137 dəfə oxunub

Dünyada ruh şəhər tək Çernobıl deyilmiş

Dünyada ruh şəhər tək Çernobıl deyilmiş.

Yaxın oturun, son səfərimdən 1-2 kəlmə yazım. Dəvət əsasında oktyabrın 8-11-i arasında tanınmamış (daha doğrusu yalnız Türkiyə tərəfindən tanınmış) Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər etdim. Həmişə təyyarəyə minib ekonom sinfə keçəndə biznes klassda oturanların mənə ürək ağrıdıcı baxışlarını görüb, mən də bir gün burda oturacam deyə özümə təsəlli verirdim. Nəhayət o gün gəlib çıxdı, AZAL Miles-da olan Elite statusumdan istifadə edib ekonom sinif biletimi pulsuz biznes klasa dəyişdim. Bu dəyişiklə hava limanı içərisində yerişim, biznes lançda oturuşum da dəyişdi



Səfər haqqında yazmaq fikrim də dəyişməmiş keçək səfərə. Səfər proqramında Lefkoşa şəhərini gəzmək və 3 gecə Girne şəhərində gecələmək vardı. Onu deyim ki, Girne şəhəri Lefkoşaya nisbətən daha canlı, daha rəngarəngdir. Adada hərəkət sol istiqamətində olduğundan, bir neçə dəfə yol keçəndə qəzaya səbəb olacaqdım)). ŞKTC-ni maraqlı edən əsas xüsusiyyətlər, kazinoların leqal olması, demək olar ki, hər yerdə bitkoinlə ödəniş etmə imkanının olmasıdır.


Lakin məni adada özünə çəkən adanın ruh şəhəri olan Varoşa (türk adalılar oranı Kapalı Maraş adlandırır) oldu-zamanın dayandığı şəhər. Bu şəhər 1974-cü ilə qədər adanın Beyrutu, Miamisi adlandırılıb. Şəhər özəl bir ərazi kimi idarə olunub. Şəhərdəki otellərin, şirkətlərin, dükanların və digər obyektlərin demək olar ki hamısı yunanlar tərəfindən idarə olunub. 1974-cü ilin məlum hadisələrindən sonra türk əsgəri adaya çıxdıqda yunanlar şəhəri boşaldaraq cənuba doğru gediblər. Türklərin bu şəhərə girməsi beynəlxalq siyasətdə müəyyən etirazlara səbəb olduğu üçün şəhər o vaxtdan mülki insanların girişinə bağlanıb.


O vaxtdan bəri heç bir mülkə toxunulmayıb və bu vəziyyət 46 il davam edib. 2020-ci ildə şəhərin bəzi hissələri mülki insanların yalnız seyr etmək məqsədilə girişinə açılıb. Şəhərdəki bütün mülklər yunanlara məxsus olduğu üçün, şəhərdə hər hansı yaşayış, tikinti və s. əməliyyatlara icazə verilmir. Beləcə şəhər 50 ildən çoxdur ki, sakinsiz bir ruh şəhərdir, həm də ruh yaşı Çernobıldan (1986) böyükdür.



Şəhərin insanlar üçün açılışının maraqlı tarixçəsi var, istəsəz maraqlana bilərsiz və ya şərhdə istəyinizi bildirsəz izah edərəm. Ümumiyyətlə adanın tarixi haqqında bir çox məqalə oxuduğum üçün, bəzi məqamlar mənə çox maraqlı gəldi. Məncə ömürdə bir dəfə də olsa gedib gəzməyə dəyən yerdir.

Paylaşan: Ruslan Huseynov

DİGƏR BLOQLAR

Şəhər bələdçisi - Kopenhagen və Malmö

Salam əziz gəzəyənlər. İlk dəfə 6 ay bundan əvvəl, özümü sizə təqdim edib, Hamburg və Lübeck (Almaniya) səfərimi və həyəcanımı sizinlə bölüşmüşdüm. İndi isə, 5 günlük Copenhagen və Malmö (Danimarka və İsveç) səfərinə çıxdım.Artıq ikinci dəfə olacağı üçün nisbətən həyəcan və o ən sevdiyim, bilmədiyin yerlərə oyanan qorxu hissini daha az hiss etdim . Amma təbii ki bu dəfə "ilk"lərim olacaqdı və keçən dəfəki kimi layihə hesabına getmirdim ????. Bu ilklərdən biri Wizzair təcrübəsi oldu (köməyi üçün Vusal Ekberova xüsusi təşəkkürlər).Kutaisinin kiçik aeroportuna, Omnibus'larla səfərə start verdik.Həmişə yolçuluğa başladığımı və yad yerə gedəcəyimi, təyyarənin kəmərini bağladıqda hiss edirəm. Bu dəfə də, eyni o hisslə yola qoyulduq.Copenhagen aeroportuda digər təcrübəm kimi, eyni "avropa dəbində" idi, metro dayanacaqları isə çox modern və təmiz. Burda tanış olduğumuz Filippinli qadının dediyinə görə, yollarda avtomobillərdən çox velosipedlərə üstünlük verilirdi. Cash pul artıq yoxdur deyilə biləcək qədər az istifadə olunurdu.Kiçik danimarkalı evdə, şamlarımızı yandırıb HYGGE'ni (Danimarka da xoşbəxtlik simvolu) hiss etdik. Bununla birlikdə Chinese Dumplings bişirib yedik.Copenhagen sahillərindən, Şimal dənizinin dalğalarını dinləyə, rəngli və nostaljik binalarla gözlərinizi rənglərə doydura bilərsiniz.Bura həmdə velosiped ilə çox məhşurdur (xüsusi üsulları və qaydaları bilmədən velosiplə gəzməyə çıxmağınız məsləhət deyil ????).Bununla birlikdə, Copenhagendə, Christiania adlı bir yer mövcuddur. Bura "Freetown" adlanan 7.7 hektarlıq bir ərazidir. Açıq narkotik satışı ???? və azad həyatları ilə seçilirlər. Bu əraziyə nə polis nədə hökümət daxil olub təsir göstərə bilmir. Öz müstəqilliklərini elan ediblər və vurğulamaq istəyirəmki qurduqları çox fərqli bir formatdır.Malmö şəhəri isə, Copenhagendən 40 dəqiqə uzaqlıqdadır və (heç səs çıxarmayan) qatarlarla gedə bilərsiniz. Bu bir neçə saata gəzə biləcəyiniz kiçik şəhər, məni həqiqətən heyran etdi.Sahib olduğu böyük muzeyi (Təbiət, Elm və Tarixi) bitib tükənməyəcək qədər çox bilgi ilə doludur.Bununla birlikdə şəhərdə çox qeyri-adi tikilişi olan, 700 illik St. Peter kilsəsi yerləşir. İç dizaynı həm dəb-dəbəli həmdə çox sadədir (bilmirəm necə olur ????). Bu qeyriadilik həm kilsədə həmdə bütün şəhərdə əks olunub.Wizzair'lə sadəcə 1 bel çantası ilə çıxdığım bu 5 günlük yolçuluq mənə ölkəmdə keçirdiyim illərdən belə daha çox fayda və motivasiya bəxş etdi. 2 ölkə və 2 şəhəri 130 euroya gəzmiş oldum. İndi isə aeroportta oturub, evə qayıdış təyyarəmi gözləyirəm.İtməkdən, yolda qalmaqdan və s. çox şeylərdən qorxa bilərsiz. Eyni həyat qorxuları kimi. Ama yenə də yaşayırıq. Yenə də yol alırıq. Durmayın, gedib adını belə bilmədiyiniz yerlərdə gəzin və bu günlərin hər saniyəsinin zövqünü yaşayın. Həyat dayanmaq üçün çox qısadır! Hələlik. ????

1142 dəfə oxunub

Şimalın "Praqası" - Brügge

Brüggedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yazını oxumadan öncə istərdim ki, aşağıda yerləşdridiyim İn Brüges filminin soundtrackını açıb yazını elə oxuyasınız.[youtube https://www.youtube.com/watch?v=tW9SWTazdIU]Brüggeyə səyahətim əslində qarışıq hisslərlə başlamışdı və bütün səyahətim boyu bu təzadlı hisslər bir-birini əvəz etdi. Əvvəlcə çox həyəcanla işdən çıxıb hava limanına yollandım, çünki Brüggeyə gedirdim – İn Bruges filmində görüb aşiq olduğum və səyahət etməyi çox arzuladığım Brüggeyə. Hava limanına çatıb yoxlamadan keçdim, bir az Duty Freedə vaxt keçirib üz tutdum təyyarəyə minəcəyim qapıya. WizzAir bir çox hallarda etdiyi kimi, bu dəfə də heç bir ödəniş etmədiyim halda priority boarding vermişdi, buradan onlara xüsusi təşəkkürlər :) deməli təyyarə ilk minənlərdən olacaqdım və qapıda gözləməyəcəkdim. Uçuş saatı yaxınlaşdıqca Brüggeni tez bir zamanda görmək həyəcanı da artırdı. Gəldik təyyarəyə çatdıq, elə yerlərimizi təzə rahatlayıb, kəmərlərimizi bağlamışdıq ki, stüardessalar ilk “qəmli” xəbəri anons etdilər. Deməli uçuşumuz Almaniya üzərindən olacaqdı və anons edildi ki, Almaniyanın hava sahəsində “probka” olduğundan 1 saat gecikəcək uçuşumuz. Bir saat gecikmək o demək idi ki, hava limanından Chareleroi şəhər mərkəzinə normal avtobus tapmayacaqdım. Deməli ya taksi ilə getməli idim ya da xüsusi avtobuslarla və bunlar da nəzərə alınmayan əlavə xərclər idi. Ürəyimdəcə elə AzTV Almaniyaya nə edirsə düz edir deyib :D uçuşumun vaxtınız gözlədim. Nəhayət 1 saat sonra yola düşdük Brussels-Charleroi hava limanına. Buradan Brüggeyə getmək üçün müxtəlif varyantlar var avtobusla Charleroi-Sud dəmir yolunə gedib oradan dəmir yolu ilə Brüggeyə getmək və ya xüsusi avtobusla və ya taksi ilə Brussel mərkəzi dəmir yoluna gedib oradan dəmir yolu ilə Brüggeyə getmək ki, mənim etdiyim variant bu olmuşdu. Amma ən ucuz və rahat varyant www.flibco.com saytından Brussels-Charleroi hava limanından Bürggeyə birbaşa avtobusla bilet almaqdır. Bir tərəf üçün qiymət 17 avrodur əgər internetdən alsanız, yox bileti hava limanından alsanız bir tərəf üçün qiymət 21 avro olacaqdır.Əlqərəz əvvəl taksiylə (bu arada taksilər adam başına 15 avro alır) Brüssel dəmir yoluna, oradan da qatarla Brüggeyə gəlib çıxdım. Təbii ki, bütün yol boyü Brüggeni görmək həyəcanı məni rahat buraxmadı. Gəldim dəmir yolu vağzalının binasını tərk edən kimi 2-ci xəyal qırıqlığı ilə qarşılaşdım. Dəmir yolu vağzalının binası və ətraf ərazilər muasir görünüşlü idi, heç də İn Brüges kinosundakı yerə bənzəmirdi. Dəmir yolu vağzalında olan adamlardan şəhərin tarixi mərkəzinə necə gedəcəyimi soruşub yola düşdüm piyada mərkəzə doğru (hardasa 15 dəqiqəlik yoldur vağzaldan mərkəzə). Elə yolun yarısını getmişdim ki, o məşhur saat qülləsinin kəlləsini gördüm dumanlar içində. O ilk həyəcandan daha sərt bir həyəcan sardı içimi. Qülləyə yaxınaşdıqca tarixi mərkəzdə olduğumu hiss edirdim. Artıq qədim hissədə idim. Və ətrafım kiçik, şirin və tarixi evlərlər əhatə olunmuşdu. Evlərin üstündə tikildikləri illər qeyd olunmuşdu və əksəriyyəti 1500-1600-cü  illərdə tikilmişdi (ağımdan nə köhnə binadır deyib sökəsən?! fikri keçmədi deyil vallah :D ) Brüggenin kanalları və evləriBeləcə soraqlaşa-soraqlaşa, ağzım yarım metr açıq, qədim tarixi binalardan zövq ala-ala gəldim bron etdiyim hostelimə. Brügge kiçik yer olduğundan onsuz da elə çox hostel seçiminiz yoxdur, mən də saat qülləsinə 4-5 dəqiqə piyada məsafəsində olan Charlie Rockets hostelində 6 nəfərlik otaqda özümə yer bron etmişdim. İyun ayı üçün bir nəfərlik yerin qiyməti, bir gecə üçün 21 avro idi. Hostelin giriş mərtəbəsində bar yerləşir, istədiyiniz zaman ora enib məşhur Belçika pivələrinin dadına baxa bilərsiniz. Bu arada mən gedən zaman barmenlərdən biri Əmrah adlı bir türk idi, sağ olsun elə çatan kimi bir flaman pivəsinə qonaq etdi məni :) pivəmi içib Əmrahla bir az söhbət edib qalxdım otağıma sabah tezdən durub free walking tura qatılmalı idim.Səhər saat 10a 20 dəqiqə qalmışdan bir çox turist kimi mən də saat meydanının qabağında free walking turun başlayacağını gözləməyə başladım. Yarım saatın tamamında qərar gəldik ki, bu tur niyəsə təxirə salınıb. Onda backpackımı da çiynimə atıb özümü verdim Brüggenin küçələrinə və növbəti saat 14:30-da olacaq tura qatılmağa qərar verdim. Brüggenin şokolada bənzər evləriİlk öncə deyim ki, Brügge mənim indiyənə kimi gördüyüm ən romantik, ən gözəl, tamamilə bir nağıllar aləmi effekti verən şəhərdir. Evlər o qədər gözəl və şirindir ki, adam istəyir üzərinə Belçika şokoladı töküb yesin :) Şəhər kanallarla əhatələndiyindən Bürggeyə Şimalın Venesiyası deyirlər. Venesiyada olmamışam amma mən bura gözəlliyinə görə Şimalın Praqası deyərdim.Qısaca Brüggedə ne yeyib, içməli? sualını cavablandırım sonra keçək gəzməli yerlər siyahısna. Brüggeyə gəlib də 3 şeyin dadına baxmadan geri dönmək olmaz: belçika pivəsi, belçika vaflisi və  kartof qızartması. Bunların 3-nün də dadına baxmasanız deməyin ki, Brüggedə olmusunuz :) Belçika vaflisiİndi gələk gəzməli-görməli yerlər siyahısına. Brügge kiçik və kiçik olduğu qədər də möhtəşəm memarlığa sahib olduğundan, şəhərin demək olar ki, bütün yerləri gəzilib görülməlidir. Bütün binalar ayrı ayrı gözdən keçirilməli, incələnməlidir. Amma bununla birlikdə bəzi yerlər var ki, bunlar Brügenin olmazsa olmazlarındandır, ingilisler demiş must seedir. City HallŞəhərin ən mərkəzi hissəsi Markt meydanıdır. Meydanın mərkəzində duranda 4 bir tərəfinizdə o gözəl flaman evlərini görəcəksiniz. Bir tərəfdə isə məşhur Belfry və ya saat qülləsini görə bilərsiniz. Qülləyə dırmaşıb oradan bütün Brüggeni seyr edə bilərsiniz, hətta çox uzaq məsafədə olmayan yel dəyirmanlarını belə. Meydanda üzü saat qülləsinə doğru durub sola tərəf yolla getsəniz, Burg meydanına çatacaqsınız. Meydanda ən sağda daş hissələri qaralmış amma qızılı hissələri par-par parıldayan “Müqəddəs qan” (Holy Blood Church) kilsəsini görə bilərsiniz. Mən deyərdim ki, Brüggedə görməli olduğunuz yeganə kilsə məhz budur. Rəvayətə görə içəridə şüşə qabda İsa peyğəmbərin qanı saxlanılır. Kilisədən solda daha bir maraqlı memarlıq nümunəsi City Hall bizim dildə desək icra hakmiyyətinin binası yerləşir. Icra hakimiyyətinin binasının altından yol var kanala doğru. Küçənin adı “Kor uzunqulaq” küçəsidir. Bu küçə ilə davam etsəniz körpünün sonunda sağda kiçik qayıq dayanacağı görəcəksiniz. Burada adam başı 8 avro ödəməklə Brügge kanallarında kanal turu edə bilərsiniz. Qayıq dayanacağından azca irəlidə isə Brüggedə ən çox fotosu çəkilən yeri gör bilərsiniz. O məşhur İn Bruges filmində Kolin Farrell məhz buradakı otelin pəncərəsindən tullanır qayığa. Belfry və ya saat qülləsiƏn çox fotosu çəkilən yerdən cənub-qərb istiqamətində olan ana yolla davam etsəniz qotik üslubda tikilmiş möhtəşəm Məryəm Ana Kilsəsinə (Our Lady Church) çatacaqsınız. Kilsə 13, 14, 15ci əsrlərdə tikilib hündürlüyü 122 metrdir və dünyada 2ci ən hündür kərpic tikili ünvanını qoruyur. Kilsənin içində məşhur italyan rəssam və heykəltaraşı Mikelanceloun “Madonna və uşaq” heykəlini də görmək olar.Kilsədən kanal boyu cənub istiqamətində gələsəniz Begijnhof monastrı ilə qarşılaşacaqsınız. Monastrın həyətı başdan-başa yaşıllığa bürünüb və bütün binalar ağ rəngə boyanıb. Bu 2 rəngin qarışması xüsusi bir gözəllik verir monastra. Monastrın içinə girsəniz içəridə ibadət edən çox yaşlı, beli bükülmüş rahibələri görə bilərsiniz. Rahibələri təsvir etmək üçün orada olan zaman bir türk qrupunu gəzdirən bələdçidən eşitdiyim sözləri yazım siz özünüz qərar verin: Kendilerini böyle adamışlar Allaha, ev yok, çoluk yok, cocuk yok, eş yok” yəqin təxmini təsəvvür etdiniz :D Monastr yalnız qadınlar üçündür axşam saat 7də qapıları bağlanır və o qapıların arxasında nələrin baş verdiyindən heç kimin xəbəri olmur. Begijnhof monastrıBələdçimizin dediyinə görə monastr ərazisi qorunan müqəddəs məkandır. Dediyinə görə kim cinayət edib monastrın ərazisinə daxil olsa, polis onu oradan aparıb həbs edə bilmir, mən də bələdçimizin yalançısıyam :) Monastrın çölündəki kanalın sahilində isə Brüggünin ən çox qu quşları toplaşdığı ərazi dayanır. Burada sayısız hesabsız qu quşu və ördək görə, istəsəniz selfie çəkdirə bilərsiniz :) Buradan kanal boyu davam etdikdə qarşınıza Minnewater gölü çıxacaqdır, gölün içində az sayda olsa da quşları üzür, ətrafı yaşıllıqlarla əhatələnib və çox gözəl mənzərəsi var. Adamın lap otluğa uzanıb kitab oxumağı gəlir. Minnewater gölüŞəhərin əsas görülməli yerləri bunlardır. Bundan başqa mərkəzdən azacıq kənarda olan Yel Dəyirmanlar ilə məşhur parkına da baş çəkməkdə fayda vardır, şəhər mərkəzindən hardasa 15-20 dəqiqəlik piyada yoldur. Yol sizə uzun gələ bilər ama Brüggenin o şirin, şokolada bənzəyən evlərinə baxa-baxa irəliləsəniz vaxtın necə keçdiyini heç hiss etməyəcəksiniz. Brüggeyə getsəniz sadəcə turist xəritələrində göstərilən turistik məkanlara baş çəkməklə kifayətlənmiyin. Şəhərdəki hər bir binanın, hər bir evin, hər bir küçənin özünə məxsus gözəlliyi, tarixi və hekayəsi var. Əsas 4-5 turistik mıkanları gördükdən sonra alın pivənizi, vaflinizi əlinizə, özünüzü verin Brüggenin küçələrinə. Getmişkən 1 tam gününüzü ayıraraq şəhəri doya-doya gəzmənizi tövsiyyə edirəm. Sevimli BrüggeSevimli Brüggem haqqında bu qədər. Yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sayyeah Blog

1677 dəfə oxunub

Malta bələdçisi

Bu həftə 3 aydır yaşadığım Maltada son həftəmdir. Bu bapbalaca ada ölkə məndə hansı izlər buraxıb, nələr yaşadıb biraz bunlar haqqında danışım dedim. Əvvəlcə ondan başlayım ki, Bakıdan tam 7 dəfə balaca bir ÖLKƏdən söhbət gedir????. Mənim üçün həmişə məsafə ölçü vahidi evimizdən harasa qədər olan məsafə kimi hesablanıb (Qrinviç misalı) deyə, sizə də elə izah edəcəm ????. Hətta buna görə bir yaxınıma Vatikanı gəzdirəndə, "Vasmoy" boyda olduğunu deyəndə ona balaca bir cultural shock yaşatmışdım ???? Adanın uzunluğu 27 km -yəni bizim evdən Airporta qədər, Eni isə 14.5 km - yəni bizim evdən Neftçilər metrostansiyasına qədərdir. ????????????‍♀️Yəni söhbət bu qədər balaca bir ölkədən gedir təsəvvür edin. Bununla belə Paytaxtı, hələ utanmadan 5-10 şəhəri də var ????Ölkənin 2 rəsmi dili var, Maltese və İngilis dili. İngilis dili öncəlik olduğu üçün, bura köçən miqrantlar tez bir zamanda iş tapa bilirlər. Demək olar bütün şirkətlərdə rəsmi danışıqlar, görüşlər, yazışmalar yalnız ingiliscə həyata keçirilir.İlk baxışdan (airportdan şəhərə gələndə olan ilk təəssürat) sizə kasıb ərəb ölkəsini xatırlatsa da bir müddət sonra özünüzü restoranlarına görə Romada, dənizinə görə Maldivdə, böyük industrial şirkətlərinə görə Almaniyada, balıqçı kəndlərinə görə isə Manarolada hiss edə bilərsiniz.Bəzi şəhərlərini ayırmağa çalışdım. Başlayaq Paytaxt Vallettadan. (Paytaxt deyəndə ki, elə böyük bir şey fikirləşməyin, dünyanın ən balaca paytaxt şəhəridir (0.8 kv km), Bakıda hansısa mikrorayonla müqayisə etməyimə ehtiyac yoxdu yəgin ???? ). Şəhər daima (ən azı bütün yay boyunca) insanlarla dolub daşır. Bütün restoranlar, mağazalar, turistik yerlər, hətta skamyalar belə insanlarla dolu olur. Maraqlı etnik butiklərdən tut, luxury brendlərə qədər bir çox məkana bu balaca paytaxtçikdə rast gələ bilərsiniz. Yadımdan çıxmamış deyim ki, bu balaca ölkənin xeyli hadisəli, qanlı savaşları, tarixi var. (Sultan Süleymanın ordusuna qalib gəliblər məsələn). Buna görə də bir çox yerdə heykəllər, silah və toplar, qalalara rast gələ bilərsiniz. Düzdü indi o qalalar daha çox paraşütlə tullanmaq üçün nəzərdə tutulur, amma nəysə????????‍♀️). Şəhərin əsas ictimai nəqliyyat vasitəsi Avtobus və Taxilərdi (bir çox Avropa ölkələrindən ucuzdu taxiləri). Bundan əlavə şəhərdə çox tez tez Velosiped, Samokat kirayələri üçün avtomatlara rast gəlinir. Avtobus deyib keçməyin, yayda 1 gediş 2 Euro (Bakıda bu pulla mən bizim evdən Port Bakuya gedirəm taxi ilə ????????‍♀️), digər fəsillərdə isə 1.5euro dur.Ölkəylə bağlı başqa maraqlı faktor isə demək olar şəhərin istənilən tərəfindən dənizə girə bilərsiniz, oranın plyaj və ya avtobus dayanacağı olmasından asılı olmayaraq, hər yerdən insanlar dənizə girir, günəşlənirlər.Başqa bir xüsusiyyəti bir çox başqa Avropa ölkələrindən daha qaynar gecə həyatı var. Məncə bunun ən böyük səbəbi çoxlu dil kurslarına və exchange proqramları ilə gələn tələbələrdi. Klublar, beach party və gecə həyatı üçün Pacheville ə üz tuturlar.Maltanı bu qədər böyük və geniş (????) edən ünsürlərindən biri də adalarıdır. Gozo adlı böyük (nə qədər böyük ola bilər axı ????) və Comino tipli bir neçə balaca adaları var. Dünyanın ən təmiz və ən mavi dənizləri sırasında olan Blue Lagoonu nə qədər yazıb pozsam, 1cə faizini belə izah edə bilmərəm, inanın. ????Bu ada (bundan sonra balaca adlandırmayım məncə, ayıb oldu bu qədəri ????????) həmçinin bir çox Hollivud və başqa filmlərə də ev sahibliyi edib. Çox məşhur Game of Thronesin də bir çox səhnələri burda çəkilib. Uşaqlıqdan tanıdığınız (və ya tanımadığınız) Popeye (Temel Reis) kinosu da burada çəkilib, hətta bu adda kəndləri də var. Hansı ki, həmin filmdə istifadə olunan əşyalar, dekorlar həmçinin başqa maraqlı personajları bu kənddə görə bilərsiniz (girişi 20 euro ətrafındadır)Birkirkara şəhəri isə əslində heç məşhur yer deyil, sadəcə yaşadığım yerdi deyə yerləşdirmişəm. Bir də onu da deməmiş keçməyim, ildə 20 dən artıq dövlət bayramları var. Bundan əlavə olaraq hər qəsəbənin öz bayramları, tədbirləri çox tez tez və olduqca rəngli olur.Digər çox rəngli və çox gözəl şəhərlərindən biri də Marsaxlokk-dur. Bu şəhər bapbalaca bir balıqçı kəndidir. Yəni bu gördüyünüz rəngli lotkalar heç də turistlər üçün dekor deyil, doğrudan onların istifadə etdiyi qayıqlardı.Hər bazar günü açıq yarmarkalar təşkil olunur və müxtəlif bu şəhərə aid əşyalar, xüsusilə də dənizdən tutulmuş balıqlar, vosminoqlar və başqa dəniz məhsulları burda satılır. Həmçinin sahilboyunca birbirinin ardınca düzülmüş restoranlarda günün xüsusi fresh balığını və başqa menyu seçimləri ilə çox uyğun qiymətə nahar etmək olar (adam başı 20-25 euro).Başqa şəhərləri haqqında sizi yoran məlumatlardansa yığıb, yazdığım ümumi bəzi faktlar bunlardır:✅ Yaşıllıq yox deyiləcək qədər azdır, olanların da 70%i kaktuslardı.✅ Nəqliyyat sol tərəfdən irəliləyir, təzə vaxtlarda maşına baxanda, bunun sürücüsü hanı, ya da adam niyə rulu tutmur deyə mini infarktlar keçirirdim✅ Bu qədər balaca və son vaxtlar populyarlaşmasına baxmayaraq ilk insanlıq məskənlərindən sayılır, o dərəcə ki, Misir piramidalarından daha qədim abidələri var✅ Bu qədər bapbalaca olması ilə bərabər 360 dan çox kilsələri var✅ Ənənəvi musiqisi Ghana adlanır, gitara ilə qarşılıqlı bədahətən deyişmə şəklində həyata keçirirlər. (Battle rap, meyxana tərzli)✅ Çox maraqlı, və qulağa fərqli gələn dilləri var. İtalyan və Ərəb dillərinin qarışığını təsəvvür edin, etdiz?) İtaliyaya çox yaxın, həmçinin bir müddət ərəblərin əsarətlərində olduğu üçün dil bunların qarışığı olan afro-asiya dil qrupuna aiddir.✅ Bu sırf öz müşahidəmdir, hansısa bir fakta əsaslanmır, amma məncə Avropanın nisbət olaraq ən çox gözəllik salonları yerləşən ölkəsidir. Bəlkə də addımbaşı qadın gözəllik salonlarına rast gəlmək mümkündür burda.✅ Adada çoxlu pişiklər yaşayır, o dərəcə ki, çoxu zaman söz gəlişi "pişiklər adası" belə adlandırılır. Mənim kimi aylurofobiyası olanlar üçün bir az qəliz məsələdir)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Sani

1080 dəfə oxunub

Ecazkar Bali

Balidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Zümrüd rəngli düyü terrasları, möhtəşəm qoxulu qərənfil və darçın ağaclarından ibarət tropik meşələr, insanı rahatladan musiqilər, yerli rəqslər, sənət, rituallar, sirli məbədlər və möhtəşəm mədəniyyəti ilə xəyallar adasıdır Bali. Səyahəti sevirsinizsə və səyahət barədə düşünərkən ürək ritminiz dəyişirsə dünyada ən çox səyyahın məskunlaşdığı bu cənnət adaya getdikdən sonra qayıtmaq istəməyəcəksiz.Xoş xəbər verim, növbəti ilin iyul ayından THY İstanbuldan Baliyə birbaşa reys açacaq. Bali adası çox böyük bir ada deyil, adanın ətrafında 360 dərəcə tur atmaq üçün yarım gün yetərlidir. Lakin adanın daxili o qədər zəngindir ki, bəlkə də bir ay burada gəzdikdən sonra adanı tam gəzdim demək olmur. Adanı tam yaşamaq üçün səyahət dövründə 1 yerdə deyil, adanın muxtəlif bölgələrində qalmaq lazımdır. Adanın 360 dərəcə sahilləri yerlilər və turistlər üçün açıqdır. Bütün otellərin əraziləri dəmiz qumunun başladığı hissəyə qədərdir. Ən bahalı otel belə olsa ərazisindən sahilə keçid üçün mütləq yol ayırmalıdır. 1970-ci illərində əvvəlində Balidə 10 mərtəbəli otel tikilmiş, bundan sonra adanın görünüşünü itirdiyi üçün uca mərtəbəli binaların tikintisinə qadağa qoyulmuş və bina hündürlüyünə “adadakı ən böyük palma ağacından hündür ola bilməz” şərti gətirilmişdir.Kuta bölgəsi buranın ən səs-küylü, əyləncəli və çirkli, Nusa Dua sakit və müasir otellərin yerləşdiyi, Ubud möhtəşəm təbiətin olduğu ərazilərdir. İndoneziya müsəlman ölkəsi olmasına baxmayaraq Bali adasının 90%i induizmə sitayiş edir. Bali tropik adadır, ilin bütün aylarında istilik 25-35 dərəcə altında dəyişir, yağış və quru sezonları vardır. Martdan oktyabra qədər quru sezon, noyabr-mart arası isə yağışlı sezon sayılır. 1 saat içində həm musson yağışına düşə, həm də 35 dərəcə istilikdə günəş şüalarından yana bilə bilərsiniz. Sezondan asılı olmayaraq yağışlar adətən gecə saatlarında yağır. Adada 10-50 dollar aralığında avtomobil kirayə götürə bilərsiniz. 5-10 dollar isə sığorta haqqı ödəmək lazımdır. Sükan sağ tərəfdədir və yollarda tıxac çoxdur, ona görə avtomobil kirayə götürməyi məsləhət görmürəm. Həddən artıq moto istifadəçisi var. Moto kirayəsi və benzin çox ucuz olduğundan təcrübəsiz adamlar həvəslənib moto kirayəyə götürürlər və buna görə tez-tez qəzalar baş verir. Yolda polislər saxladıqda bir miqdar pula alıb buraxırlar, cərimələnmə prosesi və ödəniş çox qarışıqdır.Otellər çox sərfəlidir, yemək ucuzdur, düyüdən demək olar bütün yeməklərdə istifadə edilir, çörəklər düyüdən hazırlanır, lakin yerlilər demək olar çörək yemir. Düyüdən hazırladıqları yerli içki olan “araq”ı  oteldən kənarda içməyin. Ubud bölgəsində olduğunuz zaman möhtəşəm mənzərəsi və çox ucuz qiymətləri olan “İndus” restoranına mütləq gedin. Adada dağlıq hissələr bəzən çox sərin olur, nəm daima yüksəkdir, məbədləri ziyarət edərkən kişilərdə şortik, qadınlarda qısa yubka geyinməsini yaxşı qarşılamırlar, bunun üçün bütün məbədlərin girişində bağlamaq üçün xüsusi parça (sarong) verilir. Aeroportda düşdükdən sonra bütün qarşılaşdığınız yerli sakinlər gülürlər, aqressiv insan tapmaq çətindir, taksilər turistlərdən artıq pul almaq istəsələr də gəzdiyim ölkələr arasında ən möhtəşəm yerli xalqı Balidə görmüşəm. 2 dəfə dəyərli əşyalarımı itirmişəm və hər ikisində qaldığım oteli tapı geri qaytarıblar. Çətin ki, bir daha hansısa ölkədə belə halla qarşılaşım. Pul vahidləri rupidir. 100 dollar 1.4 milyon rupidir. Milyonçu olmaq istəyirsinizsə ada sizin yolunuzu gözləyir.  Saatları bizim ölkəmizdən 5 saat irəlidədir.Günəş tez çıxıb tez də batır. Gedərkən hər hansı vaksin və ya iynə vurmağa ehtiyac yoxdur. Bizim ölkə üçün 1 ay vizasız səyahət verir. 80 dollar ödəyib 1 ay da əlavə qalmaq olur. İl ərzində istənilən qədər çıxış-giriş etmək olur. Dünyada ən çox səyyah Bali adasında məskunlaşıb, ona görə buraya səyyahlar adası da deyilir. Yollar, küçələr günün istənilən saatında təhlükəsizdir. Avtobuslar demək olar ki, istifadə edilmir. “Uluwatu” məbədinə mütləq gedin, orada gördüyüm mənzərənin təsirindən hələ də çıxa bilmirəm. Çimərliklərin sayı hesabı yoxdur, hər biri digərindən gözəldir. Dünyada ən ucuz və ən keyfiyyətli masaj Balidədir. Bütün kəndlərdə və sahillərdə masaj yerləri vardır. Bali haqqında günlərlə yaza bilərəm, hətta növbəti səfərimdə 1 aydan çox orada qalıb ada haqqında kitab yazmaq fikrindəyəm. Bir gün əlinizə şans düşəcəksə bu adaya mütləq gedin. Bali həyatınızda silinməz bir iz qoyacaqdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1345 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!