Bu dəfə sizə Qax macəralarım, ilk dəfə tək çadırda qalmağım, Hamamdərə, şəlalələr və maraqlı yol yoldaşları ilə qarşılaşmağımdan yazacam.
1-ci hissə.
Ənənəyə sadiq qalaraq yenə yola avtostopla çıxdım və bəxtim yenə gətirmişdi, yol yoldaşlarım özləri də Qaxdan, Sarıbaşdan idilər. Qaxın demək olar ki, girişində Kürmük alban məbədi/kilsəsinə çatan kimi səyahətim başladı. Bir qədər yoxuşlu yol ilə qalxdıqdan sonra kilsəyə çatırsınız. Mənzərəsi də, kilsənin özü də çox qəşəngdir. Qaxdan keçirsinizsə yolüstü mütləq buraya qalxın, görün.
Daha sonrakı planım İlisuya getmək idi. Yol uzun olduğu üçün yenə avtostop etdim. Yolüstü isə Müqəddəs Georgi kilsəsinə getməsəm olmazdı. Çox gözəl həyəti var idi, içi də çox yaxşı və baxımlıdır. Yeri gəlmişkən, Qaxın bu ərazisində çox sayda ingiloylar yaşadığından bu kilsənin yaxınlığında qəşəng dadlı gürcü təndir çörəyi və xaçapuri satılır. Dadmamış yola davam etməyin.
Xaçapurimi yeyə-yeyə gəldim çatdım Sumuq qalaya. Səhv xatırlamıramsa giriş ödənişli idi. İçərisini mütləq ziyarət edin. Qalanın ən yuxarı hissəinə çatana qədər hər mərtəbədə maraqlı və tarixi eksponatlar, əşyalar sərgilənir. Taxtadan pilləkənlərlə qalxırsınız. Ən yüksəkdən, qalanın pəncərəsindən İlisuya doğru açılan mənzərəni görməyə dəyər.
Yaxınlıqda Şamil qala yerləşir. Qalaya gedərkən isə yolüstü Ulu məscidi görə bilərsiniz. Mən gedəndə (keçən il) bağlı idi deyə içərisinə daxil ola bilməmişdim, bəlkə hələ də bağlıdır. Yenə də diqqət edin. Qalanın yolu da yenə yoxuşdur, amma heç çətin deyil. Cığır sizi birbaşa qalanın yanına aparır. Mən qalaya yollanmamış yaxınlıqdakı mağazanın yanında yerlilərlə söhbət edərkən mənə təklif etdilər ki, çantamı özümlə daşımayım ora qədər, mağazada qoyub qalxdım mən. O an verdiyim ən yaxşı qərar o oldu. Gün ən təpədə ikən və yorğun halda o yoxuş çıxılmazdı yoxsa. Qaladan Sarıbaşa doğru çox qəşəng bir mənzərə var.