Bu gün sizlərə Maldivlərə etdiyim tursuz səyahətimdən danışmaq istəyirəm. Mənim səyahətim 7 gecə, 8 gün davam etdi və tam istirahət anlayışına uyğun oldu. Gedəcək olanlar üçün vacib məlumatları sizinlə paylaşıram.
Maldivlərə Viza və Sənədlər
Maldivlərə vizasız gedə bilərsiniz, amma uçuşdan 96 saat əvvəl “Declaration” formunu doldurmaq mütləqdir. Bundan əlavə, geri dönüş biletinizin və otel rezervasiyanızın olması tövsiyə edilir, çünki Passport control da bəzən soruşa bilərlər.
İnternet və Mobil Xidmətlər
Maldivlərə enən kimi əsas məsələ internetə çıxışdır. Roaming xidmətləri yaxşı işləmir və bahalıdır. Turistlər üçün 40 dollara internet paketi təklif edilir, amma Malé şəhərinə gedərək yerli mağazalardan (local shoplardan) SIM kart alıb cəmi 10 dollara limitsiz internet yükləyə bilərsiniz. Bunun üçün turist olmadığınızı göstərməyə çalışmalısınız(yəni daha uzun qalacaqsınız filan tipli șeyler konfrans ve yaxud iș), çünki əks halda sizə də 40 dollarlıq paket satmağa çalışacaqlar(limitli). Biz bunu həll edə bildik və daha ucuz internet əldə etdik.
Ada Transferləri
Adalar arasında hərəkət etmək üçün iki əsas seçim var:
Public Ferry – gündə yalnız bir dəfə işləyir, qiymət 1-2 dollar (Cümə günləri istisnadır, həmin gün ferry olmur).
Speed Boat – daha sürətlidir və gündə 1 2 saatda bir hərəkət edir, qiymət 25-50 dollar arası dəyişir.
Yerli Ada Təcrübəsi
Mən local ada seçdim və buradakı təcrübəm çox maraqlı oldu. Hostel sahibi müxtəlif aktivliklər üçün bizi öz speed boat-u ilə aparırdı:
Akula ilə üzmək – 65 dollar (Əgər daha çox adam olsa, qiymət aşağı düşür. Biz 3 nəfər idik)
Diving – 35 dollar
Jetski – 25 dollar
Surfing – 15 dollar (müəllimlə birlikdə 50 dollar)
Bəzi aktivliklərdə qiymətləri danışıq yolu ilə endirmək mümkündür. Yerli adalarda yerli insanlarla ünsiyyət qurmaq, onların mədəniyyəti və ənənələri haqqında məlumat əldə etmək çox maraqlıdır.
Geyim və Qadağalar
Maldivlər müsəlman ölkəsidir, buna görə bəzi qaydalara diqqət etmək lazımdır:
Çimərlik geyimləri və içki yerli əhalinin yaşadığı hissələrdə qadağandır.
Turistlər üçün ayrılmış çimərliklərdə isə hər şey sərbəstdir və tam rahat istirahət edə bilərsiniz.
Yerli adalara gedən turistlərin bu qaydalara riayət etməsi vacibdir.
Hava Durumu və Ən Yaxşı Vaxt
Maldivlərə getməzdən əvvəl hava durumunu yoxlayın. Ən ideal vaxt fevral ayıdır, çünki bu ayda hava daha sabit və günəşlidir.
Yerli Yeməklər və Meyvələr
Maldivlərdə yerli yeməkləri və tropik meyvələri mütləq sınayın. Xüsusilə okean balığından hazırlanan yeməklər çox dadlıdır.
Ödənişlər üçün
Maldivlərdə kart istifadə edə biləcəyiniz yerlər mövcuddur, lakin bəzi aktivliklər, yerli mağazalar və xidmətlər üçün nağd pul ödəmək daha yaxşıdır. Bu, həm endirimlər əldə etməyə, həm də kartın keçmədiyi hallarda köməkçi olacaq.