884 dəfə oxunub

Hurghada bələdçisi

Hurgadadkı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Piramidalar... Nil çayı... Qırmızı Dəniz... Aralıq Dənizi... Çəkici gəlir, həm də çox çəkici. Elə məni də bir neçə il öncə özünə çəkdiyi üçün götür-qoy edib, planımı cızdım və maraqlı olsun deyə, hamı kimi nə Qahirəyə, nə də Şarm-Əl Şeyxə deyil, Hurghada şəhərinə getməyə qərar verdim. Bakıdan birbaşa uçuş olmadığı üçün bileti Tbilisi-Hurghada olaraq aldım. Çantamı da yığıb, yol aldım Misirə tərəf. Hurghada hava limanına endik. Elə hava limanında anladım ki, buranın insanı başqa aləmdir. Baqajımı təhvil alandan otelə çatana qədər hər üzünü gördüyüm ərəb mənə baxıb, “baxşiş” istəyirdi. Hər addımbaşı aldadılmaq, kələk qurbanı olmaq burda adi haldır. Odur ki, bir an öncə otaqda uzanıb, doyunca dincəlmək və ən əsası da burdakı fırıldaqları öyrənmək üçün internetdə balaca bir araşdırma eləmək istədim.

qirmizi deniz

Booking etdiyim otel düz Qırmızı dənizin sahlilində idi. Otelin həyəti tamamilə Qırmızı Dənizə bitişik idi. Receptionda isə mənə dedilər ki, bəs otel ağzına qədər doludur, sizin üçün planladığımız otaq saat 11:00-da boşalacaq. Heç nə demədən, razılaşdım və lobbidə oturub interneti açdım, wifi kodunu istəyəndə isə həmin ərəb qardaş mənə dedi ki, burda qalacağın müddətdə wifi istəyirsənsə pul ödəməlisən, tariflər çox idi, nə isə 15 dollar ödəyib bir həftəlik tarif aldım. Oteldə nömrəmə yerləşəndən sonra, bir azca dincəlib, düşdüm Qırmızı Dənizə. Şəkillərdən də göründüyü kimi, dəniz o qədər təmiz, o qədər şəffaf idi ki, dərin yerlərdə də dənizin dibini görmək mümkün olurdu. Dənizin sahilində addımladıqca, ayağımın altından sağa-sola qaçan rəngli balıqlar və xırda dəniz həşəratlarına baxmaqdan doymurdum. Hurghada sakit, həm də yeni salınmış şəhərdir. Belə eşitmişdim ki, bu şəhər sırf turistlər üçün qurulmuş şəhərdir və buranın əhalisi bütünlükdə turist axınından dolanır. Ona görə də sözün həqiqi mənasında ora gələn turistə yerli ərəblər, “nə qoparda bilsəm qənimətdir” kimi baxırlar. ))) İnanın ki, gedəcəyim bir yer üçün yaxınlaşıb, yol soruşduğum hər 4 ərəbdən 3-ü yolu göstərdiyi üçün də məndən pul istədi) Nə isə keçək şəhər təbiətinə. Hurghada əsl istirahət şəhəridir. Bura nə alış veriş üçün nə də səyahət üçün münasib seçim deyil. Bu şəhərə yalnız dəniz üçün, dincəlmək üçün gəlmək lazımdır. Onu da deyim ki, misirlilər rusları çox sevir. Rus dilində mağaza adları, restoran menyuları, xidmət sferalarındakı rusdilli işçi sayı çoxdur. Rus dilini bilirsinizsə burda rahat-rahat gəzə bilərsiniz. Oteldə ölkədaxili tur xidməti var idi. Yaxınlaşdım və Qahirə turu üçün rezerv etdim. Toplam tur üçün 70 dollar ödədim. Tura daxil idi –Hurghada – Qahirə - Hurghada istiqamətində komfortlu avtobus, gün ərzində yemək (yeməyə su daxil deyildi, yəni restoranda oturub, istədiyin hər şeyi pulsuz sifariş edə bilərsən, amma su istəsən onun pulunu ödəməlisən), Qahirədəki bir neçə muzeyə giriş biletləri, Piramidalara və Sfinks məbədinə səyahət və s. İnsaf naminə onu da demək lazımdır ki, Qahirə və ümumiyyətlə Misir – səyahət üçün gözəl yerdir. Misir Tarix Muzeyi çox möhtəşəmdir, muzey daxilində çəkiliş aparmağa icazə vermirlər. Lakin sizə əminliklə deyə bilərəm ki, bir gün başdan-başa, 24 saat bu muzeyi gəzsəniz belə, bütün eksponantların hamısına baxmağa vaxt çatmaz. Nələr yoxdur ki muzeydə ? – Fironların mumiyaları, Kleopatranın qızıldan taxtı, mumiyalanmış kahinlər və s. Və maraqlısı odur ki, mumiyalar xüsusi soyuq otaqlarda və şüşə altında saxlanılır, şüşələrin hər iki tərəfindən süni şəkildə soyuq hava sirkulyasiyası vurulur. Mumiyalardan gələn ətir o qədər xoşdur ki, indiki “bərkgedən” parfümlərin heç birindən belə gözəl qoxu gəlmir. Bu bir daha qədim Misirdə olan mədəniyyətin hansı səviyyədə inkişaf etməsindən xəbər verir. Bir sözlə yolunuz Misirə düşsə bu Muzeyə baxmadan geri gəlməyin. Çünki bu muzeydə görəcəklərinizi dünyanı 10 dəfə fırlansanız da başqa yerdə görə bilməyəcəksiniz.

​İkinci məntəqəmiz ecazkar Misir ehramları – piramidalar idi. Piramidalar Qahirə mərkəzindən çox da uzaqda olmayan Gizada yerləşir. Bəzən filmlərdə, yaxud şəkillərdə piramidaları düz Nil çayının sahilində təsvir edirlər, əslində isə belə deyil. Piramidalar Qahirədən bir az yüksəklikdə, demək olar ki, səhralıqdadır. Ehramların ətrafında dağılmış məbədlər, sınmış sütunlar, məhv olmaqda olan tarix izləri saysız hesabsızdır. Ehramların yanında dəvə ilə gəzən ərəblər sizə fotoşəkil üçün dəvə təklif edəcəklər, qəti şəkildə qiymətini əvvəlcədən danışmadan dəvəyə minməyin. Və əgər bunu etmək istəsəniz əlinizdəki əşyaları kömək üçün “verin saxlayım” deyən balaca ərəb uşaqlarına verməyin, yoxsa bu qarabalalar sizdən 10-15 dollar almasalar sizin əşyalarınızı geri qaytarmayacaq. Zorla istəsəniz onsuz da ala bilməyəcəksiz ))). Piramidaların ən böyük olan Xeops ehramıdır. İçinə girməyə dəyməz, çünki maraqlı heç nə yoxdur. Dar bir koridora bənzəyən pilləkənli yerdən keçib, balaca bir otağa daxil olacaqsız və orda da heç bir şey yoxdur. Əvəzində isə 15 USD alacaqlar.
Alış veriş üçün bazarlarda qiymət danışa bilərsiniz həm də əsl azərbaycansayağı formada. Almaq istədiyim bir qab üçün tələb olunan 55 USD əvəzinə 12 USD ödəyib aldım. Yəni sizə hər deyilən, hər üstündə yazılan qiymət mütləq şəkildə şişirdilmiş qiymətdir. Çəkinmədən bazarlıq edin. Mətbəxləri dadlıdır. Ədviyyatdan çox istifadə edirlər. Başqa ölkələrə nəzərən burda “nə yeyim” sualı verməyəcəksiniz özünüzə. Ət yeməkləri boldur. Bir sözlə, bu ölkədə çox diqqətli olun, hörmətli olun )))) Ümid edirəm yorucu yazı yazmamışam.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Şirxan Ayxan Adgözəl

DİGƏR BLOQLAR

Bosniya bələdçisi - Sarayevo-Konjic-Mostar

Sarayevodakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Bu günə kimi olduğum heç bir ölkə haqqında paylaşım etməyi lazım bilməmişdim, amma indi bunu özümə nəsə borc bilirəm ????Bosniya: Sarayevo-Konjic-MostarÖncədən deyim reklamı olmayan və kəşf edilməyən möhtəşəm ölkədi. Dağların üzərində salınan şəhərlər, dağların başından ətəyinə uzanan qırmızı örtüklü köhnə evlər, tarixin izləri, təbiət, yaşıllıq, çaylar, göllər, hətta şəlalər belə bu ölkəni möhtəşəm edən əsas amillərdi.Bosniyanın pul vahidi mark, qısaca "km"di və manatla demək olar eynidi. Ona görə həm avroya, həm manata nəzərən hesablamalarda heç bir çətinlik olmayacaq. Statusda yazacağım km kilometri deyil də, bunların pul vahidi olacaq, çaşmayın ????Başlayaq nəqliyyatdan: Budapeştdən Sarayevoya WizzAirlə 10 avro gediş, 12 avro gəliş bileti aldım. Aeroportdan şəhərə 8 kilometrdir və bu yol birbaşa avtobusla 5 km-dır (2.5 avro). Şəhər içi bir neçə dayanacaqda saxlayır, sonuncusu isə "Old town"du. Daha ucuz gəlmək istəsəniz 2 kilometr piyada tramvay dayanacağına (adı Stup-dı) gedib, ordan Tram 3-ə minərək şəhərin mərkəzinə gedə bilərsiz. Bilet qiyməti 1.6km, sürücüdən alsaz 1.8 kmdı (0.8 və 0.9 sent). Şəhər içi nəqliyyatdan istifadəyə çox da ehtiyac olmur, hər yerə piyada gedə bilərsiniz, əgər tənbəl deyilsizsə.Şəhərlər arası nəqliyyat: Sarayevodan-Konjicə online tələbə endirimi ilə 2.58 avroya avtobus bileti aldım. Normal qiyməti 5 avrodu. Bus stansiyasında isə əlavə xidməthaqqı olaraq 2km (1 avro) alırlar. Konjic-Mostar avtostop elədim, çox asan oldu, 10-15 dəq gözləməli olmuşdum. Mostar-Sarayevo tələbə endirimi ilə bus stansiyasından 12km-a (6 avro) bilet aldım. Normal qiymət 22km (11 avro). Şəhərlərarası buslarda komfort deyilən şey yoxdu, bizdəki rayon busları kimidir.[Əlavə edim ki, Mostardan Blaqaja və Kravice şəlalərini görməyə gedə bilərsiz. Mənim vaxtım çatmadı deyə alınmadı. Blaqaj Mostardan 11 km məsafədə yerləşir. bus stansiyasının qarşısındakı dayanacaqdan ictimai nəqliyyatla (bus) gediş-gəliş 4 km (2 avrodur). Bileti sürücüdən alırsız. Kravice isə 40 km məsafədə yerləşir Mostardan. Getmək üçün bus stansiyadan gedir və bileti stansiyadan alırsınız, bunun qiymətini bilmədim. Konjic-Mostar yolunun üzərində isə Jablanica gölü və kiçik şəhəri var, şəxsi maşınla getsəniz burda da bir neçə saatlıq saxlaya bilərsiniz.]Qalmaq: Hostel və Hotellər ucuzdu, mən büdcəli səyahətçiyəm deyə ancaq hosteldə qalıram, bu dəfə də elə etdim. Sarayevoda 2 gecə 4 nəfərlik otaq 26 km, Konjic 1 gecə 4 nəfərlik otaq 12km, Mostar 1 gecə 4 nəfərlik otaq (breakfast daxil) 16km book etmişdim. Deyim ki, hər birində otaqda tək qaldım ????Hostelləri çox bəyəndim. Konjic-də anlaşılmazlığa görə səhv hosteldə qaldım, amma səhv olaraq qaldığım da pis deyildi (20 km verdim).Qidalanma: Qaldığım hostellərdə mətbəx olduğundan özüm bişirirdim səhər və günorta yeməyin, axşamı isə restoranda yeyirdim. Restoranlarda qiymətlər ucuzdu. 6-10 km-a normal yeməklər yeyə bilərsiz.Əlavə xərclər: 1 muzeyə getdim "War Childhood Museum" 8 km idi entrance. Normalda muzeylərlə çox da aram yoxdu, amma bu muzey əməlli təsir etdi mənə. Müharibə uşaqların gözüylə, mühəribə uşaqlıq üçün nədir əsas tutularaq hazırlanmışdı. Bosniya müharibələri zamanı uşaqların xatirələrindən və sitatlarından bəhs edirdi. Kitabı da var, çox təsirlidi.Daha isə Sarayevoda kanatla dağın zirvəsinə qalxın mütləq. 2 kilometrlik yol, və 1600 metr yüksəkliyə qaldıracaq sizi. Qiymət tək 15 km, qayıdışla birgə 20km-dı. Məsləhətim tək gedişli bilet alıb, qayıdanda özünüz düşün piyada.Diqqət ediləsi məqamlar: Şəhərlərdə əksər restoranlar və mağazalar ancaq nəğd qəbul edir, xüsusən də Mostar və Konjicdə bu daha çoxdu. Ona görə də nəğd pul daha çox götürün. Məsələn, Mostarda nəğd pulum olmadığından ən yaxşı görünüşü (çay və körpü) olan restoranlarda otura bilməmişdim. Hətta bus stansiyası da nəğd qəbul edir ancaq.Görməli yerlər: Abidələr olaraq elə də çox deyil, hər şəhərin old town hissəsi çox möhtəşəmdi, həmin küçələrdə adam özün köhnə dövrlərdə hiss edir. Şəhər daxili köhnə və yeni qəbirstanlıqlar maraqlıdı. Sarayevoda dağın üzərində bir neçə dağılmış qalalar var ki, onlara gedə bilərsiniz. Şəhərə çox gözəl görüntü açılır. Hətta onların birində kafe də var, çay içə bilərsiniz.Daha da körpülər, çaylar, çayın sahili ilə gəzərək özünüz kəşf edə bilərsiniz. Əlavə olaraq Mostar-da Sniper Towerə gedin deyərdim, içinə girişlər bağlı olsa da, bina özü adamda qəribə hisslər yaradır. Bosniya müharibəsi zamanı snayperçilərin yerləşdiyi binadı. Çoxlu graffiti nümunələri görə bilərsiniz binada. Ümumiyyətlə, müharibənin qalıqları hər yerdə var demək olar. Bəzi binaların üzərində güllə deşiklərin də görə bilərsiniz. Hətta şəhərlərdə "Dont forget" yazılmış graffiti nümunələri çoxdu.Başqa nə sualınız yaransa, şərh yaza bilərsiz.9 iyun 2018.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Punhan Talibkhanli

932 dəfə oxunub

İspaniyanın ruhu - Madrid bələdçisi

Dedim, karantindir, darıxıb edərsiz – oxuyun, vaxtınız getsin ????Madridin real üzüTurist olma, sakin ol, zövq al, əylənİspaniya deyəndə, çoxlarının ağlına Barselona gəlir. Bir ağızdan “mütləq Barselonanı gör”, – məsləhəti verirlər. Sözü Madridin üstünə gətirəndə, bu dəfə də “standart, darıxdırıcı şəhərdir”, – sözlərini çox eşitmişəm. Mən isə deyirəm ki, həm Madridi, həm də Barselonanı görmək lazımdır. Eləcə də imkan varsa, Girona, Qranada, Seqoviya, Toledo, Valensiya və s. şəhərlərini.Bu gün sizə Madriddən danışacağam ????Bəlkə də, sevimli futbol klubum “Real Madrid”ə görədir, bilmirəm, Madridə xüsusi simpatiyam var. Bu arada, Madridi gəzmək üçün 3 gün yetər və artar.Bakıdan Madridə – 93 avroya“Wizzair”lə Bakıdan Budapeştə 45, Budapeştdən Madridə 48 avroya uçdum. Evdən səhər saat 5-in yarısı çıxmışdım, Madridə gecə saat 11-də çatdım. Tutduğum otel şəhərin mərkəzi küçəsi “Gran Via”da (böyük yol deməkdir) idi. 3 gecəsinə 78 avro ödəmişdim. Tapmaq çətin olmadı. Küçənin adı ilə eyni olan “Gran Via” Metro Stansiyasında endim. Stansiya çıxışından 30-40 addım irəlidə idi.Ya bəyənməsəm?Yol boyu içimdə qəribə hiss vardı. Ya bəyənməsəm? Yuxu gözümdən tökülsə də yatmadım. Bir az dincimi alandan sonra düşdüm şəhərin “canına”. “Gran Via” küçəsinin gecələr çox gözəl işıqlandırıldığını səyyahların qeydlərindən oxumuşdum. Həqiqətən də möhtəşəm idi. Yaxın ətrafı gəzəndən sonra ispanların “Tapas bar” adlandırdığı kiçik kafelərdən birində oturdum. Unlanmış kalmar qızartması ilə ləzzətli sangriyanın (şərab növü) dadına baxdım.Turist kimi yox, şəhər sakini kimi davran, zövq alMadridin necə şəhər olmasına keçmədən öncə, burada özünüzü qonaq kimi yox, 2-3 günlük də olsa, şəhər sakini kimi aparsanız, daha çox ləzzət alacağınızı demək istəyirəm.Madrid İspaniyanın ən qaynar şəhərlərindən biridir, paytaxtıdır. Düz şəhərdir, velosiped üçün əlverişlidir. Düzdür, Amsterdam kimi velosiped mədəniyyəti yoxdur, amma orada pedallamaq Bakıdakı kimi çətin də deyil. Şəhərin ortasından Madridi 2 yerə ayıran Manzanares (ispanca Ribera del Manzanares) çayı keçir. Əvvəllər məskunlaşma daha çox çayın ətrafında olub. Ancaq getdikcə şəhərin mərkəzi yerini dəyişib. Bu gün çay şəhərin aşağı hissəsində itib-batıb.Haraları, necə gəzək?Madridin yaxşı cəhətlərindən biri də gəzilib-görülməli yerlərinin bir-birinə yaxın yerləşməsidir. Bir gün ərzində heç bir nəqliyyat vasitəsinə pul xərcləmədən şəhəri piyada gəzə bilərsiniz.Vaxt azdırsa, “Hop-on,Hop-off” turist avtobuslarından da istifadə etmək olar. Mən etmədim, həm baha, həm mənasız bildim. Əslində, bu turist gəzdirən avtobuslara özlüyümdə “peşmançılıq” adını vermişəm. Avtobusda gəzənlərin peşman olduqlarını düşünürəm. Onlar ya gözəl şəhərləri gənc vaxtı gəzməyib, 50-60 yaşından sonra gəlib, vaxtında gəlmədikləri üçün peşman olanlar, ya da bu şəhərə 1 gün ayırıb, piyada gəzməyə vaxtı qalmayanlardır – deyə, düşünürəm ????Bu fikrin məntiqli olduğunu iddia etmirəm.Madridin və İspaniyanın ürəyiMadridi gəzməyə “Puerta del Sol” Meydanı ilə başladım. Bura həm Madridin, həm də İspaniyanın mərkəzidir. Giriş qapısı, İspaniyanın ürəyi də adlandırırlar. Nə vaxtsa AzTV-də “Madrid dağılır, camaat ayağa qalxıb” – xəbərinə rast gəlsəniz, bilin ki, insanların etiraz aksiyası keçirdikləri yer “Puerta del Sol”dur. Ta qədimdən etiraz aksiyaları bu meydanda keçirilir. Buradan yeriyərək “Plaza Mayor” (böyük meydan) deyilən yerə gedə bilərsiniz.Üzlərindən xoşbəxtlik, sevinc yağan turistlərQırmızılı, köhnə binalarla əhatələnmiş, böyük, dördbucaq meydan keçmişdə ölüm cəzası verilmiş insanların asıldığı, başlarının kəsildiyi yerdir. Hər cür toplantıların keçirildiyi bu yerə “edam meydanı”da deyirlər. Elə havasının ağırlığı da keçmişdən gəlir deyəsən. Burada siz ispanların milli geyimlərində fotolar çəkdirə, tarixi restoranların birində ətrafa qoxusu yayılan kofedən içə-içə meydanda şəkil çəkdirən, üzlərindən xoşbəxtlik, sevinc yağan turistlər və onları turları ilə tanış edən tur rəhbərlərini izləyə bilərsiniz. Meydanın ətrafındakı rəssam və heykəltaraşlar əsərlərini nümayiş etdirir. Bəyəndiyinizi alıb ölkənizə apara bilərsiniz.Kral sarayından başlayan böyük yol“Plaza Mayor”dan üzü aşağı düşəndə qarşınıza “Royal Palace” (kral sarayı) çıxacaq. İçərisinə giriş bileti təxminən 12-15 avroya idi (yadımda qaldığı qədərilə). Saraydan aşağıya doğru addımlayıb “Gran Via” küçəsinə çıxdıq. Madridin ən önəmli yoludur. Küçənin sağ-solunda bildiyimiz məşhur geyim mağazaları, şirniyyat, kofe məkanları, restoranlar var. Yerli insanlar bu yolda ehtiyatlı olmağı məsləhət görürlər. “Hər an çantanızı alıb qaça bilərlər”, – deyirlər. Bu küçədə həm də ən məşhur “Flamenco” (ispan rəqsi) klubları var.Velosipedlə yoxsa piyada?Madridə getmişkən mütləq “Buen Retiro Parkı”na da baş çəkin. Buradakı süni yaradılmış göldə katamaranla gəzə, kristal sarayı görə bilərsiniz. Bütünlükdə şüşədən tikilmiş sarayın ətrafında “flemenco” rəqqasələrinin saçlarına taxdıqları gül, ispan qızlarının simvoluna çevrilmiş yelpik, suvenir və s. maraqlı hədiyyələr almaq olar. Bu parka həm də Madridin ciyərləri deyilir, təpədən dırnağa yaşıl parkı həm piyada, həm də girişdə kirayələdiyiniz velosipedlə gəzə bilərsiniz.Vağzal içində meşə ????Vaxtınız qalsa, Madridin “Atocha” adlandırılan qatar vağzalını da görün. İçində ölkənin müxtəlif yerlərindən gətirilmiş yüzlərlə çiçək, ağac əkilib. Kiçik meşədir sanki. Meşənin sakinləri də var, balıqlar, tısbağalar, kirpilər ???? Görmədiyimiz, rastlaşmadığımız abu-havaya sahibdir.Madriddə gecə həyatıÖzü kimi hərəkətli, rəngarəng, maraqlı gecə həyatı var Madridin. Bir çox gecə klubuna, “Flamenco” və Tapas barlara ev sahibliyi edir. Həftə sonları əksər əyləncə məkanlarında canlı musiqi olur. Turistlərin əsas maraqlandıqları isə “Flemenco”dur. “Gran Via” və ona yaxın mərkəz hissələrdə “Flemenco” barlara gedib, həm əylənə, həm də yemək yeyə bilərsiniz.Nə yeyib, nə içək?Acqarına gəzmək mümkün olmadığına görə Madriddə harada, nə yeyib-içəcəyimizi də bilməliyik. Başlayaq səhər yeməyindən. Madriddə xüsusi açıq bufetlər olur. Girişdə adambaşına 5 avro ödəməklə bufetdə istədiyinizi yeyib-içə bilərsiniz. Belə bufetlər səhər 11-dək açıq olur. İlk gün o qədər yemişdim ki, bir də axşam acdım ????Sangriya və tapanın dadına mütləq baxın. “Tapa” sözünün hərfi mənası qapaq deməkdir. Tapas isə müxtəlif çeşidli qəlyanaltılardır. Tapalar xüsusi Tapas Barlarda verilir. Bu, müxtəlif növ dəniz məhsullarından, pendir çeşidlərindən, kartof qızartmasından ibarət ola bilər. Qiyməli kartof, içinə sala və ya balıq hissəsi qoyulan zeytun da tapas sayılır. Növləri çoxdur, qızarmış kalmardan tutmuş, mürəkkəb balığı (octopus) parçalarına qədər. Həcmi kiçikdir. Məncə, azərbaycanlılar biri ilə doymaz. Odur ki, oturanda bir yox, 2-3 növdə tapas sifariş etməyi məsləhət görürəm. Sangriya isə adi qırmızı şərabın meyvə və meyvə şirəsi ilə qarışdırılaraq, içinə buz qoyulmuş formasıdır. Dadlı və şirin olduğundan içdikcə içirsən, bir də ayılırsan ki, ayağa dura bilmirsən, sərxoş olmusan ???? Bir də var - ispanların “paella” adlandırdıqları yemək. Bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plovdur. İçində istəyə uyğun krivetka, toyuq, ət, balıq, tərəvəz və s. ola bilir. Boşqabda yox, qulplu, dəmir tavada servis edilir.Madriddə yemək çox bahadır. Məsləhətim açıq bufetlərdir. Burada 12-15 avro ödəməklə istədiyinizi yeyib-içə bilərisiniz. Təbii qiymətə spirtli içki daxil deyil. Pizza, ət, salat, müxtəlif çeşidli tapaslar, içkilər, şirniyyat və s. hər şey olur.Əlavə 1 gününüz də varsa…Biz gedəndə Barselonada qadağan olunan öküz döyüşləri Madriddə hələ də keçirilirdi. Şounun keçirildiyi ən məşhur arena “Plaza de Toros de Las Ventas”dı. “Gran Via” metrosundan təxminən 3-4 stansiyalıq yoldur. Getmək istəsəniz, biletləri arenanın girişindən və ya online ala bilərsiniz. Şou gününə düşməsəniz də üzülməyin. Həftənin bir neçə günü turistlərə arenaya giriş icazəsi verilir. Gəzə, şəkil çəkdirə bilərsiniz.Və gəldik əsas məsələyə, Real Madridin möhtəşəm “Santiago Bernabéu Stadium”-na. Görmədən qayıtmayın deyərdim ???? Azərbaycanın milyardlar töküb tikdiyi Olimpiya Stadionundan möhtəşəm görünürdü.Madridə getməyə dəyərmi?Mən sizə Madridə gedin və ya getməyin məsləhəti verməyəcəyəm. Özümü orada necə hiss etdiyimi anladacağam:Madriddəykən qulağımda məni coşduran, səbəbsiz mutlu və həyacanlı saxlayan ritmik musiqi vardı. Uşaq vaxtı anam “hazırlaşın, sizi dənizə aparacam” – deyəndə, bu qədər xoşbəxt olurdum. Sizə adi gəlməsin, böyüdükcə xoşbəxt olmaq çətinləşir…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1252 dəfə oxunub

Baqajınız zərər gördükdə nə etməli?

25 Ölkədə olmuşam, fərqli hava yolları ilə uçuşlar etmişəm. Soruşsanız ki ən pis hava yolları hansıdır, şübhəsiz ki, Amerikada daxili uçuşlar icra edən hava yollarının adını çəkəcəm. Bunlardan biri də Frontier'dir.Çiynimizdə 1 ədəd çanta, 1 ədəd kiçik TravelGuitar və mənim Tar alətim var idi.Təyyarəyə minik başlayanda mənə bildirdilər ki,çantalar free'dir amma 1 adam 1 alət götürə bilər özü ilə və hər alətə görə də 55$ ödənilməlidir. Bildirdim ki, Tar ilə Gitaramı üst üstə qoyanda heç normal akustik gitaranın ölçüsü etmir. Dedim ödənişi edirəm amma Tarı özümlə Cabinə götürmək istəyirəm. Çox aqressiv şəkildə yox dedilər Tar baqaja getməlidir. Gitaranın furlyarı nazik olduğundan onu baqaja verə bilməzdim. 5/7 dəqiqə dirəşsəm də day uzatmadım ( Tarın Hard case'i olduğuna görə dəfələrlə baqaja gedib və sapsağlam alətimi hava limanından götürmüşəm ) Amerika daxili isə ilk dəfə idi baqaja verirdim Tarı. Alətin üstünə əlləri ilə böyük “ FRAGILE “ yazmaqlarına baxmayaraq getdiyimiz ştatın hava limanında futlyarın qarpız kimi partladığını gördüm. O cür bərk materialın çatlayıb aralanması üçün çox hündürdən çırpmaq və yaxud üzərinə hədsiz ağır əşya qoyulmalıdır. Baqajda alətə alət kimi yanaşmayıblar, üstündəki yazıya isə heç fikir verən olmayıb. ( Amerika daxili 2 uçuşda 3 çimodanımızı qırıblar fərqli hava yolları ) Çimodanımızın birini də bunlar qırdı " sağolsunlar ". Bu vaxta kimi heç vaxt hava limanlarında yaxınlaşıb qırılmış baqajın ödənişi üçün müzakirə etməmişəm. Lakin təyyarəyə minmədən öncə Tarı məcburi şəkildə əlimdən alıb baqaja verən, aqressiv şəkildə danışan işçilərin sifəti yadıma düşdüyü üçün əsəbləşdim! Dedim bu dəfə qırğın edəcəm!) Dili yaxşı bilməyə-bilməyə indi ya sizə verən Allah ya mənə misalı ilə söhbət eliyirəm. Sağolsun dostum #Malik bizi qarşılamağa gəldiyi üçün ətraflı müzakirələri o aparmağa başladı.Hava yolları nümayəndəsi Qırılmış baqajların şəklini çəkib özlərinə götürdülər araşdırma üçün, bizdən də əlavə məlumatlar aldılar.Bir müddət sonra mail yazdılar ki, 55$ alət üçün, 75$ baqaj üçün ödənən məbləğlər kartınıza qaytarıldı və dəymiş ziyanın qarşılığı olaraq sizə 400$-lıq uçuş bileti təklif edirik.Mənə ?! 55$? uçuş bileti ?! Əsəbim 3 qatına çıxdı! Mən o ödənişlərdən imtina etdim! Bildirdilər ki, bizə çek təqdim olunmadan biz sizə əlavə ödəniş etməyəcəyik. Çekləri atmamağın necə vacib olduğunu indi anlamışdım) Çimodanın çekini atdığıma görə o məbləğ ödənilmədi amma Tarın və futlyarın çeki var idi. Sağolsun dostlarımın biri musiqi mağazasının arxivindən qaiməni tapdı, digəri isə tərcümə+təsdiq elətdirib mənə göndərdi! Həmin tərcümə+təsdiq olunmuş qaiməni adı keçən hava yollarının mailına göndərib " Dİ HI " dedim öz ləhçəmiz ilə) Utanmadan hələ də 400$-lıq bilet təklif etdilər. Dedim a kişi, a xala, a bibi, a əmi başınıza dəysin e sizinlə səyahət edən deyiləm bir daha!Biraz uzun çəkən prosesdən sonra nəhayət ki dünən ünvana 1,750$ ???? dəyərində çek göndərdilər!) Sağolsun hava yollarına həftədə 3 dəfə zəng edən Malik! Ona bir sandwich borculyam ???? ( çox güclü qonaqlıqdır )Deyəcəyim odur ki, qaimələrinizin qədrini bilin ???? və baqajınız qırıldığında haqqınızı tələb edin ki, hava yolları şirkətləri özlərini adam kimi aparsınlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rizvan Aliyev

632 dəfə oxunub

Afrikaya ilk səyahətim, Keyptaun

CAR…Bəli, Cənubi Afrika Respublikası…yenə də getmərəm dediyim ölkəyə 18 saatımı təyyarədə keçirərək həyatımın ən uzun hava səyahətini etmişdim. 18 saatlıq uçuşdan sonra Bakıda quruyan payız yarpaqları budaqlara yaşıl günlərimizi unutma deyərək ayrılıq yaşayarkən, cənub qitəsində tumurcuqlanan ağaclar, yarpaqlar yeni həyatlarına qədəm qoyurdular. Çün, orda fəsli Bahar idi…Afrika məndə özünə qarşı Michael Kiwanuka oxuduğu kimi love&hate münasibəti yaratdı… dost tanış hamı ehtiyatlı ol, ora çox təhlükəlidir deyib təzyiq göstərmişdilər, hətta qara dərililərin ağları girov götürüb yalnız pul qarşılığında azad buraxdıqlarını deyənlər də olmuşdu. Təbii Afrikadan sağ-salamat qayıdan kimi ilk iş dostluq siyahımı yenidən nəzərdən keçirmək oldu. Yaxşı ki, “Google knows almost everything”, bloggerlərin hamısı deyirdi ki, düşündüyünüz qədər təhlükəli deyil, heç bir problem yaşamadıq, gül kimi yerdir. Sözsüz ki, Afrika ayıq turist olmalı olduğunuz məkandır, hətta Kenya, Tanzaniyadan gəlmə taksi sürücüləri belə dəfələrlə xəbərdarlıq edir ki, bel çantanızı qucağınızda saxlayın, şəhərdə əlinizdə pasport gəzməyin.Afrikanın zəngin koloritini, kontrastı hələ aerportdan mərkəzə kimi uzanan magistral yolda gedərkən hiss etmək mümkündür. Digər Afrika ölkələrindən qaçqın kimi gəlib çoxlu tələbləri olan, ağlara nifrət edən, hökumətə qarşı etirazlarını bir vaxtlar körpüdən kərpic, daş ataraq yerli əhaliyə zərər verən, mərkəzdən izolə şiferdən müvəqqəti sığınacaqlı məhəllələrdə yaşayanlarvə yaokeana möhtəşəm mənzərəli, axşam yeməklərini yüksək zövqlə dizayn edilmiş sahildə sıra ilə düzlənmiş növbəli kafe və restoranlarda saatlarla Afrika şərablarından və kərtənkələdən tutmuş ceyran ətinə kimi qeyri-kosmik qiymətlərə ləziz təamları dadan, Afrika ritmlərini hiss etdirtən “gəzən canlı xor”-dan həzz alan ağlı qaralı yerli əhali.Axşam olan kimi hamı şəhərin ən sivil, hüzurlu və təhlükəsiz yeri olan Waterfronta Viktoria&Alfred limanına üz tutur. Müxtəlif dizaynerlərin, yerli və xarici brendlərin maraqlı geyim aksessuarlarını, gözəllik vasitələrini özündə birləşdirən bir gün vaxtınızı tələb edən Victoria&Wharf alışveriş mərkəzi və bu gün görəsən harda oturum deyə fikirləşəcəyiniz bir-birindən fərqli steak, dəniz məhsulları, yerli mətbəxi təklif edən kafe və restoranlar. CAR ölkə olaraq həm ağlara, həm də qaralara fərq qoymayan mehriban bir ölkədir. Bir zamanlar ulu babalarının irqi ayrı-seçkilikdən əziyyət çəkdiyi Afrikalılar bu gün kafedə ağlarla birlikdə çiyin-çiyinə çalışır, yerli əhaliyə xidmət edir, birlikdə zarafat edib gülürlər, bununla da utanc dolu keçmiş tarixi sanki yuyurlar.SƏN DEMƏ…Kafelərdə diqqətimi çəkən bir məqam da saçları düz olan, səliqə ilə yığılan Afrikalı qadınlar oldu. Sən demə Afrikada yalnız varlı qadınlar saçlarını düzləşdirə bilirlərmiş, çünki genetikanın onlara miras qoyduğu hədsiz buruq və qalın saçlara qulluğu hər qadın edə bilmir. Və sadə həll yolu olaraq saçlarını dibindən kəsib hazır yumşaq düz saçlı pariklər taxmaqda tapıblar. Ya da təbiilik gözəllikdir deyib uşaqlıqdan hörülən sim kimi saçlarla gəzirlər.Axşam düşür hər yer qaranlıqlaşır və işıqlı havada özünüzü nisbətən rahat hiss etiyiniz Keyptaun sizə qorxulu nağıllarını danışmağa başlayır. Kvartal boyunca arxanızca gəlib sizdən “maaaam, please” deyib əlini göz səviyyəsinə qaldırıb pul dilənən digər Afrika ölkələrindən gəlmələr, “hey, bro, bro” deyib sizə nəsə satmağa çalışan drug dealers-lər və kvartallar arası ünsiyyəti nədənsə qışqırmaqda görən əcaib səsli qadınlar. Təbii bu mənzərə ilə işıqlı vaxtlarda da qarşılaşa bilərsiniz. Lakin, addımbaşı Public Security olduğundan nisbətən rahat olursunuz.HARDA QALDIM?Afribode Old Mutual Apartments – 1940-cı illərdə sığorta, maliyyə xidmətləri mərkəzi olan, parlament binasına yeraltı gizli keçidi olan, Hollivud filmlərinin çəkildiyi, Nelson Mandelanın da ziyarət etdiyi Darling küçəsində yerləşən təhlükəsiz bina-Mutual Heights. Bura airbnb tipində ev sahiblərinin kirayə verdikləri mənzillərdən ibarət hündür mərtəbəli binadır. Həm də Misirdəki Piramidalardan sonra qitənin ən hündür tikilisi olub. Mən 8-ci mərtəbədə 50m2-lik Mutual Heights 810 mənzilində qonaq otağı, mətbəxi və ikinci mərtəbəsində king yataq otağı olan mənzildə gecəsi təqribən 150 manata qalırdım. Şəhərə və Table Mountain-ə möhtəşəm mənzərəsi olan rahat, işqlı, zövqlə dizayn edilmiş mənzil idi. Afrikaya işlə bağlı yolunuz düşsə elə burada qala bilərsiniz.HARALARI GƏZDIM?Long street-uzun mərkəzi küçə imiş, amma ağlınız bizim bəzəkli, işıqlı maşın keçməyən Nizami küçəsinə, İstanbulun İstiqlaliyyət caddesinə getməsin. Kiçik suvenir mağazalar, etnik kafe və restoranlar, rəngli bəzəkli bir-birinə meydan oxuyan 2-3 mərtəbəli binalar olan küçədir. Buradan suvenir almayın, endirim etməyə çalışsanız “siz türksünüz?” deyə gülən bir üzlə qarşılacaqsınız. Amma nə yalan deyim, işə yarayır. Qabağa düşdüm deyib mağazadan qürrələnib çıxmağımız Victoria&Wharf-a kimi çəkdi. Çünki orda olan suvenir mağazalarında taxta qaşıqlar, keramik saxsı qablar elə endirdiyimiz qiymətə idi və fərqli olaraq yaxşı bağlama ilə yola saldılar. Ona görə shopping mall üçün ancaq və ancaq Waterfront deyirəm. Lakin long street-də Mama Africaya getməlisiz. Canlı Afrika ritmlərini sizin də duymağınıza şərait yaradırlar. Məsələn mən drums arzumu orada reallaşdırdım, anda itmək nə demək imiş orda yaşadım, sonda mənə qalan isə xatirə video və keyiyən qollar oldu.Greenmarket Square– bildiyiniz küçə bazarı, səhər açılıb axşam yığışdırılan açıq havada tarixi 17-ci əsrə kimi uzanan meydan bazar. Oradan nəsə almağı məsləhət görmürəm, söz soruşsaz və ayrılsanız “almayacaqdınsa niyə yaxınlaşırdın?” ifadəli qəzəbli xalalar görəcəksiz, ya da mənim bəxtimə eləsi düşmüşdü.Cape of Good Hope– mərkəzdən 1 saatlıq məsafədə yerləşən, bir vaxtlar gəmiləri əldən saldığı üçün “Fırtına burnu” adlanan, daha sonralar isə Portuqaliya kralı II Juan tərəfindən “elə deməyin, Hindistana dəniz yolunu burdan tapacağıq” ümidi ilə adlandırılan Ümid burnu. Cape Point-ə giriş etmək üçün 303 rand və ya 38 azn ödəniş etməlisiz və bir az da girişdə növbə gözləməlisiz.Soyuq Atlantik okeanı ilə isti Hind okeanın qovuşması, çox uzaqlarda üfiqdə gizlənən Antarktida qitəsinin səssizliyini, zümrüdü firuzəyi okean dalğalarını duymağa çalışarkən birdən 17 dərəcə havada anidən Mayakdan aşağı düşən bikinili, ağ dərili, uzunboylu, ortayaşlı xanım. Necə olur, hardan çıxdı deyib təəccüblənərək düşdük aşağı və üzümüzü tutduq Pinqvinlərin sahildə turistləri vecinə almadığı kurorta Boulders Beach sahilinə- Noyabr ayı pinqvin koloniyasını görmək üçün ideal mövsümdür. Hamının bir-birinə “bu səs pinqvinlərdən çıxır?”, deyə təəccübləndiyi uzunqulaq sayağı səslərdən ibarət, yırğalana-yırğalana gəzən, okeana addım atanda müvazinətini itirib suya üzü üstə şapalaq kimi dəyən şirin, ayağı gödək canlılar. Turistlər çakkaçak şəkil çəkəndə, “ouu voov” edəndə bəziləri üzür, bəziləri ağ qumda uzanıb günəşlənir, bəziləri kölgəyə çəkilib yatır, bəziləri də turistlərə baxıb selfilərinə bixəbər poz verirdi. Bura qoruq idi ona görə də pinqvinlərlə təmas qura bilmirdik, həm də giriş üçün 18 man pul verməli idik. Bir az fərasətli olsanız 60 yaşlı turistlərdən ibarət qrupların sıxlığından istifadə edib biletsiz də giriş edə bilərsiniz. Çünki biz etdik)) Lakin bir az irəlidə pulsuz da pinqvin görmək, hətta toxunmaq şansınız var imiş, düzdür sayları az olsa da… Bizim pinqvin turumuz qaçaqaç aeroprata tələsdiyimiz vaxta düşdüyündən yaxşı ünsiyyət qura bilmədik, lakin, xatirə qalsın deyə özümə pinqvin formalı taxta qələm aldım.Table Mountain-Təbiətin yeni yeddi möcüzəsindən biri sayılan, Afrikanın simvolu, Keyptauna möhtəşəm quşbaxışı mənzərə açan, kənardan baxanda stola oxşayan 1085 m-lik dağ. Ora qalxmaq üçün də şanslı olmalısınız. Qondola kanat yolu ilə 40-50 nəfər adamı hava sakit, səma açıq olanda 700-800 m hündürlüyə qaldırır. Əgər yağış, külək, duman varsa kanat işləmir. Cəmi bir ədəd kanat olduğundan növbə qaçınılmazdır. Onun da həlli var imiş, online bilet alıb növbədən canınızı qurtara bilərsiniz ki, biletin də qiyməti 36 man-dır. Bir çox turist bixəbər növbədə vaxt itirirdilər.ÖZLƏRININ DƏ DEDIYI KIMI – YOU ARE HOME IN AFRICA!Buludların ayağınızın altında, qaya dovşanlarının dağ başında meditasiya etdikləri, mənəvi istirahəti tapacağınız, özünüzü azadlığın zirvəsində təbiətlə, vəhdətdə hiss edəcəyiniz və mütləq saatlarla tənbəl-tənbəl vaxt keçirməli olduğunuz məkandır. Necə də möhtəşəm idi, bir az da qalıb günəş batımına baxa bilərsiniz, şübhəsiz ömrünüzün ən gözəl gün batımı mənzərəsi olar. Təəssüf ki, vaxt qıtlığından biz bunu edə bilmədik. Dağa hikinglə qalxıb indi də enməkdə olan turistlərə paxıllanıb qalxdığımız göylərdən yerə düşdük.BƏS NƏQLIYYAT?Biz Uberdən istifadə edirdik. Çox sərfəli, sürətli, komfortludur. Sürücülərin əksəriyyəti qara dərilidir və başqa Tanzaniya, Kenya kimi ölkələrdən gəlmədirlər. İndi sual verə bilərsiz ki, Afrika deyirsən əlbəttə qara dərili olacaqlar. Məsələ orasındadır ki, Afrikada ağların da sayı heç az deyil. 4 günlük turda müxtəlif sürücülərlə qarşılaşdıq: bürcünüzə uyğun sizə xarakter icmalı verən hipster görünüşlüdən tutmuş, Afrikada doğulub böyüyüb, Filippinli qadınla ailə həyatı qurub, qızı ilə fəxr edən təqaüd dövrünü uber sürücülüyü ilə keçirən, dilənçilərin yaxınlaşdığını görüb maşının qapılarını kilidləyən anlayışlı və tədbirli 60 yaşlı holland əsilli mehriban adama kimi.BƏS YAXŞI NƏLƏR ALA BILƏRƏM?Getməzdən əvvəl internətdə “must have” siyahısına baxdım, təxminən bunlar idi: taxta qaşıqlar, suvenirlər, keramikadan qablar, yumşaq roibos çayı, African jazz diski (korinnoy Afrikalı xanımın məsləhəti ilə 10 manata iki ədəd Hugh Masekela və Sipho Gumede disklərini aldım), pinqvin formalı istənilən suvenir, şokolad, ədviyyat, dəriyə qulluq vasitələri (Aloe, African extracts), Made in South Africa emblemli geyim, kosmetik vasitələr və s.4 günlük CAR səyahətimi bu qədər zəngin xatirələrlə yaşayacağımı düşünməmişdim. Ənənəvi Viktoriya, holland stilli arxitekturası, hörülmə dəmir balkonlu 3-4 mərtəbəli sadə, həm də təntənəli tikililəri, zəngin mətbəxi, roibos çayı, milliyyətini məxsusi şəkildə aşkar nümayiş etdirən, amma “ehtiyat igidin yaraşığıdır” deyib elektrik naqilləri ilə bəzədilmiş hasarlı yəhudi və digər millətlərin evləri, qoltuğunda surf taxtası ilə okeanda dalğalarla yarışmağa gedən kim bilir, bəlkə də qayıdan, sahildə gəzişən sarışın gənclər…Əsrarəngiz təbiətli, uzaqdan bir qarış görsənən, lakin gəzib bitirə bilməyəcəyiniz Keyptaundan çox zövq alacaqsınız. Ən əsası isə bura Afrikalı deyib ağlınıza ancaq qara dərili gələn ölkə deyil, alman, holland əsilli Avropalıların da qürurla Afrikalıyam dediyi bir ölkədir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nata Hasanova 

1826 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!