2013 dəfə oxunub

Avropanın möhtəşəm üçlüsünə gəzəyən turu

Salam, əziz səyahətçilər. 6 günlük Praqa-Vyana-Karlovı Varı səyahətindən sonra bəzi əsas məqamları yazmaq qərarına gəldim.

Son günki axşam yeməyinə və bizi Praqanın "дальний" küçələri ilə tanış etdiyinə görə Farid Amiraliyevə xüsusi təşəkkürlər.

Karlovı Varı : Əgər Praqaya getmisiz və heç olmasa yarım gün belə vaxtınız varsa, mütləq Karlovı Varını görməyə gedin. Bunu sizə təkidlə tövsiyyə edirəm. Biz Florensiyadan (bus station) 6 euroya tələbə avtobusu ilə 2 saata ora çatdıq.

Mütləq gediləsi yerlər

1.Dianaya qalxın- şəhər ovucunuzun içində görünəcək (giriş qiyməti 90 KR) və  ağciyərlərinizi Karlovı Varının təmiz havası ilə sevindirin...

2.Mary Magdalena kilsəsini ziyarət edin. Kilsədə canlı musiqi olmasa da orqan musiqi alətində ifa olur və bu kilsəyə xüsusi gözəllik verir.

3.Mütləq Paul & Peter kilsəsini də ziyarət edin. Ümumiyyətlə, insan özünü Karlovı Varıdə nağıldakı kimi hiss edir. Bir-birindən gözəl arxitekturalı villalar və s..

4. Wax house da maraqlıdır. (giriş addambaşı 6 euro) Ən bəyəndiklərimiz Kennedi və Rasputin oldu, onları çox canlı yaratmışdılar. Təəssüf ki, şəkil çəkməyə icazə yoxdur.

Praqa haqqında bir-iki söz

Qeyd edim ki, səyahət boyu nəqliyyatdan qaydalara uyğun şəkildə istifadə etdik. (pulsuz girişlər etmədik) Praqada 24 saatliq metro biletinə 110 KR verib, qatar və metrodan bolluca istifadə etdik.

Praqanın məşhur "Goulash" deyilən yerli xörəyinin dadına baxdıq və deyim ki, mən heç bəyənmədim. Məşhur Praqa qalasına piyada qalxıb-endik, yaxınlıqdakı Strahov monastrından şəhərə gözəl mənzərə açılır, mütləq gedərkən oraya qalxın.

Çarls körpüsünə sevgimi sadəcə belə ifadə edə bilərəm❤

Mənim üçün Praqadakı rəqs evini ziyarət isə sadəcə vaxt itkisi idi.

Gözəl Vyana

Praqadan Vyanaya yenə tələbə avtobusu ilə getdik və xidməti çox bəyəndik. Wifi və isti içkilər pulsuz idi. Vyanada nəqliyyatdan 24 saatlıq istifadə üçün biletə 7.60 euro ödədik;

Gəzintiyə Stefan kilsəsi ilə başladıq və ona vurulduq. Kilsədə şam yandırmaq istəsəniz 0.70 euro xərcləməli olacaqsınız. Biz oraya gecə də getdik, hava qaralanda kilsə daha mistik olur. Xüsusi qoxusu, səsi bir də  süni yaradılmış duman insanı heyran edir;

Daha sonra Albetina galeriyasında olduq. Giriş qiyməti 13 euro idi.Məşhur rəssam Pikassonun əsərləri olan otağı ziyarət etməyə dəyər;

Hofburg kitabxanasına giriş 7 eurodur.Tək bir sözlə ifadə edə bilərəm, MÖHTƏŞƏM!!!

Central cafe & Aida cafe-nin birində mütləq Ştrutel və Saçertortenin dadına baxın. 2-ci qeyd etdiyim şirniyyatın dadı adi olsa da Ştrutelin dadı mmmmm;

Şokolad üçün Xocolat magazasını ziyarət etdik. Bir sözlə, barmaqlarınızı yalayacaqsız, qiymətlər baha olsa da buna dəyər;

Hotdog üçün küçə kafesindən yararlandıq, qiyməti 5.50 euro idi. Dadına baxmaq istəsəniz pendirli olanını seçin, çox dadlı və doyumludur;

Velosiped götürmək istəsəniz şəhər velosipedindən icarəyə götürə bilərsiniz.Birinci saat pulsuz olsa da 2-ci saat bir eurodur. Yəni bizim şəhərdəki velosipedlərdən daha ucuz :-) Hətta Vyanalı xanım bizə pulsuz sürə biləcəyimizi dedi. Yəni bir saatdan bir velosipedi istənilən stansiyada dəyişib yenisini götürməklə. Düşünürəm ki, xanımın çoxlu azərbaycanlı dostları var:-)

Dunay çayının sahilində mütləq gəzin, maraqlı graffitlərin şahidi olacaqsız;

Vyanadakı Downtown Franz otelini tövsiyyə edirəm. Bu otel barədə məlumatı Orel və reşka verilişindən götürmüşdüm. Otelin bir gecəsi 21 AZN idi. Təmizlik və otağın təravətinə söz ola bilməz. Elə oteldə 6.9 euroya səhər yeməyi yeyə bilərsiz. Mən çox bəyəndim. Oteldən Dunay çayına 5 dəq-lik piyada yoldur;

Ilk dəfədir bu qədər uzun yazı yazdım, ümid edirəm cansıxıcı yox, yararlı oldu.

P.S. Hər iki ölkəni səyahət etməzdən əvvəl Orel və Reşkanın 4 buraxılışını (travel & shopping) və digər bloggerləri izləmişdik. Deyirdilər Avropa acından ölür :-) gedib gördük ki, həqiqətən "ajından ölürlər".




Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Gunay Xurremi Xurremi


DİGƏR BLOQLAR

Avtostopla gəzinti üçün şengen vizası

Mən vizanı alman səfirliyindən rahat aldım. Viza ilə bağlı adi standart sənədlərdən (pasport, vəsiqə, şəkil, ərizə forması, sığorta, rüsum) başqa bir neçə vacib nüans var. Bu nüansları həll etmək hər fərdə görə dəyişə bilər, amma ümumi məğzi eynidir.1. Qalmaq yeri barədə sübut. Gedib küçədə ya meşədə çadır qurub qalacam deyə bilməzsiz, çünki Avropada wild camping çox yerde illeqaldır. Amma hər yerdə hostel və ya campsite var. Mən velosipedlə səyahət edəcəm demişdim, 62 günlük marşrutumu və marşrut boyu hər axşam hansı hosteldə/hoteldə və ya campsiteda qalacağıq, tam itinerary, hansına booking mümkün idise (booking.com və ya campsite'ların öz saytları ilə) booking confirmation (hardasa 35-40 arası bookingi 1 günə etmişdim). 2. Bilet rezervasiya (hansısa turizm şirkətinə 5-10 manat verib gediş dönüş rezervasiya alıb sonra leğv elətdirmək mümkündür, mən tanışlıqla pulsuz almışdım). Avtostopla girəcəm dəyə bilməzsiz.3. Səyahət ücün kifayət qədər pul: Bank hesabı, hesabda kifayət qədər pul (gündəlik 50 eurodan hesablamışdım mən) və son 3 ay üçün çıxarış (mən viza üçün müraciət etməmişdən cəmi 1 neçə gün əvvəl hesabıma pul qoymuşdum, problem etmədilər.4. Ölkəyə qayıdacağına dair sübutlar. Iş yerindən arayış, adınıza mülk kimi şeylərdən biri və ya bir neçəsi. Hətta nigahda olmağınıza dair sənəd də kömək edə bilər burda.5. Bonus :) Men alman velosipedçini evimizdə qonaq saxlamışdım, o da alman səfirliyinə ünvanlanmış bir məktub yazmışdı ki, guya biz bir yerdə velosəyahət edəcəyik, filan marşrut üzrə. Mən də bütün bookingləri həmin marşrut üzrə qurdum. Sonra da ağlıma gələn kimi gəzdim.Gəzənfərd 2. Avtostop: Nəriman Niftəliyev və Tofik Eynullayev[youtube https://www.youtube.com/watch?v=4SCBWHs_Fu8&w=560&h=315]Paylaşdı: Nariman Niftaliyev 

1016 dəfə oxunub

Hollandiyada nəqliyyat

Hollandiyada nəqliyyat ümumi götürdükdə heç də ucuz deyil. Buna baxmayaraq, bir çox hallarda ucuz səyahət etmək mümkündür. Bunun üçün isə Hollandiyada nəqliyyatın neçə işlədiyini bilmək və hansı endirimlərdən istifadə etməyi bilməlisiz. İlk öncə başlayaq Hollandiyadakı nəqliyyat kartından. Burada rəsmi nəqliyyat kartı – OV-Chipkaart deyilir. Əgər Hollandiyaya bir neçə günlük gəlirsizsə, bu kartdan almağınız mütləqdir. Əks təqdirdə hər kağız bileti üçün əlavə 1 avro ödəyəcəksiz. Avtobus/Metro/Tramvaylarda isə səyahət daha baha olacaq, çünki orada saatlıq və ya günlük biletlər almalı olacaqsız.OV-CHIPKAART (Qatar/Avtobus/Metro/Tramvay kartı)Bu kartın qiyməti 7 avrodur. Bir neçə növləri var. Disposable, Anonymous, Personal, Business. Disposable bir dəfə istifadə oluna bilər və içinə əlavə pul yükləmək olmur. Kağız-kart formasında olur. Günlük disposable kartlar isə 24 saat istifadə oluna bilər, ancaq ondan sonra istifadə oluna bilməz. Anonymous da buna bənzər olsa da, plastik formada olur və içinə pul yükləyərək istədiyiniz qədər istifadə oluna bilər. Anonymous karta heç bir xüsusi endirim yükləmək olmur, yalnız ças-pik saatlarından kənarda 40% endirimdən başqa. Bunlar barədə ətraflı daha sonra. Personal kartlar isə Hollandiyada hər hansı evdə qeydiyyatda olduğunuz zaman əldə etmək mümkündür. Online sifariş oluna bilər yalnız. Bu karta isə hər cürə abunələr və ya endirimlə almaq/yükləmək olur. Business OV-Chipkaartlar isə işlədiyiniz şirkət tərəfindən verilir və içinə şirkətdən asılı olaraq müxtəlif abunəliklər əlavə etmək mümkündür.OV-Chipkaartdan istifadə qaydalarıHollandiya nəqliyyatında check-in, check-out sistemi mövcuddur. Bu nə deməkdir? Qatara minmədən öncə xüsusi yerlərdə (əgər girəcəkdə qapı yoxdursa) və ya qatar stansiyasının girəcəyində qapılar olur ki, bu kartdan istifadə edərək o qapını aça bilərsiz. Buna check-in deyirlər. Anonymous kartlar ilə qapını açmaq üçün hesabda minimum 20 avro olmalıdır. Qatardan düşüb stansiyadan çıxarkən isə kartı yenidən istifadə etməklə stansiyanı tərk edə bilərsiz. Buna check-out deyirlər. Bu zaman isə sizin mindiyini stansiya ilə endiyiniz stansiyanı nəzərə alaraq ona uyğun pulu, öncədən depizot kimi saxladığı 20 avrodan çıxır və qalığı geri qaytarır. 40% endirim olan personal ov-chipkaartlarda isə check-in üçün minimum 10 avro olmalıdır kartda. Ölkədən çıxarkən kartda qalan bütün qalıq pulları stansiyalarda olan NS şirkətinin mərkəzlərindən geri götürə bilərsiz. Ancaq kartın özünü geri verə bilməzsiz. Başqa şəxs olarsa, ona sata bilərsiz.Qatarlar üçün minimum 20 avro, avtobus/metro/tramvay üçün isə müsbət balans olmalıdır. Yəni 0 olsa da olar, yetər ki, mənfi olmasın. Yəni kartda 0 avro hesab ilə avtobusa minib düşəndə hesab mənfiyə düşür. Ona görə avtobus/tramvay/metro üçün kartlarınızda hər zaman ən azı 5 avro saxlamağa çalışın. Check-in və check-out etməyi isə unutmayın! Check-in etmədikdə qatarda yoxlama zamanı 55 avro + gediş haqqı cərimələyəcəklər. Check-in edib check-out etmədikdə isə check-in etdiyiniz zaman rezerv olunan 20 avro (qatarlar üçün) və ya 4 avro (avtobus/metro/tramvay üçün) hesabınızdan tam silinəcək. Belə olan halda isə NS şirkətinə zəng vurmaqla, pulu geri qaytara bilərsiz. Check-out etməmək necə olur? Bəzi hallarda qatar stansiyasında qapılar yoxdur. Sadəcə xüsusi quraşdırılmış qurğular olur ki, onlardan istifadə edərək check-out edə bilərsiz. Çox zamanlar da insanlar unudurlar və beləcə hesabdan rezerv olunan bütün məbləğ silinir. Check-out etməyi unutmayın!QATARHollandiyada ən böyük qatar şirkəti NS-dir. Bütün qatar cədvəllərinə isə (https://www.ns.nl/en) saytından baxa bilərsiz. Burada həmçinin qatarın qiyməti də qeyd olunur. “Show discount and return price”-ın üstünə klikləməklə isə bütün endirimli qiymətləri də görə bilərsiz.AVTOBUS/METRO/TRAMVAYAvtobus və tramvay qiymətləri şəhərdən şəhərə dəyişir. OV-Chipkaart istifadə edəcəyiniz təqdirdə saatlıq, günlük və ya aylıq bilet almağa ehtiyac yoxdur. Yox əgər şəhər daxili çox səyahət edəcəksizsə, o zaman günlük və ya aylıq bilet almalısız ki, bu da şəhərdən şəhərə dəyişir. Günlük Amsterdam biletlərinin qiymətinə baxmaq üçün bu saytdan istifadə edə bilərsiz: https://en.gvb.nl/gvb-dag-meerdagenkaart. Günlük bilet isə ilk check-in etdiyiniz andan 24 saat ərzində keçərlidir. Bu günlük biletləri isə ya OV-Chipkaarta yükləyə bilərsiz, ya da bir dəfəlik istifadə oluna bilən kart şəklində ala bilərsiz.Səyahət edəcəyiniz ünvanları bildiyiniz təqdirdə və ya səyahət edəcəyiniz yol həm qatar, həm də avtobusdan ibarətdirsə, bu saytdan istifadə edə bilərsiz: https://9292.nl/en.ENDİRİMLƏR (Yalnız qatarlar üçün)Endirimlərə keçmədən öncə bunu bilmək önəmlidir ki, demək olar ki, bütün endirimlər “ças pik” vaxtından kənar üçün nəzərdə tutulur. Hollandiyada “ças pik” saatları 06:30-09:00 və 16:00-18:30 olaraq təyin olunub və bir çox hallarda endirimlər bu saatlar üçün nəzərdə tutulmur. Bileti alarkən şərtləri oxuyun mütləq. Həftəsonları (şənbə, bazar) isə “ças pik” yoxdur və istənilən saatda endirimlə səyahət edə bilərsiz.Hollandiyada qatarlar çox bahadır. Ancaq NS şirkəti sağolsun ki, daimi olaraq endirimlər təqdim edirlər.1. Əgər gələcəyiniz müddətdə təsadüfən qarşınıza AH, HEMA və ya Kruidvat mağazalarının önündə endirimli “Dagkaart” (Day Card) reklamlarını görsəz, mütləq alın. Çünki bu biletlərin əsli 50 avro olsa da, endirim zamanı 16 avro olur və Hollandiya daxili qatarlardan günlük istədiyiniz qədər istifadə edə bilərsiz. Bu kart əsasən də Giethoorn və ya digər uzaq şəhərlərə gediş-gəliş üçün sərfəlidir. Ancaq bu kartlar 2 ayda cəmi 1 dəfə satışa çıxarılır və 3 gün içərisində bitir. Belə olan halda isə bu saytdan istifadə edərək digər endirimləri görə bilərsiz: https://www.treinreiziger.nl/category/treinkaartjes/.2. Ən çox istifadə etdiyim 1 tərəfli 12 avro (istənilən şəhərdən istənilən şəhərə) olan endirimdir (https://www.treinreiziger.nl/treinactie-twee-enkele-reizen…/). Ancaq bunu da almaq üçün gərək 2 ədəd alasız və eyni gündə istifadə etməyə məcbur deyilsiz. Əlavə şərtlər üçün isə sayta baxmağınız mütləqdir. Bir də bu biletləri mütləq çap etməlisiz. Stansiyada 1 avroya çap edirlər. İstifadə müddəti 31 Avqusta kimi.3. Onlayn “Dagkaart” yəni günlük qatar bilet almaq istəsəz, qiyməti 19 avrodur. https://www.treinreiziger.nl/ns-dagkaart-actievandedag/. İstifadə müddəti 31 Avqusta kimi.4. Ən azı 4 nəfər olduğunuz təqdirdə “Group Ticket” ala bilərsiz. Bu biletləri isə NS-in App Store və ya Play Store-da olan “Reisplanner” adlı proqramına yükləyə bilərsiz. Çap etməyə ehtiyac yoxdur. 7 nəfərə kimi nə qədər çox adam olarsızsa, bir o qədər çox ucuz düşər bilet. 4 nəfər üçün isə toplam 30 avro edir. Adam başı 7.50 avro yəni. 1 tərəfli gediş. Bilet almaq və ya əlavə məlumat üçün: (https://www.ns.nl/pr…/…/meest-gekocht/p/groepsticket-daluren)5. Hollandiyadan digər ölkələrə gedən qatar və ya avtobuslara baxmaq üçün isə https://www.nsinternational.nl/en/home saytından istifadə edə bilərsiz. Əlbəttə paralel olaraq https://www.goeuro.com/ istifadə edə bilərsiz.6. Əgər heç bir endirim əldə edə bilməsəz, o zaman Anonymous OV Chipkaartınıza 40%-lıq endirim yükləyə bilərsiz. Bunu ya stansiyada yerləşən aparatlardan ya da bilet mərkəzlərindən kartınıza “Joint Travel Discount” vəya “Combined Travel Discount” (holland dilində isə “Samenreiskorting”) yükləyə bilərsiz. Bunu istifadə etmək üçün isə gərək səyahət edən və kartında 40% endirim olan bir nəfərdən xahiş edəsiz ki, onunla birgə səyahət edəsiz. Yəni yoxlama gələrkən bunu soruşa bilər. Check-out etdikdən sonra yenidən bundan yararlanmaq istəyirsizsə, o zaman yenidən aparat vasitəsilə karta bunu yükləməlisiz.7. 4-11 yaşlı uşaqlar isə hər zaman pulsuz səyahət edirlər. Uşaqlar üçün kartın qiyməti isə 1 centdir. Bu kartı isə yalnız online sifariş etmək olur (https://www.ns.nl/en/season-tickets/kids-vrij.html). Stansiyada yerləşən bilet mərkəzlərindən əldə etməklə bağlı məlumata isə sahib deyiləm.Demək olar ki, bütün əsas məqamları vurğulamağa çalışdım. Mövsümi abunəliklər və biznes OV Chipkaartlar barədə isə ehtiyac olmadığı üçün yazıya əlavə etmədim. Əgər Hollandiyada yaşayırsızsa, o zaman əlaqə saxlayın, bunlar barədə də ətraflı məlumat verməyə çalışaram. Ola bilər ki, bəzi məqamları qeyd etməyi unutmuşam. Əgər belə hal olarsa, bildirin, məmnuniyyətlə məqaləyə əlavə etməyə hazıram :) Xoş səyahətlər!P.S.: Əgər bu məqaləni 31 Avqustdan sonra oxuyursuzsa,https://www.treinreiziger.nl/category/treinkaartjes/ saytına girməklə digər endirimlər barədə məlumatlar əldə edə bilərsiz. Saytın niderland dilində olmasına baxmayaraq google translate-dən istifadə edərək yararlana biləcəyinizə əminəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Shamil Mustafayev

1144 dəfə oxunub

Amalfi sahilləri - Positano bələdçisi

Ona İtaliyanın ən romantik qəsəbəsi də deyirlər. Bəli, söhbət Amalfi sahillərində yerləşən Positanodan gedir. Positanoya həm Romadan, həm də Napolidən getmək mümkündür. Mən Napolidən getməyi seçdim. Amma bu səhvi mən etdim, siz etməyin. Avropanın göbəyində bu qədər çirkab görəcəyimi ağlıma belə gətirə bilməzdim. Mərkəzi küçələrində belə dolub-daşan zibil yeşikləri, üfunət qoxusu - Napolidən mənə qalan xatirələr oldu. Əbəs yerə İtaliyanın ən çirkli və ən təhlükəli şəhəri adını almayıb ki?!. Və ilk dəfə bir şəhəri daha çox gəzməkdən imtina edib, otel otağında oturub qatarımın vaxtını gözləməyi seçdim.Bu şəhəri çox yerdən-yerə vurdum. Bir az da yaxşı sözlər deyim. Yəqin ki, pizzanın vətəninin Napoli olduğunu bilirsiniz. Bizdən fərqli olaraq, burada pizzalar daha çox sadəliyi ilə, daha dəqiq desəm, üstündə heç nə olmaması ilə seçilir. Hardasan ay bizim toyuqlu, qiyməli, sosikalı, kolbasalı, zeytunlu, bibərli, göbələkli pizzamız deyə-deyə üstü bomboş olan, Bakıda üzünə baxmadığımız Marqarita pizzasını yeməli olduq. Pizzanın vətəni olan Napolidə nə az, nə çox, düz 800 pizzacı var. Onlardan ən məşhuru isə 149 yaşlı L’antica Pizzeria da Michele-dir. Bu qədər qədim və məşhur bir pizzacı olasan və cəmi iki növdə pizza təqdim edəsən: o da ki, Marqarita çeşidləri. Amma di gəl gör ki, pizzeriyanın önündə bir növbə olur ki, 90-cı illərin Bakısının çörək növbəsi onun yanında heç nədir. Culiya Robertsin “Eat, Pray, Love” filmi ilə məşhurluğuna məşhurluq qatan bu pizzeriyadan sonra buralara gəlib çıxma səbəbim olan Positanoya yollanıram.Rəng, qoxu, huzur...Cəmi 4 min əhalisi olan, amma il ərzində 5 milyon turist qəbul edən Positano... Belə yerdə deyiblər, “bir balaca boyu var, dam dolusu toyu var”. Özü də nə dam dolusu?! Hər addımında bir başqa gözəllik... Bilmirsən hansı tərəfə baxasan. Bir tərəfdə masmavi dəniz, bir tərəfdə sıldırım qayalıqlar, bir tərəfdə rəngli evlər...“Positanonu 3 sözlə təsvir et”, - desələr, ilk ağlıma gələnlər bunlar olar: rəng, qoxu, huzur. Qəsəbənin rəngli dünyalı insanları evlərini də rəngbərəng boyamağı seçiblər. Bir rəssam fırçasından çıxmış kimi rəngbərəng, özünəməxsus evlər düşünün. Buna bir də limon ağaclarının və begonvillərin qoxusunu əlavə edin. Ortaya çıxan nəticə isə huzurdur.Positano əvvəllər kiçik bir balıqcı kəndi imiş. 1953-cü ildə tanınmış yazıçı Con Steynbakın bir moda jurnalına yazdığı məqalə ilə kəşf edilir və bugünkü məşhurluğuna çatır. Buna da qələmin, sözün gücü deyirik.Positano paytaxtı Napoli olan Campania bölgəsinin qəsəbələrindən biridir. Amalfi sahillərində yerləşən bir qəsəbə. Positano adını eşitməsəniz belə, Amalfi sahillərini eşitməməyiniz mümkün deyil. UNESCO Dünya Mirası siyahısına düşəcək qədər məşhur sahillərdir. Şairlərə, yazarlara, sənətkarlara ilham qaynağı olacaq qədər gözəl Amalfi sahilləri “National Geographic” tərəfindən də ən gözəl yolu olan yerlərdən biri seçilib.Sorrentodan Solernoya körfəz boyunca 50 kilometrlik məsafədə uzanan, iri qayalıqların yamaclarına naxış kimi səpələnən bir-birindən rəngli qəsəbələrin toplusudur Amalfi sahilləri... Cənnətdən bir parça da deyə bilərik bu yerlərə. Amalfi adı mifologiyadan gəlir. Yunan mifologiyasından tanıdığımız Heraklesin aşiq olduğu su pərisinin adı imiş Amalfi. Sevdiyi gənc yaşda öldükdə Herakles onu dünyanın ən gözəl yerində dəfn edəcəyinə söz verir. Həmin yer olaraq Amalfi sahillərini seçir və buraları sevdiyinin şərəfinə adlandırır.Positano, Praiano, Conca Dei Marini, Amalfi, Atrani, Ravello, Minori, Maiori və Vietri Sul Mare qəsəbələrindən ibarətdir Amalfi sahilləri. Bunların ən gözəli isə, heç şübhəsiz ki, Positanodur. İtaliyanın ən romantik qəsəbəsi olan Positano...Belə gözəlliyin də gözəl qiymətləri olacaq, təbii ki. Dəniz sahilinə endikcə restoranlar da, otellər də od tutub yanır. Yuxarı hissələrində, mərkəzdən və sahildən kənar yerlərində qiymətlər daha münasibdir. Çimərlikləri də çox məşhurdur Positanonun. Amma elə bilməyin ki, burada hər şey pulludur. Belə ki, çimərlikləri tam pulsuzdur. Təbii ki, əgər şezlonq və çətir götürməyəcəksinizsə. Şezlonq və çətirləri isə sahildəki kafe və restoranlar işlətiyi üçün onların müqabilində pul ödəmi olursan. İyul, avqust ayları ən qonaq-qaralı vaxtlarıdır Positanonun. İynə atsanız, yerə düşməyəcək qədər qonaq-qaralı...Dik yamaclarda bir-birinin üstündə tikilən rəngbərəng evləri, çəhrayı-bənövşəyi begonvilli, limon qoxulu, ilan kimi qıvrıla-qıvrıla sahilə enən dar küçələri ilə dünyanın ən sevimli qəsəbələrindəndir Positano. Əzəmətli qübbəsi ilə seçilən “Majolica” kilisəsinin qəsəbəyə qatdığı gözəlliyi fotoaparatımızın obyektivinə köçürərkən, Xristofor Kolumb küçəsində yeriyərkən, La Zagarada qəhvəmizi içərkən, Positano mənzərəsinin ən gözəl göründüyü yer olan Le Sirenuse otelinin terrasında ən gözəl şəkillərimizi çəkməyə çalışarkən zamanın necə keçdiyini bilmirik... Heç oyanmaq istəmədiyi bir yuxunun içində hiss edir burada insan özünü...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎‎‎Rena Karimova

3418 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!