368 dəfə oxunub

Mərakeş bələdçisi

Mərakeş səfərim sona çatır sabah. Qrupda praktiki məlumatlar olan post tapmamışdım gəlmədən öncə, ona görə gördüklərimlə bağlı qısa notlar götürmüşdüm burada paylaşmaq üçün əsl qışa dönmədən öncə.

Bu post Mərakeşə səyahət etməyə hazırlaşan yaxud səyahət etmək istəyən Backpacker-lər (əsasən SOLO) üçündür (Maroc, Morocco, Fez, Merakesh, Mərakeş).

ÜMUMİ PRAKTİKİ MƏLUMATLAR:

Sim card - ilk iş, mən Inwi məsləhət görürəm, 50 dirhəmə 11 giga və 1 saat danışıq işi görür əgr telefonu kənara qoyub ölkəni gəzmək istəyirsinizsə.

Taxi - həmişə hərəkətdə olan taksiyə əl edin, hər şəhərdə eyni rəngdə taxi maşınları var və qiyməti siz deyin, şəhərdaxili hara gedirsiz gedin 20 dirhəmdən çox olmamalıdır (aeroportları çıxmaqla - bəzən kənarda ola bilir aeroport) və hətta bəzi şəhərlərdə eyni qiymətdi hər yerə (Essaouira 7-8 dirhəm).

Scam - küçədə heç kimdən heç nə soruşmayın qəti. Kim də nə desə “la, shokran” yaxud “no, merci” kifayət edir uzaqlaşdırmaq üçün əgər çox gəlsələr. Mağazalarda çalışanlardan soruşa bilərsiniz. Əgər kimsə hiss etsəniz ki yaxşılıq etmək istəyir həqiqətən də, öncədən bildirin ki, ona heç bir pul ödəməyəcəksiniz (mənim başıma neçə dəfə gəldi və mən bunu deyəndə onların hamısı dedilər ki “mənim dilimdə “sağ ol” desən bəs edər”)

Haggling - hər yerdə qiymət danışa bilərsiniz rəsmən, milli geyim tipli nələrsə almaq üçün ən yaxşısı dərzi + mağaza olanlardı. Hansılar ki qiymətdə daha flexible’dılar enmək üçün. Bir də, mağazaların bağlanan vaxtı daha çox qiymətdə enirlər kimi hiss etdim.

Restaurant - hər qiymətə hər cür restoranlar var, amma ən yaxşısı restorana girmədən öncə review check eləməkdi. Çünki zəhərlənmə yaxud ərzaq keyfiyyəti pis olan restoranlar çoxdu və bunu rəylərdə görə bilərsiniz.

Language - bəzi postlarda oxumuşdum Mərakeşdə Fransızca danışmaları ilə bağlı, bura gələndə anladım ki, Fransızca bilməyənlər imiş bunların Fransızca danışa bildiyini düşünənlər. Bizdə rusdan ingilisə olan dəyişim kimi (yaşlı cavan nəsil), bunlarda da fransızdan ingilisə dəyişim gedir. Fransızca yaxşı danışan təbəqə universitetə filan getmiş təbəqədi. Hansı ki siz onları küçələrdə çalışan görməyəcəksiniz, gördüklərinizsə “broken french” danışır və danışdıqları ləhçə isə ərəbcələrinin standard ərəbcədən fərqli olduğu qədər fərqlidi Fransadakı fransızdan. Adi rəqəmləri, bahadır, sağa, sola və axtardığınız şeylərin adlarını fransızca öyrənsəniz elə onlar qədər bilmiş olacaqsınız və kifayət edəcək, belə o səviyyədə onsuz da ingilisi də bilirlər ona görə problem olmamalıdır ümumi.

Alcohol - barların bəzilərindən başqa demək olar ki. çox yerdə tapmaq olmur. Carrefour’da satılır amma 20:00’da satışı dayandırırlar əksərən və çox bahadı, hətta Belçika qiymətlərindən belə baha idi :)

Hashish - Mərakeş Avropa İttifaqının 70% importunu qarşılayır, bütün keyfiyyətlərdə bütün qiymətlərdə tapa bilərsiniz küçələrdə. Chefchaouen hashishi məşhurdur.

Security - bütün ehtimallarda, üzərinizdə sizə anında lazım olacaq məbləğdən çox pul, sənəd ya pul qabı gəzdirməməyi tövsiyə edərəm. Əlinizde telefon gəzməməyi, həmişə arxadan kimsə gəlir ya gəlmir yoxlamağı, axşam tək çıxmamağı (ümumiyyətlə qrup yaxud bir neçə nəfər olanda həmişə daha yaxşıdı) tövsiyə edərdim.

Rent a car - etməsəniz daha yaxşı əgər yerli biri yoxdursa sizlə, çünki şirkətlər həmişə nəsə tapır əlavə pul almaq üçün. Maşın sürmək fəlakət kimidir. Yol işarələri filan bir çox şəhərlərdə yox vəziyyətdədir.

Transport - biletləri ok qiymətlərə ala bilersiniz. Rəsmi website’larından (aşağı əlavə edirem linkləri - website’lar fransızca yaxud ərəbcədi, amma google chrome istifadə edərək avtomatik tərcümə edə bilərsiniz):

Train - sürət və normal qatarlar var (hər yerində yox amma). Şirkətin adi ONCF > https://www.oncf-voyages.ma

Bus - avtobus şirkətləri CTM və Supratours > https://ctm.ma ve https://www.supratours.ma

Visa - Schengen ölkəsi oturumu olanlara çox rahat, online prosesdir və 1 saata göndərdilər e-visani. Digərləri üçün rəsmi website yoxlayın çünki sadələşdirmə prosesi gedir keçən ildən.

ÜMUMİ TƏƏSSÜRATLARIM:

Super ölkədir. Gəzməyə, görməyə dəyər. Çox mehriban insanlardır. Tarixidir və hər şəhəri digərindən çox fərqlənir həm təbiətinə, həm arxitekturasına, həm də tarixinə görə. Qiymətlər deyilən qədər ucuz deyil (Azərbaycandan bahadır ən azı) sözsüz ki, hansı ölkə ilə müqayisə etmənizə bağlıdır.

GETDİYİM ŞƏHƏRLƏRLƏ BAĞLI QISA:

Essaouira

Beach city, horse riding və surfing məşhurdu dəniz kənarında. Daha təhlükəsizdir digər yerlərə baxanda. Taxi 7-8 dirhəmdir hər yerə. Aeroportdan şəhərə bus da var, taxi də (taxi daha yaxşıdır, çünki bus qarışıqdır). Accommodation: Beach hostel. Gediləcək bar isə Taros ola bilər, canlı musiqi + alcohol + terrace.

Marrakech

Xaotik amma gözəldir. Bahia üçün guide tutsaz əla olar çox öyrənmək üçün. Badi’ni özünüz də ziyarət edə bilərsiniz. Parklara mütləq gedin. YSL fanısızsa onun muzeyinə gedə bilərsiz. Online alın mütləq çünki sıra çox uzundu (combined ticket ile Majorelle ve Berber museum də görə bilərsiniz >https://www.museeyslmarrakech.com). Gueliz ərazisində gəzməyi unutmayın. Taxi üçün hərəkətdə olanları saxladın, 10-20 dirhəm arası gedə bilərsiniz Medina ilə digər yerlərin arasında. Riad Rouge Marrakech mütləq qalmalı olduğunuz yerdir.

Sahara tour Merzouga

Zagora’ya sahara tour adı ilə aparsalar getməyin qəti. Orada qum təpələri filan yoxdur. Merzouga qışda çox soyuqdu axşam, getsəniz bunu nəzərə alın (mənfiyə düşür və isitmə yoxdur heç harda əgər luxury tour almamısınızsa). 1000 dirhəmə satılan turu biz 700’ə almışdıq danışıb, kontaktı var istəsəniz paylaşa bilərəm. Göy üzü filan super görünür (Milky Way daxil).

Casablanca

Bir günlük görmək olar məscidə bir də bir neçə gözəl yerlərinə görə. Lissabona oxşayır biraz (daha dağınıq versiyası).

Rabat

Təmiz, gözəl, az turist olan, aldatma filan halları çox az olan bir şəhərdir. Bir gün keçirtmək olar.

Chefchaouen

Toy öncəsi gözəllik salonundan yenicə çıxmış cliché Azərbaycanlı qıza bənzətdim bu şəhəri. Estetik olaraq çox gözəldi, amma şəhərin ruhu yoxdur. Şəhəri süni olaraq şəkil çəkdirmək üçün yaradıblar sanki. Hər yer bir-birinə oxşayır və mən 3 gün qalsam da çölə çıxmağa çox da həvəsim olmurdu eyni şeyleri görməkdən bezdiyim üçün. Hiking üçün əla trekler var hansi ki ora ile bağlı mavi sözündən sonra ilk ağlıma gələn onlardı. Baraka hosteldə qalmağa dəyər.

Fez

Tarixi şəhərdir və keçmiş paytaxt olub. Burada daha çox yemək bişirmək və hamam tipli aktivitələr edə bilərsiniz. Riad Verus və Medina Social Club əla hostellərdir.

Daha detallə ümumi məlumatlar istəsəniz planlamaya kömək məqsədilə bu website istifadə edə bilərsiniz: https://worldofwanderlust.com

SON SÖZ:

Təhlükə və s. ile bağlı olan cəfəngiyyatlara çox da inanmayın. Dünyanın hər yeri təhlükəlidir ehtiyyatlı olmasanız.

Gözlərinizin çekdiyini isə heç bir kamera çəkə bilməz. Telefonu kənara qoyub getdiyiniz yerlərdə gözlərinizlə bütün gözəllikləri mütləq çəkin :)

Hər fəsil hər yerdə fərqli gözəldir. Deyilənlərə əsasən, Mart, Aprel, Sentyabr və Oktyabr gözəl aylardır Mərakeşə səfər üçün.

Bon voyage!

DİGƏR BLOQLAR

Azor adaları- Piku bələdçisi

Demək, bu dəfə Atlantik okeanın ortasında yerləşən, Şimali Amerika ilə Avropanın tam ortasında olan Azor adalarına olan səfərimdən yazacam. Azor adaları Portuqaliyaya məxsus olub, 9 adadan ibarət muxtar respublikadır. Özlərinə "Azorlu" deyirlər və portuqalcanın xüsusi bir dialektində danışırlar.Mənim səfərim iki adadan keçirdi, Sao Miguel və Pico adaları. Əsas məqsədim Portuqaliyanın ən hündür dağına çıxmaq olduğu üçün, səfərimin əsas hissəsini Pico adasına həsr etmişdim və bu postumda Pico adası haqqında danışacam.Pico adası, Sao Miguel adasından 300 km məsafədə olub, təyyarə ilə 40 dəqiqə müddət uzaqlıqdadır. Ərazisinin uzunluğu 47 km, eni 18 km olmağı, çox kiçik bir ada olduğundan xəbər verir. Adanın ortası dağlar və meşə örtüyündən ibarətdi. Bu adalar vulkanik bölgədə yerləşdiyi üçün, dağlar da vulkan dağları sayılır. Piko zirvəsi də vulkan dağlarından biri olub, Portuqaliyaya məxsusdur. 2351 metr yüksəkliyi olan bu dağın, zirvə nöqtəsində hələ də lava tavaları durmaqdadır və ora çıxdıqda həmin istiliyi hiss edə bilirsən. Piko adasının əhalisi, əsasən, balıqçılıqla, maldarlıqla məşğul olur. Piko adasına gedib, inək pendiri yeməyib, balıq dadmayıb, steykdən bir parça dişləməmisənsə, deməli, Pikoda olmamısan. Demək, Piko adasında ictimai nəqliyyat demək olar ki, fəaliyyət göstərmir. Gündə iki dəfə avtobus gedir bir qəsəbədən digərinə. O da biri səhər, biri də axşama yaxın. Əgər gəzməkdə çətinlik çəkirsizsə, maşın kirayə edib, rahatlıqla adanın hər yerini görə bilərsiz. Mən maşın kirayə etmədim, hava limanına enib avtobusa özümü çatdırdım. Hava limanından da iki dəfə avtobus gedir mərkəzə. Avtobus 90 sentdir Hava limanından mərkəzə. Qaldığım yer mərkəzdən uzaqda, dağların arasında idi. Ora isə 2 saat 30 dəqiqə məsafə idi piyada, mən də sadəcə gəzərək getdim. Adanın bir çox nöqtəsini gəzərək kəşf etdim. Piko adası haqqında danışanda, üzümçülüyü yaddan çıxartmaq olmaz. Piko adasının demək olar ki, 3-də 2 hissəsi üzümçükük bağları ilə örtülüb, amma heç kəs böyük hasarlar qoymayıb, yəni deyirlər gəlin, keçin, dərin, yeyin. Ümumiyyətlə, burada fikir verdiyim şeylərdən biri də o idi ki, çox evlərin çöl qapıları belə şüşədən idi. Yəni heç kəs oğurluqdan filan qorxmur. Tam təhlükəsiz yerdi. Heyvanat aləminə gəldikdə isə, ada kərtənkələ qaynayır. Mən həyatımda bu qədər kərtənkələ görməmişdim. İndiyədək nə qədər dağa getmişəm, nə qədər meşə gəzmişəm, amma bu qədər kərtənkələni bir arada görməmişəm. Adada bir dənə də olsun yırtıcı heyvan ya da ilan zad yoxdu. O cəhətdən bir az maraqsızdı.Mən 10 saat dağa çıxdım, düşdüm, kərtənkələdən savayı bir şey görmədim. İnsan belə Yuxarıda balıq yeməmiş qayıtmayın demişdim, bunun üçün şəkillərdə yerləşdirdiyim balıq restoranına getməyinizi məsləhət görürəm. Qiymətlər normaldı. Gördüyünüz o masaya 20-cə € xərcim çıxmışdı. Həyatınızda yediyiniz ən gözəl balıq ola bilər deyə düşünürəm, mütləq getsəniz, yoxlayın.Azor adalarına həm də, Atlantik okeanın Havay adaları deyirlər. Bu düz söhbətdi, çox qəşəng təbiəti və çimərlikləri var, amma hava barədə onu deyəmmərəm. Maksimum 23-24 dərəcədən o tərəfə getmir hava. Axşam da, ya çiyninə bir gödəkçə atmalısan, ya da bir 200 qram çaxır içməlisən. Azorlular ikinci variantı edir, sizə də məsləhət görürəm. Çox uzun-uzadı yazıb, vaxtınızı almaq istəmirəm. Bir onu deyim ki, sadəcə gedin və əsl toxulunmamış təbiətin nə olduğunu görün Paylaşdı: Samir Aziz

1678 dəfə oxunub

Avropanın Qüdsü - Sarayevo

Sarajevo, Bosnia və Hersoqovina (Mənim 3-cü ana vətənim) Gürcüstandan sonra demək olar ki, ən çox sevdiyim ölkə Bosniyadır.  İki dinin bir-birinə gözəl şəkildə qarışmış olduğu bir ölkə görmək istəyirsinizsə, mütləq bura gəlin. Bosniyaya gələn zaman nə etməlisiz? Hava limanından taksi adətən 30 KM-ə mərkəzə gətirir, amma qırmızı taksiləri sifariş verəndə cəmi 15 Markdır. )"Old Town"-ı tam şəkildə gəzdiyinizdən əmin olun. Bahalı restoranlara getmək burda maraqlı deyil. Küçədə olan kiçik kafelərdə oturub Bosnia kofesi içməyin ləzzəti başqadır. Bosnia kofesini necə içməlisiz? 1) Qaşığı cəzvənin içinə salaraq tam hal alana qədər qarışdırın sonra balaca stəkana süzün. Stəkanın yanında olan qəndin bir hissəsini kofeyə batıraraq dişləyin və daha sonra kofeni için! Başqa formada içsəz, Bosniyalıların kofe mədəniyyətini təhqir etmiş olacaqsız  Sarajevonu gəzdikdən sonra qatarla Mostara gedin. Vağzal mərkəzdən 10 dəqiqə kənardadı. Ümumiyyətlə, bu şəhərdə transporta ehtiyac yoxdu. Hər yerə ayaqla gedə bilərsiz.Gediş-gəliş bileti qatar üçün 20 Marka yaxındır. Qatar səhər saat 7-də çıxır, 10-da Mostara çatır. Geri dönüş də saat 5-dədir. )Mostarı kəşf etmək üçün 3 saat bəsdi) Ona görə də, orda olan müharibə muzeyinə gedin, körpünün ətrafını gəzin.Mostarı bitirdikdən sonra taksi ilə Buna-Balagaj-ı mütləq siyahınıza salın. Ordakı Dərviş evinə girib mağaraya daha yaxından baxmaq şansınız olacaq)Blagaj-da mütləq balıq yeyin! Orada yeyəcəyiniz balığı heç yerdə tapmayacaqsız.Ümumilikdə, Sarajevoda tramvayın qiyməti 1.50 Markdır. Tramvaya daxil olanda sürücüyə pulu verərək bilet alacaqsız, sonra o kartı ordakı aparata salmalısız. Əgər, nəzarətçilər sizin biletsiz olduğunuzu görsələr, 50 Mark cərimələyəcəklər.Çim-çim etmək istəsəz, gərək bir az pul xərcləyəsiz))) NEUM-a gedərək Adriatik dənizində üzə bilərsiz. Amma ora getmək+qalmaq və s . baha başa oturur deyə, Sarajevoda swimming pool-a getmək daha ucuz gəlir. 7 Mark!!!Prinsipcə, soyuq suyu sevirsinizsə, Mostarda olan ərəfə çayda da çimə bilərsiz)Cable-Car -a mütləq gedin! Sarajevonu yuxarıdan izləmək başqa maraqlıdır. Bir nəfər üçün gediş-gəliş 20 Markdır. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Natiqqizi‎

906 dəfə oxunub

Ölü şəhər - Pripyat və Çernobıl bələdçisi

Çernobıl atom elektrik stansiyasında partlayış 1986 cı ilin Aprel ayının 26sı olub. AES əslində Çernobıl şəhərinin adını daşısa da, bu şəhərdən biraz aralıdadı. AES-ə ən yaxın şəhər isə Pripyatdır. Stansiya Pripyat şəhərində yerləşir. Şəkillərdə atılmış tərk edilmiş şəhər də məhz Pripyatdır.Əslində gəzinti üçün və ziyarət ediləcək bir yer kimi çox şübhə ilə yanaşırdım. Bu turu həyata keçirməyə məni dostum Rashad məcbur etdi, və qərara gəldik ki bu ərazini də səyahət siyahımıza salaq.Sentyabr ayının əvvəlində Ukrayna səfəri zamanı Kiyevdə olan tur şirkətlərinin birində online tur sifariş etdik. Tur adama 70-80 USD ətrafında oldu. Tur butun günü əhatə etdi. Turun detayları barədə birazdan məlumat verəcəm. Kiçik bir mikroavtobus bizi Kiyevdən üzü Çernobıl istiqamətinə apardı. Aramızda 2 Azərbaycanlı biz, 2 Alman, 2 Hollandiyalı, 2 Ukrainalı və bir necə başqa millətdən olan vətəndaşlar var idi.Tur rəhbəri daima yanımızda idi! Şüalanma zonasında əslinə qalsa elə bir təəccublü bir görünüş yox idi, əsas o idi ki bütün bunları şəkillərdə deyil artıq, öz gözlərinizlə görürsünüz. Səssizlik! Bəzi yerlərdə çarpıcıdı dərəcədə idi səssizlik. Sovet İttifaqı binalarının sənaye xarabalıqları vahimələndirirdi. Və vahimələndiyin an "oraya getmək olmaz" sözləri bir az narahatçılıq yaradırdı. Yaşıllıq inanılmaz dərəcədə çoxalıb. Ora ancaq ilin yaşıllıq olan dövründə getmək məsləhətdir. Tur gidi əslində qışda da maraqlı olduğunu bildirir, qar örtüyü ve s. Amma mən yayı üstün tuturam.Təsəvvür edin bizi futbol stadionuna apardılar. Və yolda meşələrin hündürlüyü 18-20 metr olan ağacların arasında saxladılar. Gid soruşur ki sizcə stadion hardadır? Biz isə ətrafda heç nə görmürük. Əslində isə stadionun düz üstündə idik. Stadionun ərazisi təmamilə meşə ilə örtülü idi.İl ərzində 47 773 turist qəbul edir Çernobıl.Çernobıl nüvə stansiyası dünya miqyasında tanınır. Stansiyanın dördüncü reaktorunda qəza nəticəsində baş verən hadisələr milyonlarla insanın həyatını dəyişdirib.RADİASİYA SƏVİYYƏSİ:Azmüddətli turlar üçün bu ərazidəki radiasiya təhlükəsizdir. Normal ərazilərdə (məs. Kiyevdə) radiasiya fonu 10-20 mikrorentgen/saat təşkil edir. 1 mkr 1 rentgenin millionda bir hissəsidir. 10-20 rentgen təsirsiz ötüşmür. 150 rentgen şüalanma xəstəliyi yaradır, 400 rentgen ölüm üçün kifayətdir.26 aprel 1986 cı ildə Pripyat şəhərində radiasiya 1 rentgen idi. 4-cü blok ətrafında bu 50-100 rentgenə çatırdı, amma reaktorun dağıntılarında şüalanma 10 000 rentgen idi.Pripyat və Çernobil ətrafında aparılan ölçülər 16-600 mikrorentgen arasında dəyişir.Müqayisə üçün xəstəxanalarda MRT olunan zaman 50 mikrorentgen/saat radiasiya alırıq.Tur təxminən aşağıdakı kimi idi:• 7:30-7:50 Kiyevdə qeydiyyatdan keçdik və 8:00 yola düşdük• Nəzarət BuraxlışMəntəqəsi (NBM) Dityatki - 30 km radiusda sərhədə çatdıq.• Çernobıl adı yazılan abidədə dayandıq.• Çernobıl şəhərinin içindən keçdik.• "Dünyanı xilas edənlər" Monumentində dayandıq. Bu abidəni ləğv etmə işlərində çalışan işçilər özləri hazırlayıb.• 1986-cı ildə Çernobıl qəzasına ləğv etmə işlərində iştirak edən avadanlıq və robotların modelləri ilə tanış olduq (радиоуправляемый самосвал Коматцу, робот-луноход СТР-1, робот МОБОТ-Ч, робот-разведчик MF-2, робот Белоярец, манипулятор Foresteri, машина дезактивации АРС-14, БТР-70, БРДМ-РХБ)• Çernobıl şəhərinin 3 nömrəli yanğın stansiyası (PPCH No. 17) - Çernobıl AES söndürmək üçün qəza gecəsinə gələn üçüncü briqada bu stansiyadan idi.• Pripyat çayı üzərindəki körpü üzərində müşahidə nöqtəsi - stansiyanın görünüşü və Çernobıl arxa hissəsi görünürdü• Nəzarət Buraxlış Məntəqəsi (NBM) Lelev - Hərəkət Zonasının 10 km sərhədi. Pasport və radiasiya nəzarətinin keçdik və reaktorlara yaxınlaşmağa başladıq• 19 saylı yeməkxanada nahar - Menyu AES personalı üçün terapevtik və profilaktik bəslənmə standartlarına uyğun idi• Pripyat şəhərinin yaxınlığında dayandıq - Qırmızı meşənin qalıqları bizə göstərildi.• Nəzarət Buraxlış Məntəqəsi (NBM) Pripyat - sənəd yoxlanışı, tərk edilmiş Pripyat şəhərinə giriş• Xalqların Dostluq Monumenti - Sovet İttifaqı dövründə sovet xalqı üçün olan abidədə şəkil çəkdirdik• Pripyat Xəstəxanası (MSCh-126) - 1986-cı ilin aprelində AES-in 4-cü enerji blokunda baş verən qəzada gecə saatlarında partlamanın ilk qurbanları gətirilən xəstəxana idi• Priyat çayının sahili və Pripyat kafesi• Şəhər Partiya icra komitəsi• Polesye Hotel, Dövlət Komissiyasının toplantılarının keçirildiyi yer• Universam – sovet dövrünün özünə xidmət supermarketi• Energetik – Şəhərin Mədəniyyət mərkəzi. Pripyat şəhərində konfrans salonu, kinoteatr, üzmə hovuzu, kitabxana, kinostudiya və radio studiyası da var idi.• Pripyat şəhərinin Əyləncə parkı - 1986-cı il mayın 1-də açılışı olmalı idi• Məktəb və 5-9 mərtəbəli fərdi yaşayış binalarını gəzdik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramin Jafarov

1228 dəfə oxunub

Pisaya getməlimi, getməməlimi?!

Demək hələ bilmirəm necə yazacam necə qruplaşdıracam sırf test kimi yazıram, əgər hansısa ideanız, əlavəniz, “bu artıqdı” dediyiniz bir şey varsa mənə mütləq yazın. Çox çox sevinərəm.  Ehmm.. ???? Başlayıram.Professor imtahana kitab seçimini bizə buraxanda baxıram ən az səhifəli kitab hansıdırsa onu seçirəm. Bu şəhəri seçməyim də bir az ona oxşadı.Pisa!Bu əyri binanı məncə çox-çox adam tanısa da “mütləq getməlisiz!” dediyim bir şəhər deyil. Düzü heç şəhər deyil ora mənə görə. Mikrorayon kimi bir yerdi.Və bu məşhur binadan başqa heeeeç nəyi yoxdu desəm inanarsız?Bina haqqında sizin wikipediadan da tapa biləcəyiniz məlumatları yazmaq istəmirəm.Bina tikiləndə sadəcə kilsə zəngi üçün nəzərdə tutulub, torpaq əyri olduğundan sürüşməyə başlayıb. Ən maraqlısı isə son 800 ildə bina hər il 2 millimetr sürüşməyə davam edir. Burdakı gəzintimizlə bağlı isə onu deyim ki, getməyimizə peşman deyiləm amma getməsək də olardı. Bir şeydə özümə molodec deyirəm ki, 1 gün heç ayırmamışdım bura 8-9 saat ayırmışdım amma siz getsəniz 3-4 saat edin bu vaxtı.Qatarla Romadan çıxdıq üzü şimala doğru və ilk dayanacağımız bura oldu. Qatardan düşdüyümüz andan avtobusa mindiyimiz ana qədər yağış kəsmədi (arada 1-2 saat kəsdi). Biz də gəldik, qülləni gördük, bir-iki dənə əlimizi elə tutduq ki, guya biz əyirik, guya əyilməyini qoymuruq kimi şit-şit şəkillər çəkəndən sonra gördük ki, elənəcək başqa heçnə yoxdu, yağışın da heç azalma kimi bir niyyəti yoxdu, yaxınlıqdakı otellərə üz tutduq. Bir otağa 5-6 saatlığına 150 Euro deyəni kim, 100 Euro deyəni kim, axır 2 otağın hərəsini 40 Euroya danışdım (2 fərqli ailə idik) girdik otağımıza. Sumkalardakı bütün paltarlar yaş olmuşdu, onları sərdik qızdırıcıların üstünə. Mamam və qardaşım otağa girəndən çıxana qədər yatdılar. Mamamın rəfiqəsi ilə mən gördük yağış kəsib biraz dedik çıxaq gəzək bəlkə görüləsi başqa yerləri var.Gəlməmişdən çox araşdırma eləmişdim hər şəhər haqqında, (həmişə araşdırma eləməyi xoşlayıram), hamı yazmışdı ki, orda Pisa qülləsini görməkdən daha vacibi Panini yeməkdi. Paninin də şəkillərinə baxıb “pff kolbasa çörəyi bizə başqa adnan sırıyırlar” dedim hələ. Nəysə, üz tutduq bekarçılıqdan həmin bu Paninisi məşhur yerə. Oh My God! O necə dad idi elə. Yəni mamam oxusa yüz faiz deyəcək artırıram, mənim amma yediyim ən dadlı kolbasa çörək idi (yenə də kolbasa çörək statusundan çıxmır o :D) . Qiyməti hardasa 5-6 euro idi səhf eləmirəmsə, içərisinə neçə cür pendir, neçə çür ət (mal əti, donuz əti və s.), göbələklər və başqa tərəvəz növləri + müxtəlif souslar əlavə edirlər. Çörəyi biraz bərk olur, amma dadını çox bəyənmişdim.Lokal mağazaları elə çox yoxdu, elə daha çox suvenirlər restoranlar idi. Bir də yarmarka tipdə bazarı olurmuş amma biz gedən vaxt havaya görə qurulmamışdı o.Axşam otelimizdən çıxdıq getdik avtobusumuza, Florensiyaya doğru.. ..Panini aldığımız məkanın adı L'OstellinoRomadan Pisaya gedən qatara 17 Euro vermişdik adambaşı. 2 saat 20 deqlik məsafədə idi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Nigar Sani

709 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!