3299 dəfə oxunub

Ən ucuz Praqa səyahət planı

Avropanın mirvarisi, əsrarəngiz qırmızı damları ilə məşhur olan, Çexiya Respublikasının paytaxtı və ən böyük şəhəri olan Praqa Mərkəzi Avropanın ən cazibədar və romantik şəhərləri arasında ilk sıralarda gəlir. Gəzib görməli yerləri isə saymaqla bitməz. Əgər ilk dəfə Avropaya səyahət edirsinizsə həm ucuz, həm çox rahat ictimai nəqliyyatı, təhlükəsiz açıq hava muzeyləri ilə ad salmış, Vlata çayı üzərində biri-birinin ardınca düzülmüş qədim körpüləri ilə bu mədəniyyət paytaxtı sizin siyahınızda ilk olmalıdır. Praqada 3 günlük bir gəzinti planlasanız, bu şəhəri doyunca gəzmək üçün bəs edəcək. Möhtəşəm ambiyansı, tarixi yerləri, qalaları və gözalıcı tayı-bərabəri olmayan memarlığı ilə hər anı sizdə sanki tarixdə səyahətə çıxmış hissini oyandıracaq.

Praqa harada yerləşir?

Mərkəzi Avropanın gözü olan Praqa şəhəri, Çexiyanın mərkəzində Vltava çayının sahilində yerləşir. Çexiya Resublikası qərbdə Almaniya, cənubda Avstriya, şərqdə isə Slovakiya və şimalda Polşa ilə sərhəddir. Praqa Mərkəzi Bohemiya bölgəsində yerləşir.


Praqaya hansı fəsildə getmək lazımdır?

Dənizə çıxışı olmayan Çexiya Respublikası 2 vilayətdən Bohemiya və Moraviyadan ibarətdir və digər Mərkəzi Avropa ölkələri kimi qışı sərt keçən quru iqlimə malikdir. Qışda hər zaman havanın temperaturu sıfır dərəcədən aşağı olduğu üçün bu fəsildə Praqaya gedəcəyiniz zaman uzun-uzun gəzintiləri unudun. Çünki yağıntıları da bu soyuq fəsildə həmişə qar şəklində olur. Ancaq Yeni ili qeyd etmək üçün Milad bayramı ərəfəsində göz oxşayan Milad bazarları üçün biraz soyuğa qatlanıb gəzintiyə çıxa bilərsiniz. Çox üşüsəz, onun da çarəsi olan isti şərabları hər addımbaşı alıb içinizi isidə bilərsiz. 2 il bu şəhərdə yaşamış biri olaraq şəxsən mən 4 fəslin hamısından həzz alıram. Praqanı bütün gözəllikləri ilə gəzmək istəyirsinizsə, hər fəsildə bura səyahət edin deyərdim. Bir dəfə bura gəlib onun möcüzəsinə qapılsanız, həm qızılı payızını, xəzanını, qarlı qışını,yeni il qeyd etmələrini, Pasxa əvvəli qurulan rəngarəng bazarları, yeni açmış ''cherry blossom'' fəslini və ən əsası da çox isti keçməyən doyunca həm ətraf kəndləri, həm də digər şəhərləri də gəzə biləcəyiniz yay aylarını bu şəhərə təkrar- təkrar gələrək keçirəcəksiz. Ancaq yenə də mənim ən sevimli fəslim Pasxanın təzə çıxıb, havaların isinməyə başladığı aprel-may aylarıdır. Yayda qiymətlər yaz fəslinə nisbətən daha yüksək olur.


Praqaya ən ucuz hansı yolla və necə getmək olar?

Əgər siz rahat şəkildə birbaşa uçuşla getmək istəyirsizsə, AZAL mövsümü olaraq Bakı- Praqa reyslərini cümə və bazar ertəsi həyata keçirir. Uçuş 5 saat yarım davam edir. Gediş-gəliş 1 sərnişin üçün 1000-1100 AZN arasında dəyişir. Ukrayna Hava Yolları, Belavia, Air Baltic ilə daha sərfəli uça bilərsiniz ancaq bir dəfə təyyarə dəyişib, transfer etməli olacaqsınız. İndi isə gələk '' Ən ucuz yolla Praqaya necə getmək olar? '' sualının cavabına. Wizzair ilə Bakı-Budapeşt-Bakı reysinə maksimum 100-130 avro ödəməklə bilet alıb, oradan isə ya qatar ya da avtobus ilə Praqaya gedə bilərsiniz. Avtobus biletləri 13-15 avro arası, qatar isə 15-20 avro arası dəyişir. Budapeştdən Praqaya avtobusla 7 saata çatmaqla həm də Mərkəzi Avropanın bir ölkəsini də görmüş olursunuz, hələ ayaq üstü tridelnik ilə çay içib, naharda qulyaş yeməyə də vaxtınız olur Macar torpaqlarında.

Praqaya çatdıqdan sonra ucuz maşın kiralaya bilərsiniz.Faydalı olsun deyə sizin üçün linki əlavə edirəm.https://www.discovercars.com/czech-republic/prague?keyword=%2Bcar%20%2Brenting%20%2Bprague&network=g&gclid=Cj0KCQjwirz3BRD_ARIsAImf7LMeB9GQeB42cJDWkt37e06DkSkL3ZmqPjO16rgB6vvsfOyK22tEYdEaAubgEALw_wcB 

Avropada ən ucuz avtomobili Praqada kiralayacaqsınız. Bu arada Vaclav Havel hava limanından şəhər mərkəzinə taksi ilə gəlmək istəsəz 27 dəqiqəlik bu məsafə üçün 30 avro ödəməli olacaqsız. Uçuşlar birinci terminaldan həyata keçirilir. Əgər qənaət edib avtobusla gəlmək istəsəz 100 nömrəli avtobusla 6 dayanacaq getdikdən sonra Zlicin metro stansiyasının avtobus dayanacağında düşüb, elə B (sarı rəngli istiqamətində) hərəkət edib Cerny Most yazılan istiqamətdə metro qatarına minib, Namesti Republiky stansiyasına çatacaqsınız. Bura artıq şəhər mərkəzidir. Artıq istədiyiniz yerə tramvay və yaxud avtobusla rahat çata bilərsiniz. Bu yola təqribi 2,20 manat ödəniş edəcəksiniz. 


Praqada ictimai nəqliyyatdan istifadə necədir?

Praqada 1-3 günlük və tək gedişli biletlər isə 30 dəqiqə və 90 dəqiqə olmaqla 2 yerə bölünür. Əgər çox qalacaqsınızsa ən sərfəlisi 3 günlük biletlər almaqdır. 3 günlük biletin qiyməti təqribi 12 avro edir. Bu biletləri qaldığınız otelin qeydiyyat şöbəsindən, metrodan, tramvay və yaxud da avtobus dayanacaqlarından ala bilərsiniz.

  30 dəqiqəlik - 1,64 AZN

  90 dəqiqəlik- 2, 19 AZN

  1 günlük- 7,52 AZN 

Əgər nəqliyyata biletsiz daxil olsaz və nəzarətçilər bunu yoxlasa cəzası 1500 CZK yəni 102 AZN təşkil edir. Bu biletlər metro, tramvay, avtobus, funiklyor və bəzən də ferry boat istifadəsində limitsiz nəzərdə tutulub. Metro səhər saat 5 - dən gecə 12 - ə qədər fasiləsiz fəaliyyət göstərsə də avtobuslar da gecə növbəsində işləyir. 501 və 513 nömrəli avtobuslar gecə avtobusları sayılır.

Praqa haqqında nə qədər yazsam da bitməz deyə bu yazımı 2 hissəyə böldüm. ikinci hissəsində isə sizi maraqlandıran digər sualların cavabı olacaq.


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Ulkar Ismayilzada

DİGƏR BLOQLAR

Dağ turizminin mərkəzi - Durmitor Milli Parkı

Montenegronun çimərliklərindən və sıx şəhər həyatından yorulanlar üçün Balkan səfərinin ən möhtəşəm hissəsini təqdim edirəm.Durmitor Milli Parkına Budva və Kotordan xüsusi turla gedə bilərsiniz amma bu turlar müəyyən marşurut və vaxt çərçivəsində olacaq. Daha rahat gəzmək üçün kirayə avtomobil götürmək şərtdir.Yol. Budvadan Durmitora iki cür getmək olar. Məsləhət gördüyüm yol nisbətdə biraz uzaq ancaq çox maraqlıdır. Budvadan başlayan yol Skadar gölünün üzərindən keçir. İki saat vaxt ayırıb göldə qayıqla gəzə bilərsiniz. Gəzinti müxtəlif qiymətə təklif olunur, bazarlıq edib qiyməti rahat endirmək mümkündür. Eləcə də yaxınlıqdakı şərab mağazasından müxtəlif növ şərablardan seçib ala bilərsiniz. Qiymət normaldır. Daha sonra paytaxt Podgorica şəhərindən keçib Moraca və Tara kanyonları ilə möhtəşəm mənzəni seyr edə edə Djurdjevica körpüsünə tərəf hərəkət edirsiniz.Zipline. Djurdjevica körpüsündə uzunluğundan asılı olaraq 3 növ zipline mövcuddur. Ən uzunu 1050 metrdir və qiymətlər 20-30 avro arası dəyişir.Rafting. Rafting üçün iki seçiminiz var, Djurdjevica körpüsünün yanında və Bosniya ilə sərhəddə Tara və Piva çaylarının birləşdiyi yerdə. Birinci seçim nisbətən asan və 55 avrodan təklif olunur. Qiymətə rafting və səhər yeməyi daxildir. Daha həyəcanlı rafting yaşamaq üçün ikincini məsləhət görərdim. 45 avroya gözəl mənzərəli yerdə raftinglə yanaşı dadlı səhər və günorta yeməyi təklif edirlər. Hətta sizi rakie adlanan yerli içkiyə qonaq edirlər. Sükan arxasında olanlara da bir rumka (və ya kiçik pivə bakalı) ilə birşey olmaz  Müəyyən promilə qədər icazə var. Ümumiyyətlə Montenegro yollarında polis görsəniz maşını saxlayıb şəkil çəkdirin. Bir də görüb görməyəcəyiniz məlum deyil)Gecələmək. Qalmaq üçün Zabljak qəsəbəsini məsləhət görürəm. Günlük 20-30 avroya kirayə evlər tapa bilərsiniz. Dadlı və normal qiymətə restoran kimi Podgora restoranını məsləhət görürəm.Crno Jezero. Zabljakda ev tutdunuzsa buradan 1-3 km məsafədə Durmitorun mirvarisi Crno Jezero'ya (Qara göl) gedə bilərsiniz. Göl ərazisinə giriş 3 avrodur. Ancaq gölə gedən yolda sola ayrılan nisbətən kiçik, bir maşınlıq digər yol görəssiniz. Həmən yol ilə axıra qədər gedib daha sonra çığırla meşəliyə daxil olub çay üzərindəki taxta köpüdən keçməklə göl ərazisinə havayı daxil ola bilərsiniz. Gölün kənarındakı restoran və canlı musiqi var.Əgər kirayə avtomobil götürmüsünüzsə və rafting üçün ikinci varinatı seçmisinizsə onda sizi möhtəşəm dağlıq yol gözləyir Ancaq nəzərə alın ki, əgər mühərrik ölçüsü kiçik olan avtomobil kirayə götürmək fikrindəsinizsə çalışın mexaniki sürətlər qutusu ilə olsun. Çünki yolda sizi çoxlu eniş və yoxuşlar, eləcə də sərt serpantinlər gözləyir. Zabljakdan Piva su anbarına iki yolla getmək olar. Yaxşı olar ki, videoda göstərdiyim yolu gedəsiniz və yolüstü Sedlo zirvəsini və Montenegronun ən hündür zirvəsi Bobotov Kuk'u görəsiniz. Qayıdarkən isə digər yolla qayıdıb Susicko gölünə də dəyə bilərsiniz. Bundan başqa sizi yol boyu üzü mənzərəyə oturub dərindən nəfəs alıb ruhunuzu dincəldəcəyiniz çoxlu sayda taxta oturacaqlar gözləyir. Bu yolların ensiz sərt döngələrdən və dolaylardan ibarət olduğunu unutmayın. Təcrübəniz azdırsa yaddan çıxarın. Çünki yolda birşey olsa köməyin nə vaxta gələcəyi məlum deyil.Meandri Cehotine Viewpoint. Əgər siz də "bura kimi gəlmişkən Çexotina çayına da dəyim" deyirsinizdə nəzərə alın ki, Tara körpüsündən 52 km enişli yoxuşlu yol gedir. Xəritə sizə qısa yol kimi aşağı yolu göstərə bilər ancaq o yol təmirdədir və belə görünür ki, hələ bir müddət bağlı olacaq. Əgər hər halda getmək fikrinə düşdünüzsə Otilovici su anbarına çatandan sonra 3-4 km də gedib meandrı göstərən "plakat"dan sağa dönub torpaq yolla 500-800 metr getmək lazımdır. Özünüzlə yemək və içməyə birşeylər götürsəniz əla olar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azer Hasanov

1929 dəfə oxunub

Şimali İrlandiya bələdçisi

Belfastdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Belfast havalimanından (George Best ???????? ???????? ) çıxan çıxan kimi şəhərə gedənləri gözləyən ikimərtəbəli qırmızı avtobuslar var. Mən də çıxdım ikinci mərtəbədə ən qabaqda oturub, başladım ölkənin gözəl yam-yaşıl təbiətini seyretməyə.Belfast əhalisi indiyə qədər gördüyüm ən xoşbəxt, gülərüz, mehriban, yardımsevər insanlar idi. Şəhər tər-təmiz, yaşıl, tarixi abidələrlə zəngindir. Axşam olan kimi mərkəzi küçələrdə addımbaşı onlarla adam toplaşıb Ginnes (guinness beer) içə-içə canlı irland musiqiləri oxuyub rəqs edirlər.Belfast digər Böyük Britaniya şəhərlərindən daha varlı, daha təmiz, daha az miqranta sahibdir. Əhalinin əksəriyyəti yerli irlandlar və ingilislərdir. İrland dilini bilən adam tapa bilməzsiniz. Hamı ingilis dilində danışır. Şəhər elə də böyük deyil, hər yerə piyada getmək olur.Titanik gəmisi Belfastda inşa edilib. Gəminin tikildiyi yerdə kiçik gəmi turları olur (qiyməti 10 £). Gəzməli yerləri Belfast City Hall, Belfast Castle, Botanic Gardens, Ulster Museum, Carricfergus Castle, Cavehill, St.Anne’s Cathedral, və ən maraqlısı isə Belfastın zooparkı.Şəhər Game of Thrones serialı ilə daha da məşhurlaşıb. Belfast yaxınlığındakı çəkiliş yerlərinə gündəlik 25-60 £ arası turlar var.Şimali İrlandiyanın ikinci böyük şəhəri isə Londonderridir. Aeroportu bizim Zabrat aeroportundan da kiçikdir. Havalimanından çıxıb qaçdım çölə, avtobus, qatar yoxdur. Hamını qohum-əqrəbası gəlib maşınla aparır. Mən də bir ağsaqqal kişidən soruşdum ki, şəhərə necə gedə bilərəm, dedi ki, ancaq taksi ilə, o da 20 pounda ( 42 manat) gedər, ancaq 10 dəqiqə gözləsən indi arvadım məni götürməyə gələcək. Gözləyib başladıq söhbət eləməyə. Azərbaycanı tanıdı. Burda Azəri-Çıraq-Günəşlidə dostları işləyirmiş. Yoldaşı da gəldi, söhbəti maşında davam etdik. Məni düz şəhərin mərkəzinə gətirdilər. Hər yeri də başa saldılar.Derridə əsl ingilis havasını gördüm. Yaxşıca islandım. Ancaq yağış yağsa da səhər tezdən şəhərdə Foyl çayının (River Foyle) üstündəki Peace Bridge körpüsündə yüzlərlə adam qaçışır. Elə ona görə də şəhərdə kök adama rast gəlmək olmur.Buradan Belfasta gedən qatarlardakı atmosfer bizim rayon mərkəzlərindən kəndlərə gedən avtobusları xatırladır. Qatardakıların əksəriyyəti rayon və kənd əhalisi idi. Deyəsən kəndli elə hər yerdə kəndlidir. Qatarda şəhərdəkilər kimi ağ adamlar yox, dəriləri günün altında işləməkdən yanmış, qara-qırmızı rəngli adamlar var idi.Yaşlı adam içəri girən kimi cavanlar ayağa qalxıb yer verir, hamı biri-biri ilə salamlaşır, siyasətdən danışırlar.Dublindən Londonderriyə gedən yolda da o qədər gözəl kəndlər, qəsəbələr var ki, nağıl ya da cizgi filmindən fərqi yoxdur.Şəhəri ələk-vələk etsəm də maqnet tapa bilmədim. Şəhər kiçik olsa da gəzməli yerləri o qədər çoxdur ki, sözlə demək olmur. Çayın sahilində İrlandların Amerika qitəsinə səyahət etdikləri tarixi anları əks etdirən maraqlı heykəllər var. Bir də Derri son illərə qədər İRA-nın (deyilənə görə terror təşkilatı olub) əsas mərkəzi olub və burda birçox qanlı hadisələr də olub.Əsas görməli yerləri aşağıdakılardır.1. St. Columb’s Park2. The Clock Tower3. St Columba's Church, Long Tower4. Foyle Valley Railway Museum5. Riverwatch Aquarium and Visitor Centre6. Derry City Cemetery7. Victoria Road8. Peace Bridge9. Old TownƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Elshan Ismayilov

2240 dəfə oxunub

İtaliya səyahəti - 4 günə 3 şəhər və Venesiya adaları

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Salamlar, apreldə etdiyimiz İtaliya səyahətini nəhayət ki, burada bölüşüm dedim, bəzi "life hack"ları da ora səyahət edəcək olanlara bildirim.Deməli, biz 3 nəfər elə planladıq ki, 4 günə 3 şəhər və adaları gəzdik. Səyahət EU içi olduğu üçün Rynairdən istifadə etdik, İtaliyada isə şəhərlərarası nəqliyyat kimi Flix Bus.1-ci gün Boloniya2-ci gün Venesiya3-cü gün Venesiyanın adaları4-cü gün MilanBoloniyada olarkən özünü sanki saxsıdan düzəldilmiş və hər yerində qırmızı nələrsə olan bir möhtəşəm kiremît şəhər maketinin içində hiss edirsən, diqqətimi çəkən məqam o oldu ki, pəncərələrdəki dibçəklər, pərdələr, damlar hamısı qırmızı kiremiti rənglərdə idi. Axşamüstü möhtəşəm ifaları ilə fərqli-fərqli küçə musiqiçilərini, rəqs qruplarını, rəsm çəkənləri addımbaşı görə bilərsiniz. Free entry olan çoxlu kilsə və görməli yerləri var. Axx bir də maraqlı bir şey qeyd edim, biz əgər latte, cappucino və s. istəmiriksə deyirik sadə kofe verin, orda bunu desəniz sizə çeçələ barmağınızdan kiçik fincanda yarıya qədər doldurulmuş espresso verəcəklər))). Adamlar hara baxırsan kafelərdə o iki qramlıq espressonu qabaqlarına qoyub uzun-uzun söhbətləşirlər))).Axşamüstü Flixbussa minib getdik Venesiyaya. Hotel əvəzinə AIRBNB-dən istifadə etdik. Bütün evi, ayrıca giriş qapımız, hamam, tualet ayrıca və s. götürmüşdük günlük. Hostumuz hətta çox gec olduğu üçün 10 euro qarşılığında bizi gəlib götürdü. Sabahı gün qaldığımız yerdən bilet aldıq Piazzale Romaya (Venesiyanın mərkəzi meydanı), Tramvay, Bus hər ikisində istifadə edə bilərsiniz. Şəhər çox möhtəşəm, qeyri-adidir. Adamlar sanki bütün iş gücünü atıb bəşəriyyət yaranandan elə hey hamı bir nəfər kimi binalar tikiblər. Bircə dənə də adi, dördkünc sadə divar tapmaq olmur, həər yer möhtəşəm memarlıq inciləridir. O qədər tikiblər gəlib çıxıblar dənizin içinə. Canım sizə desin qəbirstanlıqlarından, eynilə qəbirstanlıq da eyni tipdə tikilib. Gondolaya minmək istəsəniz gündüz 25-30 euro adambaşına və ya 80 euro bütün gondolanı icarə edə bilərsiniz.Rialto körpüsü ətrafında möhtəşəm mənzərə var, şəkillərdə görəcəyiniz T-shirtü alıb özüm Rialtonun Rəsmini çəkdim üzərinə)).Tualet ehtiyacınız olarsa qatar vağzalı ilə əks tərəfdə Burger King olmalıdır, nəsə bir şey alın, qəbzi tualetə getmək üçün istifadə edin, çalışın üzərinizdə bir çətir olsun, her zaman yağışa tutula bilərsiniz)), əgər küçələr arasında azsanız heç qorxmayın, yuxarıda həmişə Piazzale Roma və ya Rialto və s. istiqamətlər göstərilir, oxu təqib edin. Biz belə etdik, heç birimiz 4 gün ərzində internet, googlemap filan istifadə etmədik.Venesiyanın adalarına digər günü ayırdıq: Murano, Burano, Torcello – Murano şüşə ustalarının çalışdığı və rəngli şüşələrdən hazırlanmış müxtəlif suvenerlərin satıldığı adadır, Burano isə – bura muttttləq gedin, şəkillərdə gördüyünüz o rəngli evlərin nağıl düünyasıdır.Bir önəmli məqam qeyd edim, həyati məsələdir)), deməli əvvəlcə Muranoya gedin, çünki Venesiyaya ən yaxını odur, hardasa 10 dəqiqə, Venesiyadan vapuretteyə (motorlu gəmi) minib gedirsiniz Muranoya, 1 saat zad gəzdiniz buxtaya gəlincə dəhşətli bir uzun növbəyə rast gələcəksiniz Burano istiqamətinə. Bu sizi qətiyyən qorxutmasın, azərbaycanlı döölüük bəyəm, yol taparıq, deməli təzədən minin Venesiyaya gedən qayığa 10 dəqiqəyə qayıdırsınız Venesiyaya ordan da hər 5-10 dəqiqədən bir vapurette çıxır Buranoya, o birilər də düüüüz 3 saat zad gözləyirlər o tərəfdə))).Eyni şeyi Buranodan qayıdası olanda da edin. Günlük bilet adambaşı 20 euro alıb əyalətin istənilən yerinə gedib qayıda bilərsiniz, ancaq almasaydıq da yoxlayan olmurdu, lakin gecələr Piazzale Romadan qayıdanda həmişə tramvayda ya avtobusda yoxlayırdılar. Milana da Flixbusla getdik, təqribən 3,30 saat çəkdi, Milanda metro ilə bir giriş / çıxış deyəsən 1,5 euro idi. Milanın incisi deyərdim ki, Duomodur. La Skala ve Davinci Muzeyini də görə bilərsiniz, bir də kim oliqarxdırsa ordakı dünya brendlərindən alış-veriş edə bilər)). Milan Central metro stansiyasından Bergamo Airporta hardasa hər saatdan bir transfer avtobuslar çıxır, flixbusun da transfer xidməti var orada ( saat yol davam edir).Büdcə təqribən yadımda qalanları qeyd edəcəm.Rynair Köln Bonn—Bologna Airport 15 euro (per p.)Flixbus Bologna—Venesiya 8 euro (per p.)Airbnb -- Venesiya 3 gecə 206 euro (3 nəfərə)Flixbus Venesiya – Milan 20 euro (per p.)Rynair Milan Bergamo Airport -- Köln Bonn 35 euro (per p.)Əlavə olaraq qeyd edim ki, bu səyahəti həm də bu səhifəyə baxıb planlamışam və burada da bir nəfər (sorry ad xatırlamıram) Flixbus kuponları vermişdi müəyyən qədər endirim olmuşdu biletlərə, hamınıza təşəkkür!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Misis Aliyeva  

3844 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Yeni bir Qara dəniz marşrutu

Trabzondakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yeni bir Qara dəniz marşrutuyla gəldim, gənclər...Bəri başdan bir məsələdə anlaşaq amma:) Ayderi sevmirəm deyəndə Azərbaycan xalqının xeyli hissəsi qəzəblənir, amma hələ də o fikirdəyəm ki, Ayder Qara dənizin ən pisyerlərindən biridi. Çünki o yaylanın ən az 6-7 il əvvəlini bilirəm, o illərdən bəri belə çox pozulub, çox betonlaşıb, şəhərləşib. Ona görə yayla deyə Ayderə gedənləri anlaya bilmirəm. Məndən əvvəlini bilənlər isə ümumiyyətlə iyrənirlər:)İkincisi, mən getdiyim yerlərdə yeməyin gözəl, orqanik olanını sevirəm, Ayderdə bunu tapmaq çox çətindi. Belə axtarışı olmayan kütləvi turlara hesablamış az keyfiyyətli xidmət sevmirəm.Üçüncüsü, ərəblərin çox gəlməsi səbəbilə çox mənasız pansiyonlara çox yüksək qiymətlər qoyublar ve bunu sevmirəm.Nəhayət, dördüncüsü, Pokut, Sal, Hazindağ, Huser, Gito, Elevit, Amlakit varkən niyə Ayderi sevim? ???? Ayder ancaq qışda qar altında çəkilə bilər;)Amma bütün bunlara baxmayaraq, yenə də Ayder sevənləri də nəzərə alım dedim bu postda:)- Çoxunuz bilirsiz, bilməyənlər və maşını olmayanlar üçün Batumdan Sarpa gəlirsiz, Sarpdan Rize-Ardeşen istiqamətindəki avtobuslara minirsiz, Ardeşen körpünün altında düşürsüz (15 lirə), düz düşdüyünüz yerin qarşısından Çamlıhemşin dolmuşuna minirsiz. O dolmuş sizi Aydere qədər aparacaq (16 lirə). Maşınla gələnlər də yenə eyni şəkildə Ardeşenden Fırtına yoluna girib Çamlıhemşine, oradan da sola Aydere gedə bilər.- Ayderde 100 lirəyə də, 1000 lirəyə də pansiyon-otel var. Amma 1000 lirəyə dəyərmi deyə soruşsanız, dəyməz - qlamur bloqqerlərin sponsorlu fotolarına çox inanmayın. Trivago, odamax, booking kimi saytlardan baxın, amma mümkünsə qiymətləri bəyəndiyiniz yerin özüyle danışın.Yayla evləri də var, sayınız çoxdusa, axtarıb bir yayla evi də kirayələyə bilərsiniz.Çadır qurmaq istəyənlər üçün Ayderin bir az yuxarısında kamp yeri var, amma ora da artıq ticarətxanaya çevrilib və çox qələbəlik olur, ən yaxşısı Ayderdən 5 km yuxarı Qaller düzünə gedin. Həm havası daha gözəl, həm sakit, həm də çadır qurdunuz deyə pul istəməzlər.- Ayderdə yemək-içmək işini sevmirəm, ona görə kimsəyə sevmədiyim şeyləri məsləhət görmək istəmirəm. Amma eyləncə sevərlər üçün deyim ki, gecənin ortalarına qədər açıq olan kafelər, türkü barlar tapa bilərsiniz. Çünki yayla deyil, şəhər kimidi mübarək:))- Ayder kaplıcalarının indiki vəziyyəti necədi, bilmirəm, açığı artıq çox gigiyenik olduğunu düşünmürəm, amma siz düşünürsüzsə, kaplıcaya gedə bilərsiz. Girişi pulludu, amma çox böyük rəqəm deyil.- Ayderdən gəzməyə gedə biləcəyiniz bir neçə istiqamət var. (Ayderə qədər yolun asfalt olmasından həvəslənməyin, Ayderdən sonra sizi ancaq 4x4 qurtaracaq). Birincisini dedim - Qaller düzü. Ayderə 5 km məsafədə yerləşir, meşənin içində gözəl bir düzlükdü.İkincisi, Kavrun yaylası. Ayder yolunu düz davam edincə qarşınıza bir yol ayrımı çıxacaq. Yolun biri Huser-Avusora, digəri Yuxarı Kavrun və Kaçkar göllərə gedir. Sağdakı yoldan davam etsəniz Aşağı ve Yuxarı Kavruna çıxırsız. Kavruna Ayderdən dolmuş da gedir - saatını orada öyrene bilərsiz.Yuxarı Kavrunda qalacaq pansiyonlar, kafe var. Çadır da qura bilərsiniz. Pokut, Sal kimi yaylalardan fərqli olaraq Kavrunda ağac yoxdu, meşə axtarmayın:)Kavrundan 2-3 saata göllər bölgəsinə, 5 saata Kaçkar zirvəyə gedilir, amma təkbaşına ve yürüş təcrübəsi olmadan getməyin.Kavrundan geri qayıdıb yol ayrımından Ayderə deyil, sağa dönsəniz, o yol sizi Huser ve Avusora aparacaq. Təxminən 2-3 km sonra Avusor lövhəsini görəcəksiz, ona eks istiqametde davam eləsəniz, Huserə gedəcəksiniz. Huser, hava uyğundusa, Qara dənizin ən gözəl gün batımı mənzərəsinin olduğu yaylalardandı. Ancaq Qara dənizdə gördüyüm yaylalar içində - xüsusilə yağışlı havada - ən pis yolu olanlardandı. Hələlik pansiyon yoxdu, ona görə ya çadırla, ya da dönüşünüzü hesablayaraq gedin.Huserdən üst yoldan davam eləsəniz, Avusora keçə bilərsiniz.Huserə gündəlik turlarla da gedə bilərsiz – Ayderdən turlar var. 50-70 lirəyə bu turlara qatıla bilərsiz, amma Huser turunu soruşun.- Sualları nəzərə alıb yaylalar üçün bir neçə qeydi də eləyim.1) “Nə qədər büdcə” deyə soruşmaq hər zaman yanıldıcıdı, çünki çadırda qalanın ayrı, pansiyonda qalanın ayrı, oteldə qalanın ayrı, çadırda yeyənin ayrı, restoranda yeyənin ayrı büdcəsi var. Üstəlik, neçə gün qalmağınız, necə gəzməyiniz (maşınla, piyada ve s) tamamilə sizə qalmış məsələdi. Ortalama, amma rahat bir tətil üçün bir adamın bir gününü 300-350 lirə olaraq düşünün (maşın daxil).2) Qara dənizə gəlib “bulud dənizi görmədik”, “yağışlıydı” deyə bəyənməməzlik edənler nəzərə alsın ki, Türkiyənin en çox yağış alan yerlərindən birinə gəlirlər. Yüksəkliyi 2000 metrdən çox olan yerlərdə sizin deyil, təbiətin istədiyi olur. Yaylalarda sabah saat 5-6 kimi oyanmaq gözəllikləri görmə şansınızı xeyli artıra bilər. “Yatan cənnəti yuxusunda görür”:)3) Geyim olaraq ilk üç şərt – biləyə qədər bağlanan su keçirməz ayaqqabı, sırt çantası və yağmurluq. Bir- iki polar jaket, ən az bir neçə qısaqol mayka, şort, gün sayına 2 corab, su qabı, günəş kremi də olmazsa olmazlardı. Hava günəş açınca çox isti, duman gəlincə çox soyuq ola bilir.Yenə nə çox yazdım:)))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1614 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!