2107 dəfə oxunub

Belçika - Niderland səyahəti

Salam əziz Gəzəyənlər,
Sizə Belçika-Niderland səyahətimizdən qısa olaraq bəhs etmək istəyirəm.
Deməli 24-29 Dekabr arası 5 günlük səyahət etmək qərarına gəldik. Gəzəcəyimiz şəhərlər isə aşağıdakılar idi:
Brussel, Amsterdam, Rotterdam və Antwerpen.

Ayın 24ü RyanAir ilə Romadan Brusselə yola düşdük. RyanAir ilə ilk dəfədir uçurdum və heç rahat olmadığını deyə bilərəm. Lakin yol təxmini 2 saat yarım olduğu üçün problem olmadı.
Brusselə səhər çatdıq və 1 gün vaxtımız var idi. Christmas ərəfəsində getdiyimiz üçün şəhər çox gözəl bəzənmişdi. Christmas abu-havası hiss etmək cəhətdən 4 şəhər arasında ən çox bəyəndiyim Brussel oldu. Belə deyim, Brussel gözləntilərimdən bir qədər üstün oldu. Şəhərdə Grand-place’ə gedə bilərsiniz, demək olar hər şey onun ətrafındadır.
Lakin insanlarını heç sevmədim. Şəhərdə həddindən artıq çox miqrant var idi və əksəriyyəti necə deyərlər özlərini apara bilmirdilər. Yerli əhali görəndə adam sevinirdi.

49176559_2029793130409933_9082889785520947200_n

Ertəsi gün flixbus ilə Amsterdama doğru yola düşdük. Flixbus gözlədiyimdən daha rahat idi.
Niderlanda daxil olar-olmaz külək pərləri özünü göstərdi. Amstedamda 2 gecə 3 gün qaldıq və gözlədiyim kimi də oldu. Onu da elavə edim ki səyahətin əsas məqsədi elə Amsterdam’ı görmək idi. Amsterdam hər cəhətdən çox üst səviyyə şəhərdi. Şəhərin ən kənarında belə velosipedlər üçün infrastruktur ən üst səviyyədə qurulub və piyadalar velosipedlərə yol verməlidirlər. Bir sözlə hara baxsan velosiped görürsən. Şəhər çox gözəl şəhərdir, turistlərin sayı bir qədər çox olduğu üçün biraz qarışıq idi. Kanallar və körpülər adamı valeh edirdi. Jordaan, Dam square, Leidsplein, Rembrandtplein, Museumplein gəzməli-görməli yerləridir. Keçmiş vaxtlarda miqrant kimi şəhərə gələnlər isə özlərini çox mədəni aparırdılar.(Brusseldən fərqli olaraq)

49206619_2029793100409936_1247660606186586112_n
Ölkədə LGTB dəstəyinin olması, Rasizmin çox aşağı səviyyədə olmasına da müsbət cəhətdən təsir edib. Bir sözlə Amsterdam ideal şəhərdir.

Daha sonra Amsterdamdan Rotterdama getdik. Rotterdam yeni və müasir şəhərdir. İnfrastruktur eynilə Amsterdamda olduğu kimi tam üst səviyyədə qurulub, texnologiyadan tam üst səviyyədə istifadə edirlər. Şəhər turist kimi gedənlər üçün darıxdırıcı gələ bilər, yəni getməsəniz də bir şey itirmiş olmursunuz. Getsəniz isə Lijnbaan və cubic houses’ə gedə bilərsiniz. Rotterdam oxumaq və işləmək üçün ideal şəhərdir.

49288584_2029793197076593_2915865885803544576_n

Daha sonra isə yenidən Belçikaya, Antwerpenə getdik. Christmas market Brusseldə olduğu kimi, Antwerpendə də Niderlanddan daha yaxşı təşkil edilmişdi.
Əhali isə Brusselə nisbətən daha mədəni idi. Fikrimcə bu, fransızdan daha çox dutch dilli olmaları ilə əlaqədardır. O tərəflərə getsəniz 1 gününüzü ayırıb Antwerpenə getməyə dəyər. Mərkəz hissəni (Meir) gəzə bilərsiniz.
Ayın 29’u isə Flixbus ilə Antwependən bir başa Brussel airportuna gedib Romaya qayıtdıq ????

(Şəkillər hamsı özümə məxsusdur ????)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nihad Suleymanov

DİGƏR BLOQLAR

Baqajınız zərər gördükdə nə etməli?

25 Ölkədə olmuşam, fərqli hava yolları ilə uçuşlar etmişəm. Soruşsanız ki ən pis hava yolları hansıdır, şübhəsiz ki, Amerikada daxili uçuşlar icra edən hava yollarının adını çəkəcəm. Bunlardan biri də Frontier'dir.Çiynimizdə 1 ədəd çanta, 1 ədəd kiçik TravelGuitar və mənim Tar alətim var idi.Təyyarəyə minik başlayanda mənə bildirdilər ki,çantalar free'dir amma 1 adam 1 alət götürə bilər özü ilə və hər alətə görə də 55$ ödənilməlidir. Bildirdim ki, Tar ilə Gitaramı üst üstə qoyanda heç normal akustik gitaranın ölçüsü etmir. Dedim ödənişi edirəm amma Tarı özümlə Cabinə götürmək istəyirəm. Çox aqressiv şəkildə yox dedilər Tar baqaja getməlidir. Gitaranın furlyarı nazik olduğundan onu baqaja verə bilməzdim. 5/7 dəqiqə dirəşsəm də day uzatmadım ( Tarın Hard case'i olduğuna görə dəfələrlə baqaja gedib və sapsağlam alətimi hava limanından götürmüşəm ) Amerika daxili isə ilk dəfə idi baqaja verirdim Tarı. Alətin üstünə əlləri ilə böyük “ FRAGILE “ yazmaqlarına baxmayaraq getdiyimiz ştatın hava limanında futlyarın qarpız kimi partladığını gördüm. O cür bərk materialın çatlayıb aralanması üçün çox hündürdən çırpmaq və yaxud üzərinə hədsiz ağır əşya qoyulmalıdır. Baqajda alətə alət kimi yanaşmayıblar, üstündəki yazıya isə heç fikir verən olmayıb. ( Amerika daxili 2 uçuşda 3 çimodanımızı qırıblar fərqli hava yolları ) Çimodanımızın birini də bunlar qırdı " sağolsunlar ". Bu vaxta kimi heç vaxt hava limanlarında yaxınlaşıb qırılmış baqajın ödənişi üçün müzakirə etməmişəm. Lakin təyyarəyə minmədən öncə Tarı məcburi şəkildə əlimdən alıb baqaja verən, aqressiv şəkildə danışan işçilərin sifəti yadıma düşdüyü üçün əsəbləşdim! Dedim bu dəfə qırğın edəcəm!) Dili yaxşı bilməyə-bilməyə indi ya sizə verən Allah ya mənə misalı ilə söhbət eliyirəm. Sağolsun dostum #Malik bizi qarşılamağa gəldiyi üçün ətraflı müzakirələri o aparmağa başladı.Hava yolları nümayəndəsi Qırılmış baqajların şəklini çəkib özlərinə götürdülər araşdırma üçün, bizdən də əlavə məlumatlar aldılar.Bir müddət sonra mail yazdılar ki, 55$ alət üçün, 75$ baqaj üçün ödənən məbləğlər kartınıza qaytarıldı və dəymiş ziyanın qarşılığı olaraq sizə 400$-lıq uçuş bileti təklif edirik.Mənə ?! 55$? uçuş bileti ?! Əsəbim 3 qatına çıxdı! Mən o ödənişlərdən imtina etdim! Bildirdilər ki, bizə çek təqdim olunmadan biz sizə əlavə ödəniş etməyəcəyik. Çekləri atmamağın necə vacib olduğunu indi anlamışdım) Çimodanın çekini atdığıma görə o məbləğ ödənilmədi amma Tarın və futlyarın çeki var idi. Sağolsun dostlarımın biri musiqi mağazasının arxivindən qaiməni tapdı, digəri isə tərcümə+təsdiq elətdirib mənə göndərdi! Həmin tərcümə+təsdiq olunmuş qaiməni adı keçən hava yollarının mailına göndərib " Dİ HI " dedim öz ləhçəmiz ilə) Utanmadan hələ də 400$-lıq bilet təklif etdilər. Dedim a kişi, a xala, a bibi, a əmi başınıza dəysin e sizinlə səyahət edən deyiləm bir daha!Biraz uzun çəkən prosesdən sonra nəhayət ki dünən ünvana 1,750$ ???? dəyərində çek göndərdilər!) Sağolsun hava yollarına həftədə 3 dəfə zəng edən Malik! Ona bir sandwich borculyam ???? ( çox güclü qonaqlıqdır )Deyəcəyim odur ki, qaimələrinizin qədrini bilin ???? və baqajınız qırıldığında haqqınızı tələb edin ki, hava yolları şirkətləri özlərini adam kimi aparsınlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rizvan Aliyev

975 dəfə oxunub

Dağətəyinin cənnəti - limon qoxulu şəhərə gəzəyən turu

Limon qoxuları, limonçellosu, çiçəkləri, dar yolları, incəsənət qalereyaları, keramika mağazaları ilə məşhur olan sevimli və rəngli Pozitano Kampaniya(İtaliya) vilayətinin Saleno əyalətinə məxsus kiçik icmaya malik Amalfi sahillərinin ən gözəl qəsəbəsi sayılır. Başlanğıcı kiçik balıqçı sahil qəsəbəsi olan Pozitano turist axınından sonra yaraşıqlı və bərli-bəzəkli villalar, mehmanxanalar hesabına cazibəli bir şəhərə çevrilmişdir.Norman Jewison’un ‘Only you’ filminə baxdıqdan sonra bu şirin qəsəbəyə heyran olub ora getmək istəməyən çox az adam tapılar məncə. Sofi Lorenə məxsus villanı da məhz burada görə bilərsiniz.Dik bir yamac üzərində qurulan Pozitano, ağ, sarı, çəhrayı damlı Aralıq dənizi evləri, çınqıl daşlı çimərlikləri və masmavi dənizi ilə özünüzü sanki bir italyan filminin baş qəhrəmanı kimi hiss edəcəyiniz sahil qəsəbəsidir.Pozitanoya necə getmək olar?Pozitanoya gedib çıxmaq üçün ən yaxın hava limanı Neapol Beynəlxalq Hava limanıdır. Bu hava limanı Neapolun cəmi 7km cənubunda yerləşir. Maşınla hava limanından Pozitanoya çatmaq 1saat 15 dəqiqə çəkir. Hava limanından Neapol mərkəzinə ən ucuz getmək vasitəsi avtobusdur. EasyJet, Meridiana, Air Berlin, Vueling, Wizz Air kimi aşağı büdcəli hava yolları ilə Avropanın digər şəhərlərindən Neapola gədə bilərsiniz. Hava limanında günü 7 avro ödəməklə əşyalarınızı əmanət ofisində saxlaya bilərsiniz. Buradan şəhər mərkəzinə gəlmək üçün 2 növ avtobus fəaliyyət göstərir. Unicocampania şirkətinin avtobusu (Unico Alibus) hər 20-30 dəqiqədən bir hava limanından hərəkət edərək Garibaldi Meydanında(15-20 dəqiqəyə) və Municipo meydanında(30-35 dəqiqə) dayanır. Qiyməti 3 avrodur və 06:30-23:30 aralığında işləyir. Biletləri avtobusdan əldə edə bilərsiniz. Bu biletlə 90 dəqiqə ərzində ictimai nəqliyyatın digər növlərindən də istifadə edib otelinizə çata bilərsiniz. Bundan başqa ANM-3S avtobusu da həmçinin hava limanından Garibaldi Meydanına hər 15 dəqiqədən bir gediş-dönüş səfərləri həyata keçirir. Qiyməti 1,10 avro olan bu avtobus ilkinə nisbətən daha çox dayanacaqda dayanır və ucuz olduğu üçün daha çox sərnişini olur.İndi isə gələk əsas məsələyə, bəs Neapoldan Pozitanoya necə gedək?Neapoldan Pozitanoya gedib çatmaq üçün ilk öncə Sorrentoya getmək lazımdır. Neapolda yerləşən Corso Garibaldi mərkəzi dəmiryolu vağzalından Sorrentoya hər 20 dəqiqədən bir ''Circumvesuviana '' qatarı var (5avro) və səfər təqribən 1saat 10 dəqiqə çəkir. Sorrentodan Pozitanoya necə gedək?Sorrentoya çatanda dəmiryolu vağzalının çölündə SITA avtobuslarını görəcəksiniz. Ödənişi 1,5 avrodur. Bu avtobuslar hər saat başı Pozitanoya gedir. Burada biz yaz yağışının altında uzun sıra gözləməli olmuşduq. Buradan Amalfi və Pozitanoya gedə bilərsiniz.20km davam edən bu yolda ən möhtəşəm mənzərəni görmək üçün avtobusun sağ tərəfində oturun. Yarım saat və ya tıxac olarsa maskimum 45 dəqiqəyə Pozitanoya çatacaqsınız. Pozitanoda yemək-içmək bələdçisiDənizi, sahilləri qədər mətbəxi ilə də gözəl olan Pozitanoda harda yemək olar?Pozitano Cafe- mübahisəsiz otura biləcəyiniz ən gözəl yerlərindən biri buranın terrasıdır. Bu məkanda möhtəşəm bir kofe içərək mənzərədən həzz ala bilərsiniz.Paradiso Cafe- Eyvanında tiramisu ya da limonlu şirniyyat yeməyinizi mütləq tovsiyyə edirəm.Bunlardan əlavə Ristorante La Cambusa'nın mənzərəli bölümündə yer tapa bilsəniz çox şanslısınız. Çünki bura çox möhtəşəm mənzərəyə ev sahibliyi edir.Amalfi sahilləri ''limon diyarı'' olaraq adlandırılmasını qalın qabıqlı, bol sulu, bol şəkərli və mango böyüklüyündə ətirli böyük limonlarına borcludur. Bu da Pozitanoda başınızı çevirdiyiniz hər yerdə limon ağacı görməyiniz, makarondan torta, risottadan dondurmaya qədər hər təamın limonlusunu yeməyiniz, ancaq ən çox da limonçello içməyiniz deməkdir. Bu içki spirtliliyi 35% olan limon likörüdür. Makaron və pizzadan əlavə (bu arada ən dadlı pizza Capricci adlanan pizza restoranında olur) donuz əti yeməklə probleminiz yoxdursa prosciutto-nu tövsiyyə edərdim.Pozitano bahalıdır ya ucuz sualının cavabına gələndə isə şəhər çox bahalıdır deyərdim. Pozitano Amalfi sahillərinin ən bahalı qəsəbəsidir. Hətta yerli xalq ilə biraz səmimi olsanız, onlar sizə növbəti səfərinizi Sorrentoda keçirməyinizi məsləhət verər.Pozitanoda harda qalmaq olar?Bir günlük gəzməyə gedirsinizsə, Neapolda qalıb bu şəhəri də gəzib Pozitanoya baş çəkə bilərsiniz. Ancaq sırf Portofino, Pozitano, Amalfi sahillərində bir neçə günlük tətilə gəlmisinizsə, burada gecəsi 2 nəfər üçün 100 avrodan 3200 avroya qədər dəyişən qiymətlərlə qonaq ola bilərsiniz. Bronu mütləq bir neçə ay əvvəl edin. Bunlardan ən yaxşıları Appartamento Mare A, Villa Eos, Villa Eden, mərkəzə daha yaxın qalmaq istəsəz Positano Villa Sleeps 13 Air con Wifi, Villa Punto del Sole, daha ucuz isə Your nest on the Path, Casa Fortunata kimi yerlərdir. Bir də kiçik bir qeyd edim ki, dünyanın ən gözəl otellərindən biri olan Le Sirenuse da burada yerləşir.Pozitanoya nə vaxt getmək olar?Səyahət edərkən yağış sizi narahat etmirsə bahar və payız ayları bura getmək üçün seçilən vaxtlardandır. Dəniz tətilini burda keçirmək istəyənlər yayda ən yüksək istiliyin 32 dərəcə olduğunu yadda saxlasınlar. Həm gündüzlər isti sizi yormur, həm də gecələri sərin keçir. Məncə ən yaxşı vaxt turistlərin hələ çox axın etmədiyi, havaların da daha yeni isinməyə başladığı-aprel ayının əvvəlidir.Pozitanonun yerli xalqı haqqında Pozitanoda yerli xalqın həyat səviyyəsi yüksək və cənublu olduqlarına görə daha rahat, daha gülərüz və yardımsevər insanlardır. Bura həm də İtaliyanın digər bölgələrinə nisbətən daha təhlükəsizdir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Ismayilzada

1570 dəfə oxunub

Saxurların gözü Mamrux

Bugün çoxdan arzuladığım bir səfəri reallaşdırdım. Velosipedlə aramızda bir dağətəyi kənd olan Mamruxa getdim. Belə yerlərdə iki ya 3 nəfərlik qruplar arzuolunandır. Mən də hər zamankı kimi Şıxəmirlə getdim. Səfərimizi səhər 6 - da düşünsək də tez olduğuna görə 8 - ə dəyişdik. Bir saata kəndə çatdıq.Öncə kənd məscidinə, onun həyətindəki köhnə Alban məbədinə baş çəkdik. Məscid bölgə memarlığı üslubunda tikilib. Doğma olan üslubu burada da görmək ruhumuzu oxşadı. Karantin dövründə olduğumuz üçün təəssüf ki, bağlı idi. Sadəcə həyətində gəzə bildik.Deyilənə görə, Alban məbədi sovet dövründə tövlə kimi istifadə olunub. Hazırda isə baxımsız vəziyyətdədir. Ancaq bir həyətdə həm saxurların xristian olduqları dövrdə tikilən köhnə bina, onunla eyni həyətdə yenə saxurların müsəlman olduqları müasir dövrdə tikilən məscid vardı. Bu tandem xoş təəssürat yaradır.Ondan sonra məscidin sol tərəfindən 150 metr aralıqda yerləşən, divarında ərəbcə məlumat lövhəsi olan körpüyə baş çəkdik. Ətrafı iri ağaclarla əhatə olunan bu körpünün altından su axmırdı. Bu bir növ körpünü yararsızmış kimi göstərir. Amma çay yatağının dərinliyi maşın və hətta at arabasının da keçidinə əngəl törədir.Daha sonra kənd mərkəzində biraz gəzdikdən sonra çay içməyə getdik. Kənd əhalisinin mehribanlığı, hər kəsin bir-birilə salamlaşmağı diqqətimdən yayınmadı. Bizim də kənddə hamı bir-birinə salam verir. Bu çox bəyəndiyim adətdir. Allahın adını bir-birimizə ötürürük. Burada isə bu hərəkət xüsusi mehribanlıqla edilirdi. Yorğunluğumuz, çayın ləzzətli dəmi, havanın istiliyi, hər zamankı zarafatlarımız deyərkən bir saata yaxın vaxt keçdi, dincimizi alıb, yola çıxdıq.Ordan çıxarkən Mamrux kənd məktəbinin müəllimi, araşdırmaçı Sakit müəllim bizi qonaq çağırdı. Mamruxun ümumi tarixindən, onun fərqli dövrlərdə yaşadığı tarixi, mədəni dəyişikliklərdən söhbət elədi. Bu gün həm də bizi maraqlandıran digər məsələ Mamruxun incisi deyə biləcəyimiz Armatay ( Ay ilahəsi) məbədi haqqında öyrənmək, mümkün olsa ora qalxmaq idi. Təəssüf ki, məlumat alsaq da, bələdçisiz ora qalxmaq qeyri-mümkündür. Dağ-meşə içində dağılmaqda olan məbədi tapmaq xeyli müşkül olacaqdı. Mamruxun qədim olduğunu bilirdim. Amma dəmir dövrünə aid məbədlərin, qəbirlərin varlığından xəbərsiz idim. Kəndə olan marağım daha da çoxaldı. Uşaq vaxtı arı köçləri ilə bura gələndə kəndin gözəlliyi az-çox yadımda idi. Amma bugün bir təbiətsevər olaraq bu gözəlliyə  vuruldum. Sakit müəllimin qonaqpərvərliyi, danışdığı maraqlı tarixi hadisələr(özü tarix müəllimidir), regionun tarixi əhəmiyyəti barədə bir çox mövzular mənim üçün əsl meditasiya oldu.Yenicə çıxmışdıq ki, rəssam Əhməd müəllim, hələ də, kənddə olub - olmadığımızı soruşdu. Dünən gələcəyimi xəbər vermişdim. Təzədən yeni Mamruxdan köhnə Mamruxa qalxdıq, dağın lap dibinə. Dünəndən velosiped sürdüyümə görə xeyli çətinlik çəkdim. Şıxəmir isə hər gün sürməyinin verdiyi rahatlıqla rahatca davam edirdi. Həqiqətən həyətinin dizaynı, evinin divarlarındakı rəsmlər, evin rəssama məxsus olduğunu deyir. Bütün kəndi, dağ və meşələri görə biləcəyimiz kəndin bu hissəsində saxurların milli-mədəni məsələləri barədə söhbət elədik. Sakit müəllimin danışdığı tarixi faktların üstünə Əhməd müəllimlə də daha çox sosial mövzuları xırdalamaq Mamrux və onun saxurların tarixindəki rolunu daha aydın başa düşdüm.Daha sonra qonşuluqda olan, Qafqaz Albaniyası dövründə imarət olsa da hazırda tövlə kimi istifadə olunan bir binaya baş çəkdik. Baxımsız vəziyyəti ilə bəlkə də 20-25 il ömrü qalıb. Ya da ev sahibi yeni tövlə tikərkən sökməli olacaq. Çox acınacaqlı vəziyyətdir. Ümumiyyətlə, Zaqatalada çoxlu tarixi binalar eyni taleyi yaşayır. Şəhər mərkəzindəki alban kilsəsi də həmçinin. Sağollaşıb, üzü bizim kəndə doğru yol aldıq. Kənddən çıxandan sonra bir kənardan Mamruxun aşağıdan şəklini çəkdim. Həqiqətən tam da yaşamaq istəyərəm dediyim yer idi. Ətrafında dağ meşələri, içindən və yanından axan çaylar, geniş bağlar, səmimi insanlar. Bir sözlə, mənə görə hüzuru tərif edəcək çox şeyləri burada tapdım. Bir də Zaqatalada Çardaxlar kəndini bu qədər bəyənirəm. Amma Mamrux artıq ilk pillə oldu mənim üçün.Bugün yaşadığım digər təcrübə isə Mamruxun qonaqpərvərliyidir. Sakit və Əhməd müəllimi Facebook sosial şəbəkəsi üzərindən söhbətlərimiz olsa da ilk dəfə real görüşürdük. Bizi sanki illərin tanışları, dostları kimi qarşıladılar. Belə fikirləşirəm ki, kimsə mənə evini açıbsa ora getməmək ədəbsizlikdir. Bu gözəl insanlar sayəsində Mamrux çox gözəl xatirələrlə yaddaşıma həkk olundu. Onlar mənə görə bütün Mamruxu təmsil edirdilər.Kəndimizdən olan, Gəncədə yaşayıb-yaratmış saxur yazıçımız Əhməd İsayev son əsərlərindən birini kəndimizə həsr edib. Adını da “Saxurların gözü Suvagil” qoyub. Bizim kənd dünyada saxurların kompakt yaşadığı ən böyük yer olsa da (təxminən 7000 nəfər – 1400 yaxın ev) mənə görə gözəllik və tarix baxımından “Saxurların gözü Mamrux”dur.Hər bir Azərbaycanlının öz milli-mənəvi dəyərlərinə sahib çıxaraq, onları qoruyub saxlaması ümidi ilə.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Akifsoy

1996 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!