3037 dəfə oxunub

Mərakeş bələdçisi

Mərakeşə getməzdən öncə tərəddüdlərim vardı. Oxuduqlarım və eşitdiklərim bu ölkənin o qədər də güvənli olmadığını deyirdi. Hələ ki yalnız səyahət edən bir xanımsınızsa, daha da “təhlükəli” imiş. 10 gün boyunca ölkəni qarış-qarış gəzdim və bu ölkənin təhlükəsizliyi ilə bağlı bütün söylənənlərin cəfəngiyyat olduğunu gördüm.


9 min küçəsi olan, xəritələrin işləmədiyi yer

Mərakeşlilərin bəziləri qonaqpərvər, yardımsevər olsalar da, turisti ancaq gəlir mənbəyi kimi görənlər daha çoxdur. Xüsusən də, Fəs şəhərində gərək ya yolu yaxşı tanıyasan, ya da öncədən bələdçi tutasan. Çünki çaşıb birindən yol soruşsan, səni düzgün istiqamətləndirməyib, səhv yolda olduğuna inandırıb, müəyyən məbləğ qarşılığında bələdçilik təklif edirlər. Odur ki, ayıq-sayıq olmaqda fayda var. Nə bələdçiyə, nə də yol soruşmağa ehtiyacım yoxdur deyib özünə güvənənlərə isə bir xəbərim var: Fəs şəhəri o şəhərlərdəndir ki, telefondakı müxtəlif xəritə proqramlarının belə “əzbərini pozur”. Bir də ki, proqram neynəsin, bir qədim şəhər bölgəsi düşünün ki, xırda-xırda 9 min küçədən ibarətdir. Tam labirintdir. Damdar küçələri var. Fəsin qədim şəhər hissəsi dünyanın nəqliyyata qapalı olan ən böyük ərazisidir.


Dünyada ilk universitet Fəsdə açılıb?!�
Mərakeşin ən gözəl qapılarını, ən gözəl naxışlarını Fəsdə gördüm. Fəs ölkənin 3-cü böyük şəhəri və Rabatdan öncəki paytaxtıdır. Bu ölkədə, deyəsən, paytaxt olmayan şəhər qalmayıb. Ölkənin ən mühafizəkar, dini inancları daha güclü olan, adət-ənənələrə daha bağlı şəhəri də Fəsdir.

Bu şəhərə gəlməzdən öncə dünyanın ən qədim universitetinin burada olduğunu bilmirdim. Ta 859-cu ildə açılan həm Universitet, həm də məscid olan Karaviyyin bu gün də fəaliyyətini davam etdirir. Məscidə yalnız müsəlmaların daxil olmasına icazə var.

Bütün yollar bazarlara aparır...

Mərakeşin bütün şəhərlərində bütün yollar bazarlara çıxarır. Hər şəhərin qədim hissəsi, Mədinə adlanan bölgəsi olur ki, həmin yerlərdə bazarlar qurulur. Bu bazarlarda nələr yoxdur, nələr. Ağıla gələ biləcək, hətta ağıla gələ bilməyəcək hər şeyi bu bazarlarda tapmaq olar. Amma Mərakeş ilk növbədə dərinin, arqan yağının və xaş-xaşın yurdudur. Rəngbərəng, növbənöv dəri məmulatları olmadan Mərakeş bazarlarını təsəvvür etmək mümkün deyil. Keyfiyyətli dərilər hazırlasalar da, məhsulların modellərinin müasir görünüşü yoxdur. Əsas dəri mərkəzi isə Fəs şəhəridir (məşhur Chouara). Burada böyük dabbaqxanalar var ki, dərini Orta əsrlərdən qalma üsullarla işləyirlər, boya qazanlarına atırlar, günün altında qurudurlar. Hətta pul müqabilində turistlərə də şərait yaradırlar ki, gəlib dərinin hazırlanma prosesini öz gözləri ilə görsünlər. Amma burada qoxular o qədər dözülməz olur ki, əlində nanə qoxulamayan turist görməzsiniz. 5 dəqiqə nanəsiz nəfəs ala bilmədiyimiz bir yerdə dəri emalçıları səhərdən-axşama kimi çalışırlar.

Argan yağı da bazarlarda ən çox gördüklərimdən oldu. Özü də tək yağı yox, sabunu, kremi... Hətta bu yağı yeməklərə belə əlavə edirlər.



Xaş-xaş isə ən çox Mavi şəhər kimi tanınan Chefchaouendə yayılıb. Hətta o dərəcədə yayılıb ki, axşam vaxtı küçədə gəzəndə bizə də açıq-aşkar “mal” təklif edirdilər.

Dəvə karvanları ilə orta əsrlərə səyahət

Səhra turuna qatıldıqda bərbər kəndlərini də gəzmək mümkün olur. Amma bələdçisiz bu kəndlərə girməyə icazə vermirlər. Bərbər kəndlərində qadınlar çiyinlərinə ağ şal və ya tül bağlayırlar. Əgər tül yalnız sağdan bağlanıbsa, deməli, evlidir, soldan bağlanıbsa, boşanıb. Hər iki çiynindən şal bağlanıbsa, əri ölüb. Heç bir şal bağlanmayıbsa, deməli, subaydır.



Səhra turu almısınızsa (60-80 euro, 2-3 günlük), dəvə karvanları gün batımına doğru səhraya yol alır. Ucsuz-bucaqsız Sahara səhrasında günəşi batırıb, ayın çıxmağını izləyərək karvanlarla gedirsən. Sanki düşürsən əsrlər öncəsinə, tərəqqinin, inkişafın olmadığı dövrlərə. Gecə də bərbərlər ocaq qalayıb, ətrafında dövrə vurub öz milli musiqiləri ilə qonaqlarının könlünü xoş edirlər. Gecəni çadırlarda gecələyirsən. Səhəri ağzında qumla, üst-başın qum içərisində açsan da, ucsuz-bucaqsız səhrada gecələməyin zövqü bir başqadır. Və günəş doğmağa başlayarkən yenidən dəvə karvanları ilə qayıdırsan geriyə, şəhərə... Sanki “zaman maşını” ilə Orta əsrlərdən düşürsən günümüzə...



Əsas içkisi! “Mərakeş viskisi”

Mərakeş yeməkləri ilə də məşhurdur. Əsas yeməkləri tajin və kuskusdur, bu yeməkləri yemədən dönmüsünüzsə, demək heç Mərakeşdə olmamısınız. Kuskusa bir növ plov da demək olar. Tajin isə adını bişirildiyi qabdan götürüb. Saxsı qablarda bişirilən ət yeməyidir. Toyuq və ya mal əti müxtəlif tərəvəzlərlə bişirilir. Ən çox sevdiyim limonlu və zeytunlu toyuq tajini oldu. Mərakeşin çayı da bir başqa aləmdir. Nanəli şirin çay. Adına da zarafatla “Mərakeş viskisi” deyirlər. Bir əmması var ki, stəkanları balaca olur, üstəlik çayı stəkanın ortasından süzürlər. Dibində 1-2 qurtumluq ola, ya olmaya. Hanı bizim böyük çay stəkanlarımız və “dodaq yeri” də qoymadığəmız çay süzmə adətimiz?!



Bir də Mərakeşdə təzə sıxılmış portağal şirəsi sudan ucuz və dadlıdır. Adət etmədiyimiz maraqlı və dadlı meyvələri də var.



Mərakeşdə hər şey 3 qat bahadır?

Gələk Mərakeşdə qiymətlərə, bizə nisbətən bahaçılıq olsa da, Avropa ilə müqayisədə qat-qat ucuzluqdur. Ən əsası da odur ki, heç yerdə ilk deyilən qiymətlə razılaşmaq lazım deyil. Ən azı 3 qat baha deyirlər və yaxşı qiymət salmaq bacarığı bu ölkədə çox köməyə gəlir.
Taksi sürücülərinin turistlərə yalandan “sayğac işləmir” deyib qiymət oxumaları da bir başqa problemdir. Amma bir çox şəhərlərində ictimai nəqliyyatdan da rahatlıqla istifadə edə bilərsiniz.
Şəhərlərarası isə qatar və avtobus sistemləri gözəl qurulub. Səfər boyunca bilet qiymətləri 7-35 manat arasında dəyişən 7 şəhərində oldum. Hətta çox gözəl sürət qatarları var Mərakeşin. Amma burada da bir əmma var ki, biletləri online şəkildə almaq mümkün olmur. Biletləri təkcə vağzallardan, yerindəcə almaq olar. Online biletləri isə yalnız Mərakeş banklarına məxsus olan kartlarla almaq mümkündür.

Fransız dilini “tum kimi çırtlayan” ərəblər

Mərakeşlilər ərəb dilindən sonra ən çox fransız və ispan dillərində danışırlar. Hətta heç bir təhsili olmayan insanlar belə bu dillərdə təmiz danışırlar ki, lap qibtə elədim.


“Toy qazanları”nın asıldığı, ilan oynadanlar meydanı Jemaa əl-Fna

Mərakeş şəhəri bu ölkənin “döyünən ürəyidir”. Mərakeşin döyünən ürəyi isə Jemaa əl-Fna meydanıdır. Gecələri yatmayan, səhərə qədər musiqi sədasının kəsilmədiyi haylı-küylü bir meydan. İlan oynadanlar, xına çəkənlər, sehrbazlar, çalıb-oxuyanlar, kimlər və nələr yoxdur ki bu meydanda. Vay o günə ki, çaşıb meydandakı satıcılardan nəyinsə qiymətini soruşasan. Almamış qurtuluşunuz yoxdur. Bizim “çadır toylarımızın” ab-havasını da məhz bu meydanda yaşaya bilərsiniz. Uzun-uzun stollar qurulub, “toy qazanları” asılıb. Mərakeş mətbəxinin təamlarını, xüsusən də ən dadlı tajin və kuskusu məhz bu meydanda, özü də digər kafe restoranlara nisbətən ucuz qiymətə yemək olur. Hələ bir musiqiləri də var ki, elə bil bizim qara zurna sədalarıdır. Mərakeşin ruhunu duya biləcəyiniz başlanğıc nöqtəsi də, elə ən əsas yer də bu meydandır. Bu meydanda olmamısansa, deməli, Mərakeşdə olmamısan. Elə meydanın yanındaca bazarları başlayır, xalça bazarı, ədviyyat bazarı, başmaq bazarı, bir sözlə, yox yoxdur. Bu məşhur meydanın bir tərəfi isə faytonların “parkingi”dir. Mən deyim 50, siz deyin 100. Xülasə bir xeyli fayton və bu faytonlara qoşulmuş biçarə atlar... Bu qədər faytonu bir arada başqa heç bir yerdə görməmişdim. İndi yəqin ki, atların qoxusunu təsəvvür etdiniz. Mərakeşi rəngarəngliyənə görə çox sevsəm də, səhər-axşam yolum atların “parking”indən keçdiyinə görə, o kəskin qoxunu hər dəfə təkrar-təkrar ciyərlərimə çəkdikcə özümü söyürdüm. Şəhərdə ən sevdiyim yer isə Majorel bağçaları oldu. Jacques Majorel adlı fransız bir rəssamın qurub yaratdığı bir bağ. Majorelin vəfatından sonra isə dünyaca məşhur Yves Saint Laurent-a satılan bir bağ…




Mars deyil, Mərakeş dağlarıdır!

Qırmızı dağları ilk dəfə burada gördüm. İnsan bir anlıq özünü yerdə yox, Marsda təsəvvür edir. Hara baxırsansa, qırmızı dağlar... Təsadüfi deyil ki, buralarda saysız-hesabsız filmlər də çəkilib. Özü də elə-belə yox, çox məşhur filmlərə pavilyon olub bu torpaqlar. Ait-Ben-Haddou belə qırmızı qəsəbədir. Həm də “İndiana Cons”, “Əlibaba və 40 quldur”, “Games of Trones” kimi filmlərin çəkildiyi bir qəsəbədir. Yol boyu isə Atlas dağlarından çıxarılan minerallar satılır. Ouarzazate adlanan bu qırmızı dağlar şəhəri həm də “Klon” serialın çəkildiyi yerlərdən biridir. Serialdan digər səhnələr isə Fəs və Mərakeş şəhərlərində çəkilib.




Avropadan seçilməyən Mərakeş şəhəri�
Aralıq dənizi və Atlantik okeanı sahillərində yerləşən Mərakeşin İspaniya və Portuqaliya ilə yalnız su sərhədi ilə ayrılması, uzun illər Fransa müstəmləkəsi olması ölkənin rəngarəngliyinə təsirsiz ötüşməyib. Daha çox Avropa ab-havasını xatırladan şəhərləri də var Mərakeşin. Onlardan Tanjir və Essaouiradır. 1-ci böyük liman şəhəri, ikincisi isə kiçik balıqçı şəhəridir. Bir vaxtlar hərbi baza olan Essaouira indi balıqçılıq şəhəridir. Qala divarları, səssiz-sakit ab-havası ilə, ağ-mavi binaları ilə ölkənin rəngli, özünəməxsus şəhərlərindəndir.
Tanjir isə Mərakeşin ən inkişaf etmiş, ən modern şəhəridir deyərdim. Hətta burada özümü Mərakeşdə yox, hansısa bir Avropa şəhərində hiss etdim. Hələ şəhər mərkəzində sahil boyu çimərliyi, bir tərəfi böyük bulvarı, hündürmərtəbəli, müasir və gözoxşayan binaları ilə tamam fərqli ab-havası var Tanjirin. Liman şəhəri olduğunun haqqını verir.

Müəzzinlər minarəyə atla çıxacaqmış...

Müstəqillik əldə etdikdən sonra Rabatı paytaxt seçən Mərakeşlilər bu müstəqilliyi onlara qazandıran krallarının nəşini da burada qoruyub-saxlayır, hətta gələnlərə göstərirlər.
V Məhəmməd öz mavzoleyində uyuyur və hər gün dünyanın müxtəlif yerlərindən gələn turistlər onun mavzoleyini ziyarət edirlər. Rabatda ən diqqətimi çəkən yerlərdən biri də V Məhəmməd mavzoleyinin qarşısındakı Həsən qülləsi oldu. Bəxti nakam olan Həsən qülləsi. 12-ci əsrdə tikintisinə başlanan bu abidənin o dövr üçün ən böyük məscid olması planlaşdırılırmış. Amma deyir, sən saydığını say... Ölümlər, müharibələr bu məqsədi, bu istəyi yarımçıq qoyur. Və bu gün yarımçıq qalan 200 sütun turistlərin ziyarət yerinə çevrilib. 44 metrlik minarəsi isə dövrünə görə çox hündür olacaqmış. Hətta müəzzinlərin azan oxumaq üçün minarəyə piyada deyil, atla çıxmaları nəzərdə tutulubmuş.

10 mindən çox insanın eyni anda namaz qıldığı məscid �
Rabatdakı Həsən məscidinin bəxti yarım qalsa da, Kasablankadakı məscid tikilib, özü də elə tikilib ki, dünyanın ən böyük, ən əzəmətli məscidlərindən birinə çevrilib. Bir məscid düşünün ki, orada eyni anda 10 mindən çox insan ibadətlə məşğul ola bilsin. Özü də elə bir məscid ki, divarlarını oken dalğaları yusun. Düz sahildəcə yerləşən məscidin əzəməti gün batımında da bir başqa gözəl olur. Özünü bu böyüklük qarşısında qarışqa kimi hiss edirsən. İndiyədək olduğum ən böyük məscid idi Həsən məscidi. Minarəsinin hündürlüyü isə, nə az, nə çox, düz 210 metrdir.


Dünyada maviyi ən çox sevən şəhər�

Və son olaraq Mavi şəhərdən danışım. Bu şəhərə mavi adı boş yerə verilməyib. Elə bir şəhərdir ki, qapı-pəncərələri, pilləkənləri, divarları, hətta yeri belə maviyə boyanıb.
Cəmi 40 min əhalisi olan Chefchaouen il boyu qonaq-qaralıdır.



Mərakeş üçün ən uyğun zaman yaz və payız aylarıdır. Yay aylarında hədsiz isti olur.



Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rena Karimova

DİGƏR BLOQLAR

Avropa səyahəti (Berlin, Amsterdam, Paris, Barselona, Roma, London)

Sizə bir müddət öncə söz vermişdim ki, Avropa səyahətlərim haqda yazacam, lakin hərəsi üçün ayrı post açmağa təəssüf ki zaman çatmır. Ona görə qısa yazacam hər biri haqda Getməyimin əsas məqsədi qurduğumuz GETGUIDED şirkətinin bələdçiləri ilə və partnyorları ilə görüşmək idi.Qaldığım və bəyəndiyim hostellər: Aletto (Berlin), Generator (Paris ve Barselona), WOW (Amsterdam), The Hat(Madrid)Qiymətləri 30-40 Avro arası dəyişirdi 2 gecə üçün. Roma və Londondakı Hostellərin reviewlarına baxmamışdım deyə çox pis çıxdı və onları məsləhət görməyəcəm.Hostellərdə qalacaqsınızsa mütləq özünüz ilə kilid götürün, əşyaları qoyduğunuz qutunu bağlamaq üçün.Aeroportlarda şəhərə getmək hər yerdə metro ilə idi və ya qatarla 3-5 avro arası. London və Rim xaric. Rim 14 avro, Londona 15 funt idi deyəsən. Rimdə sonradan öyrəndim 5 avroya avtobus var imiş, dönüşü onunla etdim.Heç bir şəhərdə avtobus ya metroya minmədim məcbur qalmadıqca  270 min addım atdım 14 günə və təxmini 220 km edir bu. Ətrafı görmək üçün ən yaxşısı yeriməkdir.Nələr etdim?Berlin - Berlində köhnə xəstəxanaya 70-ci illərdə illeqal oturum hərakatı başlatan hippilərin yaşamını gördüm. Onlar artıq illərdir orada yaşayır və çox özlərinə məxsus art fokuslu həyat tərzləri var. Orada öz məktəbləri, bağçaları, teatrları var. Maraqlı bələdçi ilə oranı gördük və ordan isə Divari gördük (yaxındır)Amsterdam - Ümumi şəhər turu etdik bələdçimizlə və sonrasında art tour etdik. Lokal artistlərin əsərləri ilə tanış olduq və cavan yaşayan incəsənət aləmi ilə yaxından tanış olduq. Amsterdama yaxın Harleem şəhəri də qəşəngdirParis - Parisdə son 32 ilin ən güclü qarı yağmışdı deyə çox bir şey göre bilmədik amma inanılmaz gözəl şəkillər alındı  Qar səbəbindən hosteldə sular kəsildi 2 gün, hostel maximum kömək etdi və pulumuzu da qaytardı sualsiz  Sonrasında hava limanında 20 saat qaldım. Yatmağa yer yox idi, və ağlıma ilk gələn məscid və kilse oldu rahat yer olaraq. Məscid bağlı olsa da oradakı kiçik kilsə otağı çox isti və rahat idi və orada yatdımMadrid - ciddi xəstələndim parisin soyuğu və aeroportda gecələməyimdən dolayı. Üzülərək deyirəm ki Madridi görə bilmədim, amma The Hat hostel çox rahat idi :)Barcelona - ən sevdiyim şəhər oldu  Azərbaycanlımızın açdığı kiçik kafedə çay içdik (adresi ataram). Bələdçimiz ilə velotura getdik. Sahil boyu şəhərin kənarına qədər çıxdıq və velosiped ilə günəşin altında şəhər haqda öyrəndik. Sonra isə tapas yedik  Şirniyyatları da çox dadlı idi!Roma - Burada əsl romalı olan bələdçimiz ilə yemək turuna getdik. Əsl İtalyan pastası yedik, şirniyyatlarından yedik və 200 illik mağazaları gəzdik. Hətta bir çörəkləri var təndir çörəyinə çox oxşayır  Heç biri turistik deyildi  İtalyanlar qəhvə ilə kiçik şirniyyatı ayaq üstü kiçik mağazada yeyir və bu olur qəhvaltı. İnanılmaz dadlı kofeni və şirniyyatı kiçik mağazada tapdım orada Amore adlı (google-da axtarın çıxacaq). Yenə turist yox idi və yerlilər idi. Sonra isə italyan aşbaz ilə italyan makaronu bişirdik və yedik.London - Jack the ripper və ümumi tura getdik bələdçimiz ilə  ara küçələri gəzmək və kəşf etmək maraqlı oldu Bonus: Moskva - Metro turuna getdik bələdçimiz ilə  inanılmaz metrolar və gözəl hekayələr var hər stansiyada Bonus iki: əlavə olaraq Göy-göl, Kıbrıs və Bakıdan şəkillər qoydum.[gallery ids="1311,1309" type="slideshow"]Bonus üç: Edinburghda hal hazırda (02.03.2018) stormdur. bütün qatarlar, hava yolları, avtobus, tramvay, məktəblər, iş yerləri bağlıdır və burda da şəkilləri var :) Edinburgh-a gəlsəz çalışaram qonaq edim və ya ən azından şəhəri göstərim Bilirəm çox qısa yazdım, Və istədim şəkillərimi sizinlə paylaşım. Hansı şəhərə gedirsizsə və bələdçi axtarsaz GETGUIDED olarq sizə 10% endirim bizdən Kimin şəhərlər haqda nə sualı var buyrun verin çalışaram kömək edim.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Nadir

1081 dəfə oxunub

Little little, into the middle şəhər – Belqrad

Belqraddakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Aprel ayının 14-ü və 17-si xristianların pasxa bayramı idi. Mən də dedim bu bayram günlərindən istifadə edib bir səyahət edim, yeni bir ölkəyə, şəhərə gedim. Keçən ilin iyun ayında sevimli Brüggemi səyahət etmişdim. Ondan sonra 2 dəfə Praqa, Vyana, Ankara, 1 dəfə isə Moskvaya getməyimə baxmayaraq, yeni ölkə tilsimimi qıra bilmirdim ki, bilmirdim. Nəhayət az qala 1 ildən sonra bu tilsimi sındırmağın zamanı çatmışdı.Belgrada necə gedib çıxdım?! İlk öncə BlaBlaCarla getməyi yoxladım. Bir sürücü tapdım sorğu göndərdim, sonradan sürücü dedi ki, ancaq Novi Sada qədər gedirəm, oradan Belgrada gərək başqa nəqliyyatla gedəsən. Beləcə BlaBlacar sevdam baş tutmadı. Avtobuslar isə, gündə cəmi 2 dəfə gedir deyə, vaxtları mənə uyğun olmadı. Belə də, son alternativ olaraq qatarla getməyi qərara aldım. Macarıstan dəmir yollarının saytı olan www.mavcsoport.hu -dan 9920 macar forintinə (təxminən 32 avro) biletimi 1 gün öncədən alıb, Keleti dəmiryolu vağzalına yola düşdüm. (Bir şeyi deyim ki, macar dəmir yollarının saytından bilet alırsınızsa, həm gediş, həm də qayıdış biletini dəmir yolu vağzalındakı makinalarda çap etməlisiz). Normalda qatar 22:25-də Keletidən yola düşür və 06:13-də Belgradın mərkəzi stansiyasında çatır. Amma mən getdiyim gün tam da pasxa ərəfəsi idi deyə, qatarda boş yer yox idi, hətta ilk 2-3 dayanacağa qədər ayaqüstə də bir neçə nəfər getdi. Həm Macarıstanı tərk edərkən, həm də Serbiyaya daxil olarkən gömrük yoxlamasından keçdiyimizdən, bir az yubanmalı olduq.[caption id="attachment_630" align="aligncenter" width="551"] Belgrad gecələri[/caption]Belgrada çatana qədər hələ 2 dəfə gömrük yoxlamasından keçmək lazım idi. Macarıstan sərhəddini problemsiz keçdik, gəldilər passportlarımızı yoxladılar, möhürünü vurdular keçdik Serbiya tərəfə. Əsl kino burda başladı. Qatarın ən başında olduğum üçün passportu yoxlananlardan ilk mən oldum və gömrük işçisi passportumu alıb serbcə dedi ki, düş aşağıda gözlə. Əvvəl elə bildim deyir, düş aşağı xidmət elə, sonra gördüm yox, deyir düş aşağı gözlə ????. Qatar dolu olduğundan sərhədçilərin sərnişinləri yoxlayıb, geri gəlməsi hardasa yarım saata yaxın çəkdi. Bu arada da həm içimi bir qorxu alıb ki, görəsən nolub, Serbiyaya buraxmayacaqlarmı məni?! Rüşvətmi istəyəcəklər və s.?! Digər tərəfdən də özümə təskinlik verirəm ki, buraxmırlar, buraxmasınlar da, Serbiyadır görməsəm də olar və bütün qatardakıların baxışları altında çantamdan sendviçlərimi çıxarıb cool-cool yeməyə başlayıram. Nəysə sərhədçilər gəldilər, qatardan daha 3 nəfəri də düşürtdülər. Getdik otağa, heş zad. Sadəcə passportumuzu alıb scan etdilər və dedilər yaxşı yol! Beləcə səhər 7-ə qalmış gəlib çatdım Belqradın mərkəzi dəmir yolu stansiyasına. Qatardan düşən kimi, Belgrad yaz günəşi, ilıq nəfəsi ilə bir xoşgəldin dedi. Stansiyada 6-7 avro dəyərində macar pulu xırdalardım ki, avtobusa verməyə pulum olsun (ilk dəfə hansısa bir Avropa şəhərində belə insaflı exchange görürüdüm). Serblərin pullarının maraqlı adı var – dinar, özüvü lap ərəb nağıllarında kimi hiss edirsən, elə bilirsən, elə bu dəqiqə hardansa Əlibaba və 40 quldur çıxacaq. Beləcə avtobus dayanacağında Novi Belgrad, yəni Yeni Belgrada gedən avtobusu gözləməyə başladım. Çünki məni Couchsurfingdə qonaq edəcək Emiliyanın evi orada yerləşirdi.[caption id="attachment_627" align="aligncenter" width="551"] Kalemegdan[/caption]Artıq anladınız ki, Belgradda hostel/hostel xidmətlərin istifadə etməmişəm, amma hostellər çox ucuzdur. 4-6 nəfərlik otaqlarda bir adamın qiyməti 5-6 avrodan başlayırdı. Xərclərini lap minimuma endirmək istəyənlər və ya yerli əhali ilə tanış olub, qaynaşmaq istəyənlər, mənim kimi Couchsurfingdən istifadə edə bilərlər. Belgradda olduğum müddətdə Emiliya adlı bir şən, mehriban, çoxdanışan və yardımsevər bir serb məni qonaq elədi. İşlədiyinə görə çox boş vaxtı olmasa da, məni şəhərlə tanış etdi, şənbə günü maşınla adaya aparıb orani gəzdirdi. Bir sözlə yerli birinin evində qalmaqdan aldığım zövqü yenə də daddım.Qida məsələsinə gələndə, Balkanların mətbəxi bizim mətbəxə çox oxşayır, yemək bişirmə üsulları, yeməklərin dadları və s. xüsusilə də mənim kimi vətəndən uzaq düşmüsünüzsə və Macarıstan kimi, mətbəxi bizim mətbəxin 180 dərəcə əksi olan yerdə yaşayırsınızsa, Serbiya sizə cənnət kimi görsənəcək. Serb burgeri, boşnak yeməyi olsa da az qala serblərin özəlləşdirdiyi çevapi (çevap çiçi), bir neçə növ ətin qarışımından hazırlanan möhtəşəm pljeskavice burgeri və s. Mən ilk gün Gavrila Principa 77 ünvanındakı Zavicaj restoranında qaymaq üstü serb burger yedim. Çox dadlı amma eyni zamanda da ağır yemək idi, məncə qaymaqsız daha dadlı və rahat olar. Serb burgeri ənənəvi burgerlərdən bir balaca fərqlənir, çünki onu çörəyin içərisində gətirmirlər, istəsəniz özünüz əlavə çörək sifariş edə bilirsiniz. Restoran kifayət qədər mərkəzi yerdə yerləşir, dadlı yeməkləri var. Serbiya ucuz ölkə olduğundan qiymətlər də çox münasibdir və tripadisordan Certificate of Excellence alıb. İçərisi də qədim slavyan stilində bəzədilib, xoş abu-havası var. Siqaret çəkənlər və çəkməyənlər üçün 2 otaq ayrılıb. Qısacası burda nahar və ya şam yeməyi yeməyə dəyər. Bundan başqa axşam Emiliya ilə Novi Belgraddakı street food cənnətinə getdik və orada hardasa 1 avroya çörəyin arasında çevapi aldıq. Sadəcə mükəmməl ????. Yeməkdən bir az daha çox danışmaq istərdim amma məncə bu qədər yetər. Gedib özünü yerində görün, dadın.[caption id="attachment_628" align="aligncenter" width="551"] Qaymaq üstü serb burgeri[/caption]Şəhərdaxili nəqliyyatda, kart və ya bir dəfəlik biletlər istifadə edə bilərsiniz. 1 dəfəlik biletlər 150 dinardır, təxminən 1,2 avro. 72 saat limitsiz kartın qiyməti 700 serb dinarıdır, bu da təxminən 5,7 avro eliyir. Mən ilk dəfə 1 dəfəlik bilet aldım, sonradan isə 72 saatlıq. Bir də kart sistemi var ki, 89 dinar (0,7 euro) verərək kart alırsınız, sonra isə o karta gediş haqqı yükləyirsiniz və 1 dəfə işlətdikdə, 90 dəqiqə Belgraddakı nəqliyyat vasitələrindən istifadə edə bilirsiniz.[gallery ids="631,632,633,634" type="slideshow"]Belgradın özünə gəldikdə, şəhər sanki müxtəlif ölkələrin qarışımıdır. Bir az köhnə, bir az yeni Bakını, bir az Parisi, bir az İtaliyanın ensiz küçələrini xatırladır adama, bəzi yerlərdən isə komunizmin, Osmanlı işğalının izləri özünü açıq-aydın göstərir. Cem Yılmaz demiş Belgrad “Little little, into the middle” şəhərdir, hərəsindən bir az. İndi isə başlayaq adbaad Belgradın gəzməli-görməli yerlərinə:Nikola Tesla muzeyi – Tesla adını eşitsəm də haqqında bir şey bilmirdim amma bu muzey mənə Teslanı sevdirdi və oradan qayıdandan sonra bir neçə gün Tesla haqqında araşdırma etdim, kəşfləri ilə tanış oldum. Muzeyə giriş 500 serb dinarıdır, təxminən 4 avro amma verdiyiniz pulun 5 qatını alırsız muzeydən. Xüsusilə də Teslanın kəşfi olan naqilsiz elektriki test edərkən.Kalemegdan – Dunay və Sava çaylarının birləşdiyi yerdə, təpədə qurulmuş qala meydanı, xüsusilə gün batımında möhtəşəm görsənir. 200 likelıq selfielər çəkdirə bilərsiniz. Kalemegdanın içərisində, 2 dənə də muzey mövcuddur: hərb muzeyi və işgəncə muzeyi. Hər ikisi məsləhətdir. Muzeylərə giriş 1-2 avro ətrafındadır.Knez Mihailova küçəsi – Bütün şəhərlərdə olduğu kimi, ən məşhur küçə, Bakının Torqovaya küçəsi.Müqəddəs Sava məbədi – Aya Sofyanın “xristian” varyantı. İçəridə bir neçə ildir restavrasiya işləri getdiyindən, içi bir az boş görsənir.Skadarlija küçəsi – dünyanın gəlmiş-keçmiş ən şirin küçələrindən biridir. Sağda-solda kiçik, şirin, italyan stilində kafelər, publar var.Köhnə Müdafiə Nazirliyinin binası – Serbiyaya Nato hücumunda dağıdılan və sonradan restavrasiya edilməyən nazirlik binası.[gallery ids="637,635,638,636" type="slideshow"]Ada Ciganlija – Qaraçı adası. Sava çayının ortasında yerləşən kiçik yaşıl bir ada. Gəzənlər, qaçanlar üçün ayrı, velosiped sürənlər üçün ayrıca bir zolağı var. Çox münasib qiymətə kafelər yemək yemək, 1 fincan qəhvə içmək olar. Sunset kafesinda Emiliyaya nahar yeməyi borcumu ödəmək üçün yemək yedik. Açıq havada, günəşli gündə çevapiləri yeyib, Dunayın mənzərəsindən zövq aldıq. Adan;n əks tərəfindəki sahilində isə Belgradın nudist, bizim dildə çılpaqlar çimərliyi yerləşir. Havalar hələ tam isinmədiyindən nudistləri görmədik amma Emiliyanın dediyinə görə, nudist çimərliyində sadəcə yaşlılar olur, həvəslənib getməyin ????Və sona saxladığım Zemun qəsəbəsi. Dunay çayının sahilində olan kiçik, şirin bir məkan. Bir vaxtlar Avstriya-Macarıstan imperiyasının sərhədləri buralardan keçirmiş, ona görə də burada, imperiyanın nəfəsini hiss etmək olur. Qəsəbə 18-ci ərdən qorunub saxalanılıb. Sahildə xeyli iri-xırdalı gözoxşayan restoranlar, kafelər var. İlin isti aylarında Zemunu gəzib, kafelərin çöldəki masalarında oturub, bir Jelen pivəsi içə bilərsiniz. Bundan başqa, sahildə qu quşlarını yemləməyin də ayrı bir ləzzəti var. Zemundakı Janos Hunyadi qəsrinə çıxaraq, bütün Belgradı əlinizin içindəki kimi görə bilərsiniz.[gallery ids="642,641,640,639" type="slideshow"]Belqrad haqqında bu qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh 

1296 dəfə oxunub

Kökenhofda lalə bayramı ➡ Hollandiya

Hollandiya gəzəyənlərin bütün il boyu çox maraq göstərdiyi səyahət yeridir. Bu qədər marağın ən əsas səbəbləri burada olan əyləncə həyatı, yel dəyirmanları və ləzzətli pendirdir. Bunlarla yanaşı Hollandiya deyiləndə ilk ağıla gələnlərin başında şübhəsiz ki, lalələrdir. Hər il məşhur olan lalələr üçün Hollandiyada festival təşkil olunur.Bu festival da Keukenhofda keçirilir. Keukenhof və ya Kökenhof həmçinin Avropa bağı kimi də tanınan dünya üzrə ən iri çiçək bağı olan bu cənnətdən bir guşə Niderlandın cənub-şərqində olan kiçik Lisse şəhərciyinin yaxınlığında yerləşir. Bu ərazidə 7 milyon gül soğanaqları 32 hektar ərazini əhatə edən parkda hər il əkilir. Hər il Keukenhof mart ayının ortalarından may ayının ortalarına qədər açıq olur.Bu müxtəlif növ zanbaqlardan ibarət ala-bəzək xalça şəklində döşənən çoxsaylı çiçək ləklərindən - yasəmən, qızıl nərgizgülü, qızılgül, yaraşıqlı səhləb çiçəyi və başqa rəngarəng çiçəklərin sərgiləndiyi 3 oranjereyadan təşkil olunmuş parkdır.Sadəcə 2 ay açıq olan gül bağçasına hər il 800 min turist gəlir. Təkcə Avropadan yox, Çin və Yaponiyadan gələn turistlərin marağına səbəb olan gül bağçası ölkənin ən mühüm turizm obyektlərindən birinə çevrilib. Hollandiya dünya üzrə ən çox gül istehsal edilən ölkədir. Kilometrlərlə uzanan çiçək tarlaları burada xüsusilə, bahar aylarında rəngarəng Hollandiya ortaya çıxarır. 8 həftə davam edən bu festival buraya səyahət edən turistlər üçün sehrli bir abu-hava sərgiləyir.Keukenhofa səfər etmək üçün ilin ən ideal vaxtı lalərin də ən gözəl göründüyü aprel ayının ortalarıdır. Biz də bura səfər etmək üçün 2019 -ci ildə bu vaxtı seçmişdik. Və bu cənnət kimi yerin sehrinə elə qapıldıq ki, saatlar burda necə keçdi bilmədik, 2 saat sonra uçuşumuzun olduğunun fərqinə belə varmamışdıq, tez tələsik çıxıb hava limanına yollananda təyyarəyə ən son daxil olan da biz olduq.Keukenhof Parkına necə getmək olar?Keukenhofa hava limanından birbaşa Express avtobuslar gəlir. Bunun üçün Keukenhof Express (Bus 858) avtobusuna minməlisiniz. Ancaq Amsterdam mərkəzindən parka getmək istəyənlər üçün Bus 854, Bus 50 və Bus 90 avtobusları da fəaliyyət göstərir. Digər yol isə maşın kiralamaqdır.Giriş ödənişi böyüklər üçün 17 avro təşkil edir. Bu qiymət online alışlar üçün nəzərdə tutulub. Mən bileti getməmişdən 2 həftə əvvəl bu saytdan alıb, çap etmişdim, faydalı olsun deyə sizin üçün də linki qeyd edirəm. https://keukenhof.nl/en/ . Ancaq ya hava limanı yaxınlığında olan bələdçi firmalarından, ya da çatanda bilet satış məntəqəsindən almaq istəsəz qiymət 18 avro olacaq, bəzən isə bu qiymətlər bələdçilərdən asılı olaraq 25 avroya qədər çıxa bilir. Sizə tövsiyyəm həm uzun növbələrdə gözləməyəsiz, həm də daha ucuz olsun deyə elə əvvəldən biletinizi alıb sadəcə nəqliyyat üçün pulu ödəməkdir. Ancaq bələdçi firmalardan alanda nəqliyyat xərci ilə bilet ödənişi birlikdə olur. Yenə də hər bir halda əvvəldən almaq həm cibinizə xeyir olur, həm də rahat keçirsiniz. Bir də onu qeyd edim ki, avtobusa minmək üçün o qədər koreyalı, yapon gəzəyənin arasında səbrlə dayanıb gözləmək lazım olur. Səbrlə dediyim də 1-2 saatdan çox. Çünki ancaq 2 ay açıq olduğu üçün Hollandiyaya səfər edən gəzəyənlər bura gəlməmiş ölkəni tərk etmək istəmirlər. 4-7 yaş aralığında olan uşaqlar üçün bu ödəniş 8 avro, 0-3 yaş arası balaca səyahət sevərlər üçün isə ödənişsiz olur. Keukenhof parkı hər gün 08:00 ilə 19:30 arası açıq olur. Əgər əşyalarınız varsa və yaxud bizim kimi buradan digər uçuş üçün hava limanına gedəcəksinizsə (hava limanına yaxın olduğu üçün səfər marşrutunu elə planlayın ki, Amsterdamı gəzib tərk edəndə buraya da baş çəkib oradan hava limanına yollanasınız) girişdə olan kilidli komodlara heç bir ödəniş etmədən qoyub güvən içində parkı gəzə bilərsiniz.Bu parkın içərisində kafe, restoran və hətta istəsəniz piknik etmək üçün ərazi fəaliyyət göstərir. Mütləq ballı çayın burada dadına baxmağı tövsiyyə edirəm. Bura gəlmək üçün ən mükəmməl vaxt günün erkən saatlarıdır. Həm ən yaxşı şəkilləri çəkə biləcəyiniz, həm də turist axını yaşamadan rahat buranı kəşf edə biləcəyiniz vaxtdır.Hətta burada velosiped kiralayıb bu böyük ərazinin çox hissəsini gəzə bilərsiniz. Biz burada 5-6 saata yaxın vaxt keçirdik. Ancaq buranı gəzmək üçün məncə bir gün belə kifayət etməz. Çünki hər çiçəyin haqqında maraqlansaz, oxusaz, doyunca gəzib kəşf etmək istəsəz gərək buraya bir neçə dəfə gələsiniz.Lalə festivalının olduğu müddətdə Keukenhofda 7 fərqli ilham bağçası olur. Bunlardan biri Aşçılıq bağçasıdır- hərkəsə açıq olan bu mətbəxdə bağçadan topladığınız tərəvəzlər ilə yemək bişirə bilərsiniz. Arı bağçası da bunlardan bir digəridir. Bu bağça quşların və arıların evi üçün nəzərdə tutulub. Bu bağçaları gəzdikcə sanki cənnətin yer üzərindəki qapılarını bir- bir aralayırsınız. Bu bağçalardan nə qədər danışsan da bitməz, ancaq mənim ən çox diqqətimi çəkən Sevgi bağçası və təkrar istehsal olunan materiallardan düzəldilmiş məhsulların satıldığı Recycling bağçası oldu ki, burada ev üçün lazım olan bir çox əşyalar və faydalı avadanlıqlar tapa bilərsiniz. Təkrar istehsal olduğu üçün daha münasib qiymətə olurlar. Sevgi bağçasının əsas missiyası isə qonaqlara sevgilərini göstərmə və bu kimi duyğuları aşılamaq idi.Sonda buranı ən sevdiyiniz insanlarla, maraqlı yol yoldaşları ilə gəzməyinizi arzulayıram. Xoş istirahətlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Ismayilzada

2954 dəfə oxunub

Wroclawda Yeni il və (Krakov) Ölüm düşərgəsinə səyahət

Wroclawdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Wroclawda Yeni il və Ölüm düşərgəsinə səyahətXərclər barədə:Bakı- Tbilisi(15azn) – Kutaisi(12 azn)  Kutaisi – Tbilisi – Bakı = avtobusla gedsəz bu təxminən 55 manata başa gələcək.Təyyarə bileti : 65 euro (130 manat)WizzAir (Kutaisi – Wroclaw – Kutaisi)Otel: 2 gun Wroclaw ( Trio Hostel) + 2 gun Krakow ( Aparhotel Pergamin) = 1 nəfərçün = 56 + 50 azn = 106 aznWroclaw – Krakow = Flixbus = gediş-gəliş = 37 aznVisa rüsumu = 35 euro ( 70 azn)Airportdan gecə olduğu üçün şəhərə Uber Taxi = 5 euro ( 10 azn)Krakow- Auschwitz – Krakow = 30 zloty = (14 azn)Ümumi:Wroclawda Şəhərin görməli yerlərinin əksəriyyəti bir-birinə yaxın olduğu üçün transportdan istifadəyə ehtiyac yoxdu. Wroclaw - Polşanın tələbə şəhəri kimi tanınır. 2016-cı ildə Avropanın Mədəniyyət Paytaxtı elan edilib.Görüləsi 1-2 yer barədə:Ostrav Tumski – və ya Kathedrallar adası kimi də tanınır. Tumski Bridge vasitəsilə adada olan kilsələrə baş çəkə bilərsiz. Maraqlı bir şey yoxdu zatən.(mənimçün),Elizabeth kilsəsi – şəhəri bütünlüklə görə biləcəyiniz nöqtə. Giriş üçün qapıda elə 7 zloty ( təxm 3 man) ödəməyiniz gərək. balaca pilləkanlarla qalxmaq məcburiətində olsaz belə ordan görünən mənzərəyə görə dəyər məncə.Rynek ( Bazar) və ya Market Square – şəhərin mərkəzi meydanı.əsas məsələ Krakowa – açığı Auschwitz-ə görə şəhəri o qədər də gəzməyə vaxt olmadı.Ümumiyyətlə kamp Krakowdan 60 km aralıda yerləşdir. Krakow bus station ( Krakow MDA adlanır) 15 zloty ödəməklə (bir tərəfli) kampa rahatlıqla bələdçisiz gedə bilərsiz.2ci dünya müharibəsi başlamamışdan qabaq köhnə adıyla Oświęcim şəhəri əhalisinin yarısının yəhudi olduğu 14 minlik bir şəhər olub. Kampa gəlincə isə düşərgələr 2 xüsusi yerə bölünüb ki bunlar da bir-birindən o qədər də aralıda deyil. Avtobuslar var ki, pulsuz rahatlıqla gedə bilərsiz. Auschwitz I – ilk vaxtlarda burada əsirlər tək-tək qətlə yetirilsədə sonralar qaz kameraları quraşdırılıb.Burada həmçinin insanlar üzərində tibbi tədqiqatlar da aparılıb. Digər kamp Birkenau kampı kimi tanınır-ən böyük hissə hesab olunur. Nasistlərin saxladığı ən böyük əsir kampı olan Auschwitzdə təxminən 1.1 milyondan( 90%ni yəhudilərin təşkil etdiyi) artıq insan öldürülüb. Böyük əksəriyyəti gəldikləri ilk günlərdə qaz kameralarına doldurulaq məhv edilib, sonra isə cəsədləri yandırılb. Deyilənlər görə qaz kameraları xüsusi hamam formasında tikilirdi ki, insanlarda panika yaratmasın.(hətta duş falan da yerləşdirilmişdi). Ümumiyyətlə daha geniş informasiyam olmasa da bu haqda çəkilən filmlərə baxıb bu barədə info əldə edə bilərsiz. Bura qədər həvəslə oxuduğunuz üçün təşəkkürlər!Wroclawdakı şəkilləri yerləşdirə bilmədim) Onu da ayrı postda)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azer Isali

945 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!