İSPANİYA SƏYAHƏTİ
Salam əziz Gəzəyənlər! Bu dəfə sizə İSPANİYA (Barselona-Madrid) gəzintisindən bəhs etmək istəyirəm.İspaniya özünəməxsus mədəniyyəti, musiqisi, mətbəxi, rəqsləri, insanları və bir çox gəzib-görməli yerləri ilə tanınan və çox sevilən ölkədir.BARSELONA’dan başlayaq. Barselona Avropanın ən öndə gedən turistik mərkəzlərindən biridir. Şəhər İspaniyanın “Catalunya” ərazisində yerləşir. Yerli əhalisi Katalonlardır və dilləri İspan(Castellano) dilindən biraz fərqlənir, yazılışı daha çox fransız dilinə bənzəyir. Buna baxmayaraq yerli əhali, demək olar ki hamsı İspan dilində danışa bilir. Şəhərdəki tablolarda hər bir şey 3 dildə: katalan, ispan və ingilis dilində yazılıb.Əminliklə deyə bilərəm ki, şəhər indiyə kimi gəzdiyim digər bütün şəhərlərdən tamamilə fərqlənir. Bir sözlə şəhər qaynayır. Kənarda dağlar, digər tərəfdə isə palmaların dəniz ilə sintezi bir-birini tamamlayır. Küçədə çalınan mahnılar isə insanın zövqünü oxşayır. İnsanlar hərə öz keyfində: kimisi çimir, kimisi futbol oynayır, kimisi mahnı oxuyur, kimisi dostları ilə içib, deyib-gülüb əylənir.Havası isə may-iyun aylarında səyahət etmək üçün idealdır. Barselona həmçinin öz gecə həyatı; klubları və pub’ları ilə də çox məşhurdur.Şəhərin yol infrastrukturu çox gözəl qurulub. Metro və avtobus ilə istədiyiniz yerə çox rahatlıqla gedə bilərsiniz. Yox açıq hava istəyirsinizsə, onda asanlıqla velosiped də kiralaya bilərsiniz.Bir çox yazıda şəhərin təhlükəli olduğunu oxumuşduq. Zənnimcə heç də elə deyil. Ehtiyatlı olsanız rahatlıqla gəzə bilərsiniz. Yox olmasanız, onsuz da bütün şəhərlər təhlükəli sayılar. Bir sözlə, hər şey sizdən aslıdır.Tarixi abidələr o qədər çox olmasa da, gəzməyə bir çox yer var:La Sagrada Familia kilsəsi, Barsenola Katedralı, Bazar, Park Güell, Montjuïc dağı, Barceloneta çimərliyi, Port of Barcelona, La Rambla küçəsi, Nou Camp stadionu və s.Onsuz da bir tərəfdən başlasanız, şəhər özü sizi gəzdirəcək.Keçək MADRİD’ə.Şəhər İspaniyanın mərkəzində yerləşir. Fikrimcə Madrid “underrated” şəhərdir. Deyilənlərin əksinə Madrid darıxdırıcı deyil, əksinə, çox gözəl və eleqant, getməyə dəyər bir şəhərdir. Nə də olsa Krallığın paytaxtıdır.Madridi mən daha çox Vienna’ya bənzətdim. İri, əzəmətli saraylar və binalar. Yol infrastrukturu eynilə Barselonadakı kimi çox ideal qurulub. Bundan əlavə şəhərdə elektron samakatlardan da istifadə edə bilərsiniz.Madrid’in havası Barselona’ya nisbətən daha isti idi (söhbət May ayından gedir). Günorta vaxtı şəhərdə az adam olur - “siesta” vaxtıdır.6’dan sonra isə şəhər qaynamğa başlayır. Amma yenə də istənilən vaxt şəhərdə turist görmək mümkündür.Barselonaya nisbətən Madriddə yerli əhali ilə daha çox qaynayıb-qarışmaq olur. Madrid Barselonaya nisbətən daha təhlükəsizdir deyə bilərəm.Madriddə görüləsi bir çox yer var:Palacio Real de Madrid, Plaza de Cibeles, Puerta del Sol, Plaza Mayor, Parque de El Retiro, Museo Prado, Santiago Bernabeu stadionu və s.Ümumilikdə hər iki şəhər: həm BARSELONA, həm də MADRİD çox təmizdir. Təmizliyə xüsusilə diqqət yetirirlər. Yol infrastrukturu üst səviyyədədir.Gələk insanlarına. Hər iki şəhərdə yerli əhali çox mehriban və gülərüzdürlər. Eləbil hamının üzündən xoşbəxtlik yağır. Nə sual soruşsan kömək etməyə çalışırlar. Burada insan İspan istiliyini hiss edir. Və onu da qeyd edim ki, əksəriyyət, gözləntilərimizin əksinə ingilis dilində danışa bilirdi. Avtobus sürücüsündən tutmuş polisə kimi (Müqayisə edəsi olsaq, gördüklərimə görə deyə bilərəm ki, İspaniya bu cəhətdən İtaliya və Fransadan öndədir).Barselonada miqrantların sayı çoxdur. Əksəriyyəti eyni dili danışdıqları üçün(İspan dili) Latın Amerikasından gələnlərdir və demək olar ki hərəsi bir işlə məşğuldur - sevindirici haldır.İspan mətbəxinə gəldikdə isə - çox zəngin və ləzizdir. Yeməklərdən “Paella”nın, içkilərdən isə “Sangria”nın dadına mütləq baxın. Qalanları isə zövqünüzdən aslıdır.Bir sözlə hər iki şəhər gedib görməyə dəyər!Hərəsinə neçə gün bəs edər deyə soruşsanız, Madrid üçün rahatlıqla 3, Barselona üçün isə 4 deyərəm. Lakin, Barselonada 1 həftə qalsanız belə, darıxmazsınız (Qeyd: Şəkillər özümə məxsusdur: instagram.com/nihvds)