808 dəfə oxunub

Film və musiqilərdən Beyrut şəhərinə

Beyrutdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Tək və orda heç bir dostum olmadan Livana gedən biri kimi haqqında deyə biləcəyim ən sevindirici məqam, düşünüldüyünün əksinə tək səyahət edənlər üçün çox təhlükəsiz ölkədir. Məncə bu xanımlar üçün sevindirici xəbərdir.

Digər ərəb ölkələrindən (pisləmək üçün demirəm), mədəniyət baxımından əsaslı şəkildə fərqlənir və Körfəz ölkələrindən musiqi (Mashrou Leila, Fairuz, Jasmine Hamdan) və film mədəniyyəti olaraq açıq fərqlə öndədir. Amin Maalouf kimi yazıçı və Xəlil Cebran (şair) Livanlıdır. Jasmine Hamdani "Only lovers left alive" filmindən kəşf etmişdim. İnsanların təhsil səviyyəsi yüksəkdir, dünya görüşü çox açıqdır.

Ölkənin yarısına qədəri xristiandır və bu qədər çox millət, dini qrupun olması ölkəni çox rəngarəng edir (baxmayaraq ki, bu vətəndaş müahəribəsinə də gətirib çıxarmışdı). Hətta Fələstinlilər və Suriyalılar gələnə qədər xristianlar ölkəni daha çox "özününkü" hesab edirdilər (İnsult filmində olduğu kimi) və prezidentləri də xristiandır. Digər önəmli vəzifələr şiə, sünni və s. qruplar arasında bölünüb. Bəli, çox böyük vətəndaş müharibəsindən çıxıblar. İzlərini insanların üzlərində, güllə izlərini “Downtown”dakı Şəhidlər heykəlində, Holiday Inn hotelində görə bilərsiniz. Osmanlının izlərini isə qətlə yetirilən məşhur baş nazirləri Rafik Haririnin Sultan Ahmeddən təsirlənərək tikdirdiyi Muhammad Al Amin məscidindən, “Downtown”dakı Osmanlının tikdirdiyi məşhur saatdan, məşhur içkiyə dönən türk kahvesi, türk tatlılarından, adını rakının düzəldildiyi bitki Anasondan götürən Anise adlı məşhur məkandan görə bilərsiniz. Beyrutun logosu o məşhur Göyərçin qayalıqlarıdır (Raoucheh). Harissada Məryəm ananın böyük heykəli var, Beyrutu qorumaq üçün tikilsə də, əslində o cür ağır müharibədən qoruya bilmədi. Jeita adlı mağaraları da gedilməli yerlər sırasındadır.52513910_2221866784720164_9205049981247946752_n

Beyrut həqiqətən də fransız dilli şəhərdir, söhbət etdiyim bir neçə Suriyalı Livanlıların ərəbcə yaxşı bilməməsini onlara "ayıb" adlandırdı, çünki həqiqətən də bəzi insanlar sadəcə fransız və ingiliscə danışmağa üstünlük verir. İngiliscə kifayət qədər yüksək səviyyədədir. Beyrutda çox maraqlı kiçik evlər içində canlı musiqi yerləri var (Əşrəfiyyə, Hamra, Mar Mixael bölgələrində). Beyrutdan sonra Finikiyanın məşhur o qədim limanının yerləşdiyi 7000 il tarixlik Bibliya və bütün bu qəbildən sözlərin öz mənşəyini aldığı Biblos (Jbeil) şəhərinə getdim. Çox əsrarəngiz idi. Mütləq gedilməlidir. Sonra isə mədəniyyət baxımından daha çox Suriyanı xatırladan Tripoli şəhərinə getdim. Daha çox müsəlman icmasının yaşadığı bu şəhər daha çox nəzarət altındadır. Hərbi texnika hələ də küçələrdədir. Yaxınlarınıza hədiyyə almaq istıyirsinizsə mütləq burdan alın, çünki Livan çox baha ölkədir, ən "affordable" şəhər bura idi. Mən Polşadan gəldiyim üçün getmək istəmədim, ama qış idman növlərini sevənlər mütləq dağlara, Faraya ya getsinlər. Beyrutdan çox yaxındır. Ölkədə ictimai nəqliyat bərbaddır, aeroportdan hostelə Uberlə, Beyrut içi yerlərə adətən ayaqla, digər şəhərlərə isə tək gəzən xaricilərin adətən seçdiyi sadə və "gənc abu havalı" hostelimiz Grand Meshmosh-un təşkil etdiyi sürücülərlə hosteldə qalan bir neçə nəfər yığışıb getdik. O hosteli də məsləhət görürəm, çox sadədir, ölkə bahadır hər şeyi yanınızda aparsanız kifayət qədər rahat hosteldir, təhlükəsizlik və hər yerə yaxınlıq baxımından ola biləcək ən möhtəşəm yerdə yerləşir (ST Nicholas pilləkənlərində). Gözəl səhər yeməyi də verir. Gənclər vaxt keçirmək üçün ən çox Gemmayzeh küçəsinə üstünlük verir bu da hostelin yanıdır.livan

Mar Mixael regionu Beyrutun ermənilər yaşayan bölgəsidir və ermənilər orda yetərincə böyük etnik azlıqdır. Livan yeməkləri möhtəşəmdir: ətli humus, hər cür şaurma (Bakıdakı kimi yox özü də), falafellər, tabulehlər, zaatarlar və nələr nələr. Beyrut universitetinin korpusuna mütləq gedin, görə biləcəyiniz ən qəşəng kampuslardan biri olacaq, dənizə baxır, opera salonuna qədər var və təhsil haqqı kifayət qədər baha olan bir universitetdir. Mashrou Leyla qrupu burada yaranıb. Netflixin məşhur "Al Hayba" serialı isə deyəsən cənub-şərq kəndlərində çəkilib dedilər. Türkiyə, Livan və İordaniya ən çox Suriyalı sayı olan ölkədir, bu cür zəngin həyat tərzi olan Livanlılara paralel olaraq onların kasıb həyatını görmək və kömək edə bilməmək insanı üzür, lakin Livanlılar sizə bu duyğunu yaşatmamaq üçün Suriyalı uşaqları turistlərin yanından qucaqlayaraq, söhbət edərək aparır (ən azından mən bir neçə dəfə elə gördüm). Ümumilikdə köməkcil, savadlı, qəşəng musiqi zövqlü millətdir. Mütləq Müasir İncəsənət Muzeyinə gedin. Sahilə "iskele"si olan Beyrut şəhər kənarında yerləşən muzey çox qəşəng mənzərəlidir.

Nİyə bu qədər Azərbaycanlı Türkiyəyə gedərkən cəmi 1 saat yarım uçuş məsafəli Livana ordan getmir bilmirəm. Düzdür qiymətlər bahadır amma bu insanın necə yaşadığından asılıdır, bir gənc kimi hər gün restoranlarda yeməkdənsə, əslində daha dadlı olan açıq dəzgahlardakı "street food" satan yerlərdə şaurma və ya qonşu Türkiyədə lokanta dedikləri kimi Beyrutdakı "La Chef" və s kimi məkanlarda yemək yesəniz, çox taksiyə minməsəz, yaxşı vəziyyətdə olan hosteldə qalsanız (lux hoteldə yox), digər şəhərlərə gedərkən qoşalaşacaq çoxlu dostlar tapsanız çox az büdcə ilə keyfiyyətli tətil yaşaya bilərsiniz. Bir dəfə daha getsəm musiqi festivalları ilə məşhur Baalbek şəhərinə və Tir (Tyre) şəhərinə gedəcəm :) Azərbaycanlılara viza “on arrival” verilir, sadəcə passportla və pulsuzdur.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ülkər Mehdiyeva

DİGƏR BLOQLAR

İspaniyadan Azərbaycana 12 gün - İspaniya

#madridtoshaganBir gün qərar verdik ki, Madriddən Bakıya avtotur edək. Və yollarda da minimum pul xərcləyək. Bu məqsədlə hazırlıq gördük, çadır, içərisinə yorğan və odeyallar, termos, balaca manqal, birdəfəlik boşqab, qaşıqlar, balaca qazança aldıq. Və iyunun 30-da səhər yola düzəldik. İspaniya yol sistemi həyatımda gördüyüm (mən isə az görməmişəm) ən mükəmməl sistemlərdən biridir. İstər quruluşu, istər infrastrukturu, istər sırf sürücünün rahatlığına hesablanmış xidmət sahələri. Həm pullu, həm pulsuz. Bu barədə az sonra.Əvvəlcə qeyd edim ki, İspaniyada yolların 90 faizi pulsuzdur. Yəni əsas magistralların. Pullu yollara alternativlər isə o qədər mükəmməldir ki, mən təəccüb edirəm. Saatda 120 km ilə sürmək olar. Ondan yuxarı qadağandır. Yollarda hər 3-4 km-dən bir ya pullu (kafelər, yeməkxanalar, balaca barlar), ya da sırf dincəlməyə hesablanmış və pulsuz olan P nöqtələri var. Onlarda da stol və stul, su, tualet və bəzilərində duş kabinələri var. İdeal təmizlik də öz yerində. Yollarda çox nadir hallarda polis görərsiniz. Əgər ciddi hadisə olmayıbsa heç siz tərəfə baxan da olmayacaq. Ümumilikdə isə İspaniya qanunlarına görə, cəzaya səbəb olacaq hallar bunlardır: uşaqların avtokreslosuz və əmniyyət kəməri bağlamadan getməsi, arxada 3 nəfərdən artıq sərnişinin olması və içkili avtomobil idarə etmək. Qalan bütün məsələlər üçün isə kamera və radarlar var. Vəssalam. Yolboyu polis məntəqələri isə heç yoxdur. Mən bu 5 ildə bircə dəfə yol polisi ilə hansısa kontaktda olmuşam. Onda da yolda dəhşətli yağış yağırdı, onların Guardia Civil deyilən xüsusi qüvvələrinin avtomobilləri gəlib sürücülərə yolu getməkdə kömək etdilər. Hesab edin ki, qarşıda bir polis maşını gedir, arxasınca da bir nə qədər yol maşını. Bu xüsusi qayğı həqiqətən insana güvən verir.Yol kafeləri ayrı aləmdir. Məhz İspaniyada siz yol kafelərində əsl həyatı görürsünüz. Böyük dincəlmə obyektlərindən fərqli olaraq (yanacaqdoldurma, kafe və market) balaca kafelər tam başqadır. Düşünün, bir Pedronun kafesidir,orada həmişə Pedro və oğulları daimi və mənim kimi ixtiyari müştərilərə kofe və qəlyənaltılar təklif edir. Tələsmədən, xüsusi başına fırlanmadan, amma sanki səni illərlə tanıyırmış kimi. Oturub kofeni qurtumladıqca Pedronun daimi müştərilərlə söhbətini dinləyirsən, onlar isə sanki hər şeyi bilir. Özünü bir anlıq ispan hesab edirsən, o mübahisələrə qoşulmaq istəyirsən. İspanlar isə mübahisə etməyi sevir. Həm də bunu ucadan, həvəslə və eyni anda danışaraq edirlər.İspaniya əsasən quru ölkədir. Yəni, Almaniyadakı yaşıllığı burada ancaq şimalda görəcəksiniz. Amma o steplərdə belə yaradılmış şərait insanı valeh edir. Bilirsiniz nədən qaynaqlanır? İspanların həddən artıq rahat olmalarından, özlərinə və ətrafdakılara göstərdikləri səbr və hörmətdən.İspaniyada bəlkə ispan olmayacaqsınız. Amma yaşayıb onların qaydalarına uyduqca onlarda biri olacaqsınız. Sizi sevəcəklər, nə olur olsun təbəssümlə qarşılayacaqlar. Bu ölkənin hər şəhərində fərqli İspaniya görəcəksiniz. Ən sevimli andaluslar, mehriban madridlilər, özündənrazı katalanlar, ispanları sevməyən basklar... Amma ortaq bir cəhətləri var, onlar özlərini sevir və hörmət edirlər. Qarşıdakından da bunu gördükcə eyni münasibəti göstərirlər.İspaniya nağıldır. O heç adi Avropa deyil. O səni hər dəfə başqa dünyaya aparan nağıldır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vento Favoravel

726 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Yeni bir Qara dəniz marşrutu

Trabzondakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yeni bir Qara dəniz marşrutuyla gəldim, gənclər...Bəri başdan bir məsələdə anlaşaq amma:) Ayderi sevmirəm deyəndə Azərbaycan xalqının xeyli hissəsi qəzəblənir, amma hələ də o fikirdəyəm ki, Ayder Qara dənizin ən pisyerlərindən biridi. Çünki o yaylanın ən az 6-7 il əvvəlini bilirəm, o illərdən bəri belə çox pozulub, çox betonlaşıb, şəhərləşib. Ona görə yayla deyə Ayderə gedənləri anlaya bilmirəm. Məndən əvvəlini bilənlər isə ümumiyyətlə iyrənirlər:)İkincisi, mən getdiyim yerlərdə yeməyin gözəl, orqanik olanını sevirəm, Ayderdə bunu tapmaq çox çətindi. Belə axtarışı olmayan kütləvi turlara hesablamış az keyfiyyətli xidmət sevmirəm.Üçüncüsü, ərəblərin çox gəlməsi səbəbilə çox mənasız pansiyonlara çox yüksək qiymətlər qoyublar ve bunu sevmirəm.Nəhayət, dördüncüsü, Pokut, Sal, Hazindağ, Huser, Gito, Elevit, Amlakit varkən niyə Ayderi sevim? ???? Ayder ancaq qışda qar altında çəkilə bilər;)Amma bütün bunlara baxmayaraq, yenə də Ayder sevənləri də nəzərə alım dedim bu postda:)- Çoxunuz bilirsiz, bilməyənlər və maşını olmayanlar üçün Batumdan Sarpa gəlirsiz, Sarpdan Rize-Ardeşen istiqamətindəki avtobuslara minirsiz, Ardeşen körpünün altında düşürsüz (15 lirə), düz düşdüyünüz yerin qarşısından Çamlıhemşin dolmuşuna minirsiz. O dolmuş sizi Aydere qədər aparacaq (16 lirə). Maşınla gələnlər də yenə eyni şəkildə Ardeşenden Fırtına yoluna girib Çamlıhemşine, oradan da sola Aydere gedə bilər.- Ayderde 100 lirəyə də, 1000 lirəyə də pansiyon-otel var. Amma 1000 lirəyə dəyərmi deyə soruşsanız, dəyməz - qlamur bloqqerlərin sponsorlu fotolarına çox inanmayın. Trivago, odamax, booking kimi saytlardan baxın, amma mümkünsə qiymətləri bəyəndiyiniz yerin özüyle danışın.Yayla evləri də var, sayınız çoxdusa, axtarıb bir yayla evi də kirayələyə bilərsiniz.Çadır qurmaq istəyənlər üçün Ayderin bir az yuxarısında kamp yeri var, amma ora da artıq ticarətxanaya çevrilib və çox qələbəlik olur, ən yaxşısı Ayderdən 5 km yuxarı Qaller düzünə gedin. Həm havası daha gözəl, həm sakit, həm də çadır qurdunuz deyə pul istəməzlər.- Ayderdə yemək-içmək işini sevmirəm, ona görə kimsəyə sevmədiyim şeyləri məsləhət görmək istəmirəm. Amma eyləncə sevərlər üçün deyim ki, gecənin ortalarına qədər açıq olan kafelər, türkü barlar tapa bilərsiniz. Çünki yayla deyil, şəhər kimidi mübarək:))- Ayder kaplıcalarının indiki vəziyyəti necədi, bilmirəm, açığı artıq çox gigiyenik olduğunu düşünmürəm, amma siz düşünürsüzsə, kaplıcaya gedə bilərsiz. Girişi pulludu, amma çox böyük rəqəm deyil.- Ayderdən gəzməyə gedə biləcəyiniz bir neçə istiqamət var. (Ayderə qədər yolun asfalt olmasından həvəslənməyin, Ayderdən sonra sizi ancaq 4x4 qurtaracaq). Birincisini dedim - Qaller düzü. Ayderə 5 km məsafədə yerləşir, meşənin içində gözəl bir düzlükdü.İkincisi, Kavrun yaylası. Ayder yolunu düz davam edincə qarşınıza bir yol ayrımı çıxacaq. Yolun biri Huser-Avusora, digəri Yuxarı Kavrun və Kaçkar göllərə gedir. Sağdakı yoldan davam etsəniz Aşağı ve Yuxarı Kavruna çıxırsız. Kavruna Ayderdən dolmuş da gedir - saatını orada öyrene bilərsiz.Yuxarı Kavrunda qalacaq pansiyonlar, kafe var. Çadır da qura bilərsiniz. Pokut, Sal kimi yaylalardan fərqli olaraq Kavrunda ağac yoxdu, meşə axtarmayın:)Kavrundan 2-3 saata göllər bölgəsinə, 5 saata Kaçkar zirvəyə gedilir, amma təkbaşına ve yürüş təcrübəsi olmadan getməyin.Kavrundan geri qayıdıb yol ayrımından Ayderə deyil, sağa dönsəniz, o yol sizi Huser ve Avusora aparacaq. Təxminən 2-3 km sonra Avusor lövhəsini görəcəksiz, ona eks istiqametde davam eləsəniz, Huserə gedəcəksiniz. Huser, hava uyğundusa, Qara dənizin ən gözəl gün batımı mənzərəsinin olduğu yaylalardandı. Ancaq Qara dənizdə gördüyüm yaylalar içində - xüsusilə yağışlı havada - ən pis yolu olanlardandı. Hələlik pansiyon yoxdu, ona görə ya çadırla, ya da dönüşünüzü hesablayaraq gedin.Huserdən üst yoldan davam eləsəniz, Avusora keçə bilərsiniz.Huserə gündəlik turlarla da gedə bilərsiz – Ayderdən turlar var. 50-70 lirəyə bu turlara qatıla bilərsiz, amma Huser turunu soruşun.- Sualları nəzərə alıb yaylalar üçün bir neçə qeydi də eləyim.1) “Nə qədər büdcə” deyə soruşmaq hər zaman yanıldıcıdı, çünki çadırda qalanın ayrı, pansiyonda qalanın ayrı, oteldə qalanın ayrı, çadırda yeyənin ayrı, restoranda yeyənin ayrı büdcəsi var. Üstəlik, neçə gün qalmağınız, necə gəzməyiniz (maşınla, piyada ve s) tamamilə sizə qalmış məsələdi. Ortalama, amma rahat bir tətil üçün bir adamın bir gününü 300-350 lirə olaraq düşünün (maşın daxil).2) Qara dənizə gəlib “bulud dənizi görmədik”, “yağışlıydı” deyə bəyənməməzlik edənler nəzərə alsın ki, Türkiyənin en çox yağış alan yerlərindən birinə gəlirlər. Yüksəkliyi 2000 metrdən çox olan yerlərdə sizin deyil, təbiətin istədiyi olur. Yaylalarda sabah saat 5-6 kimi oyanmaq gözəllikləri görmə şansınızı xeyli artıra bilər. “Yatan cənnəti yuxusunda görür”:)3) Geyim olaraq ilk üç şərt – biləyə qədər bağlanan su keçirməz ayaqqabı, sırt çantası və yağmurluq. Bir- iki polar jaket, ən az bir neçə qısaqol mayka, şort, gün sayına 2 corab, su qabı, günəş kremi də olmazsa olmazlardı. Hava günəş açınca çox isti, duman gəlincə çox soyuq ola bilir.Yenə nə çox yazdım:)))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1082 dəfə oxunub

Əbədi şəhər - Roma

Romadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Uşaq yaşlarımdan tarix kitablarının xəstəsi olduğumdan Romanı görmək ən böyük arzularımdan biri olubdur. Nəhayət ki, 2017-ci ilin sonunda Avropa səyahətinə başlamağı elə heyran olduğum Romadan başlamaq qərarına gəldim. İtalyan səfirliyi sağolsun, heç bir çətinlik yaratmadan 3 iş gününə 1 aylıq viza verdi və bununla 20 gün davam edən unudulmaz səyahətim başladı. Romaya ilk dəfə gedənlər üçün məsləhətim oteli və ya hosteli şəhər mərkəzində yerləşən Termini stansiyasının ətrafında tutmalarıdır. Burada 3-4 ulduzlu otellərin qiymətləri kifayət qədər ucuzdur. Fiumicino aeroportundan Termini stansiyasına gəlməyin ən rahat yolu qatarladır. Aeroportda pasport yoxlamasından keçdikdən sonra sarı rəngli “Train” yazılarının arxasınca düşüb qatar stansiyasına gəlin. Gəlmədən mütləq telefonunuza “Goeuro” proqramını yükləyin. Beləliklə qatarların hərəkət saatları barədə istənilən vaxt məlumat ala bilərsiniz. (Proqramı yüklədim interneti haradan tapacam deyənlər üçün bildirim ki, Bakcellin avropa ölkələri üçün 1GB-10 manat olan çox gözəl tarifi vardır.) Aeroportdan şəhər mərkəzinə Trenİtalia qatarları ilə təxminən 50 dəqiqəyə 5-8 euroya (yolda 1 staniya dəyişəcəksiniz) və ya 30 dəqiqəyə “Leonardo exspress” vasitəsilə 12 euroya gedə bilərsiniz. Terminiyə çatdıqdan sonra “google map”la rahat şəkildə oteli tapa bilərsiniz. Romada mütləq ən az 3 tam gün keçirməyə çalışın. Beləcə şəhərin bütün gözəlliklərini demək olar ki, gəzib-görə bilərsiniz. Ən az 3 gün Romada olacaqsınızsa mütləq “Roma card” alın. Roma kart 2 günlük-28 euro, 3 günlük isə 38 euro qiymətə satılır. 2 günlük kartla 48 saat ərzində şəhər daxili qatar, avtobus və digər ictimai nəqliyyatlar pulsuz olacaqdır. Həmçinin sizin 1 muzeye pulsuz girmək haqqınız vardır. 3 günlük kartla isə 72 saat ictimai nəqliyyatı pulsuz istifadə edə, 2(+1) muzeyə pulsuz və növbəsiz daxil ola, bir çox mağaza və restoranlarda endirim əldə edə bilərsiniz. Mən 3 günlük kart alıb pulsuz girişlərimi Kolizey(normalda giriş qiyməti təx. 20euro) və galleria Borgheseye (giriş qiyməti-17 euro) istifadə etdim. Kolizeyə mütləq səhər saatlarından gedin. Çünki “Roma kart”ı istifadə edib Kolizeydən çıxdıqdan sonra onun qarşısında yerləşən “Roma Forum” və “Palatin təpələrinə” giriş Kolizeyə daxil olduğunuz gün ərzində pulsuz olacaq. (bu səbəbdən yuxarıda +1 yazmışam). Roma Forum və Palatin təpələri çox böyük ərazidə yerləşir və möhtəşəm gözəllikdədirlər. Buranı tam gəzmək üçün ən az 3-4 saatınız gedəcəkdir. Axşam saatların isə mütləq Romanın məhşur bölgəsi olan “Trastevere”yə gedin. Yaşıllıqlarla örtülmüş dar küçələri olan bu bölgədə saysız-hesabsız restoranlar yerləşir. Küçənin sağ və solunda güllər, divarları örtmüş yaşıllıqlar, köhnə velosipedlərin üzərini bəzəyən çiçəklər bu küçəyə çox fəqli abu-hava verir. Restoranlarda qiymətlər normaldır. Trastevere küçələrinə girdikdə “google map” işlətməyin, ümumiyyətlə telefonları söndürüb o küçərələrdə itin, oradan heç çıxmaq istəməyəcəksiniz. Növbəti günü Romanın məhşur yerlərini gəzməkə keçirin. Məsələn gəzə-gəzə 1-2 saata cavanların yığışdığı “İspan Nərdivanları”, turistlərin atdığı qəpiklərdən illik 2 milyon avroya yaxın pul toplanan eşq çeşməsi “Trevi”, məhşur “Panteon”, “Navona” meydanı, “Vittoriano” memorialını görmək mümkündür. Bu yerləri mütləq 1 dəfə gündüz saatlarında, bir dəfə isə gecə saatlarında gəzin. Hər ikisi bir ayrı gözəldir. 3-cü gününüzdə isə mütləq Romaya gələn turistlərin bəzilərinin görmədən qayıtdığı “Villa Borghese”yə gedin. Bu günədək böyük şəhərlərdə gördüyüm parklardan ən gözəli “Villa Borghesedir”. Bu parkda nə istəsəniz vardır. Sakit, rahatlatıcı, qayıtmaq istəməyəcəyiniz gözəllikdə bu parkda qu quşları, martılar, böyük meşəliklər, göllər, çeşmələr, heykəllər, fərqli heyvanlar bir sözlə insanı sakitləşdirlən nə istəsəniz vardır. Park yüksəkdə yerləşdiyi üçün yuxarıdan Roma və Vatikan mənzərəsini seyr etmək insana bir başqa zövq verir. Terminidən Barberini stansiyasına metro ilə gəlib daha sonra parka piyada qalxa bilərsiniz. Parkın sonunda isə Berninin möhtəşən əsərlərinin sərgiləndiyi “Galeria Borghese” yerləşir. Muzeyə girmək üçün full paket 17 eurodur, lakin Roma kartla 2-ci pulsuz muzey haqqınızı buraya istifadə edə bilərsiniz:) Və sonda, təəsüf ki, Romada oteli tərk etdiyiniz gün sizdən hər gün üçün 6 avro vergi ödənişi etməyinizi istəyirlər. Yəni Romada 5 gün qalsaz çıxışda otelə 30 avro ödəməli olacaqsız, nəzərdə saxlayın. İndi isə daha çox yormamaq üçün yazını yekunlaşdırıb sizi şəkillərlə baş-başa qoyuram. Bir müddət sonra part2 paylaşaram. kiminsə əlavəsi varsa kommentdə yazsın 2-ci hissədə unutduqlarımı paylaşaram. Paylaşdı: Gəzgin həyat

1408 dəfə oxunub

Gözəl və mehriban insanlar şəhəri – Kiyev

Kiyevdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Baxmayaraq ki, hələ heç kimi inandıra bilməmişəm amma Kiyev səyahətim əslində iş məqsədilə planlanmış səfər idi ???? Kiyevdə bir tədbirə qoşulacaqdım, dedim getmişkən 2-3 gün də əlavə qalaram, Kiyevlə, həm ukraynalılarla tanış olaram, həm də Novruz Bayramını orda ukraynalı dostlarla qeyd edərəm. WizzAirlə biletimi alıb Novruz bayramı ərəfəsində, Martin 18i Budapeşt hava limanından yola düşdüm Kiyevə. Budapeştdə əsl may havası var idi, günəş adamı yandırırdı az qala, gözləyirdim ki, Kiyevdə də hava ilıq olar amma Kiyev məni “soyuq” qarşıladı, o aralar mənə qarşı nəsə soyuq idi ???? Hətta yola salanda ayın 22-də qar da yağdırdı. Ümumiyyətlə Kiyev səfərim bir çox maraqlı və qeyri-adi hallarla yadda qaldı. Məsələn Mart ayının 20-də günəş tutulması baş verirdi və həmən gün mən Kiyevin küçələrini kəşf edirdim.Azərbaycan vətəndaşları Ukraynaya gedərkən heç bir viza almaları gərəkli deyil, pasportunuzu götürüb rahat-rahat yola düşə bilərsiniz. Kiyevə getmək üçün, Bakıdan AZAL, Ukraine Airlines (UA) və Turkish Airlinesın (TK) xidmətlərindən istifadə etmək olar. Bundan başqa Budapeşt, Dortmund, Köln, Hamburq, Katoviçe, London, Münhen və Vilnüsdən WizzAirlə Kiyevə ucuz bilet ala bilərsiniz. Ukrayna ilə həmsərhəd olan dövlətlərdən (Belarus, Macarıstan, Moldova, Slovakiya, Polşa) isə, bir az uzun sürsə də qatar və avtobusla Ukraynanın paytaxtına səfər edə bilərsiniz. Kiyevdə 2 hava limanı var: Julyanı və Borispol. AzAL, UA və TK Borispola, WizzAir isə Julyanı hava limanına uçuşlar həyata keçirir və hər iki hava limanı şəhər mərkəzinə kifayət qədər yaxındır.Kiyevdə harda gecələməli? Ukrayna kifayət qədər ucuz ölkə olduğundan, hətta deyərdim ölkə olaraq ucuzluğuyla fəxr etdiyindən burada istənilən növ gecələmə yerini münasib qiymətə kirayələmək olar. Mən şəhərin mərkəzinə 10 dəqiqə piyada məsafəsində yerləşən və Denis və Oksana adlı sevimli və mehriban 2 hippi ukraynalının işlətdiyi “Magic Bus” hostelində otaq kirayələmişdim. Otağın gecəsi 10-11 avro ətrafında idi amma siz istəsəniz hotel (booking.com), airbnbdən ev kirayələyə və ya “manat ucuzlaşıb ‘kasıbçılıxdı’ :), pulsuz ev axtarıram” desəniz Couchsurfingdən istifadə edə bilərsiniz.İndi isə gəldik mənim kimi əsl qarınqulu adamların verəcəyi suala, Kiyevdə bəs nə yeyib-içək? ???? Sovetlər dönəmində eyni ittifaqın tərkibində olmağımız, ukrayna və rus mətbəxinin bir-birinə bənzəməsi və bizim Rusiya ilə həmsərhəd olmağımız Ukrayna mətbəxini az-çox bizlərə tanıtdırıb. Amma yenə də düşünürəm ki, sadalamaqda fayda var, ümid edirəm heç zaman edını eşitmədiyiniz və ya dadmadığınız təamlar da olar siyahıda. Kiyevdə ən məşhur və bütün turistlərə təklif olunan yeməklar bunlardır: borş, kiyev kotleti, pelmeni və varenniki. İçkilərdən isə ukraynalılar da ruslar kimi araq içən olduqlarından ən məşhur içki araq və ya meyvələrdənn ev üsulunda hazırlanmış “samaqondur”. Şirniyyatlara gəldikdə burda dayanmaq lazımdır. Kiyevə getməmişdən moldovalı və belaruslu qrup yoldaşlarımın bərk-bərk mütləq yeməyi tapşırdıqları “Kiyev tortu”nun adını çəkə bilərəm. Ən ləzzətlisi Roshen markalı olanlarıdır.İndi isə bir az gəzməli-görməli yerlərdən danışaq. Kiyev Dnepr çayı vasitəsilə 2 hissəyə bölünüb. Hətta kiyevli dostlarım zarafatla çayın bir tərəfini Ki, digər tərəfini isə Yev adlandırırdılar (Buda və Peşt kimi). Kiyev böyük parkları ilə Avropada birincidir. Xüsusilə də yaz-yay aylarında getmisinizsə bolluca yaşıllıq görüb, parklarda yaşıllıqların arasında olmaqdan zövq alacaqsınız. Şəhər mərkəzində qarşınıza çıxacaq ilk məkanlardan biri “Azadlıq meydanı”dır, yerli dillə desək “Majdán Nezaléžnosti”. 2004-cü ildə seçkilərdən sonra həftələrlə çəkən və son Rusiyayla olan hadisələri tətikləyən mitinqlər bu meydanda baş verib. Meydanın ortasında 61 metrlik sütun və sütunun üzərində isə qadın fiquru var. Meydan Xreşatik (Хрещатик) küçəsinin üzərindədir. Xreşatik – Kiyevin əsas mərkəzi küçəsidir, bizim “Torqovu” küçəsi kimi, uzunluğu 1100 metrdir və hər iki tərəfində bahalı və tanınmış brendlərin mağazaları var. Tarqovudan fərqli olaraq Xreşatik çox enli küçədir və nəqliyyat üçün tamamilə açıqdır. Həftə sonra və bayram günləri yol nəqliyyat üçün tamamilə qapadılır, yalnız piyadaların istifadəsinə verilir.Kiyevdə xeyli sayda və çox gözəl arxitekturalı kilsə və katedrallar var. Onlardan ilki Müqəddəs Mixael katedralıdır. Ağ və mavi rənglərə boyanmış binanın damları qızılı rəngə boyanıb və katedrala əsrarəngiz bir gözəllik verir. Digər maraqlı görünüşü olan katedral isə ağ rəngə boyanmış və damı yaşıl və qızılı rənglərin harmoniyasıyla əhatələnən Müqəddəs Sofia katedralıdır. Bu 2 katedraldan kiçik olsa da Müqəddəs Vladimir katedralı da Kiyevin görülməli yerləri siyahısındadır. Yolunuz Kiyevə düşübsə və bu üslubda binaları sevirsinizsə gedin bir baş çəkin. Digər maralı katedral-kilsə kompleksi isə Pecherska Lavradır. Bura keçmi sovetlər məkanının ən qədim və ən böyük monastrı olub. Monastrın altında yeraltı yollar və monastrlar var. Buna görə də bəzən buranı Mağaralar monastrı adlandırırlar.Kiyevin bütün katedral, monastr və kilsələrinin ən cəlbedicisi deyərdim ki, qotik üslubda tikilmiş Müqəddəs Nikolas Roman-katolik katedralıdır. Katedral o qədər əzəmətli və gözəldir ki, saatlarla katedralın önündə durub katedralı seyr edə bilərsiniz.Digər maraqlı üslublu arxitekturası olan kilsə isə Andreevskaya Kilsəsidir. Kilsə təpənin üzərinə yerləşir və buradan demək olar bütün Kiyev ayağınız altında olur. Kilsənin yanında üzüaşağı yol düşür. Bu yoxuşu Andreev yoxuşu adlandırırlar. Şəhərin ən turistik küçələrindən biridir. Küçə boyu səyyar satıclıar müxtəlif əl işi suvenirlər, sovet dönəmindən qalmış maraqlı əşyalar satırlar. Yol üstündə bir neçə küçə musiqiçisi küçədən gəlib-keçənləri öz musiqiləri ilə əyləndirirlər. Məşhur “Master və Marqarita” əsərinin yazıçısı Mikhail Bulgakovun yaşadığı ev də məhz bu küçə üzərindədir. Andreev yoxuşu deyərdim ki, Kiyevdə gördüyüm ən maraqlı yerlərdən biridir. Yolunuz Kiyevə düşsə bura baş çəkməklə Kiyevi daha yaxından tanıya bilərsiniz.Küçənin sonunda isə sol tərəfdə “Lviv Handmade Chocolate” adlı şokolad mağaza-kafesi var. Buradan həm müxətlif fiqurlarda düzəldilmiş şokolad fiqurlarını ala, həm də oturub şokolad qarşıqlı şirniyyatlar və içkilər sifariş edə bilərsiniz. Qeyd edim ki, bura Kiyevdə bəlkə də yeganə yerlərdəndir ki, rus dilində xidmət göstərilmir. Nəsə sifariş etmək üçün ya ingilis ya da ukrayn dilini bilməlisiniz. Ukraynalı dostumun mənimlə birlikdə olması məni vəziyyətdən çıxardı və ilk dəfə ukrayn dili ilə orda tanış oldum. Rus dilində “adin” kimi səslənən bir rəqəminin ukrayn dilində “odın” kimi səslənməsi və bir az odun sözünə oxşaması ???? məni qəhqəhəyə boğdu. Amma yenə də siz ora gedərkən öncədən tədbirinizi alın. Qeyd edim ki, kifayət qədər dadlı şirniyyat və içkilər təklif edirdi məkan.Kiyevdə digər maraqlı bir məkan isə “Orex” adlı pubdır. Deməli burda içkilərin yanında fıstıq, yer fındığı, püstə və s. kimi müxtəlif qabıqlı çərəzlər verirlər, bu çərəzləri yeyib qabığını isə yerə atırlar. Məkanın yeri tamamilə çərəz qabıqları ilə örütülüb, hətta deyərdim bu örtük bir neçə santimetrdir.Opera binası Kiyevə yaraşıq verən binalardan bir digəridir. Opera binasının daxili klassik üslubda, çöl hissəsi isə neo-renessans üslublu ornamentlərlə bəzədilib. Opera binasının yanında Qızıl Darvaza adlı muzey yerləşir. Öncələri bura Kiyevin giriş qapılarından biri olub.Ocean Plaza adlı ticarət mərkəzində böyük, içi rəngli rəngli balıqlarla dolu olan akvarium var və məkan şəhər mərkəzinə çox da uzaq deyil. Getmişkən ora baş çəkib qabağında bir-iki selfie çəkdirmək olar ????Digər bir maraqlı məkan əfsanəvi Kiyev Dinamosunun ev oyunlarını keçirdiyi Olimpiyski Milli İdman Komplexidir. Komplex mərkəzdən 12-15 dəqiqəlik gəzmə məsafəsindədir. Orda olduğum günlərin birində Kiyev Dinamosu Evertonla oynayırdı və Kiyevlilər 5-2 qalib gəldilər, oyundan sonra şəhərdə baş verənləri yəqin özünüz təsəvvür edirsiniz ????Oğlanlardan “bəs ukraynalı qızlar haqqında nəsə yazmayacaqsan?” sualını eşitmiş kimi oluram sanki ???? deməli belə, məndən eşitmiş olmuyuuun amma Kiyevin küçələrində qəşəng olmayan qız tapmaq həqiqətən də asan məsələ deyil açığı və insaları çox mehribandır Kiyevin. Baxmayaraq ki, mən ora Rusiyayla olan münaqişədən az sonra getmişdim və insanlarda bir narahatçılıq, bir hüzn var idi amma yenə də çox mehriban, dostcanlı və yardımsevər idilər. Hələlik bu qədər ümid edirəm ki, yararlı bir yazı oldu. Kiyevə nə vaxtsa yolunuz düşsə bu yazını mütləq nəzərdən keçirin lazım olacaq ???? Növbəti yazılara qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh   

1373 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!