1119 dəfə oxunub

Bilet 9 eur, cərimə 35 eur

Deməli keçən ilin dekabrında Sədaqətlə avropa turumuzun başlanğıc şəhəri olan Sofiyaya getmişik. Ancaq bundan qabaq Səyahəti planlayanda o qədər econom econom dedik ki, cəmi 18 manata wizzair-dən təyyarə bileti aldıq, qalmaq məsələsinidəki couchsurfinglə həll elədik. 
Cəmi bir gecə qalacağımız sofiyada o qədər yer görmək istiyirik ki, heç bolqar bolqarlığıyla bir həftəyə onu çətin çatdırardı.
Bəlkədə həmin vaxt üçün google statistikasını araşdırsanız bizim ip sofiyada best places axtaranlar siyahısında öndə çıxardı. Adam nə qədər eyni şeyi axtarar?
Xülasə bir neçə yerin siyahısını çıxarıb telefonda screenshot edib düşdük küçələrə. Məqsədimizdə təcili vitoşa dağına getməkdi.
Qabaqcadanda youtubeda videolara baxıb təxmini bilirdik ki necə gedəcəyik amma həmin variant alınmadı. Nəsə elə alındıki bütün planımız alt-üst oldu, axırda çarəsiz qalıb couchsurfingdə bizi qonaq edəcək minkaya yazdıq ki, ay minka gəl bizi soyuq sofiya küçələrindən yığışdır.
Oda sağolsun çox çəkmədiki başında beretka papaq gəldi. Təcili üzdə avropa suni gülüşünü bol edib bir birimizə xoş sözlər falan getdik şəhəri gəzməyə.
Sağolsun şəhəri o ki var gəzdirdi. Day sofiyanın mərkəzində o məşhur yer qalmadıki bizi aparmasın.

euro
Şəhəri bezənəcən gəzdikdən sonra yollandıq evə. Həmin vaxtlarda milad ərəfəsi olduğundan bunun aşpaz həyat yoldaşı, uzaq qafqaz ölkəsinin iki növcavanıçün bütün bayrama xas naz nemətləri düzüb stolun üstünə. Amma hamısı yağsız ????
Bir azda acdığımızdan elə tez tələsik yeməyi yeyib hərə öz yerinə keçib yatdıq.
Ancaq qabaqcadan wizzair ticketləri çıxarmaq üçün girdim internetə özümkini check in elədim. Qaldı Sədaqətinki. Onuda dedim özü eləsin. Düzü məndə həmin vaxtlar ingilis diliylə əməlli problem yaşadığımdan demək olar çətinliklə check in etdim. Fikirləşdim Sədaqət daha tez edər. Çünki dili normal bilir.
Nəsə mən yatdım.
Səhər açıldı görürəm hələdə check in etmiyib sədaqət. Tez sayta girdim gördüm qeydiyyat bitib. Bir azda gecikdiyimizdən tələm-tələsik taksi çağırıb yarım saatlıq yolu 17 dəqiqəyə çatdıq aeroporta. Tez içəri girib qabaqcadan növbə mədəniyyətinə əməl edəcəyimizlə bağlı verdiyimiz sözü müvəqqəti ixtisara salıb sıranı o ki var yarıb keçdik qabağa. Camaat görürük əməlli qışqır bağır salıb. Baxdıq narazılıq var, bir tərəfdəndə biletin biri yoxdu. Vaxtada 10 dəqiqə qalıb. Sırada ki, ucsuz bucaqsız. Cəld yaxınlaşdıq nəzarətçiyə ki, bəs deməssən başımıza iş gəlib sən allah bunu düz qoş elə gedək italiyaya. Əhd etmişik, söz vermişik falan. Buda olub bir nemes elə hey deyirki cərimə. Biz dil-boğaza qoymuyub elə hey nəyəsə cəhd edirik bu iki ayağını bir başmağa diriyibki yox e 35 avro verib biletin cəriməsini ödəməlisiniz. Bir tərəfdəndə vaxt daralır. Elə təyyarə 3-4 dəqiqəyə havaya qalxacaq.
Biletin qiyməti 9 avro amma cəriməsi 35 avro.
Xülasə cəld o 35 avronu verib qara naməni aldıq. Sürətlə camaatı yarıb bütün dillərdə heçdə xoş olmayan sözləri yaddaşa yazıb keçdik ön sıralara. İndi yoxlamaya çathaçatdı amma görürük bir azda geciksək vəssalam day qaldıq burda. Bütün hər şey gələcək burnumuzdan. Elə bu vaxt Sədaqət tez bir qadından qabağa keç sumkaları at yoxlama stoluna. Arvadda başlıyıb deyinməyə. Nəsə buna məhəl qoymadan, arada şampunuda zibil qabına atılan yerdə qəmli-qəmli izləyib birtəhər keçdik yoxlamanı. Hesablamalara görə təyyarə artıq 15 dəqiqədir ki göydə olmalıydı. İnandırım sizi ordan necə qaçdıqsa özümüzü zorla çatdırdıq təyyarəyə. Elə biz çatan kimidə həmişə gülərüz olan stüardessalar zəhrimar sifətlə qaçhaqovla yerimizi göstərdiki birdə gördük üje tərpənirik.
İndi bizi bir gülmək tutub ki day heç görülməmiş kimi.
A kişi 9 avroya bilet alasan 35 avro cərimə ödəyəsən.

Paylaşdı: Tural Semedov

DİGƏR BLOQLAR

Bir çayın hekayəsi - Səyahət əhvalatları

Günəşli bir noyabr günü səhər 7 də Bakıdan yola çıxdıq. Ölkənin Naxçıvan xaric getmədiyim təkcə bölgəsi var idi, Quba-Qusar tərəf. Bu dəfəki səfərimin bu istiqamətdə olmasının yanı sıra öncəki səfərdə tanıdığım bəzi yol yoldaşlarımın da yenə mənimlə olması həyəcanı qat-qat artırmışdı. Səfərin maraqlı keçməsi üçün yol yoldaşlarınızla söhbətinizin tutması vacibdir. Təbiətə olan yanaşmalar, eyni mənzərəyə olan fərqli baxışlar sizə bu anları daha yaxşı xatırlamanıza yardım edir. Yol boyu Toğrul və İlahə ilə gəzintidən tutmuş, siyasətə qədər bir çox mövzuda müzakirələrimiz oldu. 3 saat sonra artıq Qusarın Laza(Latsar) kəndində idik.Kənddə olan seyrək evlər, uşaqların qayğısızca oynamaları, sıldırım dağlar, donmaqda olan şəlalələr, otların quruması ilə bozarmış təpələri xeyli izlədik. Bir az daha ətrafı gözdən keçirib, bütün komandanın hazırlığına əmin olandan sonra üzü Qızılqaya massivi tərəfə yola çıxdıq. Burda artıq şəlalələrin bir hissəsi donmuşdu. Artıq günəş tez-tez buludların arxasında yox olurdu. Bakı şəraitinə uyğun olaraq, çox adam adicə su götürmüşdü. Ancaq havanın bizə hazırladığı sürprizlərdə xəbərsiz idik. Nəhayət yaylağa qalxdıq, burda artıq qış idi, qar, güclü külək və soyuq hava hamını qalın geyinməyə məcbur etdi. Yemək fasiləsində artıq hər kəs çay axtarırdı. Təkcə Toğrulda çay var idi. Bu da bildiyimiz standart qara çay yox, adəti üzrə Toğrulun dəmlədiyi yabanı bitki çayı idi. Bəziləri sadəcə qaynar su içdi, mən isə dağ başında belə hədiyyəyə yox deyəcək halda deyildim.Bu çaydan sonra bir balaca özümüzə gəlib, kiçik bir qrupla növbəti marşurut üzrə yola davam elədik. Ümumi qrupda yeni başlayanlar və yavaş gəzənlər olduğu üçün onlardan ayrılmalı olduq. Bunun üçün gəldiyimiz yolu geri qayıtdıq, və kəndin içinə girdik. Əhalinin az olması, son illərə qədər davam etmiş yolsuzluq problemi həll olunsa da, diqqətdən kənarda qalması hər halından hiss olunurdu. Kəndin içində uşaqlardan başqa heç kimi görmədik. Böyüklər yəgin hərəsi öz işində idi. Kuzun yolundakı şəlalədə dayandıq. Burda artıq şəlalənin yanına getmək biraz qəlizdir. Bunun üçün öncə çayı keçmək lazımdır. Axşama az qalırdı, biraz nəfəsimizi dərib gəldiyimiz yerə kəndə qayıtdıq. Kəndə tərəf isə möhtəşəm duman gəlirdi.“Bəs hanı çay, onun hekayəsi hardadır bəs?” dediyinizi hiss edirəm. Hekayədəki çayın nə qədər arzulanan olduğunu çatdırmaq üçün səfər haqqında məlumat verməyin vacib olduğunu düşündüm. Kəndə çatanda artıq xeyli yorğun və susuz idik. Yol boyu həm danışıb, həm də cibimizdə sumkamızda nə varsa yemişdik. Su doldurmaq üçün, darvazalardan birini döydük, ilk suyu doldurandan sonra ev sahibəsi qrup halında olduğumuzu gördü, bizə çay təklif elədi. Nəzakət xətrinə yox desək də, içimizdə kəpənəklər uçuşurdu. Ancaq qonaqpərvər ev sahibəsi bu yoxa məhəl qoymadan çaydanı gətirib həyətə qoydu. Evə dəvət eləsə də, tez geməli olduğumuzu bəhanə edib, yuxarı qalxmadıq. Qrup üzvlərinin üzündəki uşaqca, məsum sevinci görməmək mümkünsüz idi. Kim sumkasında çayın yanına qoyula biləcək nə vardısa hamısını qoydu ortaya. Bir tərəfdə, bizim necə sevincək çay içdiyimizi izləyən, öz hərəkətindən həddindən ziyadə məmnun olan Xanpəri xala, digər tərəfdə çaydan və sonradan gələn samovara baxıb həvəslənən, sevinən biz. Bu cür qəribə hisslər və ab-hava içində çayın dadını çıxararkən, arxadakı qrup da gəlib bizə çatdı. Onlar da elə göydən düşmə kimi yanaşdılar çaya. Ancaq onların bizimki qədər çox vaxtları yox idi. Biz xeyli yorğunluğumuzu almışdıq. Əlsində sevindiyimizdən yorğunluq yaddan çıxmışdı. Sağollaşarkən hamımızı qucaqlayan Xanpəri xala yeni tanıdığı ömrünün axırına qədər ona minnətdar olacaq gənclərə sevinc-kədər qarışıq hisslərlə baxırdı. Bilmirdi etdiyi yaxşılığa görə sevinsin, yoxsa onun tez bitməsinə kədərlənsin. Həmin gün ora bir daha gələcəyimə söz verdim. Ancaq hələki gedə bilməmişəm. Yuxarıdakı şəkillərdən sonra Xanpəri xala ilə şəklimiz olar deyə düşünmüsünüz bəlkə də, qaranlıq olduğu üçün çəkilən şəkillərdə heç nə görünmür.Kənardan baxanda Azərbaycan üçün tipik bir qonaqpərvərlik nümunəsi ola bilər. Ancaq bir çayzadə olaraq həyatımda içdiyim ən ləzzətli çayı orda içdim. Həyatımızda hadisələri yadda qalan edən ona yüklədiyimiz mənalardır. Mən o çayı gün boyu arzuladıqdan sonra günün sonunda şükranlıq içində içdim. Hər qurtumunu hiss edərək, soyuq noyabr günündə dağ kəndində çayın içimi necə isitdiyini hiss edərək, bunun üçün təşəkkür edərək içdim. Bu yaşıma qədər çox olmasa xeyli yerdə gəzdim, fərqli insan və yerlərlə rastlaşdım. Günü bu gün də o səfəri, o çayı xatırlayarkən içimdə bir minnətdarlıq hiss edirəm. Kənddən çıxanda artıq yağış başlamışdı. Çayın verdiyi istilik, günün yorğunluğu maşında mürgüləmək üçün əla bəhanədir. Amma tanıdığınız adamlarla birlikdə olanda bu heç də uzun çəkmir. Söhbət üçün kimsə sizi qaldıracaq. Adi bir səfər ola biləcək günü, xüsusi insanlar sayəsində həyatımın gözəl bir anına çevirdim. Həyatınıza müsbət izlər qoyacaq insanlarla qarşılaşmanız diləyi ilə...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Murad Akifsoy

1512 dəfə oxunub

İtaliya bələdçisi - İkinci hissə (Yurdumun insanları)

Birinci hissədə yazdığım kimi İtalyanları Avropanın qafqazlıları adlandırırlar və bu adlandırma əbəs yerə deyil:) Qafqazlılar kimi səsli-küylü, istiqanlı, kişiləri qadınlara qarşı həddindən artıq diqqətli, dadlı yeməklər hazırlayan, sevən, qanun-qayda saymayan bir millətdirlər:)Romanı və insanlarını xüsusilə çox sevdim, bəlkə uzun müddət orda yaşayanlar belə düşünmürlər amma turist kimi mən xeyli mehribançılıq gördüm:) Orda qaldığım 2 gün yarım ərzində hara girdimsə, kimdən nəsə soruşdumsa hamısı mehriban şəkildə suallarıma cavab verib və hamısı da avtomotik şəkildə gəldiyim ölkəni soruşublar:)Saatlarla uzun-uzun gəzdikdən sonra Romada, şəhər mərkəzindəki kiçik, amma ürəyi böyük bir kafedə oturdum:) Ən dadlı pastanı seçməyə kömək edən ofisiant qız ( İtalyan kimi İtalyan!:) sifarişimi götürdükdən sonra haradan olduğumu soruşdu. Azerbaijan deyəndə qız dayanmadan "wow", "wow", "wow" etməyə başladı, əlini ağzına tutdu, gözləri yaşardı az qala. Mən şoka düşmüşəm, yoxam orda artıq, bilmirəm nə baş verib. Qız sevinə-sevinə içəri getdi, 1 dəqiqə keçməmiş məni restoranın içərisinə çağırdı ( mən bayırda oturmuşdum), getdim gördüm ki, şefi, onun yardımcısı, ofisiantları yığıb məni təqdim edir, "baxin, bu qız azərbaycandandır" deyə. Nə reaksiya verəcəyimi də bilmədən mat-mat sifətlərinə baxıram, şef əlimi sıxdı, bildirdi ki, əvvəl də Azərbaycandan olan müştəriləri olub. Bir az dil-ağız edəndən sonra yenidən keçdim yerimə, pastamı gözləməyə, yenə ofisiant qız gəldi:) Qız elə xoşbəxtdir ki, yerə göyə sığmır. Mənə dedi xahiş edirəm, mənə Azərbaycanın şəkillərini göstər, mənə insanlarınızdan danış, yeməklərinizin şəklini göstər. Qıza googledan xeyli şəkillər göstərdim, insanlarımızdan danışdım, dedim bəs belə qonaqpərvərik, belə istiqanlıyıq (qız hər cümləmə wow, wow edib, hə, sənin kimi deyirdi), mətbəximizdən yoxdur, ölkəmizdə hər şey zordur????Gördüm mən danışdıqca qız az qala qəhərdən boğulub ağlayacaq, fikirləşdim yəqin azərbaycanlı sevgilisi olub, nisgili böyükdür. Soruşdum ki, sən bəs harda eşitmişdin bizim ölkə barədə, necə tanış olmuşdun Azərbaycanla? Qız mənə deyəsən ki, bəs mən birinci dəfədir eşidirəm sizin ölkənin adını, bundan qabaq heç vaxt azərbaycanlı biriylə tanış olmamışam:) Heç nə, pastamı yeyib, hesabı ödəyib, qızdan da avtobusun nömrəsini soruşub çıxdım???? Da ağartmadım üstünü????Elə həmin avtobusun dayanacağına gedəndə avtobusu dəqiqləşdirmək üçün 80 yaşlarından bir nənədən bir də soruşdum. Nənə dedi, bala, elə düz gəlmisən, bu avtobusdur, yolumuz da birdir:) Yolda dedi, a bala, bəs hara maralısan, hansı güzəran gətirib səni buralara? Dedim, ay nənə, bəs mən Azərbaycandanam, məni İtaliya sevgisi gətirib buralara:) Kaşki söhbəti ən yaxşı yerində sonlandırardım və arxasını eşitməzdim, nənə mənə şillə kimi cavab verdi. Deyəsən ki, bəs mən sizin ölkəni çox sevirəm, iki il bundan qabaq Eurovision ərəfəsində sizin ölkəyə gəlmək üçün vizaya müraciət etdim, mənə viza vermədilər! Nənə danışdıqca kədərlənirdi, məndən xeyli Bakı haqqında soruşdu və sonra dedi ki, bala, elə sənin gəlişin Allahdan oldu, mən bu il padruqamla yenə də Bakıya gəlmək üçün vizaya müraciət edəcəm. Dedim sənə viza verməyənlər ölsün, ay Nənə! Bu yaşında qadın Bakı eşqiylə alışıb yanır amma viza ala bilmir. Nənəylə xeyli söhbətləşib düşdük, dedik növbəti dəfə inşallah Bakıda, 65 nömrəli avtobusda görüşərik !:)Həmin günün səhərisi gəzintimi davam etdirəndə yenə bəzi souslar və ədviyyalar almaq üçün bir marketə girdim. Dəqiq xatırlamıram, satıcı səhv etmirəmsə, əfqan idi. Bir xeyli ədviyyaları seçməkdə mənə kömək edəndən sonra hardan olduğumu soruşdu. Azərbaycanlı olduğumu deyəndə, ooo, ohoo Azerbaijan, Azerbaijan deyib gülümsəməyə başladı:) Bu söhbətin axırının haralara gedib çıxacağını gözləyirdim ki, sağ olsun, çox gözlətmədi məni, hekayəyə başladı:) Edit: Statusdakı bütün yazdıqlarım real həyat hekayələrinə əsaslanır???? Bunu ona görə qeyd edirəm ki, elə biləssiz bu zarafat idi, amma bütün müqəddəslərə, İtaliya sevgimə and olsun ki, deyildi:) Dedi mənim bir azərbaycanlı dostum var idi, o bir dəfə Azərbaycandan toy kaseti gətirmişdi. O, mən və bir İtalyan dostumuz sizin toya baxdıq, çox xoşumuza gəldi sizin toy mərasiminiz. Kasetə baxanda italyan dostumuz bir qız bəyəndi:) Bizim xeyirxah azərbaycanlının sayəsində qız da italyanı bəyənib:) Bunlar 10 il skypla danışıblar və bu məsələ xoşbəxt sonla bitib:) Keçən il nəhayət ki, evləniblər və mənim bu satıcı əfqan da onların toyunda iştirak edib:)Daha bir mutlu hekayəni bitirərək diğərinə keçirəm:)Yenə də axşama yaxın bütün Romanı ələk-vələk edərək, bütün rəssamların çəkdiyi rəsmlərə bir-bir baxaraq, bütün küçə çalğıçılarının konsertlərində şəxsən iştirak edərək, bir az dincəlmək, dincəlmək bəhanə, bir tərəfdə gitara ilə Pink Floydun "Another brick in the wall"nu ifa edən küçə musiqiçilərinin ifasını eşitmək, yanında da show göstərən qara dərililərin performansını izləmək üçün çox strateji bir obyekt seçərək, Panteon kilsəsi ilə üzbəüz olan bir kafedə oturdum. Romaya gəlib tiramisunu yoxlamadan da getmək olarmı (bunlar hamısı behane, tiramisu şehane)? Yox təbii!:) Elə tiramisumu sifariş verəndə növbəti azərbaycansevər ofisiantla qarşılaşdım:) Narahat olmayın, bu qardaş lap real azərbaycansevər çıxdı:) Azərbaycanı lap yaxından tanıyan, ürəyi Azərbaycan eşqiylə döyünən bir rus senyor idi:) Xeyli söhbətləşdik, məndən Bakı haqqında soruşdu, ən dadlı tiramisunu məsləhət gördü:) Yəqin yanında da çay olacaq deyə, bütün mahiyyətimizi ortalığa tökən bir sual da verdi???? Tez-tez gəlib əhvalımı yoxlamaq bəhanəsilə Bakı haqqında sorğu edirdi məni (bir növ Bakı sevgisi və sualları ilə istismar etdi məni!:). Doğurdan da qardaş çox yaxşı adam idi, 5-ce dənə də dil bilirdi. Deyəssiz ki, bəs yaxşılığını hardan bildin?:) Sən demə, bu kafe card qəbul etmirmiş, mənim isə üstümdə cash pulum yox idi. O bunu mənə deyəndə mən də normal olaraq, panikaya düşdüm. Panikaya düşdüyümü görən yardım, həm də azərbaycansevər ofisiantımız dedi "no panik", heç narahat olma, sən mənim qonağımsan, qardaşlıq hər şeydən irəlidir. Sənin hesabını mən özüm ödəyəcəm. Onsuz da quru bir maaş üçün bütün gününü ayaqüstə keçirən, o yan-bu yana qaçan mehriban ofisiantın sözləri lap stressə saldı məni. Çantamı diblərinə qədər eşərək, tam-tamına, hesabıma yetəcək qədər 9 avro tapdım. Sevincək pulumu ortaya qoysam da, "yox, yox, narahat olma, sənin pulunu mən ödəyəcəm, bəlkə pula ehtiyacın olar" deyə pulumu geri qaytarmağa çalışdı. 100 dəfə təşəkkür edərək, hər şeyin yaxşı olduğunu bildirərək, mehribanlıqla ayrıldıq????Əslində yazacaqlarım daha uzun, hekayələr daha çox idi amma uzun olduğuna görə burda kəsirəm:) Sizin də səyahətlərinizdən belə kiçik hekayələrinizi oxumaq umidilə! :)P.S. Şəkillər yenə də Google'dandı:)19 Avqust 2017Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Narmin Kamilsoy  

912 dəfə oxunub

Pandemiya dövrünün ilk səyahəti - Sofiya

Deyəsən Azərbaycandan başqa heç yerdə karantin yoxdur. Pandemiya dövründəki ilk səyahətim haqqında yazıb qrupdakılara bir az acıq verim. (təxmin edirəm ki, ilkdir)Gecə saat 3-də (29 iyun) Italiyadan Sofia hava limanına endik. (terminal 1, Wizzairlə 20 euro) Təyyarədən çıxan kimi havadakı qoxu sanki SSSR - yə xoş gəlmisiniz deyirdi. Pasport yoxlanışında oturan 3 maniken kimi qız elə gözəllikləri qədər ciddi baxışları ilə də bizi buraxmamağa çalışırdılar. Nəysə, birtəhər yoxlanışı keçdikdən sonra qarşımıza bir həkim çıxdı. Həkim nə həkim əminliklə deyə bilərəm ki, əynindəki xalatı karantin başlayan gündən bugünədək əynindən çıxartmayıb (heç nə yoxlamadılar, self declaration doldurub yolumuza davam etdik) T1-in vəziyyəti həqiqətən də pis gündə idi, Sofiya haqqında çox pis fikirlər formalaşmağa başlayırdı. İlk gördüyüm mənzərə soyuq insanlar, əldən düşmüş, sınıq-sökük hava limanı.Axır ki, gəlib Bolqarıstanın paytaxtı və əsas şəhəri Sofiyaya çatdıq. Gecə saat 3 olduğundan gecəni barda keçirib, səhər şəhərə yollanmağı fikirləşdik. Ətrafdan öyrəndik ki, bu saatda ancaq bir kafe açıq ola bilər. Kafe deyirəm e sizə 1 manatlıq çayxanalarımız onun yanında toya getməli idi.Girdik kafeyə və mən "traditional" nəyiniz var ?- deyə soruşdum (suala bax e) Nə istədiyimi soruşdu, dedim "ət" .(uğursuz bir zarafat idi) Nəysə, bu güclü zarafatdan sonra bildiyimiz kartof və toyuğu "traditional" adı ilə məcbur yedik. Səhərə yaxın saat 5-6 arası xəritədən baxdıq ki, bir azdan avtobuslar hərəkətə başlayacaq. Bundan sonra Sofiya barədə formalaşan mənfi fikirlər müsbətə doğru dəyişməyə başladı. Dayanacaqda gözləsək də biletimiz yox idi. (Bilet satışı 7-8 arası başlayır) Avtobus gəlsə də koronaya görə terminal 2-yə gedib ordan da qatarla mərkəzə getməli olduğumuzu dedilər. Ən rahat yol bu imiş. (ooo terminal 2-də varmış) Xəritədə baxdıq ki, piyada T1 ilə T2 arasında 30 dəqiqəlik yol var. ilk dəfədir ki, eyni havalimanının terminalları arasında bu qədər məsafə olduğunu görürəm. Tam ümidlərimiz öləndə avtobusun sürücüsü bizi T2-yə qədər aparacağını dedi))) Qayıtdım ki, "naçalnik" bəs biletimiz yoxdur. Dedi : chill up man)) Avtobusa minib getdik və mən T2-nin gözəlliyinə vuruldum, ya rəbb. Terminal o qədər gözəl idi ( bir gediş üçün 1.6 BL =0.8 sent, ancaq 4 BL = 2 euroya bir günlük limitsiz metro gedişi almağınız daha yaxşıdır. Bunun avtobusa uyğun olub-olmadığını bilmirəm. Çünki hər istifadə üçün barkodu kioska daxil edib aktiv etməlisiniz). Nəysə, artıq şəhərə çatdıq.Şəhər bir sözlə belissimo, perfetto. Bugünə qədər olduğum heç bir şəhər təmizlik və gözəllikdə Sofiyaya çatmaz. (Ələxsus Sicilyada yaşayan biri üçün). Şəhər sanki meşənin içərisində qurulub, hər yer park və ağaclıqdır. Lakin şəhərin əsas problemi qidalanmanın çox zəif olmasıdır. (barmaqla sayılacaq qədər yemək yeyə biləcəyiniz kafelər, restoranlar var.Onlar da bulvar adlanan ərazidə) Di gəl ki, söhbət içkiyə gəldikdə 2 metrdən bir barlar, kafelər doludur. (sırf içki üçün) Səhər 11-dən boş yer tapmaq olmurdu. Hamı oturub içir eləcə)) "Hər gün son günmüş kimi için"- devizi ilə yaşayırlar deyəsən. Bərbad başlayan səyahət gözəl sonluqla bitdi. Sofiyanı tam gəzməyə bir gününüz bəs edər. Bizim də onsuzda 1 gün vaxtımız vardı, bol-bol gəzdik (sözün əsl mənasında gəzdik, internetdən girib məşhur yerlərinə baxıram, hamısında olmuşuq) və oradan da İstanbula keçdik.(yeriniz məlum) Daha Türkiyə haqqında məlumat vermirəm, bu qədər kafidir.P. S ümid edirəm ki, sizi yetəri qədər qıcıqlandıra bildim))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sadiqov Nicat

1113 dəfə oxunub

Səyahət əhvalatı - "Görəsən ox işarələri haranı göstərir?"

Gəlin sizə həyatımın ən unudulmaz yeni il gecəsindən danışım. Deməli 2014-cü ilin 31 dekabrıdır. Mən ilk dəfədir ki yeni ili ailəmdən, evimdən uzaqda qeyd edəcəm. Özü də Dubayda. Əvvəldən planımı elə qurmuşdum ki saatlar 00:00 göstərəndə mən Burj Khalifanın yanındakı otluqda rahat şəkildə dayanıb həmin il dünyanın ən yaxşısı seçiləcək salut şousunu izləyəcəkdim. O vaxta qədərki gözümə bir elan lövhəsi dəydi "Fireworks this way". İçimdəki şeytanla bir xeyli mübarizə apardımki, görəsən bu ox işarələri haranı göstərir? Axı mən fireworksun düz altındayam? Bəlkə burda olmayacaq? Nə isə başladım bu oxları təqib etməyə. İzləyə-izləyə əvvəlcə Fontan meydanından uzaqlaşdım, sonra Dubay Malldan uzaqlaşdım. Burj Khalifadan uzaqlaşdığım anda artıq başa düşmüşdüm ki nə isə düzgün getmir. Amma özümü sındırmayıb artıq işarələrin başın buraxaraq getməyə başladım. Düz iki saat Burj Khalifanın başına dövrə vurdum. Nəhayətində izlədəyim o oxlar məni bu kiçik səyahətimə başlamadan öncə dayandığım yerə gətirib çıxartdı. Amma təbiiki artıq orda iynə atmağa yer yox idi. Məcbur geri qayıtmalı oldum. Bütün restoranların terrasları zəbt olunmuşdu. Yolların kənarları zəbt olunmuşdu. Hirsimdən ağlamaq dərəcəsinə çatmışdım ki "Dayanmışdında gül kimi, o işarə oxu girsin gözüvə, sənə lazımdı, o ox hara aparır?". Bir təhər axır ki bir küçədə özümə bir balaca yer eləyib dayandım. Hələ saat 11 filan olardı. Həyatım boyu o cür insan izdihamı görməmişdim, hamı bir-birinin belinə çıxmaq istəyir, biri-birini əzib yerində dayanmaq istəyir. Qorxumdan nəfəs almıram ki birdən məni görüb, götürüb tullayarlar qırağa yerimi oğurlayarlar. Orda gözümün qabağında, bir oğlan sevgilisin itirdi, bir uşaq valideynlərin itirdi, arvad ərini itirdi, bir oğlan da başını itirdi. Bir sözlə dəhşət. Qan-qaraçılıq pik həddədir. Artıq fikirləşirəm gül kimi anamın paytaxt salatını yeyib, AzTV-nin möhtəşəm konsert proqramını seyr etmək varkən, mənim nə işim var bu meşədən qaçan insan toplusu arasında. Elə bu fikirlərlə bir də gördüm ki Burj Khalifa rəng alıb-rəng verir. Sən demə artıq saat 12-yə 10 saniyə qalıb və vizual effektlərlə binanın üstündə o saniyələr göstərilir. Bina orda saniyələri sayır, camaat yerdə. Saatlar 00:00 göstərən kimi həyatımda görmədəyim atəşfəşanlıq mənə paytaxt salatını unutdurdu. Cəmi 5 dəqiqə. Ondan sonra yenə qayıtdım o meşəyə. Bu səfər isə o insan izdihamı dağılışmağa başladı. Bir hissəsi sağa, bir hissəsi sola, yarısı dala, yarsı da qabağa. Hardasa 45 dəqiqə küçənin qırağına çəkilmiş hasara sıxılıb qaldım ki, ara sakitləşsin, nəfəs alıb, gedim evimə-eşiyimə. Nə isə bu camaatı da bir təhər yola verdik, başladım ən yaxın metro stansiyasına doğru addımlamağa. Amma gedə-gedə hiss edirəmki, deyəsən mən metroya minə bilməyəcəm. Uzaqdan stansiyanı görən kimi düşüncələrimin düz olduğuna əmin oldum. Girişin qabağında yox-yox hardasa beş min adam var, girişləri bağlayıblar ki bəs adam çoxdu metro çatdırmır, avtobusla gedin. Day bilmir ki saat 12-ni keçib, avtobuslar işləmir. "Heç nə olmaz, bir az piyada gəzim, o biri stansiyaya düşərəm" Gəzə-gəzə 5 stansiya buraxdım. Saat 2-di artıq. Yolun qırağı ilə o qədər adam gedirki, riyaziyyat o rəqəmi kəşf etməyib. Boş taksi yox, saxlayan yol maşınları da ağzını Allah yolunda açıb, 100$-dan aşağı qiymət demir. 6-cı stansiyaya çatanda gördüm ki nəzarətçi ordan "Only with family" qışqırır. Dedim fürsət bu fürsət, yolda mənimlə addımlayan tapdım bir Nataşa, başa saldım ki məni stansiyaya sal, sonra hara gedirsən get. Ər arvad adıynan stansiyaya girdik bir təhər. 3-ün yarısı öz stansiyama çatdım. Ordan da gəzə gəzə otelimə. Nömrəmə girəndə telefonum o gecə 32 km yol gəzdiyimi göstərirdi. Məndən bu qədər Sizə məsləhətim dayandığınız yerdə, ox görürsünüzsə, heç vaxt arxasına düşməyin Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  İlkin Babayev

2017 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!