakin çeşid baxımdan hind mətbəxindən daha zəngindir, çünki ağız tamımıza uyğun ət yeməkləri çoxluq təşkil edir. Sifariş edən zaman mint spicy və ya no spicy deməyi unutmayın. Yenə də ədviyyatlı olacaq, amma ən azı az olacaq.

Pakistana necə gedək?
Cari ilin mart ayında Pakistan beynəlxalq hava yolları – PİA Bakıya birbaşa uçuşlar açdı. Bu uçuşlar Bakı-Lahor-Bakı və Bakı-Karaçi-Bakı olmaqla həyata keçirilir. Mən İslamabada birbaşa uçdum, lakin bu, PİA xətti ilə İnterjet təyyarələri vasitəsilə həyata keçirildi. Hazırda saytda Bakı-İslamabad-Bakı yazsanız, Via Dubay olmaqla uçuş göstərəcək.
Ölkə daxilində İslamabad-Skardu və Skardu-Lahor uçuşlarından istifadə etdim ki, daxili uçuşları da PİA həyata keçirməklə 54 dollardan başlayan qiymətlərlə həyata keçirir.
Qeyd: hava limanına gəldikdə və sizə birdən “flight cancelled” desələr qəti şəkildə geri çəkilməyin və özünüz araşdırıb tam təsdiq edin. Yaşanmış olay üzərinə yerindəcə dəqiqləşdirmə aparmasaydım, İslamabada geri dönüş etmiş olacaqdım)
PİA üzərindən Bakı-Lahor-Bakı qiyməti 739 manatdan başlayır.
Qeyd: təyyarələrin biletdə göstərilən vaxtdan gec havaya qalxmasına hazır olun))
Viza:
Müxtəlif məqsədlər və müddətə verilir. Hazırda turistik vizanı 90 gün müddətinə 107 manata online forma doldurmaqla əldə etmək olur.
Qalmaq:
Pakistanda qalmaq üçün hər rahatlıqda hotellər var. İslamabadda Ramada hoteldə, Skarduda Concordia motel, Lahorda isə Luxury Grand hoteldə qaldım. Ulduz və hər cür rahatlığa rağmən hotellər burada İranla müqayisədə ucuzdur.
Concordia motel daha çox dağcı ekspedesiyaların yerləşdiyi bir yer idi. Bələdiyyə nümayəndisinin idi. Skarduda daha yuxarı hissələrdə fərqli hotellər də var. Turist qismində daha çox məhz dağcılar çıxış edir və mənzərə maraqlıdır.
Qidalanma:
Qidalanma nə tam ucuz, nə də tam bahadır. Bakıdakı qiymətlərlə müqayisədə bir qədər ucuzdur, lakin tam belə utopik ucuzlaşma deyil.
Second cup və Baskin Robbins isə həqiqətən də ucuzdur.

Ziyarət edilməli yerlər arasında hər şəhər üzrə çoxlu mədəni irs abidələri var. Maraqlı olsa, soruşun yazaram. Lakin getdinizsə, mütləq qaydada İslamabadda Lok Virsa, Lahorda National History museum, Lahore museum və National Army museum-u ziyarət edin. Pakistan muzeyləri sadəcə çox möhtəşəmdirlər.
100 USD hazırda 22478 Pakistan rupisi təşkil edir, bu da bizim pulla elə 170 manat edir.
Və sonda:
Pakistanda Azərbaycanlıları çox sevirlər və Azərbaycandan olduğunuzu bilsələr, başları üstündə yeriniz var. Ümumiyyətlə, Pakistanda qonaq hər şeydir və məncə orada bütün turistləri çox sevirlər.
Nə suallarınız olsa, buyurun.
Daha çox paylaşımlar üçün səhifəmi, səyahətlərimi instagramdan izləyə bilərsiniz:

https://instagram.com/irada_gadirova?igshid=YmMyMTA2M2Y=
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Irada Gadirova 



DİGƏR BLOQLAR

Almaniya - Obersee

Avstriya sərhədindəki mənzərəli yer haqda dünənki yazı ilə verilən bir çox sualları nəzərə alaraq, daha ətraflı bir məlumat təqdim etməyi gərara aldım.Videoda gördüyünüz mənzərəli yer Obersee adlanır. Alp dağlarında olan bir çox göllər kimi burada da su inanılmaz dərəcədə təmiz olduğuna görə gölün dibi görsənir. Üstəlik göl valehedici rənglərə bürünür sanki.Obersee gölü Almaniyada olsa da, Avstriyanın Zaltsburq şəhərindən təxminən 15, Münhendən isə 150 km aralı yerləşir. Məhz ona görə Avstriyada yaşayan və ya həmin ölkəyə turist kimi gələn insanlar üçün Obersee-yə səfər etmək qat qat rahat olar. Əgər siz ora Münhendən və ya mənim kimi Nürnberqdən getmək istəsəniz, o zaman gərək maşınla gedəsiz. Əks təqdirdə Münhendən ora çatmaq üçün 3, Nürnberqdən isə 6 saat qatarla yol getməli olacaqsız. Alternativ olaraq yaxınlıqda yerləşən hotel və ya pansionatda gecələmək olar.Bura gəlmək üçün ilk növbədə Königsee gölünə çatmalısız. Naviqator nədənsə tam başqa ərazidə yerləşən eyniadlı gölü göstərir. Ona görə diqqətli olun və Bavariyadakı Königsee-ni seçin.Königsee-yə çatandan sonra gərək mütləq “kater”-ə (yani tutumu təxminən 30-40 nəfər olan qayıq) minəsiz. Çünki Obersee gölünə başqa, yani necə deyərlər alternativ yol yoxdu. Gediş dönüş biletin qiyməti 18.50 eurodur. Gediş dönüş cəm şəkildə 1 saat 50 dəqiqə davam edir. Yani 55 dəqiqə gediş və 55 dəqiqə dönüş. Obersee istiqamətində 25 dəqiqə qayıqla hərəkət etdikdən sonra ilk dayanacaq Bartolomeu olacaq. Burada Almaniyanın 2-ci ən yüksək dağını rahat görmək olar (qeyd videoların birində əks olunur). Həmçinin buradakı restoranda yerli forel dadmaq olar. Qiymət təxminən 12 eurodan başlayır. Növbəti dayanacaq Salet - sonuncudur. Oberseeni görmək üçün gərək burada düşəsiz və təxminən 15 dəqiqə piyada gəzdikdən sonra nəhayət arzuolunan yerə çatacaqsınız.Öncədən deyim ki Königsee-yə nə gədər tez gəlsəniz o gədər yaxşıdır. Məsələn səhər saat 9-10-dan gec gəlsəniz, gəzintiyə elə də çox vaxtınız qalmayacaq. Belə ki, 2 saat ancaq qayıqla gəzintiyə sərf olunur, saat 18-00-dan sonra artıq qayıqlar işini bitirir və insanlar dağlışır.Burada həmçinin dağın başına qalxan kanat var. Gediş dönüş təxminən 14 eurodur. Ona da kifayət gədər vaxt lazımdı. Amma həm pul, həm də vaxt baxımından bunu etməyə dəyər, çünki ordan gölə möhtəşəm mənzərə açılır.Düzdü bundan da möhtəşəm mənzərələri görmək mümkündür, amma bunun üçün gərək 12 km məsafəni dağlı ərazidə piyada qət edəsiz. Buna adətən 5 saat vaxt tələb olunur. Nəticədə Archenkanzel adlı bir yerə çatırsız. Şəkillərin birində bu nöqtədən açılan mənzərə əks olunur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emin Guliyev

2316 dəfə oxunub

Balkanlardakı gizli “cənnət” - Albaniya bələdçisi

Biraz uzundur, ümid edirəm, oxuyub, bitirə biləcəksiniz :) Balkanlardakı... gizli “cənnət”Həm ucuz, həm vizasız, həm də gözəl Balkan ölkəsiSizə bu gün bəhs edəcəyim ölkəni kimə tərifləyirəmsə, hamısı ağız büzür, inanmır. Nə bilim, “Sənə balkan lazımdırsa, get Monteneqronu gəz”, “Xorvatiya daha gözəldir”, “Orda da olmuşam", demək üçün getmisən?” - kimi cümlələr qururlar. Hara qədər yalan danışmaq olar?! Maksimum gedib görəcək və: "Səyahətçi, niyə yalan danışırdın?!" deyəcəksiniz. Bəhs etdiyim ölkə Albaniyadır. Üstəlik, azərbaycanlılar üçün vizasızdır.Balkan ölkələrini sayanda az qalırlar üstündən keçələr. Mən şans verdim, gözəlliklərini gördüm. Sizə də məsləhət görürəm.Elə isə başladıqBalkan ölkələrinə səyahət etməyi planlayanda ən ucuz təyyarə biletini elə Albaniyanın paytaxtı Tiranaya tapmışdım. Ona görə səyahəti Albaniya➡Makedoniya➡Monteneqro➡Bosniya və Herseqovina➡Serbiya kimi sıraladım.“Azacık türkçe anlıyor ben”Ölkənin dili albancadır. Ancaq yaşlı nəsil türkçə başa düşür və çətinliklə qarşılıq verə bilirlər. Orta səviyyədə, hətta deyərdim, lap zəif bildiyiniz ingilis dili bu ölkəni gəzməyə kifayət edər. Pul vahidləri isə “leke” adlanır. 1 avro təxminən 125 “leke”dir.Hava limanından şəhərəTirana Hava Limanından şəhər mərkəzinə hər saatbaşı avtobuslar işləyir. Adamın birini 300 “leke”dən (2.4 avro) aparırlar. Məsləhətdir ki, aeroport ərazisində 5, maksimum 10 avrodan artıq pul dəyişməyəsiniz. Çünki mərkəzə baxanda burada avronu çox ucuz alırlar. Mən 5 avro dəyişdim. Yola və suya çatacaq qədər ????Tirana Albaniyanın paytaxtı, eyni zamanda, ən böyük şəhəridir. Osmanlı İmperiyası dövründə qurulduğundan daha çox türk şəhərlərini andırır. II Dünya müharibəsində şəhərin xeyli hissəsi dağılsa da, Osmanlının izləri bu gün də qalıb. Dənizə yaxın, ancaq sahili olmayan bir şəhərdir. Yarım günə, piyada gəzib bitirmək mümkündür. Bütün səyahət yazarları Tiranada, eləcə də, Albaniyada qışın sərt keçdiyini, bura getmək üçün ən uyğun ayların may, iyun, iyul, avqust olduğunu söyləyirlər. Mən də belə etdim. Albaniya səyahətimi iyulun əvvəlinə saldım.Tiranada gəzə biləcəyiniz yerlərBu şəhərdə gəziləcək yerlər elə çox deyil. Parkları, meydanları və şəhər mərkəzində 1822-ci ildənqalma bir saat qülləsi var. Eyni zamanda, gəzdikcə xeyli məscid görəcəksiniz. Piramida şəklində olan məşhur bir binası da var. 1988-ci ildə Ənvər Paşa Muzeyi kimi açılıb, indi sərgi və konfrans mərkəzi kimi fəaliyyət göstərir.Albaniya tarixi ilə maraqlananlar buradakı tarix muzeyinə baş çəkə bilərlər. Təbiəti sevənlər şəhərin şərqindəki Dajti dağına gedə bilərlər. Milli parkdır. Yüksəkliyi 1613 metr olan bu yerdə kanyonlar, şəlalələr, mağaralar, bir də antik dövrlərdən qaldığı deyilən bir qala var. Bir gündən artıq qalmaq istəyənlər üçün yaxşı plan olardı.Şəhərin gecə həyatı çox maraqlıdır. Pub-ları, barları və ya sakitlik sevənlər üçün həzin musiqili restoranları var. Ən yaxşısı da bu məkanların əksəriyyətinin şəhər mərkəzində olmasıdır. Yeriyərək çatmaq mümkündür. Gündüzləri sakit olan şəhərin gecə həyatı dinamik və əyləncəlidir. Ən məşhur əyləncə məkanları parlament binası yaxınlığındadır. Buralar biraz bahalı yerlərdir. Daha ucuz yerlər axtarırsınızsa, “Blloku” adlanan ərziyə gedə bilərsiniz. Burada canlı musiqisi olan kiçik bar və restoranlar var. Əylənməyə gələnlərin əksəriyyəti isə tələbələrdir. Həftə içi saat 12-dək, həftə sonları isə səhər saatlarınadək əylənmək mümkündür.Tarixi Kruje şəhəriMən Tiranada 2 gecə qaldım. Çatdığımız günün ikinci yarısı bu şəhəri gəzib, bitirdim. Səhərisi gün isə Tiranadan 1 saatlıq uzaqlıqda olan Kruje şəhərinə getdim. Bu şəhərə Tirana avtovağzalından hər gün saatbaşı avtobuslar işləyir. Qiyməti alban pulu ilə 300 “leke”, hardasa 2,4 avrodur. Dağlıq, tarixi, gözəl bir yerdir. Burada dağ mənzərəsinə açılan restoranda oturub içdiyim kofenin dadı hələ də damağımdadır.Osmanlı dönəmində şəhərin adı Akçahisar olub. Tirananın 20 kilometr şimalında yerləşir və Albaniyanın ilk köhnə paytaxtıdır. İndiki adı əhatələndiyi Kruya dağından götürülüb.Burada Fateh Sultan Mehmet tərəfindən inşa edilən Kruje Qalasını ziyarət edə bilərsiz. Yüksəklikdə yerləşən qalanın bir hissəsi dağılsa da, gözəl mənzərəyə açılır. Elə bu mənzərəni görmək üçün də yuxarıya qalxmağa dəyər.Hələ buradakı gözəl mənzərəli restoranları demirəm. Qiymətləri də kifayət qədər ucuzdur. Yadımdadır, bu restoranların birində 4 nəfərə doyunca yeyib-içmişdik. Hesab 10 avro gəlmişdi. İnanmayıb, bir də dəqiqləşdirmişdik ????Bayaq dediyim Kruje Qalasınının giriş qapısından köhnə bazar (Köhnə Osmanlı Çarşısı da deyirlər) uzanır. Buradan şəhərlə bağlı suvenir, kitab, nə bilim, şəhər insanlarının hazırladıqları əl işlərindən ala bilərsiniz.Cənubdakı gözəlliklərə doğruNövbəti gün səhər tezdən Albaniya avtovağzalından cənubdakı Sarande şəhərinə yola düşdüm. Yol təxminən 5-6 saat çəkdi. Bir müddətdən sonra yolun mənzərəsi gözəlləşir, darıxmırsan. Avtobus gün ərzində bir neçə dəfə çıxır. Mən səhər tezdən gedənə üstünlük verdim. Yola 10 avro ödədim.Getdiyim şəhər Albaniyanın Sarande bölgəsinin paytaxtıdır. Elə adı da Sarandedir. Adriatik Dənizinin kənarında çox gözəl sahili olan bir şəhərdir. Burada 2 gün dənizin, günəşin və çox dadlı yoqurtlu dondurmanın (qiyməti 100 “leke” – 80 sent) dadını çıxardım. Gecələri isə uzun, bitməyən bulvarını gəzib, limanlarını, orada nizamla düzülmüş gəmilərini izlədim. Dəniz mənzərəsində kofedən ləzzət aldım. Bulvarda çox gözəl, bəzilərində gecələr canlı musiqisi olan restoranları var. Burada müxtəlif növ balıq yeməklərinin dadına baxa bilərsiniz.Sarande çox gözəl sahil şəhəridir. İnsanları mehriban, gülərüzlüdür. Səhərlər insanların çiynində çanta, başında şlyapa dənizə getdiyini, axşamlar isə hamısının qızarmış görünüşdə evə döndüyünü görürsən. Mən də gəldiyim günü və bir gün sonranı dəniz kənarında, günəşlənərək keçirdim. Yaxşıca dincələndən sonrakı növbəti günü Sarandenin 30 kilometrliyində yer alan, “Blue Eye” (albanca “Syri i kaltër” - azərbaycanca mavi göz) adlanan milli parkına yollandım. Sarandedən Elbasan şəhərinə gedən avtobusa mindim. 200 “leke” (1,6 avro) ödədim və “Blue Eye”a gedən yolun üstündə düşdüm. Bundan sonra hardasa 5-6 kilometr piyada yol getdim. Yadımdan çıxmamış onu da deyim ki, Milli Parka giriş üçün də 200 “leke” (1,6 avro) ödəmişdim.Bura Sarandedən gündəlik turlar da təşkil edilir. Qiyməti hardasa 15-20 avro. Təbii, bahadır. Əgər özün bu turu maksimum 5 avroya edə bilirsənsə... 5 avroya gediş-dönüş bileti və kofe almışdım ????Buranın necə bir yer olduğuna gəlincə, məncə, gizli qalmış bir “cənnət”dir. Nə bilim, turistlər arasında məşhur olmayan bir gözəllikdir. Yeraltı mağaradan qaynayıb çıxan bulaq gömgöy rəngdədir. Ətrafı meşəlik, gül-çiçəkdir. İnanmazsınız, güllərin üstünə qonan cırcıramalar da eynən yerin altından çıxan bulağın rəngindədir. Özləri tünd göy, qanadları mavi. Suyu buz kimi, tərtəmiz. Temperaturu 7-8 dərəcə olardı. Burada bir neçə dəfə mağaraya girən dalğıclar dönmədiklərindən suya atlamaq qadağandır. Ancaq kənarında suya girə bilərsiniz. Təsəvvür edin ki, təkcə ayağını suya salan insanların səs-küyü hər yanı bürümüşdü.İcazəli tərəfdəki suya girdim. Ancaq 25 saniyədən artıq qala bilmədim. Çıxanda özümü fərqli hiss edirdim. Ayaqlarım sanki yox idi, bədənim buz kimi, elə bil soyuducudan çıxmışdım. Amma unuda bilməyəcəyim bir təcrübə oldu. Daha öncə bu qədər soyuq suya girdiyimi xatırlamıram.Albaniyanın ən qədim şəhəri – GjirokasterdəEyni gündə yaxınlıqdakı Gjirokaster (türkçə Ergiri) şəhərinə də getdim. Bura Albaniyanın ən qədim şəhərlərindən biridir. UNESCO-nun mədəni irsinə daxil edilib, çox gözəldir. O türklərin dediyi “arnavut kaldırımları” var ha, şəhər təpədən-dırnağa həmin kaldırımlardandır. Bir sözlə, yaktı beni.Hər küçəsi, hər binası tarix olan şəhərin silah muzeyinə girdim. Qiyməti 200 “leke” (1.6 avro). Maraqlı idi. Burada orta əsrlərdənqalma silahlar, toplar, eləcə də, tanklar gördüm. Muzey özü də tarixi qalada yerləşir. Həmin qala Osmanlıdan qaldığı üçün həm də Türkiyə Cumhuriyyətinin qoruması altındadır. Şəhərdə çox maraqlı bazar da vardı. Suvenirlərdən daha çox köhnə silah, hərbi geyimlər, su qabları, keçmişdənqalma alışqanlar, xəncərlər, bıçaqlar və s. satılırdı. Dostlarla aramızda azərbaycanca danışdığımızı eşidən hər kəs Türkiyədən gəldiyimizi düşünüb: “Efendim, hoş geldiniz” – deyə, salamlayırdı.Həmin gün evə qayıdanda, nənəm demiş, “ayaqlarım deyirdi ki, bu dəqiqə səni öldürərəm”. Yəni elə ağrıyırdı. Azı 30 kilometr hərlənmişdim.Ancaq bu, səhər məni Sarandedən 4 kilometrlik məsafədə yerləşən “Lekuresi” Qalasına (Lëkurësi Castle) getməkdən döndərə bilmədi ????Sultan Süleymanın tikdirdiyi – “Lekuresi” QalasıDediyim kimi, şəhərdən 4 kilometr uzaqlıqdadır. Onun 2 kilometrini avtobusla getmək olur, qalan 2-ni piyada qalxmalısan. Özü də yenə kaldırım (bu millət dağın başında yaşayır, dəhşətdir). Çıxanda özümü danlayırdım, amma yuxarıdakı mənzərəni görəndə hər şeyi unutdum ????Qalanı 1537-ci ildə Sultan Süleyman Qanuni tikdirib. Məqsədi yaxınlıqdakı yunan adası Korfuya hücum edərkən bu qala vasitəsilə Sarande limanı və onu Butrintə bağlayan yola nəzarət etmək olub. Yuxarıdan görünənlər isə Butrint, Ksamil qəsəbələri və Sarande şəhəridir.Albaniyanın “Maldivi”Ksamil qəsəbəsi demişkən, buranı Albaniyanın “Maldivləri” adlandırırlar. Sarendedən 5, maksimum 10 kilometr uzaqlıqdadır. Bu qəsəbəyə Sarandedən hər saatbaşı avtobus işləyir. Gediş haqqı 100 “leke”dir (80 sent). Kiçik bir balıqcı qəsəbəsidir. Adriatik və İon dənizlərinin (Adriatik və Aralıq Dənizi arasında yerləşir) qovuşmasındadır. Yaxınlığında bir neçə kiçik adalar var. Çimərlik qəsəbəsidir. Mən də Albaniyadakı son günümü qəşəngcə istirahət edə-edə keçirim dedim. Bütün günü o yaxınlıqdakı adalara üzüb, geri dönmüşəm. Axşama da qəşəngcə qaralmışdım. Bu dediyim kiçik adalar bir-birlərinə çox yaxın yerləşdiyindən burada hovuz effekti yaradır. Yəni, su o qədər sakit olur ki, dibi görünür. Qumu bəyaz, ətrafı yaşıllıq olan yerdə üzməyin ləzzəti ayrıdır.Səhəri gün Albaniyadan Makedoniyaya yola düşdüm. Yerli əhali məsləhət gördü ki, bunun üçün ən yaxşı yol Tiranaya dönüb, oradan Skopyeyə getməkdir. Ancaq mən eyni yolu dönmək istəmədiyim üçün Sarandedən Elbasana (avtobus 7 avro), Elbasandan Prenjas şəhərinə (avtobus 3.2 avro), Prenjasdan isə taksi ilə (4 nəfərə 20 avro) Makedoniyanın Struga şəhərinə getdim. Çətin, ancaq görmədiyim yollar idi. Avtobuslar köhnə idi. Yüksək səsdə alban musiqiləri dinləyə-dinləyə getmişəm ????Biraz da dadlı danışaqAlbaniya mətbəxi Osmanlı, italyan və yunan mətbəxlərinə bənzəyir. Toyuq ciyərindən hazırlanan “Albaniya ciyəri” adlandırdıqları yemək çox məşhurdur. Türklərin “kuru fasülye” dediyi lobya supu, “byrek” adlandırdıqları xəmirdən hazırlanmış, içinə qiymə və ya göyərti, pendir və s. qoyub, bükdükləri yemək, saxsı qabda, sobada hazırladıqları sarımsaqlı, qaymaqlı quzu əti ("Elbasan tava" deyirlər) çox dadlıdır.Bundan əlavə, paxlava, halva, türk mətbəxindən bildiyimiz oxşar şirniyyatları da var. Rakıları türklərinkindən daha tünddür. İçki sevənlər dadına baxa bilər. Ancaq türklərdən fərqli olaraq içəndə su ilə qarışdırmırlar ????Hostellərdə qiymət necədir?Tirananın mərkəzində hostelin 2 gecəsinə 11 avro ödədim. Səhər yeməyi daxil idi. Səhər yeməyi decək, həyəcanlanmayın, cem+yağ (uşaq bağçasını xatırladım), 1 ədəd qaynadılmış yumurta, 1 fincan çay və ya kofedən ibarət idi ????Sarandedə qaldığım hostelin günü 6 avro idi. 5 gecəyə 30 avro ödədim. Hostel çox yeni, dəniz mənzərəli və səliqəli idi.Albaniyaya necə getmək olar?Mən ən ucuz getməyin yolunu İstanbul üzərindən tapdım. Bakıdan “Buta Airways”-lə İstanbula getdim. Bakı-İstanbul-Bakı biletinə 132 avro (təxminən 242 manat) ödəmişdim. İstanbuldan isə “Pegasus”la 53 avroya Tiranaya uçdum (təxminən 97 manat). Dönüşü Serbiyanın paytaxtı Belqraddan İstanbula aldım. Yenə “Pegasus” şirkətindən. Ona da 59 avro (təxminən 108 manat) ödəmişdim. Beləliklə, gediş-gəliş 244 avroya (447 manat) başa gəldi.Albaniyada nə qədər xərclədim?Təyyarə və avtobusa (şəhərlərarası və görməli yerlərə getməklə) 280 avro (513 manat), qalmağa isə (7 gün) 41 avro (75 manat) xərcim çıxdı. Beləliklə, qalmaq və yola 321 avro, yemək, muzey və əyləncəyə də 150 avro xərclədim. Restoranları ucuzdur. Albaniyada bir həftə mənə 471 avroya (860 manat) başa gəldi.Məşhur olmayan gözəlliklərlə dolu AlbaniyaFotolardan da görürsünüz, Albaniya həqiqətən çoxlarının məlumatsız olduğu, gözəl Balkan ölkəsidir. Təəssüf ki, bizdə çoxları ölkənin yalnız paytaxtından ibarət olduğunu düşünür. Mən isə deyirəm ki, ölkəni paytaxtı ilə yarğılamaq olmaz. Hamının anlayacağı İstanbul-Ankara-İzmir, Tbilisi-Batumi fərqini göz önünə gətirin. Nə demək istədiyimi anlayacaqsınız...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

3434 dəfə oxunub

İtaliya-İspaniya-Portuqaliya səyahəti

İtaliya-İspaniya-Portuqaliya səyahətiWizzAir-in bizə bəxş etdiyi nemətlər sayəsində Avropanın ta o başına, su qiymətinə gedə bilirik. Allah canlarını sağ eləsin. Çoxdandır planlaşdırdığım bir üçlük var idi. Nəhayət o gün gəlib çatdı, oktyabr ayının sonları havaya görə narahat olsam da, mülayim hava şəraitində səyahətimi gerçəkləşdirə bildim.Bakı-Roma reysi ilə, tarixi dillər əzbəri olan Romaya yola düşdüm. Amma artıq İtaliyaya çatmamış, otel qiymətlərindən də hiss etmişdim ki, məni nələr gözləyir. Fiumicino hava limanından şəhər mərkəzinə (Termini stansiyasına) getmək üçün ən rahat yol ekspress qatarlardır, təktərəfli gediş qiyməti 16€-dur.Romanın hər küçəsi, hər addımı tarixdir. Kolizeydən tut, Vatican City-yə qədər sizi valeh edəcək bu şəhər.Şəhərdə ən əlverişli nəqliyyat vasitəsi metro və skuterdir. Həm vaxtınıza qənaət etmiş olacaqsınız, həm də pulunuza. Avtomobil icarəsi qiymətləri sizi aldatmasın, parkinq, şəhərə giriş və yanacağa ödəyəcəyiniz pul sizi qorxuda bilər.Skuterlər də ucuz deyil əslində, bir neçə nəfər skuter icarəyə götürsə taksi ilə eyni qiymətə başa gəlir.Roma, italyanların özlərinin də dediyi kimi, bərbad nəqliyyat sisteminə malik olan bir şəhərdir. Vay o gündən ki, gecə küçədə qalasınız. Taksilər son nəfəslərinə qədər vəziyyətdən istifadə etməyə çalışacaqlar. Uber var deyə də həvəalənməyin, sürücülərin hamısı imtina edir sifarişdən. Bu məsələyə axırda yenə qayıdacam. İtaliya həm də mətbəxinə görə dillər əzbəri olan ölkədir. Getmişkən pizza və əsl italyan qəhvəsinin, şərabının dadına baxmağı unutmayın. Pasta isə elə bizdəki pastadır. Xüsusi bir şey gözləməyə dəyməz.İtalyanlar çox tənbəl insanlardır, ki “siesta” adlı bir mədəniyyətləri var. Nahar fasiləsini 2-3 saatdan az etmirlər. Ancaq yesinlər, yatsınlar. Bizə oxşayırlar deyəndə də çox sevinməyin, həm də çox yaxşı yalan danışmağı bacarırlar. İtaliya böyük ölkədir və hər bölgənin insanı, mədəniyyəti fərqlidir təbii ki, İtaliyaya xüsusi bir plan hazırlayıb, hər bölgəsini gəzmək daha məsləhətli olar.İtaliyada ucuz olan yeganə şey süvenirlərdir, dostlarınıza bol-bol süvenir almağı unutmayın. Cəmi 1€, hər yerdə də eyni qiymətədir.Vatikanı mütləq ziyarət edin, hətta çalışın bazar günü 12:00-da orada olun ki, Roma Papasının xeyir-duasına da canlı şahid olasınız. Ən az 2-3 saat növbədə gözləməyə dəyər. St. Peter Basilica kilsəsi isə, sizi əmin edirəm, yer üzündə ən möhtəşəm kilsədir. Ümumiyyətlə, İtaliyanın arxitekturası, sənət əsərləri insanı ağzı açıq qoyur. Bircə Romanın dar küçələri mənə çox boğucu gəldi.Gələk taksi məsələsinə. Hava limanından şəhər mərkəzinə və əksinə taksi qiyməti fix 50€-dur. Qətiyyən artıq pul tələb etdiklərində ödəməyin. Mən də 50€-ya getsəm də, taksi sürücüsü qadın məndən başqa 2 nəfər də götürdü məni gözlədib. Hələ, İtaliyanın bank sistemində qəza olub, kartla ödəniş ala bilmirəm nağılları da danışdı. Bir də, aerporta yaxındır deyə aldanıb son gün üçün otel rezervasiya etməyin, 7 km məsafəyə də, taksi qiymət oxuyur, çalışın gediş-gəlişinizi elə saata salasınız ki, taksidən istifadə etmək məcburiyyətində qalmayasınız. Məsləhət görə biləcəyim otel isə Via Flaviadır, qiyməti daha münasib, otaqlar səliqəli və təmiz, səhər yeməyi də qiymətə daxildir.Portuqaliya və İspaniya haqqında yazana qədər, məni instagramda izləməyi unutmayın: renatmajidovPaylaşan: Renat Majidov

129 dəfə oxunub

Günəş və çimərlikdən daha artığı - Mayami bələdçisi

Virusun hәlә bizi evә qapatmağa gücü çatmadığı bir vaxtda çoxdandır getmәk istәdiyim Miamiyә üz tutdum. Yaşadığım şәhәrdәn Miamiyә bilet nә qәdәr baha da olsa, mәnә әn yaxın şәhәr Şikaqodan da bir o qәdәr ucuz idi, 50 dollara bilet alıb (bu mәnim Amerikada aldığım әn ucuz tәyyarә biletidi) Miamiyә yaz tәtilinә getdim. Bәyәnәcәyimi onsuz da düşünürdüm, amma gözlәdiyimdәn dә gözәl imiş, adam heç çıxıb getmәk istәmәz burdan.Miami-ә gәlmәk üçün әn ideal vaxt Mart-May ayları imiş, yayda hәdsiz isti vә nәmişlik olur, küçәdә nәfәs almaq müşkül mәsәlәdir, bir sözlә. Mәn bilmәdәn әn ideal zamanda getmişdim, günәşdәn dә zövq ala bildim, okeandan da, axşam әsәn mehdәn dә.Bir gün yarım Key Westdә vaxt keçirdik, Miamidәn maşınla tәxminәn 3 saat uzaqlıqdadır vә çox möhtәşәmdir. 26000-dәn çox adamın yaşadığı ada şәhәrciyidir. Buraya gedәn yolun özü dә çox gözәldir, hәr iki tәrәfin okean, bәzәn balaca qәsәbәlәrdәn keçirsәn, bәzәn lüks, bәzәn isә daha cozi dediyimiz evlәrә, bağlara baxa-baxa bu yolu getmәk dә özü gözәl vә zövqverici idi.Miamidә darıxmaq qeyri-mümkündür, mәncә. Okean, günәş olan yerdә insan darıxmaz, hәmçinin xeyli aktiviti var ki, hamısının dadına baxmaq istәyir insan. Gәmi turu götürüb mәşhurların (David Beckhamından, Madonnasına, Shakirasına, J.Lopezinә qәdәr bir çox mәşhurun) evlәri әtrafında tur elәdik, avtobus turu götürüb şәhәri bir dә bu cür gәzib-dolaşaq dedik. Bu tur zamanı bugünә qәdәr içdiyim әn dadlı qәhvәlәrdәn birini - Kuba qәhvәsini daddım. Bir hәftә әrzindә hәr dәfә fәrqli çimәrliklәri gördüm, Soutch Beach-dә gәzim, Miami Beach-dә üzdüm, Hallover Beach-dә günәşdәn zövq aldım, Key Westi kokos ağacları boyu velosipedlә gәzdim, burdan pulsuz topladığımız kokosları maşına yığıb hәr gecә Miamidә kokos açıb yedik. Bir sözlә, necә möhtәşәm istirahәt etdiyimi indi fotolara baxanda, xatirәlәrimi tәzәlәyәndә daha yaxşı fәrqinә varıram. Virus gündәmdә olmasa idi, burdakı günlәrimi uzadıb daha çox qalardım, tәәssüf ki, hamı kimi mәnim dә sәyahәtim yarımçıq qaldı, ara yerdә NY-Boston sәfәrimi dә tәxirә salmalı oldum.Ümid edirәm ki, hamımız tezliklә sәyahәtimizә davam edәcәyik, hәlә ki evdә qalmaqla özümüzü vә әtrafımızı qoruyaq, gerisi asandır. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nura Dunyamaliyeva

2165 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!