233 dəfə oxunub

Barselonadan Lissabona səyahət

Salam, Yoldaşlar!
Bu gün sizlərə Milad zamanı etdiyim İspaniya-Portuqaliya səyahətindən danışacağam. Bəlkə kiməsə faydalı olar. Səyahət ümumilikdə 10 gün davam etdi, yolları çıxsaq, hər şəhərdə təxminən 2 gün qaldıq. Marşrutumuz belə idi: Barselona → Madrid → Porto → Lissabon.Alsa/Flixbusla Təxmini 20-30 avro arası(hər gediș).Porto-Lissabon-8 avro(Flixbus)
Barselona
Barselona gözəl şəhərdir! İnanın, 2 gün bəs etmir, görməli yerlər bitmir ki bitmir. Daha çox vaxt ayırmaq lazımdır. Xüsusilə Camp Nou (Barselona stadionu) hazırda təmirdədir. Əgər buranı görmək istəyirsinizsə, mütləq təmir işləri bitəndən sonra səyahətinizi planlaşdırın. Əsas məşhur yerləri gəzmək üçün vaxtımız oldu və məşhur paella yeməyinin də dadına baxdıq. Arda Turan Skamyasına getməyi unutmayın.Iconic trenddir artıq
Barselona səyahətə dəyər!
Madrid
Madrid üçün 2 gün kifayət etdi, ən azından bizim üçün belə oldu. Bernabeu Stadionu və muzey turu 3-4 saat vaxtınızı alacaq, amma hər qəpiyinə dəyər (qiyməti: 35 avro). Həmçinin Kral Sarayı və The Bullring Arena da olduqca maraqlı yerlərdir və mütləq görülməlidir.

Qalmağa gəldikdə, qarışıq (mixed) hostellərdə qalmaq istəyirsinizsə, mən Onefam hostellərini tövsiyə edirəm. Axşamlar özəl partiləri filan olur, qiymətlər də çox ucuzdur. Bizim qaldığımız hosteldə qarışıq olmasına baxmayaraq, otaqda tək qaldıq. İşçilər bacardıqları qədər qonaqları ayrı-ayrı otaqlara yerləşdirirlər.
Porto
Porto inanılmaz bir şəhərdir! Gecələr sadəcə sahildə oturub saatlarla mənzərədən zövq ala bilərsiniz.


Burada mütləq Francesinha və Nata yeməklərinin dadına baxın.



Qiymətlər də ümumilikdə Portoda çox ucuzdur. Okean sahili isə gün batımını izləmək üçün möhtəşəmdir. Şəhərin ən yüksək nöqtəsinə çıxıb bütün Portonu seyr etmək də unudulmaz təcrübədir. Əgər futbolla maraqlanırsınızsa, məşhur Dragão
Stadionunu da ziyarət edin.

Lissabon
Lissabonun özünə 2 gün kifayət edir, amma ətraf bölgələri, məsələn, Sintra kimi yerləri gəzmək istəyirsinizsə, əlavə vaxt ayırmaq lazımdır. Biz də Sintraya getdik, amma Milad münasibətilə bəzi yerlər bağlı idi. Buna baxmayaraq, hiking etdik və şəhərin qalan gözəlliklərini seyr etdik. Lissabonda Torre de Belém abidəsini gün batımı zamanı görməyə getməyə dəyər. Həmçinin, 28 nömrəli tramvayla şəhərin turistik yerlərini gəzə bilərsiniz.
Nəqliyyat Kartları
Barselona: 17.50 avro (2 günlük)
Madrid: 17 avro (2 günlük)
Porto: Gündəlik 6 avro
Lissabon: Qatar daxil olmaqla kartlar 10-11 avro, sadəcə metro və avtobus üçün isə 6-7 avro.
Madeyra adasını isə ayrı bir səyahət kimi saxlamağı tövsiyə edirəm. Orası tamam başqa bir aləmdir! Özümdə oranı ayrı bir zaman saxlamıșam.
Bu səyahətə mütləq dəyər! İspaniya və Portuqaliyaya səyahət etməyi planlaşdırırsınızsa, vaxtınızı və marşrutunuzu yaxşı planlayın. Sizlərə maraqlı və gözəl səyahətlər arzulayıram!

Paylaşan: Zahid Memmedov

DİGƏR BLOQLAR

Mərakeş bələdçisi

Mərakeş səfərim sona çatır sabah. Qrupda praktiki məlumatlar olan post tapmamışdım gəlmədən öncə, ona görə gördüklərimlə bağlı qısa notlar götürmüşdüm burada paylaşmaq üçün əsl qışa dönmədən öncə.Bu post Mərakeşə səyahət etməyə hazırlaşan yaxud səyahət etmək istəyən Backpacker-lər (əsasən SOLO) üçündür (Maroc, Morocco, Fez, Merakesh, Mərakeş).ÜMUMİ PRAKTİKİ MƏLUMATLAR:Sim card - ilk iş, mən Inwi məsləhət görürəm, 50 dirhəmə 11 giga və 1 saat danışıq işi görür əgr telefonu kənara qoyub ölkəni gəzmək istəyirsinizsə.Taxi - həmişə hərəkətdə olan taksiyə əl edin, hər şəhərdə eyni rəngdə taxi maşınları var və qiyməti siz deyin, şəhərdaxili hara gedirsiz gedin 20 dirhəmdən çox olmamalıdır (aeroportları çıxmaqla - bəzən kənarda ola bilir aeroport) və hətta bəzi şəhərlərdə eyni qiymətdi hər yerə (Essaouira 7-8 dirhəm).Scam - küçədə heç kimdən heç nə soruşmayın qəti. Kim də nə desə “la, shokran” yaxud “no, merci” kifayət edir uzaqlaşdırmaq üçün əgər çox gəlsələr. Mağazalarda çalışanlardan soruşa bilərsiniz. Əgər kimsə hiss etsəniz ki yaxşılıq etmək istəyir həqiqətən də, öncədən bildirin ki, ona heç bir pul ödəməyəcəksiniz (mənim başıma neçə dəfə gəldi və mən bunu deyəndə onların hamısı dedilər ki “mənim dilimdə “sağ ol” desən bəs edər”)Haggling - hər yerdə qiymət danışa bilərsiniz rəsmən, milli geyim tipli nələrsə almaq üçün ən yaxşısı dərzi + mağaza olanlardı. Hansılar ki qiymətdə daha flexible’dılar enmək üçün. Bir də, mağazaların bağlanan vaxtı daha çox qiymətdə enirlər kimi hiss etdim.Restaurant - hər qiymətə hər cür restoranlar var, amma ən yaxşısı restorana girmədən öncə review check eləməkdi. Çünki zəhərlənmə yaxud ərzaq keyfiyyəti pis olan restoranlar çoxdu və bunu rəylərdə görə bilərsiniz.Language - bəzi postlarda oxumuşdum Mərakeşdə Fransızca danışmaları ilə bağlı, bura gələndə anladım ki, Fransızca bilməyənlər imiş bunların Fransızca danışa bildiyini düşünənlər. Bizdə rusdan ingilisə olan dəyişim kimi (yaşlı cavan nəsil), bunlarda da fransızdan ingilisə dəyişim gedir. Fransızca yaxşı danışan təbəqə universitetə filan getmiş təbəqədi. Hansı ki siz onları küçələrdə çalışan görməyəcəksiniz, gördüklərinizsə “broken french” danışır və danışdıqları ləhçə isə ərəbcələrinin standard ərəbcədən fərqli olduğu qədər fərqlidi Fransadakı fransızdan. Adi rəqəmləri, bahadır, sağa, sola və axtardığınız şeylərin adlarını fransızca öyrənsəniz elə onlar qədər bilmiş olacaqsınız və kifayət edəcək, belə o səviyyədə onsuz da ingilisi də bilirlər ona görə problem olmamalıdır ümumi.Alcohol - barların bəzilərindən başqa demək olar ki. çox yerdə tapmaq olmur. Carrefour’da satılır amma 20:00’da satışı dayandırırlar əksərən və çox bahadı, hətta Belçika qiymətlərindən belə baha idi :)Hashish - Mərakeş Avropa İttifaqının 70% importunu qarşılayır, bütün keyfiyyətlərdə bütün qiymətlərdə tapa bilərsiniz küçələrdə. Chefchaouen hashishi məşhurdur.Security - bütün ehtimallarda, üzərinizdə sizə anında lazım olacaq məbləğdən çox pul, sənəd ya pul qabı gəzdirməməyi tövsiyə edərəm. Əlinizde telefon gəzməməyi, həmişə arxadan kimsə gəlir ya gəlmir yoxlamağı, axşam tək çıxmamağı (ümumiyyətlə qrup yaxud bir neçə nəfər olanda həmişə daha yaxşıdı) tövsiyə edərdim.Rent a car - etməsəniz daha yaxşı əgər yerli biri yoxdursa sizlə, çünki şirkətlər həmişə nəsə tapır əlavə pul almaq üçün. Maşın sürmək fəlakət kimidir. Yol işarələri filan bir çox şəhərlərdə yox vəziyyətdədir.Transport - biletləri ok qiymətlərə ala bilersiniz. Rəsmi website’larından (aşağı əlavə edirem linkləri - website’lar fransızca yaxud ərəbcədi, amma google chrome istifadə edərək avtomatik tərcümə edə bilərsiniz):Train - sürət və normal qatarlar var (hər yerində yox amma). Şirkətin adi ONCF > https://www.oncf-voyages.maBus - avtobus şirkətləri CTM və Supratours > https://ctm.ma ve https://www.supratours.maVisa - Schengen ölkəsi oturumu olanlara çox rahat, online prosesdir və 1 saata göndərdilər e-visani. Digərləri üçün rəsmi website yoxlayın çünki sadələşdirmə prosesi gedir keçən ildən.ÜMUMİ TƏƏSSÜRATLARIM: Super ölkədir. Gəzməyə, görməyə dəyər. Çox mehriban insanlardır. Tarixidir və hər şəhəri digərindən çox fərqlənir həm təbiətinə, həm arxitekturasına, həm də tarixinə görə. Qiymətlər deyilən qədər ucuz deyil (Azərbaycandan bahadır ən azı) sözsüz ki, hansı ölkə ilə müqayisə etmənizə bağlıdır.GETDİYİM ŞƏHƏRLƏRLƏ BAĞLI QISA:EssaouiraBeach city, horse riding və surfing məşhurdu dəniz kənarında. Daha təhlükəsizdir digər yerlərə baxanda. Taxi 7-8 dirhəmdir hər yerə. Aeroportdan şəhərə bus da var, taxi də (taxi daha yaxşıdır, çünki bus qarışıqdır). Accommodation: Beach hostel. Gediləcək bar isə Taros ola bilər, canlı musiqi + alcohol + terrace.MarrakechXaotik amma gözəldir. Bahia üçün guide tutsaz əla olar çox öyrənmək üçün. Badi’ni özünüz də ziyarət edə bilərsiniz. Parklara mütləq gedin. YSL fanısızsa onun muzeyinə gedə bilərsiz. Online alın mütləq çünki sıra çox uzundu (combined ticket ile Majorelle ve Berber museum də görə bilərsiniz >https://www.museeyslmarrakech.com). Gueliz ərazisində gəzməyi unutmayın. Taxi üçün hərəkətdə olanları saxladın, 10-20 dirhəm arası gedə bilərsiniz Medina ilə digər yerlərin arasında. Riad Rouge Marrakech mütləq qalmalı olduğunuz yerdir.Sahara tour MerzougaZagora’ya sahara tour adı ilə aparsalar getməyin qəti. Orada qum təpələri filan yoxdur. Merzouga qışda çox soyuqdu axşam, getsəniz bunu nəzərə alın (mənfiyə düşür və isitmə yoxdur heç harda əgər luxury tour almamısınızsa). 1000 dirhəmə satılan turu biz 700’ə almışdıq danışıb, kontaktı var istəsəniz paylaşa bilərəm. Göy üzü filan super görünür (Milky Way daxil).CasablancaBir günlük görmək olar məscidə bir də bir neçə gözəl yerlərinə görə. Lissabona oxşayır biraz (daha dağınıq versiyası).RabatTəmiz, gözəl, az turist olan, aldatma filan halları çox az olan bir şəhərdir. Bir gün keçirtmək olar.ChefchaouenToy öncəsi gözəllik salonundan yenicə çıxmış cliché Azərbaycanlı qıza bənzətdim bu şəhəri. Estetik olaraq çox gözəldi, amma şəhərin ruhu yoxdur. Şəhəri süni olaraq şəkil çəkdirmək üçün yaradıblar sanki. Hər yer bir-birinə oxşayır və mən 3 gün qalsam da çölə çıxmağa çox da həvəsim olmurdu eyni şeyleri görməkdən bezdiyim üçün. Hiking üçün əla trekler var hansi ki ora ile bağlı mavi sözündən sonra ilk ağlıma gələn onlardı. Baraka hosteldə qalmağa dəyər.FezTarixi şəhərdir və keçmiş paytaxt olub. Burada daha çox yemək bişirmək və hamam tipli aktivitələr edə bilərsiniz. Riad Verus və Medina Social Club əla hostellərdir.Daha detallə ümumi məlumatlar istəsəniz planlamaya kömək məqsədilə bu website istifadə edə bilərsiniz: https://worldofwanderlust.comSON SÖZ:Təhlükə və s. ile bağlı olan cəfəngiyyatlara çox da inanmayın. Dünyanın hər yeri təhlükəlidir ehtiyyatlı olmasanız.Gözlərinizin çekdiyini isə heç bir kamera çəkə bilməz. Telefonu kənara qoyub getdiyiniz yerlərdə gözlərinizlə bütün gözəllikləri mütləq çəkin :)Hər fəsil hər yerdə fərqli gözəldir. Deyilənlərə əsasən, Mart, Aprel, Sentyabr və Oktyabr gözəl aylardır Mərakeşə səfər üçün.Bon voyage!

1620 dəfə oxunub

Dünyanın naxışı - Naxçıvan bələdçisi

Səfər öncəsi "Naxçıvana 15 gün" dediyimdə "orada 15 gün nə edəcəksiniz?" deyə təəccüblü sual aldım. Lakin bu 15 gün ərzində bəlli oldu ki, hələ bir 15 gün də əlavə ola bilərdiBeləliklə, çalışım çox geniş olmadan, çox yormadan ümumi bir Naxçıvan postu hazırlayım (Şəxsi instagram hesabımda hələ də paylaşmaqda davam edirəm https://instagram.com/irada_gadirova?utm_medium=copy_link )Naxçıvan səfəri boyunca Naxçıvan şəhəri, Babək, Ordubad, Şahbuz, Şərur, Culfa, Kəngərli rayonlarına səfər edib, onların maddi-mədəni irsi və təbiətini çəkmiş oldum. Gəzməli görməli yerləri sistemləşdirirəm:1. Naxçıvan ş.-Xan sarayı, Möminə xatun türbəsi, Əcəmi seyrangahı, Yusif ibn Küseyr türbəsi, bayraq meydanı, Nuh peyğəmbər türbəsi, Naxçıvan tarixi qala, muzeylər. Qeyd: bütün muzeylərə giriş pulsuzdur 2. Babək r. -Əshabü Kəhf-Atçılıq mərkəzi3. Culfa r.- Əlincə qalası (giriş pulsuzdur)-F.Nəiminin məzarl olan Xanəgah- Bənəniyar gölü və oradan Haçadağın görüntüsü. -Culfanın Mars kimi tanınan dağları var. Yolboyu sizi müşayiət edəcək.Qeyd: eyni günə Əlincə qalası, Xanəgah və Əshabü Kəhfi sala bilərsiniz. Mən tərsinə etdim, yandım. Siz getsəniz, səhər ertədən qalaya gedin. 9da açılır. Oradan Xanəgaha keçin, qalanın arxasındadır və sonra da Əshabü Kəhf. 4. Kəngərli r.-Qarabağlar türbəsi. Orta əsr memarlığının ən möhtəşəm nümunəsidir və mütləq ziyarət ediıməlidir.5. Şərur r.Mənim qrafikim bir az çılğın qrafik idi. Hər bir halda sizin üçün də yazım. Bəlkə qalxmaq istəyərsiniz:-Oğlanqala. E.Ə. II-I minilliyə aid qədim şəhərin təpə üzərində qalıqlarıdır. Oradan Ağrıdağa və Arpaçay su anbarına möhtəşəm görüntü açılır.- Yuxarı Yaycı kəndi, Ağzirət piri. Əslində bura qədim dövlərə aid mağaradır. Və əgər ki, günortadan sonraya salsanız, dağlar və mağara fonunda ecazkar günbatışı rənglərinə şahidlik edəcəksiniz. -Arpaçay Su anbarı.6. Şahbuz r.- Batabat. Bir azdan bütün gül-çiçəklərin açacağı vaxt olacaq.-Ağbulaq. Batabat yolundadır. Burada Azərbaycanın 3-cü böyük kanat mərkəzi yerləşir. Qiymətləri 5 manat, limitsiz 15 manatdır. Qışda qarda xizək mərkəzi kimi fəaliyyət göstərir, yayda isə dağlara baxmaq üçün gözəldir.-Kükü kəndi. Gurbulaq şəlaləsi və Qanlıgöl. Kəndə gəlsəniz, istənilən şəxsə müraciət edib UAz istəyin. Sürücü sizə həm də elə bələdçilik etmiş olacaq. Hər bir halda müraciət etməkdəb çəkinməyin. İnsanlar xoşgörülü, qonaqpərvər və açıqdırlar.-Keçili kəndi. Tam sərhəd kəndi olan Keçili təbii bulaq suları, yaylaqları və Ballıdüz şəlaləsi ilə seçilir. Düzdür, şəlaləni çox naxçıvanlı belə tanımır kənd sakini Nəsimi bəy bələdçilik də etdi. Yolboyu ehtiyatlı olun Gürzələrlə doludur- Vayxır gölü. Şahbuzdan Naxçıvana qayıdınca yolun solunda Vayxır gölü görsənir. Orada ayaq saxlayıb gölə, dağlara, kəndlərə açılan mənzərələr baxın.7. OrdubadOrdubad bu səfərimin zirvəsi oldu. Ürəyimdə bir ayrı yerə qoydum.Ordubadda şəhərin özü ilə sizə yarım gün vaxt bəs edəcək. Qeysəriyyə, Cümə məscidi, Meydan, Yusif Məmmədəliyevin və Ordubadinin ev muzeyi, tarixi çinarlarla tanış olduqdan, Dübəndidə və Mirinin çay evində çay içdikdən sonra yollanın kəndlərə:-Nüsnüs. Asfalt yollu kənddə tarixi hamam var. -Gənzə. Elə mənzərələr, yolboyu açılan görüntülər nəyə deyirsən dəyər.-Pəzməri2 möhtəşəm şəlaləsi var. Birjnciyə getmək asandır, digəri üçün 40 dəqiqəlik bir hikinq lazım olacaq. Lakin mütləq gedilməli və görülməlidir.-Göygöl. 4 gözəl kənddən keçməklə Göygölə gedilir. Lakin bunun üçün icazə alınmalıdır. Çünki hərbi hissə ərazisindən keçilir. -Gəmiqaya. Qapıcıq və Gəmiqaya dağları ətəyində, Qaranquş yaylağında yerləşən Gəmiqaya petroqlifləri dünya əhəmiyyətli maddi-mədəni irsimizdir. Minilliklərə dayanan yaşı olan Gəmiqaya petroqlifləri açıq səma altında muzeydir.Naxçıvan eyni zamanda sağlamlıq turizminin əsas istiqamətlərindən biridir. Burada Duzdağ kimi mağara, Darıdağ müalicəvi mərkəzlər nəyə deyirsən dəyər. Birincidə astma, bronxial xəstəliklər, ikincidə isə mineral sulu hamamda sinir və digər xəstəliklər müalicə edilir.Naxçıvanda harada qalaq?1. Saat meydanı Naxçıvan - mənim seçimim bundan yana oldu. 4 ulduzlu otel olan Saat meydanı şəhər mərkəzində olmaqla, otaqları geniş, səliqəli, özünün 5 kafesi, cinema plusu olan mərkəzdir. Burada rent car xidməti də var. Rahat sifariş edə bilərsiniz. Həmçinin qeyd etdiyim məkanlarla bağlı gediş-gəliş işini də otel administrasiyasına müraciət etməklə yardım ala bilərsiniz.Şəhərdə həmçinin Təbriz, Grand otellər də var. Lakin mən orada qalmamışam deyə bir şey deyə bilmərəm.2. Duzdağ otel. - Duz mağaraları yolunda olan otel çox qəşəngdir. Hər otaqda iri duz parçalarl da qoyulub. Həm ana bina, həm də kotecləri, basseyni də var.3. Ağbulaq ailəvi-istirahət mərkəzi. Kanat xətti olan mərkəzdir.Yemək üçün Buzxananı milli mətbəx üçün seçdim. Lakin yemək yerləri çoxdur. Heç bir sıxıntı yaşamayacaqsınız.Naxçıvanda hər yer tərtəmizdir. Taksi xidmətləri var. Ucuzdur. Dəhşət ucuzNaxçıvanda maska yoxdur. Rahat nəfəs alın. Belə. Nə sual olsa, yazın. Ola bilər nəyisə unutmuşam. Sual olduqca, xatırlayıb yazaram.Xoş istirahətlər#naxçıvan #travel #azərbaycanƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Irada Gadirova

2361 dəfə oxunub

Krakov səyahəti – Oskar Şindlerin fabriki

Krakovdakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Keçən dəfə Varşava yazımda da yazdığım kimi, Varşavaya getdiyimi eşidən hamı niyə Krakova deyil də Varşavaya getdiyimi soruşduğundan artıq qərara gəlmişdim ki, Varşavadakı tədbir bitən kimi Krakova yola düşəcəm. Beləcə tədbir bitəndən sonra italyanistehsalı olan (burada italyanların o məşhur əl hərəkətini də etmək olar ???? ) Pendolino sürət qatarına minib, hardasa 2 saat 20 dəqiqədən sonra oldum Krakovda. Dəmir Yolu vağzalı Galeria Krakowska alış-veriş mərkəzinin  altında yerləşir, ya da alış-veriş mərkəzi vağzalın üstündə yerləşir. Bəri başdan deyim ki, Avropada alış-veriş nəzərdə tutursunuzsa, Polşa ən yaxşı seçimlərdən biridir. Ölkə ucuzluq olduğundan və hələlik avroya keçmədiyindən qiymətlər digər ölkələr ilə müqayisədə daha ucuzdur.Qısa tarixi infodan sonra keçəcəm turistlər üçün məlumatları paylaşmağa. İlk ondan başlayım ki, Krakov Polşanın və ya əski dillə desək Lehistanın paytaxtı olub, sonradan paytaxt Varşavaya köçürülsə də, Varşavanın 2-ci dünya müharibəsində ağır yaralar almasıyla Krakov elmi, mədəni “paytaxt” statusunu qoruyub saxalayıb. Varşavadan fərqli olaraq 2-ci dünya müharibəsində şəhər demək olar ki, heç bir ciddi zərər görməyib amma müharibənin bütün dəhşətlərini nətər deyərlər “çiynində daşıyıb”. Məhz bu dəhşətlərin qalıqlarını görmək üçün hər il Krakova 7 milyona yaxın turist gəlir. Krakova Budapeşt və Praqaya bənzədiyinə görə bəzən Polşanın Budapeşti, daha çox isə Praqası deyirlər.İndi isə keçək əsas məsələlərdən birincisi olan Bakıdan Krakova necə getmək olar? sualına. Ən ucuz varyant WizzAirlə Budapeştə gəlib, buradan qatar və ya avtobusla Krakova getməkdir. Krakovdan gələrkən demək olar ki, yolun yarısı Slovakiya ərazisindən keçir və ilin istənilən fəslində buradan sadəcə avtobusla keçərkən belə böyük zovq alacağınıza əminəm.Varşava haqqında yazıda Polşada nə yeyilib içilməlidir mövzusuna toxunmuşam, oradan baxa bilərsiniz amma bir yemək var ki, onu qeyd etməsəm olmaz. Bu yeməyin adı zapiekankadır. Baqetin üzərinə müxtəlif soslar, pendirlər, kolbasalar, vetçinalar, sosilər, tərəvəzlər düzülməklə hazırlanır. İstəyinizə görə pendirli, sosisli, tərəvəzli və ya qarışıq növünü seçə bilərsiniz. Görünüş olaraq bir növ pizzaya oxşayır amma dad olaraq müqayisə olunacaq kimi deyil. Pizzayla heç müqayisə olunası deyil. Deməli bu zapiekankanı yemək üçün Krakovun qədim yəhudi məhəlləsi var Kazimierz adında mütləq oradakı köhnə bazara getmək lazımdır. Ən dadlıları orada olur, istəyə görə yanına meyvə şirəsi, qazlı su və ya pivə də ala bilərsiniz.Harda gecələməli sualına gəldikdə isə, mən adətən bizim bloqun oxucularına hostellərdə qalmağı və ya couchsurfingdən istifadə etməyi məsləhət görürəm. Elə özüm də hosteldə qalmışdım. Qaldığım hostel mərkəzə 10-15 dəqiqə yerimə məsafəsində olan, Premium Hostel idi. 4 nəfərlik otaqda 1 yataq kirayələmişdim və 2 gecə üçün 12 avro vermişdim. Təmizliyi, yerləşməsi, şəraiti də ki, öz yerində. Yolunuz Krakova düşsə bu hosteldə qala bilərsiniz.Hostelə gəlib yerləşəndən sonra, kiçik bir xəritə alıb düşdüm yola şəhər meydanına doğru. Krakovun şəhər meydanının əsası 13-cü əsrdə qoyulub daha dəqiq 1257-ci ildə. Meydan Rynek Glownyadlanır və Avropada Venesiya şəhər meydanından sonra ən böyük meydan hesab olunur. Meydanın uzunluğu və eni 200 metrdir və 4 tərəfi də qədimi və rəngarəng binalarla əhatə olunub. Meydanın mərkəzində Sukiennice adlı bazar yerləşir. Bazar dünyanın ən qədim alış-veriş mərkəzlərindən biridir. İstanbuldakı Kapalı Çarşının daha kiçik formasıdır sanki. Bazardan turistik əşyalar, suvenirlər və ən əsası Polşada çox məşhur olan kəhraba daşı almaq olar. Bazar turistik məkan olduğundan qiymətlər kifayət qədər bahadır, nəsə almaq istəsəniz mütləq bazarlıq edin, aşağı yeri nədir soruşun. Aşağı yeri yoxdu desə, öz varyantımızda heç yoxdu? deyə soruşun ????Meydandakı digər görməli yer isə St Mary və ya Müqəddəs Məryəm bazilikasıdır. Bazilikanın vitrajları çox möhtəşəmdir və vitrajların hazırlanması 12 il çəkib. Kərpicdən tikilən bu bazilikanın hündürlüyü 81 metrdir və oradan şəhərə gözəl bir panoramik mənzərə açılır. Bazilikanın qüllələrindən birində hər saat başı çox qısa müddətlik şeypur çalınır. 13-cü əsrdə qüllədən darvazaların açılıb və bağlanmasını bildirmək üçün şeypur çalınırmış, 1241-ci ildə isə tatar bir oxçu şeypurçunu oxla vurub öldürür və indilərdə bu qısa müddət çalınıb kəsilən bu şeypur səsi də şeypurçunun oxçu tərəfindən vurulmasını simvolizə edir.Qədim hissədə görməli digər yer Florianski küçəsidir, küçənin sonunda bu günə qədər sağ-salamat gəlib çıxmış Florianski şəhər qapısı var. Qapını keçdikdən sonra isə şəhər divarlarından bir hissə olan Barbakan divarı qarşınıza çıxacaqdır.Qədim hissəni gəzdikdən sonra yola düşdüm qədim yəhudi məhəlləsi olan Kazimierzə doğru. Kazimierz 2ci dünya müharibəsinə qədər yəhudilərin çox yaşadığı bir məhəllə olub. Sonradan isə burada yaşayan yəhudilər hamısı toplama kamplarına göndərilib. Kazimierzin özünəməxsus xüsusi abu-havası var. Gəzərkən özünü 20-ci əsrin ortalarında hiss edirsən. Bu hissədə demək olar ki, heç nə dəyişməyib hətta bəzi mağazaların reklam lövhələri belə 30-40 illik kimi görünür. Məşhur “Şindlerin siyahısı” filminin də bəzi hissələri burada çəkilib. Elə ara məhəllələrdə gəzərkən də filmdən bəzi səhnələrin fotolarını asıblar və fotolardan aydın görmək olur ki, filmin bu hissəsi burada çəkilib. Məhəllələri gəzəndən sonra Kazimierzin qədim bazarında bir Zapikanka yeyə bilərsiniz. Mən da Zapikankamı yeyib Kazimierzi tərk edirdim ki, burada 20-ci əsrin ortalarına aid olduğunu güman etdiyim film çəkilişi ilə qarşılaşdım. Aşağıdakı videodan da ətrafın dekorasiyasının və aktyorların geyimlərinin qədimliyini görə bilərsiniz.Krakovda olduğum 2ci gün isə səhər-tezdən payi-piyadə yola düşdüm məşhur “Şindlerin siyahısı” filmində hadisələrin baş verdiyi Şindlerin fabrikinə. Fabrik şəhər mərkəzindən bir az qıraqda yerləşsə də, gözəl hava varsa piyada gedə bilərsiniz. Oskar Şindler haqqında məlumat vermək istəmirəm, məncə Stiven Spilberqin bu möhtəşəm filminə baxsanız daha maraqlı olar. Fabrik indi muzey kimi fəaliyyət göstərir və içəridə bir çox sənət əsərini, Oskar Şindlerin ofisini, yəhudi işçilərin qaldığı otaqların maketlərini, fabrikdə hazırlanan və böyük bir şüşə qutunun içində saxlanılan qazanları görə bilərsiniz. Bu eksponatlara baxdıqdan sonra otaqlardan birində o zamankı hadisələrdən sağ-salamat qurtulmuş yəhudilərin başlarına gələnlərdən danışdığı filmi izləməyə getdim. Muzeyə giriş qiymətini xatırlamıram amma internetdən çox güman tapa bilərsiniz. Bundan başqa bəzən muzeyə giriş üçün bir az gözləmək tələb olunur, çünki insanları içəri sayla buraxırlar. Say müəyyən bir həddə çatdıqda, digər ziyarətçilərin çıxmasını gözləmək lazımdır. Muzeyi gəzib o dövrün insanlıq başına gətirilən fəlakətlərinin təsiri ilə fikirləşdim ki, gərək Krakovda 2 gün daha artıq qalıb Auşvitz toplama kampına da gedəydim.Bəli Krakovda digər mütləq görülməli yer Auşvitz toplamakampıdır. Ora getmədiyimdən məlumat verə bilməyəcəm amma Krakova yolunuz düşsə məncə mütləq gedib bir baş çəkin. Beləcə Auşvitzə gedə bilməməyin təəssüfü ilə xəritədəki növbəti nöqtəyə doğru irəlilədim. Və gəlib çatdım Vavel qəsrinə.Qəsr təpənin üzərində yerləşir və1330-70-ci illərdə tikilib. Həmən dövrlərdə Krakov Polşanın paytaxtı imiş. 1600-cü illərdə paytaxt indiki Varşavaya köçürülsə də demək olar ki, bütün kralların tac qoyma mərasimi məhz bu qəsrdə baş tutub. Bundan başqa bütün krallar da qəsrin ərazisindəki katedralda dəfn olunub. Qəsrin ərazisinə giriş ödənişsizdir sadəcə saray ərazisi, muzeylər və sərgi salonlarına giriş  üçün pul ödəməlisiz. Qalanın və ya qəsrin içərisində bir mağara var və mağaranın önündə isə Wawel əjdahası durur. Əjdaha bir neçə dəqiqə aralıqlarla ağzından qısa müddətli alov püskürür. Hər yarım saatdan bir isə daha uzun müddətli olur bu alov. Qəsrin ərazisini doya-doya gəzmək, Vistula çayının mənzərəsinin dadını çıxarmaq üçün bir neçə saat lazımdır, ona görə də getmədən öncə zaman məsələsini nəzərə alın.Krakov, mərkəzindən çay keçən və bu çaydan çox pis istifadə edən şəhərlərdən biridir. Belə ki, çayın kənarı ilə gəzərkən demək olar ki, heç bir tarixi bina, memarlıq abidəsi yoxdur amma hava günəşlidirsə çayın kənarında, otların üzərində oturub mənzərəni seyr etmək olar.Son olaraq Auşvitzdən sonra Krakovda getmədiyimə çox böyük təəssüf hissi keçirdiyim Veliçka (Wieliczka) duz mədəni haqqında da təəssüf ki, məlumat verə bilməyəcəm amma şəkillərdən gördüyüm qədərilə Krakova 2 gün ayırıb gəzə bilməməklə çox böyük səhv etmişəm. Çox güman sırf Auşvitz və Veliçka üçün yenidən gedəcəm Krakova. Nə zaman? Bax, onu bilmirəm amma məncə çox gözləmək lazım gəlməyəcək sevimli Krakovu görməkdən ötrü ????Krakov haqqında bu qədər. İnanıram ki, yazının 2-ci hissəsi də olacaq nə vaxtsa ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1894 dəfə oxunub

Cənubi Amerika - Peru bələdçisi

Perudakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Hər şey Argentinada başladı. Bakı-Paris-Buenos Ayres-Mendoza uçuşu və möhtəşəm triumf-gəlmə səbəbimiz olan cənub və qərbin ən hündür zirvəsi olan And dağlarının ürəyi-Aconcaguanın zirvəsində (6962 metr) dalğalandırdığımız 3 rəngli bayrağımız. (Argentina və Aconcagua haqda başqa vaxt, başqa post). Göylərdən yerlərə enirik və qardaşımla yollarımız ayrılır, o, Çiliyə, mən isə Peruya. Təyyarə, taksi və Lima mərkəzinə doğru yola düşürəm. Limadan çox şey gözləyirdim, amma bərbad yollar, çirkli küçələr, həddən artıq çox səyyar küçə ticarəti. Mərkəzin ətrafdan tək fərqi təmiz olması idi.Limaya 2 gün planlamışdım və ilk gün Lonely planetin Downtownda məsləhət gördüyü route-ni gəzdim. Kalonial dövrün qalıqları, gözəl abidələrlə və rəngarəng məhəllələrlə dolu küçələrdə 3-4 saat gəzdikdən sonra nədənsə şəhərə qarşı olan çoox böyük marağım alt-üst olmuşdu. Ona görə 2-ci Lima planlaşdırdığım günü Paracasda botla eyni adlı milli parka və Huacachina oazisinə getməyi qərar verdim. Səhrada fantastik mad max tipli maşınlarda safari və sandboarding.Zatən çox böyük olacaq yazını uzatmadan növbəti şəhərə Cuscoya bilet aldım. Təyyarə, taksi və nağıllar aləmi. Ensiz, bizim içəri şəhəri xatırladan dar küçələr, çox qədim abidələr sanki İnk imperiyasına daşıyırdı insanı. Şəhər çox gözəldi və qaldıqca qalmaq istəyirsən. Cuscodan 1 və ya 2 saatlıq məsafələrdə İnk imperiyasına aid bir çox arxeoloji abidələri görmək olar. Atb-lərlə Morais milli parkına turu kim Peruya getsə mütləq tur götürsün.Görüləsi yerlər həddindən artıq çoxdur, bu şəhərin ətrafında. Və əlbəttə bu şəhərə gəlişin əsas səbəbi dünyanın 7 möcüzəsindən biri olan Machu Picchunu görmək idi. Bu arxeoloji abidə 1911-ci ildə tapılıb. Bu yer haqqında bəzi məqamlar hələ də elmə məlum deyil. Machu Picchu hal-hazırda Peruda olduğum son nöqtədi.Sabah üzü cənuba, Puno şəhərinə səfər planlayıram. Ümümilikdə, Peru qiymətlər yaşam və qidalanma üçün kifayət qədər münasibdi. Mərkəzdə hostel 10 usd, qidalanma isə insanın özündən asılı olaraq günə 20-25 usddən 2,3,4 və sair sıfırlı rəqəmlərə kimi dəyişə bilər. Turlarda qiymətlər high və low sezona görə dəyişir. Taksilər 5-10 km-lik məsafələri 3-5 usd-yə aparır. Məsləhət olaraq hansı ölkəyə getməyinizdən asılı olmayaraq Lonely Planetin kitabını (pdf) almağa məsləhət görərdim. Görməli yerlər, yaxşı yerli ucuz və bahalı restoranlar, qalmaq üçün yaxşı yer seçimlərində çox kömək olur. İnanıramkı paylaşım xoşunuza gələcək. Məndə səyahətə davam eləyib çalışacam keçəcəyim növbəti ölkə olan Boliviyanın maraqlı yerlərini gəzim və sizinlə bölüşüm!! Hamıya yaşadığı ömürdən zövq almağı arzulayıram!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Agazade Rasim 

1232 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!