Norveç zəngin tarixə, bənzərsiz təbiətə və yüksək həyat səviyyəsinə malik ölkədir. O, mənzərəli fyordları, nəhəng qayaları, bolsulu şəlalələri, sıx meşələri, şimal qütb işartıları və əsrlər boyu diqqətlə qorunub saxlanılan güclü ənənələri ilə tanınır. Norveçin idarəetmə forması konstitusion monarxiyadır. Bu o deməkdir ki, ölkəni kral idarə edir, lakin onun səlahiyyətlərini konstitusiya və parlament məhdudlaşdırır. Səhiyyə və təhsil yüksək səviyyədə inkişaf edib. Ölkədə demək olar hər kəs işləyir, işləməyən isə dövlətdən yardım alır. Çoxəsrlik tarixə malik krallıq olan Norveç müntəzəm olaraq ən yaxşı insan inkişafı, yüksək həyat səviyyəsi indeksinə malik ölkələr sırasındadır. Ölkə bərpa olunan enerji mənbələrindən fəal şəkildə istifadə edir. Elektrik enerjisinin 95%-dən çoxu su elektrik stansiyaları tərəfindən istehsal olunur. Əsas gəlir mənbələrindən biri neft və qazdır. Ekologiyaya diqqət yetirməsinə baxmayaraq, Norveç Avropada əsas karbohidrogen ixracatçısı olaraq qalır.
Norveçlilər vikinqlərin adət-ənənələrinə hörmətlə yanaşırlar. Ölkədə bu dənizçilərə həsr olunmuş çoxlu muzeylər var.
Norveç dünyada ən yüksək vergilərə sahibdir. Bununla belə, onlar sosial proqramları maliyyələşdirmək üçün istifadə olunur, bu da həyatı rahat edir.
Ölkə Şengen zonasının bir hissəsidir, lakin Avropa İttifaqına daxil deyil. Müstəqilliyini qoruyaraq, Avropa İqtisadi Zonası vasitəsilə Aİ ilə əməkdaşlıq edir.
Norveç Nobel Sülh Mükafatının doğulduğu yerdir. Hər il mükafatlandırma mərasimi paytaxt Osloda keçirilir.
Norveçlilər idmanı çox sevirlər. Qışda xizək sürmək, digər fəsillərdə isə gəzinti və balıq ovu populyardır.
Ölkə dünyada ən aşağı cinayət nisbətinə malikdir. O qədər təhlükəsizdir ki, polis çox vaxt silah gəzdirmir.
Norveç ən bahalı ölkələrdən biridir. Ərzaq, mənzil və xidmətlərin yüksək qiymətləri yaxşı maaşlarla kompensasiya edilir.
Ənənəvi mətbəxə balıq və dəniz məhsulları daxildir. Ən məşhurları lutefisk (qurudulmuş qaxac ət) və rakfiskdir (fermentasiya edilmiş balıq).
Norveçlilər şəxsi məkan çərçivəsinə ciddi diqqət edir və yüksək qiymətləndirirlər. Onlar yad insanlarla nadir hallarda ünsiyyət qurur və əsasən təbiətdə vaxt keçirməyə üstünlük verirlər.
Bu yazıda isə səfərim üzrə sizə Norveç təbiətinin xüsusiyyətlərini daha yaxşı başa düşməyə kömək edəcək maraqlı faktlardan bəhs edəcəm. Daha doğrusu onun ən görməli yerlərindən biri sayılan – Preikestolen qayası barədə danışacam. Bununla belə, Norveçin əsrarəngiz təbiəti barədə də ümumi olaraq bir neçə kəlmə qeyd etməsəm də, olmaz. Başlayaq, dünyaca məşhur olan fyordlardan.
Buzlaşma dövründən qalan, hündür qayalarla əhatə olunmuş dərin və uzun dəniz körfəzləri olan fyordlar ölkənin əsas təbii cazibələrindən biri olaraq milyonlarla turisti cəlb edir.
Skandinaviya dağları Norveçin landşaftında üstünlük təşkil edir və füsunkar mənzərələr yaradır.
Meşələr isə burada başqa bir aləmdir. Norveçdə relikt iynəyarpaqlı meşələr, eləcə də geniş qarışıq meşələr mövcuddur. Xüsusilə qeyd etməliyəm ki, Norveçdə çoxlu milli parklar və qoruqlar var, burada qədim meşələrdən tutmuş tundraya qədər müxtəlif mənzərələri, həmçinin ölkə landşaftında xüsusi yer tutan çoxlu buzlaqlar görə bilərsiniz. Hava isə burada kristal təmizdir. Norveç meşələrində və dağlarında çoxlu vəhşi heyvanlar var. Burada siz sığın, şimal maralı, az sayda canavar və hətta Şpitsbergen arxipelaqında qütb ayısına da rast gələ bilərsiniz. Yeri gəlmişkən, dünyanın ən yöndəmsiz heyvanlarından sayılan sığın Norveçin milli simvoludur. Onun təsvirini suvenirlərdə, yol nişanlarında və hətta qəpiklərdə görmək olar.