1546 dəfə oxunub

Cənubi Amerika səfəri - Argentina, Peru, Boliviya, Çili

ÜRƏYİ ZƏİF OLANLAR OXUMASIN. ????

Bu dəfə həyatımın planlaşdırılmamış ən maraqlı səyahətini yaşadım. 6 ildən sonra rəngarəng Cənubi Amerikaya qayıdıb, materikin 5 möhtəşəm nöqtəsinə dəydim. 35 günlük dəli səfəri Buenos Airesdə başlayıb, elə orada da bitirdik. BA-də Recoleta qəbiristanlığı, La Boca ərazisi və yatmayan gecə həyatının olduğu Palermoda olduq. Daha sonra Mendoza şəhərinə və dağlara üz tutduq. Argentinaya gəlməkdə əsas məqsədimiz qitənin ən hündür nöqtəsi olan Akonkaquanın (6961m) zirvəsində dayanmaq idi. Normalda 12-14 gün çəkən proqramı 9 günə tamamlayıb, qardaşımla Azərbaycan Milli Geyimlərində zirvədə dayandıq. Hələ qayıdanda bonus kimi Rusiyalı əfsanəvi alpinist Viktor Boboku da gördük.

53795338_10218950502021817_7023798136430657536_n
Sivilizasiyaya qayıtdıq. Mendozanın tanınmış Merlot Çaxırının və yerli brend steyk və qrillərinin dadına baxdıq. Pasportumuza Akonkaqua ştampı vurdurduq.
Oradan Çiliyə yollandım. Santyaqo, Vine del Mar, Vakparaisio şəhərlərini gəzib, Lonely Planetin məsləhət gördüyü 3 kafe/restorana baş çəkdik. Yerli Ceviche-nin və Meksikadan bəri dadı ağzımda qalan Miçeladanın dadına təkrar baxdım.
Növbəti stansiya Peru idi. Limanı gəzib, İnkaların tarixi mərkəzi olan Cuscoya yollandıq. Bu şəhərdə yəqinki rahat, sıxılmadan 2 həftə qala bilərəm. Sakit, tarixi, rəngarəng, ruhlu 1 şəhərdir. 3 gün burada qaldıq. Günlərin birini şəhərə, birini ATVlərlə ətrafdakı maraqlı abidələrə səfərə, birini isə Dünyanın 7 Möcüzəsindən biri - Maçu Pikçuya ayırdıq. O dövrün insanlarının primitiv texnikalarla belə hündürlükdə yaratdıqları yaşayış məskəninə valeh olmamaq mümkün deyil. Maçu Pikçu dağlar arasında, dağlar başında 1 şəkildir, otur saatlarla bax.

53611001_10218950492661583_4552331017800646656_o
Növbəti dayanacağımız dünyanın ən hündür (3810m) gölü olan Titikakanın Peru sahilindəki Puno şəhəri oldu. Buradan qayıq götürüb, gölün ortalarında yer alan, üzən Uros adalarına yollandıq. Bu insanlar əsrlərlə bu adalarda yaşayıb, yaşayır. Bu adaların saxlanılması ciddi əziyyət tələb edir. Belə ki, bu üzən adaların bazisini saxlamaq üçün sakinlər hər 15 gündən 1 altdakı (dərinə gedib, suya batırlar) qamış qatlarını təzələyirlər. Düşünün bu insanlar bu işi əsrlərlə 15 gündən 1 təkrarlayıblar. Amma yerlilərlə söhbətdən bu nəticəyə gəlinir ki, artıq gənclər burada yaşamaq istəmir və sahillərə, torpağa üz tuturlar. Odur ki, 15-20 il sonra bu adalar ümumiyyətlə tarixə qovuşa bilər. Buralara səyahət planlayırsınızsa, tələsin!  Peruda ən çox sevdiyim tərəflərdən biri də tropik meyvələr idi. Hərgün Marakuya yeməkdən bomba nə ola bilər?! ????
Punodan Boliviya sərhəddində tez bazar viza alıb, (100 dollar, heşzat) keçdik Titikakanın digər sahilindəki Kopakabana şəhərinə. Bura da kiçik, maraqlı və ucuz bir şəhərdir. Ümumiyyətlə Boliviya ucuzdur. Bu günlərdə mənim üçün yadda qalan hadisə Titikaka gölündə buz kimi suda qardaşımla çimməyimiz oldu. Dedik, bir də nə vaxt Titikaka görəcik. ????

53557096_10218950498061718_3389696350164615168_n
Oradan ölkənin paytaxtı və dünyanın ən hündür paytaxtı olan La Paza (3600m) gəldik. Şəhərin çox maraqlı quruluşu var. Mərkəz çökəkdə yerləşir. Hər tərəfi isə üstləri favellalarla örtülü dağlar əhatə edir. Bu şəhərdə həm də dünyanın ən hündür Cable yolu yerləşir. Minəndə istər-istəməz hündürlükdə insanı vahimə basır. ????
La Pazdan cənuba - Uyuniyə gəldik. Cənubi Amerikanın ən "must see" yerlərindən biri - Uyuni Gölü burada yerləşir. Günün birini bu göldə keçirib, gün batımında şaqqaşaq dəli şəkillər çəkdirdik. Unudulmaz bir gün oldu. Uyunidən cənub sərhəddə gəlib, Villazondan Argentinaya keçdik. Oradan Argentinanın digər maraqlı, tarixi şəhəri olan Saltaya gəldik. Şəhəri yüngülvari gəzib, növbəti həyəcanlı nöqtəyə - İquazu şəlaləsinə tərəf uçduq. Bu gözəllik dünyada görülməli 5-6 şəlalədən biridir. Hava limanında maşın kirayələyib, Milli Parka daxil olduq. Yaxşı bir Speed Boat turu ilə şəlalənin altına girib, yaxşıca çimdik (burada hansısa şampun brendinin reklamı ola bilərdi). İquazu Milli Parkının fərqli Flora və Faunası var. Qarşınıza timsah çıxsa təəccüblənməyin. Sadəcə qoyun belinə! ????

53783974_10218950489981516_7724795721794191360_o
Buralara gəlməyi planlasanız, elə minimum 1 gün bu Milli Parkı tam gəzməyə ayırın.
Buradan isə Buenos Airesə uçduq. Səfərin son günü Boca Juniorsun tarixi "La Bombonera" stadionuna gedib, bu klubun və ölkənin tarixi futbolçuları olan Batistuta və Veronun adlarını klubun original formalarına yazdırıb, aldıq. 

Ümumi müddət: 35 gün
Gəzilən ölkə sayı: 4
Ümumi xərclər: Heşzat. Nə siz soruşun. Nə mən deyim. İpucu o ola bilər ki, gedəndə evi satmışdım. ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Baba Aghayev

DİGƏR BLOQLAR

İnqilab və rəqsin ölkəsi - Kuba

Bir ölkəyə azadlıq gətirməklə iş bitmir.Kuba bir çoxumuz üçün uşaqlığımızın simvoludur. Niyə? Çünki uşaqlığımızın keçdiyi kommunizm, nostalgiya, onda hər şey yaxşı idi xəyalları. Biz də məhz bunu bir daha görmək üçün Kubaya getdik.Getdik və... Şoka düşdük. İlk şok aeroportdan başladı. Sərhəd xidməti rahat yoxlayır, amma təyyarədə 3 növdə deklarasiya doldurursan. Sadə vətəndaş pasportu ilə bir də tarjeta de turista almalısan, bir növ vizadır. Bizə onu zorla Bogota aeroportunda minik zamanı satdılar, halbuki bizim pasportlarla lazım deyildi.Aeroportda pul dəyişməli idik. Sən demə Kubaya dollar aparmaq sərfəli deyil, ümumiyyətlə bu ölkədə turist ikinci sort varlıqdır. Onu hərtərəfli soymayana söyüş qoyulub. Yerlilər adi peso, turistlər isə konvertasiya olunan peso, yəni CUC işlətməlidir. Yerli pesonu turistə satmırlar. 100 dollar hardasa 95 cuc-dur, ondan da 12 faiz vergi tuturlar. Əlinə alırsan 85 cuc kimi bir şey.Aeroportdan çıxıb taksiləri görəndə elə bil 1992-ci ilin Naxçıvanına gəldim. Bildiyimiz sovet maşınları elə sovet dövründən qalma və ya Çin istehsallı adını bilmədiyim avtolar. Birinə mindik. Qiymət tənzimləyici yoxdur, mərkəz daxil hara istəsən fix 25 CUC. Sürücümüz çox söhbətcil idi, dedi ki, burada ölkəyə avtomobil gətirmək işinə ancaq dövlət baxır, istədiyi qiyməti qoyur, yəni babat monopoliyadır. Ümumiyyətlə Kubada hər şey dövlət monopoliyasındadır, ona görə də kim necə bilir qazanır. Sonra dedi ki, Kubada yaxşı yaşayan ancaq məmurlar, manıslar və idmançılardır. Bizim ölkəni o dəqiqə tanıdı. Boksa görə.Otelimiz 4 ulduzlu idi, amma ona 4 ulduzlu deməyə 28 şahid lazımdır. Baxımsız, son dəfə tikiləndən sonra remont olunan, iyrənc, köhnə, sınıq salxaq. Həmən qaçdıq ordan və gəldik şəhərə.Şəhərdə bir restoran var. Orda Heminquey yeyirmiş. Ən məşhur yer oradır. Mərkəz pis deyil, amma hər yerdə kasıb insanlar, bahalı restoranlar, qəribə kontrast. Bir kuba ailəsinin evini tutduq. Bizi ora təsadüfən o anda əlində müştəri olan bir bərbər apardı. Müştəri elə yarımqırxıq başla qaldı, çünki bizi aparan oğlan ev sahibləri ilə yarım saat da hansısa oyuna baxdı tv-də...Gəldik bir ailənin evinə. Əslində əla oldu. Əsl Kuba həyatı da gördük. Ev sahibləri səhərdən axşamadək alt paltarında tv izləyən yaşlı kişi və onun hər şeyi (özü də daxil olmaqla) idarə edən arvadı bizi mehribancasına qarşıladılar. Bizə verəcəkləri otağı izah edərkən qadın iki daşın arasında telefonunda bütün sülaləsinin şəkillərini mənə göstərdi. Dedi ki, oğlu Barselonada yaşayır. Bir sevgilisi varmış norveçli, indi ayrılıblar, qız əclafın biri imiş. Qızı da ərdədir, Çiliyə köçüb.Bu arada, deyim ki, Havanada hələ də demək olar ki, heç bir evdə su xətti yoxdur. Suyu hər axşam xüsusi maşınlarla gətirib evlərin ümumi anbarına vururlar.Əşyalarımızı yerləşdirib yaxındakı restorana getdik. Restoran çox fərqlidir. Mağazalarda görməyəcəyiniz məhsullar təqdim olunur. Deyirlər ki, onları fərqli yerlərdən və baha qiymətə alırlar. Qeyd edim ki, kubalılar mal və xüsusən qoyun ətini çox sevirlər. Ortalama qoyun ətimdən olan və çox populyar "ropa de vieja" yəni, bizim dildə desək köhnə paltar adlı ət yeməyi çox məşhurdur. Didiklənmiş və öz suyunda bişmiş qoyun əti, yanında düyü və yaşıl mərcimək və ya qara lobya. Qiyməti 8-9 cucdir. Yəni hardasa 10 dollar. Məlumat üçün deyim ki, orta kubalının əməkhaqqı 40 dollar civarındadır. Ümumiyyətlə, yeməkləri çox dadlıdır. Kolumbiyada mən heç sevmədim yeməkləri, amma Kubada superdir. Xidmət personalı çox mehribandır və demək olar ki, mərkəzdəki hər bir babat restoranda canlı musiqi var. Kofe isə ayrı aləmdir. Pivə adidir. Yaxşı və maraqlı kokteylləri var.Şəhər kasıb olsa da milçək və ağcaqanad demək olar ki yoxdur. Axşamlar sərin olur, dənizlə bağlıdır bu yəqin.Kubalılar çox səsli-küylüdürlər. Yüksək səslə musiqi qoyub evlərinin qapısına çıxır, orda oturub söhbət edir, rəqs edirlər. Hətta bir maraqlı hadisə danışım. Bir axşam aşağı mərtəbədəki evdə yenə yüksək səslə musiqi səslənirdi. Biz də yuxarıda, eyvanda oturmuşduq. Birdən üzbəüz binadakı eyvana hirslə, əlində tv pultu ilə bir qoca çıxdı. Elə ağzını açdı ki aşağıdakıları söysün, bu dəmdə musiqi sədaları altında rəqs edən balaca qızı gördü. Kişi bir anda yumşaldı, pultu qoyub ona əl çalmağa və alqışlamağa başladı.Kubalılar başları dik gəzir. Bilirsiz niyə? Çünki ölkədə internet yox kimi bir şeydir. İnternet üçün kart almalısan, evdə dial-up ilə qoşulursan. 30 saatı 10 dollardır. Elə bu səbəbdən hamı real yaşayır, uşaqlar yarımlüt küçələrdə oynayır, qadınlar söhbət edir, kişilər də onlar kimi.Kolumbiyadan fərqli olaraq kubalılar qırsaqqız deyillər. Sənə kömək edərlər, əvəzində balaca bir bəxşiş istəyirlər. Yəni sən yaxınlaşmasan, sənə yapışan yoxdur.İnsanlarından söz düşmüşkən, qızları da, oğlanları da çox yaraşıqlıdırlar. Peru və ya çilililər kimi dıbır və formasız deyillər. Əksinə, avropoid irqi ilə qarışanları çoxdur deyəsən, sarışın mulatlar çoxdur. Bax o seriallarda baxıb ispan qızı hesab etdikləriniz elə məhz kubalı, venesuelalı və argentinalılardır. Qızları elə formalıdır ki, hətta mən belə ağzıaçıq baxırdım. Bir problemləri var, o da azca qarınları var. Amma bu onlarda gözəllik sayılır. Hətta gömrük, polis kimi işlərdə çalışan qızlar çox qısa yubkaların altından bizim şit hesab etdiyimiz tor corablar geyinir və bu normaldır.Nə edək, gəlsin Kuba səyahətinin son hissəsi. Sonra bir də həvəsim olsa sizə Kolumbiyadan bir dənə də yol xatirəsi yazaram.Kuba demişkən, necə ola bilər ki, Fidel Kastro və Çe Gevaradan danışmayaq?Kubada bu iki şəxsi kult dərəcəsinə çatdırıblar. Amma əslində kubalılar onları dilənçi kökünə salıb dünyadan təcrid edən bu iki qəhrəmanı elə də sevmirlər. Hamı yavaşca, aşkarca şikayət edir. Necə etməsinlər?Mən jurnalistəm, ispanca da bilirəm. İmkan olan hər yerdə yerlilərlə söhbət etməyi, müşahidəni sevirəm. Sizə bir məqam danışım, daha aydın anlayacaqsız. Şəhərin mərkəzində, hətta bus tour-un da xəritəsinə düşən bir ticarət mərkəzinə də getdik. Dedik həm baxaq, həm də içindəki marketə girib su alaq. Market deyirəm ee sizə. Yaşı 35-dən yuxarı olanlar, 1988-1997-ci illərin kənd mağazalarını xatırlayırsız? Bəs assortimenti? İki cüt bir tək seçimi? Elə həmin vəziyyətdir. Piştaxtalar boşaraq, 1-2 adda və keyfiyyəti şübhə doğuran mallar, bədbin alıcılar, satıcılar... Biz kassaya əlimizdə su ilə yaxınlaşanda bizdən əvvəlki xanım aldıqlarını kassaya vurdururdu. İçində hardasa 60 pesoluq (2 dollar təxminən) bir ketçup vardı. Kassir onu vuranda elə ifadə ilə baxdı ki, sanki qadın 4 dənə Cartier saat, 6 Tiffany üzük almışdı. Kubalılar belə şeylər almır.Ölkənin əsas gəlirlərindən biri tütün istehsalıdır. Kuba sigarları dünyada məşhurdur və ucuz da sayılmaz. Amma mərkəzdə yerləşən fabrikə sanki bir həftə əvvəl bomba düşüb. İşçilər hazır məhsulu oğurlayıb ara küçələrdə satır. Açıq yox, məhlədə dururlar, yaxınlaşırsan istənilən adama və deyirsən ki tabak almaq istəyirsən. Səni dar, kasıblıq və çirkab yağan bloka salıb pilləkəkənlərlə harasa aparırlar. Bu arada, Kuba tam təhlükəsizdir, ürəklə gedə bilərsiz. Sonra sizə mağazalarda dənəsi 10 dollar olan siqarları yarı qiymətinə satırlar. Üstünə də aksiz, keyfiyyət nişanı vururlar. Vəssalam. Qiymət danışa bilərsiz.Havana yarımuçuq binalardan ibarətdir. İndiki hakimiyyət 1952-də inqilab edib və ondan sonra da ancaq cibinə işləyib. Bunu sizə açıq deyirəm. Hamıya qəhrəman kimi sırınan Çe Gevara isə ən adi quldur və başkəsən olub. Bunu da orda adi insanlar deyirdi. Haqqında da oxuya bilərsiz. Bu gün dünyanın hər yerində, xüsusən Mayamidə bütöv köçmüş nəsillər var. Və bu axın davam edir.Havana turizm üçün ağlayır. Möhtəşəm dəniz çimərlikləri, təbiəti, insanları, mədəniyyəti, musiqisi... Amma bir yandan da hökumətin axmaq sanksiyaları. Turistə suyu 1 dollara sat, yerliyə 10 pesoya. Amma yenə də şəhər turistlə doludur. Bir meksikalı turist bizə danışırdı ki, Kubaya rahat nəfəs almağa gəlir. Çünki burada kriminal yoxdur, qorxmursan.Nəticə. Kubaya gedirsizsə hər cür ehtiyatınızı görün. Bütün biletlərinizi çap edib əlinizə alın, interneti unudun, dadlı yemək və möhtəşəm canlı ifaya hazır olun. Kuba kokteylləri için. Kubalılar çox qürurludur, onlara təşəkkür etməyi bilin. Onlar da sizə edəcək. Kubaya gedib hələ də suya qarışdörılan toz meyvə suyu ilə keçirilən ad günləri də görəcəksiz. Mütləq keçi dərisindən əl ilə hazırlanmış çanta və ayaqqabı alın. Bunlar çox ucuzdur. Qiymət danışın, bu realdır.Kubaya bir də gedərəmmi? Yox, çünki mən komfort və rahatlıq sevən insanam. Otel, yemək barədə kaprizlərim var. Və sırf acgözlük səbəbindən dağılmış şəhəri yox, çiçəklənən ölkə görmək istərdim. Kubada bu sistem daha 2-3 il sürər yəqin, gedib indiki sistemi görməyə vaxtınız azdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vento Favoravel

2608 dəfə oxunub

Misir Bələdçisi

Salam, gəzəyənlər. Misirdə faydalı ola biləcək bir neçə məlumatı sizinlə bölüşmək istəyirəm. We mobil operatoru götürmüşdük. Hava limanında 6$ 22 gb internet təklif etdi lakin 2 günə bitdi. Başqa mobil operatoru tövsiyyə edərdim ( orange və ya vodafone kimi). Qahirəyə getmək üçün vizanı hava limanında həll edə bilirsiz 25$ və əlavə 5 $ blankı doldurmaq üçün ( blankı özünüz də doldura bilərsiz ). Bələdçiniz əlavə möhür istəyə bilər 15$ amma inanmayın pul tələsidir. O möhür Qazaxıstan vətəndaşları üçün keçərlidir. Sizə hava limanında verilən vizayla problemsiz gedə bilirsiz. Bələdçinizdən tur almayın. Çox baha tur təklif edirlər. Suntour24.com bu saytda istədiyiniz Şarm Əl Şeyx turu tapa bilərsiz. Turu whatsapp vasitəsiylə rezerv edib ödənişi sizi götürdükləri gün verə bilərsiz. Bələdçinin təklif elədiyi turdan 2 qat ucuz. Qahirədə piramidalarda diqqətli olun. Yalnız turun təklif elədiyi əyləncələrdən faydalanın. Məsələn dəvəyə minmək. Əgər turun təklif eləmədiyi sadəcə sizə yaxınlaşaraq təklif edilən dəvəyə minsəz, minmək üçün 10$ istəsələr də düşmək üçün 30 və ya 50 $ isətəyə bilərlər. Əks halda dəvədən düşürmürlər . Yalnız turun təklif elədiyi dəvə 10$ gəzdirir hətta rahatlıqla telefonu verib şəkil də çəkdirə bilərsiniz. Əlavə tips verə bilərsiniz. Free free deyə deyə arafat və ya qolbaq kimi şeylər təklif edirlər inanmayın sonra arxanızca düşüb 5-10$ ala bilərlər. Free heçnə yoxdur. Bir də Qahirədən qayıdanda yeni qaydaya görə digər tur avtobuslarıyla bir yerdə qayıtmalı olursunuz. Onları gözləmək çox vaxtınızı alacaq öncədən deyim. Bütün tur avtobusları yığılır və polis müşayiət edir. Soruşduq turistlərin təhlükəsizliyi üçündür dedilər. Bu qədər gəzəyənlər, ümidvaram faydalı məlumat verə bildim, sizə xoş istirahətlər .Paylaşan: Fuad Abasov

Bir gəzəyənin Türkiyə günlüyü – Bu dəfə Artvin

Artvindəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yenə mən, yenə Qara dəniz:) Bu dəfə Artvin...Əslində əvvəlcə Rizənin gəzməli yerlərini bitirib Artvin tərəfinə keçəcəkdim, amma sevgili gəzəyənlərin bir hissəsi Şavşatla bağlı yazmaqda israr edincə bu tərəfə keçdim.Artvin Türkiyənin özündə belə Rizə ve Trabzona görə daha az kəşf edilmiş, amma təbiət müxtəlifliyi baxımından daha zəngin bölgədi. Qiymətləri Rizə tərəfinə görə daha uyğundu. Amma xidmət Rizə yaylaları qədər deyil, təbii ki istisnalar var. Görməli yeri desəniz, saymaqla bitməz. Neçə gün ayıraq desəniz, məncə, bir həftə...- Artvində maşınsız gəzmək Rizəyə göre daha çətindi. Düzdü, yolları ən azından bir çox yerdə asfaltdı, amma daha uzaq məsafələrdi və virajlı olduğu üçün daha yorucudu. Maşını olmayanlar turla getsə yaxşıdı.- Hələlik maşınla gedəcəklər üçün marşrutu yazıram. Məncə, ən uzaqdan başlamaq hər zaman daha yaxşıdı. Onun üçün də tövsiyəm əvvəlcə cittaslow Şavşata getməkdi. Sarp sərhəd qapısından Şavşata təxminən 3 saatlıq yoldu. Yola Hopadan girəcəksiz. Tamamilə asfalt, amma baş döndürəcək qədər çox dolanbaclı, eyni zamanda Çoruh çayının sahili boyu çox gözəl mənzərəli bir yoldu. Şavşatda Laşet Pansiyonun bungalowlarında qalmağınızı tövsiyə edirəm. Bu il bilmirəm, keçen il 175 lirəydi (sabah yemeyi daxil). Getmədən zeng vurub yer ayırın, çünki dolu olur çox vaxt.- Şavşatda ilk görməli olduğunuz yer Karagöl milli parkıdı. Yolu düzgündü. Sabah saat 10-a qədər gedin, daha sakit olur. Kənarında çadır da qura bilərsiz - yer var bunun üçün. Qiyməti 25 lira. Qayıqla gəzə bilərsiz - 20 dəqiqəlik tur 20 lira.Kənarında bir tesis var, çay içə, yemək yeyə bilərsiz. 12 yataqlıq yerləri də var - boş olsa qala da bilərsiz.- Karagöldən sonra Balıklı gölə (Pınarlı) gedə bilərsiz. Göl deyib gözünüzdə böyütməyin, kiçicik bir göldü, amma ondan bir az yuxarıya çıxınca windows mənzərələri var:) 4 km yürüsəniz Şrata göllərinə çıxacaqsız. Balıklı göldən sonra maşın yolu yoxdu - piyada getməlisiz.- Bu gölləri də görüb qayıdandan sonra xüsusilə payızda və qışda inci kimi görünən Yavuzköyü görmənizi tövsiyə edirəm. Klassik Şavşat evlərini görəcəksiniz - bu evlər Qara dənizdə başqa heç yerdə yoxdu. Yavuzköydə Şavşat Evində pendir əritməsi və silori yeyin:)- Şavşatdan sonra istəsəniz Yusufelinə keçə bilərsiz - amma ilk dəfədirsə çox risq eləməyin, yolları çox çətindi.- Artvinin o tərəflərini bitirib geri qayıtdıqdan sonra yolunuzu mərkəzə salın. Artvin mərkəzdə bir şey yoxdu, amma şəhərin içindən keçib yuxarılara doğru çıxdıqca mənzərə deyişir. Kafkasör Yaylasında qala bilərsiz.- Amma vaxtınız azdırsa bu istiqamətə girməyə də bilərsiz. Şavşatdan geri Borçkaya keçin. 3 saatlıq asfalt yoldu - yenə dolanbaclı təbii ki:) Bir Karagöl də Borçkada var - qalacaq yer yoxdu, amma gəzə bilərsiz. Borçka yaxınlarında, Klaskurda qalacaq pansiyonlar var - internetdən baxa bilərsiz.- Borçkada qalmaq istəməsəz - ki məncə qalmağa ehtiyac da yoxdu - Maçahelə gedin. Maçahel məncə Artvinin ən gözəl yeridi. Borçka Karagöldən davam eləyən asfalt yol sizi Camili kəndinə qədər aparacaq. Bu yolda ən riskli yer Canqurtaran keçididi, riski də çox zaman qatı dumanlı olmasıdı. Ən çox qəzalar burada olur, diqqətli gedin. Men 5 km sürətlə və sürekli siqnalla getdiyimi bilirəm:)- Maçaheldə görməli olduğunuz yerlər Maral şəlaləsi, Efeler, Kayalar və Camili kəndləridi. Camili tam Gürcüstan sərhədindədi - jandarma postunu görəcəksiz. Məscidləri, evləri maraqlıdı. Kayalar və Efeler kəndlərinin isə mənzərələri öldürücü dərəcədə gözəldi - təbii, yollarına girməyə cəsarət eləsəz:) Camiliyə qədər asfalt olan yollar kəndlərdə torpaq və bir tərəfi uçurum olan dar yollara çevrilir - xəbəriniz olsun. 4x4, ən azı 4x2 olmadan girməyin.- Maral şəlaləsinə Camilidən gedilir, bir yerdən sonra yol yoxdu, park edib, aşağıya doğru ən az 15-20 dəqiqə pilləkanlarla enirsiz. Pilləkanların ortasında çay içə biləcəyiniz kiçik bir kafe var. Enmək bir az yaxşıdı, çıxmaq yorucudu, nəzərə alın:)- Efeler- Kayalar köyü arasında Maçahel Baraka deyə bir yer var, bölgənin ən gözəl çayını için, ən gözəl balını alın. Maçahel balı Türkiyənin en yaxşı ballarından sayılır, unutmayın.- Maçaheldə harda qalmaq məsələsinə gəlincə, biz İremit Pansiyonda qalmışdıq. Keçən il adam başı 100 lira ödəmişdik( səhər və axşam yeməyi daxil). Bu il necədi, bilmirəm. Pansiyon köhnə bir kənd evidi və çox zaman dolu olur, hamı da Sevdanın yeməkləri üçün oraya gedir, siz də gedin:) Olmasa, Efeler ve Kayalarda başqa maraqlı pansiyonlar da var.- Maçaheldə əksəriyyət gürcü olduğu üçün gürcü mədəniyyəti, gürcü yemekleri hakimdi, klassik Qara dəniz mətbəxi gözləməyin.- Maçaheldən sonra istəsəniz Fındıklı, Gorgit yaylalarına gedə bilərsiz, amma rəhbərsiz yola çıxmayın. O kəndlərdə rəhbər tapa bilərsiz. Tapmasaz mənə yazın, mən taparam:)- Ən son aşağı enib Hopaya dönmədən Arhaviyə gedib Mençuna şəlaləsini də görə bilərsiz, istəsəniz. Amma yayda suyunun az olduğunu nəzərə alın.- Başqa sual qalmaz ümid eləyirəm ki:) Qaldısa, yaza bilərsiz:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1608 dəfə oxunub

Portuqaliyaya Səyahət

Portuqaliya - mistik gözəllikPortuqaliyaya səyahət aktuallaşır deyə bu ölkəyə səfərim haqda paylaşmaq istəyirəm.Səfərim Porto şəhərində keçirilən bir meçə saatdan başladı. Portonun dumanlı, çox soyuq və yağışlı vaxtına düşdük. Şəhərin sanki ruhu, öz tərzi yoxmuş kimi göründü və buna görə marağımı çəkmədi. Amma:1. Yerli handmade shoplar saysız-hesabsızdır. Milli nəsə almaa istəsəz Lissabona saxlamayın, Portoda inanılmaz gözəl seçimlər var.2. Vintaj konseptdə shoplar, kafelər o qədər gözəldir ki. Məncə o şəhərdə elə əsas həmin shopları gəzmək lazımdır.3. Onların məşhur kitabxanasına 1 saat növbə dayanacaqsızsa, etməyin. Çox mənasız bir yerdir. Sadəcə turist tələsidir. İnandırım sizi o tərz interyerlər Avropanın istənilən şəhərində var və darısqal, basabas deyil))) Hövsan avtobusunun basabası üçün darıxanıvız olsa, buyurun, mütləq baş çəkin.Mən xəstə və ağır çanta ilə omduğum üçün soyuğa dözmədim və ordan tez qaçdım.Lissabon:Yeməklər: dəniz məhsulları, sangria, pastel de belem və adamın gözünü doydurmayan şirniyyatlarTransport: Lisbon kart almaq sərfəlidir. Sadəcə nəzərə alın ki, Sintra və Kaskais Lisbon daxilində sayıısa da kartlar orda keçmir. Amma ora avtobus və qatarla rahat gedilir. Və ekstra vəziyyətlərdə taksi də çağırmaq olar, qiyməti normaldır, elə bil Yangonun təzə vaxtlarda olan taxi qiymətləridir:))Lisbonda vaxtınız azdırsa mütləq görməli:- Tiles/Azulejo muzeyi (mən tiles dəlisi olduğum üçün mənimçün ora inanılmaz möhtəşəm yer idi)- Monastery, Lisbon kartla giriş pulsuzdur. Əfsanə yerdir- Time out market. Elə bilin ki, Four Seasonsun restoranının yeməklərini McDonaldsda yeyirsiz. Fine dining təqdimatında yeməklərdir, qiyməti isə adi sıradan restoran qiymətinədir. Gözəl atmosferi var oranın: Adam saatlarla oturub söhbət etmək istəyir. Əndirəbadi Dəniz məhsullarını burda dadmaq sərfəlidir.Sintra. Portuqaliyada ən sevdiyim yer bura oldu. Sehrlidir, mistikdir, təbiəti gözəəəldir, rəngarəngdir. Xüsusən mistik olan Regalieradır. Sarayı, tuneli - necə detallı işlənib, necə düşünülüb - valeh olur adam. Pena Palace nağıllardan bir castledır sanki. Sintra özü çox cosy, şirin bir yerdir.Kaskais. Kiçik bir kurort guşəsidir sanki. Sentyabrın əvvəli getmək ideal olar məncə. Biz sentyabrın sonunda getdik, dənizdə su dağ çayının suyu kimi buz idi, amma camaat çimirdi. Nəsə dənizdən çox danışmayım, keçim Boca de Infernoya. Hündür dalğa sezonu oktyabrdan başlayır deyə o qayaları payızın sonu izləmək məsləhətdir. O mənzərəni izləmək meditasiya effekti verir, gözəllikdir.Cabo de Roca - Avropanın ən qərb nöqtəsi. Ora windbreaker üst geyimində, şalvarda getmək mütləqdir. Yoxsa mənim kimi tam zövq almayacaqsız. Bəlkə də yayda elə soyuq olmur, amma sentyabrda dözülməz idi. Mənzərə gözəldir, Adama bəzən vahimə kimi də gəlir, sanki dünyanın ən kənarındasan. Amma deyirlər oradan hava aydın olanda Amerika torpağını da görmək olur. Cabo de Rocaya Sintradan avtobusla getmək olur.Hə, bir də Portugese Sardine dükanlarına girin mütləq. Nağıldır nağıl!Paylaşan: Aydan Khalilova

42 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!