1958 dəfə oxunub

Ahh Paris Parisss

Parisdəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
Paris deyəndə ağıla ilk gələn əsərlərdən biri də Amelia filmi olduğundan filmin soundtrackını burda sizinlə paylaşıram. Əgər filmə baxmamısınızsa bu yazıdan sonra ilk iş elə filmə baxmaq olsun [youtube https://www.youtube.com/watch?v=7Me2k7uro2E]
Bu ilin yanvar ayının sonları idi imtahanlar filan qurtarmışdı, Parisdə olan türk dostumla danışırdım. Dedi ki, bəs geyin-keçin gəl buralara. Mən də eləmədim tənbəllik, (sanki vacib bir iş görürmüşəm kimi) RyanAirlə (Bax: Çox ucuza səyahəti necə təşkil etməli?!) biletimi alıb tam yanvar ayının 28i düşdüm yola Parisə doğru. Qeyd edim ki, Parisdə 3 hava limanı var: Charles de Gaulle (Şarl de Qol), Orly (Orli) və Beauvais-Tille (Buve-tiye). Mərkəzə ən yaxın olanı Charles de Gaulle hava limanıdır. Easyjetlə Charles de Gaulle və Orly, WizzAir və RyanAirlə isə Beauvais-Tille hava limanına və geriyə uçuş biletləri ala bilərsiniz.

cdg Şarl de Qol hava limanı[/caption] İlk öncə qeyd edim ki, Paris ya da fğansızların dili lə desək Paği haqqında fikirlər birmənalı deyil. Bəziləri üçün Paris həqiqətən də möhtəşəm, yaraşıqlı sevgi şəhəri, bəziləri üçünsə adi, Avropa ölkəsi paytaxtıdır və onlar Parisin gözəlliyinin şişirdildiyini düşünürlər. Bu məsələ ilə bağlı çox maraqlı bir məqam var. Belə ki, Parisə gəlib arzuladığı ya da öncədən xəyalında qurduğu Parisi görə bilməyənlərdə Paris sindromu adlı bir narahatlıq meydana gəlir. Bu sindrom demək olar ki, əksər hallarda 30-50 yaş arası yapon xanım turistlərdə qeydə alınır və hətta məsələ o qədər ciddidir ki, Parisdəki Yaponiya səfirliyində yapon turistlər üçün xüsusi dəstək xətti açılıb. Yapon xanımların bu narahatçılığının əsas səbəbi odur ki, onlar fotolarda müxtəlif rakurslardan çəkilən Eyfel qülləsinin elə də möhtəşəm olmadığını, Mona Liza əsərinin cəmi 77x53 sm ölçüdə kiçik bir əsər olduğunu və ya Parisin əslində məşhur Amelie filmindəki kimi olmadığını görüb xəyal qırıqlığı yaşayırlar. Nəysə, mənə görə Paris nədir? sualına ən sonda cavab verəcəm.

20150130_135144.jpg

Mona Liza sayyeahın gözüylə - Mona Lisa
Yuxarıda qeyd etdiyim kimi Parisə WizzAir, EasyjetRyanAir loukosterləri ilə və ya normal tarifli hava yolları ilə gedə bilərsiniz. Parisə yaxın olan ölkələrdən Belçika və İsveçrədən isə sürət qatarları ilə qısa bir zamanda Parisə çata bilərsiniz. Qaldı ki, gecələmək məsələsinə mən dostumun evində qaldığımdan hotel, hostel qiymətləri barəsində bir məlumatım yoxdur amma bu hotel, hostel və apartmentlərin qiymətini öyrənmək üçün booking.com, hostelworld.com, airbnb və ya couchsurfingdən istifadə edə bilərsiniz. Amma onu deyim ki, Parisdə olmasa da Lyonda və Kurşeveldə otellərdə qalmışam və sırf o otellərdə hər səhər “Bonjour monsieur” (bonjuğ müsyö) sözünü eşitməkdən ötrü otellərdə qalmağa dəyər. Qarşına çıxan hər otel işçisi “bonjour monsieur” deyə salamlayır səni, sən də özünü Cem Yılmaz demiş lord hesab eliyirsən :D Bir şeyi də qeyd edim ki, mən təcrübəsiz olmuşdum Parisə qışda getmişdim, siz etmiyin eləmiyin, tam 5 gün Parisdə oldum və onun 3 günü yağış yağdı, Parisin dadını çıxara bilmədim, məsləhətdir ki, yaz-yay aylarında gedəsiniz. 00.jpg İndi gəldik Parisdə nə yeməli? sualına. Təbii ki, sizə durub orda kruasan, makaroni yeyin, fransız şərabının dadına baxın deyəsi deyiləm, bunları hamımız bilirik amma məndən eşitmiş olmuyun deyilənə görə Parisə gedib də azı kruasan və makaroni yeməyənləri eşitdiyimə görə döyürlər :D tamam bunlar zarafatdır amma yuxarıdakı qeydləri nəzərə almaqda fayda var. Gəldim yazının ən sevdiyim hissəsinə.
Parisdə haralara getməli, nələri görməli?  Parisə hava limanına, dəmir yolu vağzalına çatdığınızda ilk iş şəhərin turistik xəritəsini almaq olsun. Hava limanlarında, dəmir yolu və avtobus vağzallarında və turizm informasiya mərkəzlərində xəritələr pulsuzdur. Parisdə nəqliyyat haqqları bir balaca baha olduğundan çalışacam məkanları ardıcıllıqla qeyd edim ki, piyada gedə bildiyiniz yerlərə piyada gedəsiniz.

20150129_111625.jpg sayeahın obyektivindən Zəfər Tağı - arc de Triomphe[/caption] İlk öncə təbii ki, Paris deyəndə ağıla gələn şəhərin simvolu olan Eyfel qülləsi. Gəldiniz gördünüz, bir-iki selfie çəkdirdiniz, hava yaxşı olsa və axşam deyilsə qülləyə də dırmaşdınız, növbəti dayanacağımız Arc de Triomphe (Zəfər tağı) olacaq. Məşhur yazar Erix Mariya Remark “Zəfər tağı” əsərinin adını məhz bu abidədən götürüb. İstəsəniz abidənin kəlləsinə çıxıb oradan Paris mənzərəsiylə daha 1-2 İnstagramlıq şəkil çəkə bilərsiniz. (qeyd edim ki, Zəfər tağının kəlləsinə çıxmaq ödənişlidir). Zəfər tağı 4-5 yolun kəsişməsində yerləşir ki, bunlardan da biri məşhur Champs Elyseesdir (bizim dildə Şanze-Lize, mahnısı da var e ‘oooo Şanze Lize’, bax o :) ). Champs Elysees prospektinin hər iki tərəfi bahalı restoranlar və brend butiklər tərəfindən işğal olunub. Məşhur futbol klubu PSGnin mağazası da burada yerləşir, əgər azərkeşisinizsə özünüz üçün bir suvenir ya İbrahimoviçin formasını ala bilərsiniz. Bu prospektlə irəliləyirsiniz bir az sonra qabağınız Place de la Concorde çıxacaq. Burda bir fontan, bir şeytan-çarxı bir ədəd də sütun var. Meydan fransız tarixində bir çox məşhurların edamına şahid olub. Bu meydanı keçdikdən sonra kiçik bir park var o parkla müxtəlif ağaclara baxa-baxa irəliləsəniz bir də görəcəksiniz ki, qabağınız İçəri Şəhər metro stansiyasına oxşayan şüşəli bir piramida çıxdı.

20150128_171731.jpg Luvr Muzeyi - Musee du Louvre[/caption] Həə bax bu məşhur Cakonda ya da Mona Lizanın saxlanıldığı Luvr Muzeyidir. Fərqi yoxdur muzeylərə marağınız var ya yoxdur, gəlib piramidanın qabağında 2-3 şəkil çəkdirə və ya orda kiçik kub formalı daşlar var onların üzərinə çıxıb əlinizlə muzeyi qaldırımış kimi şəkil çəkdirə bilərsiniz. Sonra isə muzeyə girmədən məkanı tərk edirsiniz. Niyə muzeyə girmirsiniz çünki, bu piramida olan girişdə adətən çox uzun sıra olur, qiymətli dəqiqələrinizi orda xərcləmək əvəzinə içəri girib Mona Liza ilə 1-2 selfie çəkdirə bilərsiniz. Deməli bu muzeyin bir də metro keçidində olan girişi var ki, turistlərin çoxusu bunu bilmədiyindən o giriş demək olar ki, bom-boş olur heç kim olmur. Əgər metroyla bura gəlirsinizsə o zaman Palais Royal - Musée du Louvre stansiyasında çıxıb oxlarla muzeyin girişini tapa bilərsiniz. Muzeylərə, tarixə marağınız varsa bir gününüzü rahat bura ayırmalısınız. Əgər Avropa birliyi ərazisində yaşamaq icazəniz varsa (residence permit card) o kartı girişdə göstərib içəri pulsuz keçə bilərsiniz (dəqiq məlumat deyil, mən yoxladım işlədi, sizdə də varsa yoxlayın) yoxdursa məcburən 15 avro ödəməli olacaqsınız ki, muzeylərə marağı olanlar üçün dəyər bu məbləği ödəməyə. Bildiyiniz kimi Luvr muzeyi çox böyükdür və eksponatların sayı hədsiz çoxdur amma girişdə olan broşurlardan marağınıza uyğun olan otaqları və mərtəbələri çox asan tapa bilərsiniz. Broşdurda Luvrda görülməli (həm də selfie çəkdirməli) əsas 7 (ola bilər rəqəmi səhv xatırlayım) əsərin yerləri çox aydın göstərilib, vaxtınız azdırsa ən azı bunlara bir baş çəkib çıxa bilərsiniz. Bir az daha vaxtınız varsa orda Napalyonun iqamətgahı var ora da Luvr muzeyində görülməli yerlərdəndir. Parisdə həddindən artıq çox muzey var, hər cür marağa uyğun, Parisə gedib də marağına uyğun muzey tapa bilməyəcək bir şəxs yoxdur çox güman. Qeyd edim ki, hər ayın ilk bazar günü Parisdəki bütün muzeylərə giriş pulsuzdur, tutduzdura bilsəniz şansdan istifadə edin :)

20150130_130909.jpg Luvr muzeyində Napaleonun iqamətgahı[/caption] Sonra təbii ki, Parisə gedib də baş çəkmədən geri dönməməli olduğunuz məkan Notr Dam kilsəsidir. Kilsəyə giriş pulsuzdur. Ədəbiyyatda olan məşhurluğu, qotik üslubunda olan abidənin möhtəşəmliyi sizi valeh edəcək, hələ mən kilsənin zərif ornamentlərlə bəzədilmiş iç hissəsini və şəbəkə pəncərələrini demirəm. Bir sonrakı məkan Luksemburq Bağları adlanan parkdır, hansı ki, yaz və yay aylarında fərqli rəngli çiçəklərə bürünərək möhtəşəm mənzərə yaradır. Növbəti gəzəcəyiniz məkan Saint Germain bulvarıdır. Adının bulvar olduğuna baxmayın, ətrafda gözünüzə dəniz, göl ya çay görsənməyəcək. Bu bulvar Parisdə aktiv həyatın cərəyan etdiyi məkanlardandır. Pantheon digər bir gəzilməli muzeylərdəndir. Amma içində elə də maraqlı eksponatlar yoxdur. Giriş üçün ödəniş etməyə dəyməz amma binanın memarlığı çox gözəldir. Pantheondan qısa bir piyada məsafəsində məşhur Sarbon universiteti yerləşir, getmişkən bir ora da baş çəkin məncə. Növbəti görülməli məkanımız Hotel de Villedir. Əslində deyə bilərsiniz ki, otelin nəyi maraqlı olacaq? Haqlısınız amma bu bina adındakı otel sözündən fərqli olaraq otel deyil, Paris şəhər bələdiyyəsinin (ya da icra hakimiyyətinin) binasıdır. Bina çox möhtəşəm memarlıq üslubunda tikilib. Mən deyərdim ki, Budapeştdəki əzəmətli parlamentin kiçik formasıdır. Qışda binanın qarşısında buz meydançası olur, hansı ki, buz üstündə sürüşə və yaxud xokkey oynaya bilərsiniz. [youtube https://www.youtube.com/watch?v=Es-j3jGtc-g] Gəldik mənim Parisdə ən sevdiyim yerlərdən biri olan Saint Martin kanalına. Bura ortasından kanal keçən enli bir küçədir. Küçənin hər iki tərəfində kiçik, şirin kafelər var. Ürəyiniz istəsə bir fincan qəhvə ya fransız şərabı içə-içə kanaldan gəlib keçənləri seyr edə bilərsiniz. Yuxarıda qeyd etdiyim Amelia kinosundakı Amelienin ən sevdiyi işlərdən biri də məhz bu kanala gəlib, daş sıçratmaq idi. Parisdə ən bəyəndiyim bölgə isə Montmarte bölgəsi oldu. Mən deyərdim ki, Parisdə bir neçə saatlıq vaxtınız varsa Eyfel qülləsini boş verin məhz bu məkana baş əkin. Parisin əsl siması, fransız ruhu bu məhəllələrdə dolaşır. Xəritəni qoyun çantanıza özünüzü dar, kiçik, dalanlı küçələrə atın, azın bu məhəllələrdə, Parisin ruhunu kəşf edin. Bu səmtdə ən görülməli abidələr siyahısına Sacre Coeur (Saköe köğ) bizim dildə isə Müqəddəs Ürək (və ya Ağ kilsə) kilsəsi başçılıq edir. Amelie kinosunda da bu kilsəni tez-tez göstərirlər. Kilsə digər binalarla müqayisədə, məsələn Nort Dam kilsəsi ilə ürküdücü görünüşü yoxdur. Montmarte təpə olduğundan kilsənin yanından Parisə açılan gözəl mənzərəyə doya-doya baxa bilərsiniz, bir də bura gün batan vaxtı gəlmisinizsə dadından doyum olmaz mənzərənin, əsl Paris romantikasını burda tapacaqsınız.

Travel-Exploring-Paris-Montmartre-Restaurant-Au-Cadet-De-Gascogne Montmarte küçələri[/caption] Kilsənin arxa tərəfinə keçirsiniz və budur Montmartenin dar küçələri başlayır. Bir az irəliləyirsiniz və qarşınıza kiçik işqılarla bəzədilmiş bir meydan çıxır. Burda rəssamlar öz molbertlərini qoyub şəkil çəkirlər. Yaxınlıqdakı kafelərdən bir qədəh şərab götürüb siz də özünüzü rəssam kimi hiss edə bilərsiniz. Montmartedə mütləq baş çəkməli olan məkan Creperie Le Tire-Bouchon kafesidir. Kafenin özünə məxsus iç dizaynı var, belə ki, kafenin iç tərəfi kafeyə gələn qonaqlar tərəfindən bəzdilib. Divarda hər yer pul, çek, bilet, müxtəlif kağız materiallarla örtülüb, istəsəniz siz də öz adınızı kafenin divarına həkk edə bilərsiniz mənim kimi.
20150129_191849_HDR

16644930667_0795149f76_b.jpg Creperie Le Tire-Bouchon[/caption] Montmartenin digər məşhur məkanı Montmarte qəbirstanlığıdır. Hiss edirəm ki, deyirsiz qəbirstanlığın nəyi maraqlıdır?! :) ilk öncə burada qəbirlər gül-çiçəklərlə elə bəzədilib ki, heç məzarlıqda olduğunu adam hiss etmir, bundan əlavə dünyanın Edith Piaf, Ahmet Kaya, Şopen, Oscar Wilde kimi məşhurları məhz bu məzarlıqda uyuyur. Təpənin ətəyində isə Parisin Red Light Districti olan Moulin Rouge (Mulen Ruj) yerləşir, istəsəniz Mulen Rujdakı şouları seyr edə bilərsiniz. Ən ucuz varyant şou+şampandır ki, 110 avro ətrafında bir qiyməti var. Parisdə baş çəkmədiyim və peşman olduğum iki məkan var. Birincisi məşhur Versal Sarayı, ikincisi Paris katakombaları, yeraltı məzarlıqlar. Siz siz olun parisə gedərkən bu 2 məkana mütləq baş çəkin, yoxsa çox şey itirərsiniz.

small-group-paris-catacombs-tour-in-paris-147943.jpg Paris katakombaları[/caption] Daha bir şəhər yazımızın sonuna gəldik, ümid edirəm ki, maraqlı oldu və Parisə səyahət etsəniz bu yazıdan sonra Paris sindromu keçirməyəcəksiniz. Mənim fikrimə gəldikdə Paris doğrudan gözəl şəhərdir amma mənimçün Parisi sevimli edən Luvr ya Eyfel qülləsi deyil məhz Montmarte bölgəsidir. Növbəti yazılara qədər...
Paylaşdı: Babək Musa-Zadə (sayyeahblog.com)
 

DİGƏR BLOQLAR

Auschwitz - Ölüm düşərgəsi bələdçisi

Polşanın cənubunda yerləşən və milyonlarla insanın Nasist Almaniyası tərəfindən qaz otaqlarında boğulduğu, güllələndiyi, aclıqdan öldüyü, asıldığı, inanılmaz işgəncələrə məruz qaldığı yer - Auschwitz digər adı ilə ÖLÜM DÜŞƏRGƏSİ Üçüncü Reyx (Nasist Almaniyası) tərəfindən ikinci dünya müharibəsinin gedişində qurulmuş ən böyük toplama düşərgəsidir. Burada bütün Avropadan 1.1 milyon insan öldürülmüşdür (1 milyonu yəhudi olmaqla). Almanlar SSRİ-nin üzərinə hücum edərkən ordunun arxasından gələn SS zabitləri (həmin dövrün Daxili İşlər Nazirliyi deyə bilərik) şəhərlərdəki yəhudiləri yığaraq bu kamplara gətirirdi və təxminən 900 mindən insan kampa girən kimi ya birbaşa qaz otaqlarına göndərilir, ya da güllələnərək öldürülürdü. Auschwitz-in 3 düşərgəsi var və bunlar bir-birlərindən təxminən 4-5 km aralıda yerləşirlər. Düşərgələr Polşanın cənubunda Oświęcim qəsəbəsində yerləşir. Buraya getmək üçün ya Krakovdan ya da Katowicedən Oświęcim qatarlarına minə bilərsiniz. Qatar stansiyası ilə düşərgə arasındakı məsafə təxminən 2 kilometrdir. Bir düşərgədən digərinə getmək üçün özlərinin pulsuz avtobuslarından istifadə edə bilərsiniz. Auschwitz 3 hissədən daha doğrusu 3 düşərgədən ibarətdir. 1-ci düşərgə Almanların qərargahının olduğu, təxminən 70 mindən Polşalı yəhudinin və sovet əsirinin öldürüldüyü hissədir. Bundan əlavə hər 3 düşərgənin də idarəsi buradan həyata keçirilirdi. Düşərgənin girişində alman dilində bəşər tarixinin ən böyük yalanı yazılıb "arbeit macht frei" (işləmək səni müstəqilləşdirər) 3 düşərgə arasında ən sağlam vəziyyətdə qalmış düşərgə buradır. Çünki, sovetlərin gəldiyini eşidən almanlar bütün düşərgələri dağıtmışdı amma buranı dağıtmağa imkan tapa bilməmişdilər. Düşərgənin içərisində yerləşən qaz otağından tutmuş, ölüm divarına (əsirlərin güllələndiyi divar) qədər hər hissə insana çox qəribə hisslər yaşadır. Burada hər millət üçün fərqli binalar mövcud olub və o binalar hazırda muzey olaraq fəaliyyət göstərir. Düşərgədəki muzeylər Almanların etdiyi soyqırımı və bu soyqırım qurbanlarının çəkdiyi əziyyətləri ziyarətçiləri təqdim edir. Muzeylərdə minlərlə soyqırım qurbanına aid ayaqqabı, eynək görə bilərsiniz. Almanların dağıtmağa vaxtlarının çatmadığı qaz otağının aurası isə sözlə izah edilə biləcək səviyyədə deyil. Bu otağa həmin dövrdən bəri toxunulmayıb və otağın girişində sadəcə bu sözlər yazılıb "SS-in minlərlə insanı öldürdüyü binadasınız. Lütfən, burada səssiz olun: onların əzablarını xatırlayın və xatirələrinə hörmət göstərin". 2-ci düşərgə (Birkenau) ən böyük faciələrin yaşandığı düşərgədir. Şindlerin siyahısı filminə baxanlar bu hissəni çox daha gözəl xatırlayar. Çünki, filmin son səhnəsi məhz buradakı dəmir yolunun üzərində çəkilmişdi. Düşərgənin içərisinə birbaşa dəmir yolu xətti gəlir (hazırda istifadə olunmur) və müharibə dövründə qatarlara yığılan yəhudilər birbaşa düşərgənin içərisinə gətirilir, buradan sağlam olanlar seçilib ağır işlər görməyə yollanır, qeyri-sağlamlar, qadınlar, yaşlılar, uşaqlar isə birbaşa qaz otaqlarına göndərilirdilər. Həmin sağlam olanlar da ağır işlərdən və işgəncələrdən sonra "qeyri-sağlam" statusu alıb digərləri ilə eyni taleyi paylaşırdılar. Burada 6 qaz otağı və 4 meyid yandırma təsisi mövcud olub. Qaz otaqlarında öldürülən və ya güllələnən insanlar meyid yandırma təsislərinə aparılıb yandırılırdılar. Lakin, bu düşərgədən qaçan 2 yəhudi bütün düşərgənin sxemlərini müttəfiqlərə ötürməyə bacarmışdı və bundan xəbər tutan almanlar, sovet əsgərlərinin də gəldiyini də görərək düşərgəni dağıtmışdılar. Daha doğrusu düşərgədəki qaz otaqlarını və meyid yandırma təsislərini. Əsirləri düşərgəyə gətirən dəmir yolu xətti və 1 vaqon hələ də sağlam vəziyyətdədir. 3-cü düşərgəyə həm vaxt baxımından həm də görüləcək çox şey olmadığından getməmişəm. Amma məlumat üçün deyim ki, 3-cü düşərgə Siemens və onun kimi böyük şirkətlərin işlərini görmək üçün əsirlərin işlədildiyi bir düşərgə idi və o düşərgədə də "gücdən düşmüş" əsirlər 2-ci düşərgəyə gətirilib yandırılırdı. Auschwitzdəki mənzərələr həqiqətən də inanılmazdır, buranı gördükdə insanın insana belə şeyləri necə edə biləcəyinə belə inana bilmirsən. Bir insanın hansı dərəcədə sadist ola biləcəyinin ən böyük örnəklərindəndir Auschwitz. Buradakı insanların fabrik şəklində öldürülüb, yandırılmasına başlıca payı olan insan nə Hitler, nə Gobbels nə də başqa alman generalları idi. Buradakı insanları yaxından görən, onlara bunların edilməsini zabitlərə əmr edən, durmadan daha çox yəhudi öldürməyin yollarını axtaran şəxs SS-in rəhbəri Heinrich Himmler idi. Bütün bu düşərgələrin də fəaliyyəti birbaşa ona bağlı idi. Sovetlərin Stalingrad və Moskvadakı qələbələrindən sonra qəzəblənən Himmler, oradakı öldürülən əsgərlərin də günahını yəhudilərdə görürdü. Düşünürdü ki, bu müharibə yəhudilərə görə başladı, elə isə onlar bunun cəzasını çəkməlidir və bu düşüncə ilə 1943-cü ildən sonra yəhudilərin öldürülməsi daha da şiddətləndi. Hətta alman zabitlər öz yazılı məruzələrində fəxrlə "bu gün 90 min yəhudi" yandırdıq deyə bilirdilər. Düşərgələrə getməzdən öncə mütləq rezervasiya etməlisiniz. Əgər bələdçi ilə rezervasiya istəyirsinizsə təxminən 30 manat ödəməlisiniz. Ödəniş etmək istəmirsiniz və özünüz gəzmək istəyirsinizsə bunun üçün 17:00-dan sonra olan pulsuz rezervasiyaları əldə etməlisiniz. Öncədən rezervasiya üçün visit.auschwitz.org/rezerwacja/termin.html?idg=1 saytından istifadə edə bilərsiniz. Düşərgəyə qatarla getmisinizsə çalışın 20-dan öncə işlərinizi yekunlaşdırın. Çünki, 20:30-da sonuncu qatar yola çıxır Katowiceyə. Krakow qatarı isə 19:30-a qədər işləyir. Ən yaxşı variant isə 20:30-da Katowice qatarına çatmaqdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sadig Aghali

509 dəfə oxunub

Şarm əş-Şeyx bələdçisi - Hər şey daxil 127 $

Şarm əş-Şeyx, Misir. Hər şey daxil 127 $. May ayının sonundan Ukraynada idim. Vaxtı səmərəli dəyərləndirmək məqsədilə Misirə 1 həftəlik istirahət üçün araşdırma aparmağa başladım. Nəticə gözlənilməz oldu. Şarm əş-Şeyxə (bundan sonra “Şarm”) ən sərfəli təklif edən şirkətlər qaldığım bina ilə üzbəüz yerləşirmiş. Kiyevdən Şarma 1 həftəlik hər şey daxil tur-paketi cəmi 127 dollara aldım. Paketə (yəni 127 dollara) aşağıdakılar daxil idi. Səyahət sığortası. SkyUp Airlines ilə birbaşa çarter reyslər. 23+10 kq baqaj. Həm ingilis (Kərim), həm də rus dilli (Viktoriya) tur rəhbərləri. Transferlər, aeroport-otel-aeroport. 4* otel Sharm Holiday Resort (otelə söz ola bilməz) AI qidalanma. Səhər saat 07.00-dan gecə 23.00-a qədər (gündə üç dəfə) qidalanma. Gün boyu limitsiz içkilər. Hər gün səhər saat 08.00-dan 17.00-a qədər (hər yarım saatda bir) müxtəlif çimərliklərə rahat avtobuslarla gedib-gəlmək. Otel daxilində akvapark, böyük hovuzlar, stolüstü və böyük tennis, voleybol, futbol, hovuzlar və s. müxtəlif əyləncələr. Uşaqlar üçün müxtəlif əyləncələr (çox maraqlı olur) və xüsusi müəllim. Viza. Misir Azərbaycan vətəndaşlarından viza tələb edir və rüsumu 25 dollardır. Sadəcə Şarma gedirsinizsə (Sinay yarımadasına) və geri dönüş biletiniz varsa viza lazım deyil. Yox mütləq Qahirə, Luksor, İskəndəriyyə, Asuanı görməliyəm deyirsinizsə əvvəlcədən viza alın. Mən vizanı Şarm havalimanında cəmi bir neçə saniyəyə aldım. PCR Test.Kiyevdə test qiymətləri 700 uah ətrafındadır, Getməzdən bir gün əvvəl neqativ PCR test cavabı hazır olmalıdır. Şarmda oteldə test 45 dollardır. Ucuz variant isə Sharm El Sheikh International Hospital-dır, 31 dollar. Otel. Mütləq şəkildə 4* və ya 5* otel seçin. Yoxsa əsl Şarmı hiss edə bilməyəcəksiniz.Mobil nömrə. Demək olar ki, bütün otellərdə wifi zəifdir. Havalimanının çıxışında bütün mobil operatorların təmsilçiləri var. Ən yaxşısı qiyməti 12 dollar olan Vodafone Egypt nömrədir. Xeyli danışıq dəqiqəsi və 10 gb internet olur. İkinci yaxşı Orange-dir. Təxminən Vodafone ilə eynidir.Misirdə “whatsapp call” işləməyə bilər. Face app, viber, messenger və s. mobil tətbiqlər işləyir. Özümüzlə mütləq götürməliyik.Krem. Əgər günəşdə yanıb, qap-qara olmaq istəmirsinizsə mütləq.Power bank. Çoxlu çəkiliş edəcəksinizsə mütləq.ABŞ dolları. Mümkündürsə çoxlu 5, 10 dollar, hətta 1 dollar belə asanlıqla istifadə edilir.Baş örtüsü. Çox köməyi olur, adam istidən bezmir. Mən sonradan aldım. Birinci gün hamı mənimlə rusca danışırdı. İkinci gün isə artıq ərəbcə danışmağa başladılar, qap-qara olmuşdum. Şarm haqqında.Bir vaxtlar kiçik bir bədəvi qəsəbəsi olan Şarm səksəninci illərdən sonra qoyulan turizm investisiyaları ilə sürətlə inkişaf etdi və dünya səviyyəli istirahət seçimləri təklif edən tətil mərkəzinə çevrildi. Qırmızı dənizin təmiz suları, mərcan rifləri və zəngin sualtı həyatı buranı hər keçən gün daha da cazibədar edir. Asiya və Afrikanı birləşdirən Sinay yarımadasının cənubunda yerləşən Şarm "şeyx körfəzi" mənasını verir və ərəbcə "Şarm-əş-şeyx" olaraq oxunur. Bir tərəfdə əzəmətli Sinay dağ silsiləsi və sinay səhrası, digər tərəfdən rəsm əsəri kimi sahili ilə qonaqlarına unudulmaz bir tətil vəd edir. Şarm, magistral yol boyunca düzülmüş 4 fərqli bölgəyə yayılmış şəhərdir. Nabq körfəzi, Naama körfəzi, Hadaba (ras um sidd) və Sharm old town. Naama körfəzi, şəhərin əsas mərkəzi deyə biləcəyimiz bir yerdir. 1983-cü ildə Misir Sinay yarımadasını İsraildən geri aldıqda, Naama körfəzində yaşayış yeri yox idi. İndi isə restoranları, məşhur otelləri, fast food şəbəkələri, və s. ilə çox rəngli və canlı yerdir.Təxminən 1 km uzunluğundakı çimərliyi ilə dəniz, qum və günəş sevənləri cəlb edən yerdir. Ticarət əsasən Naama sahilindədir. Geyim mağazalarından əlavə, zərgərlik mağazalarının müxtəlifliyi və sıxlığı ilə də diqqət çəkir. Şarmda maraqlı nələr etmək olar?Əvvəlcədən deyim ki, Şarma gedirsinizsə Qahirə, Luksor, İsgəndəriyyə kimi yerlərə getməyi planlamayın. Şarmı tam anlamıyla hiss etmək üçün azı 15 gün lazımdır.Çimərliklər.Ən birinci əlbəttə ki, çimərliklər. Əgər zəif üzürsünüzsə “Naama Bay” sizin üçün ideal seçimdir. Qum, təmizlik, xidmət yüksək səviyyədədir.Üzməyə professional yanaşanlar üçün "Fanar Beach" əvəzedilməzdir. Birbaşa 5-10 metr dərinlikdə mərcanların içində gözyaşı kimi tər-təmiz suda üzmək və müxtəlif rəngli canlıları izləmək heç nə ilə əvəz edilə bilməz. Mənim yanıma özümdən böyük tusbağa da gəlmişdi, biraz birlikdə üzdük və getdi. Saat 17.00-dan sonra çimərliklər bağlanır. Tiran adası və Ras Muhamməd Milli Parkı arasında edəcəyiniz dayvinq turu unudulmaz olacaq. Qırmızı dənizin dünyada tayı-bərabəri olmayan sualtı mənzərələrini və canlı aləmini izləyəcək, istədiyiniz qədər müxtəlif balıqları görəcəksiniz. Nəzərə alın ki, dünyada 10 ən yaxşı dayvinq mərkəzindən 3-ü Misirdədir. Tarix və fərqli mədəniyyətlər ilə maraqlananlar.Bədəvilərin yaşayış tərzləri, dəvələrlə gəzinti, çox qədim tarixi yerlər sizə unudulmaz təcrübə yaşadacaq. Kvadrosikl sürmək üçün çox gözəl yerlər və hazır turlar var.Yemək.Qaldığım oteldə yemək və içki çeşidləri olduqca bol idi. Yeməkləri həm çox qidalı, həm də dadlı idi. Xüsusilə dəniz məhsulları, meyvələri, tərəvəzləri və təbii şirələri çox dadlı idi. Veqan və vegeterianlar üçün demək olar ki, cənnət idi. Hər yeməkdə müxtəlif növ bişmiş və yeni tərəvəzlər və meyvələr olur. Şirniyyatları o qədər də yaxşı deyil. Əsl Misir şirniyyatının dadını bilmək istəsəniz Genena Mall-ın girişindəki Tseppas-a baş çəkin. Buradakı dadları ancaq Türkiyənin Antep və Mersin tərəflərində görəbilərsiniz. Ət yeməkləri bərk olur, tam bişirmirlər. Həm dəniz məhsullarınını, həm toyuq ətini, həm də mal ətini bərk və bol ədviyyatlı edirlər. Valyuta. Ölkədə Misir funtu (EGP) istifadə edilir, ancaq dollar hər yerdə işləyir. Siz bir şey alanda dollarla ödəniş edin, qalığı funtla qaytaracaqlar. Turistlər.Hazırda Şarmda turistlərin 90 faizi ukraynalılardır. İkinci yerdə Qahirə və digər şəhərlərdən gələn varlı yerlilər, çox az sayda avropa və orta asiyalılar var. Danşıq dili.Şarm havalimanında otellərdə, marketlərdə, ticarət mərkəzlərində hamı rus dilini başa düşür və danışır. Hər yerdə yazılar, menyular və s. hətta mərkəzdə yerləşən polis bölməsinin adı da rusca yazılıb. Ərəblərin rusca danışmağı hindistanlıların ingiliscə danışmağı kimi bir şeydr. Adamlar Palm Hotel-ə “bal utel” deyirlər ))Rus dili bilməyənlər narahat olmasınlar, ingilis dilini də hamı lazım olan qədər bilir. Hədiyyə.Ən yaxşı hədiyyələr: Misir xurması, maqnetlər, müxtəlif çaylar (daha doğrusu çaya əlavələr), ədviyyatlar, ətir və ərəb qızılı (gömrükdə tanış yoxdursa almayın). Bənzərliklər. Hər yerdə qara qarğalar və milçəklər var ))Əksər dükanlarda və taksilərdə yüksək səslə Qurana qulaq asırlar, ancaq dindar deyillər. Təmizlik, xidmət, keyfiyyət.Şarmda həm otellər, həm dəniz həm də bütün iaşə obyektləri tər-təmizdir. Xidmət yüksək səviyyədədir. Hər keçən il keyfiyyətdə irəlləyişlər baş verir. Hələlik bu qədər.#uçmaqüçündoğulanlar #GYD21 #luxor #travelbloggerlifestyle #KBP #ukraine #travelling #skyup #Egypt #sharmelsheikh #sharmholidays #tuifly #joinup #anextour #cairoegyptƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Elşən İsmayılov

2569 dəfə oxunub

İnsanları özündən gözəl şəhər - Kutaisi bələdçisi

Bu dəfə sizə getdiyim şəhərdən yox, həmin şəhərin insanlarından danışmaq istəyirəm. Təbii şəhərdən, gəzməli-görməli yerlərindən də yazacam, amma sonra...Həftə sonu Kutaisiyə getdik. Şəhəri, ətrafını gəzdik, çox bəyəndik. Bu 2 gündə yolumuz xeyli insanla kəsişdi, gözəl insanlarla. Getmədən 2 gün öncə şəhərin qatar vağzalı yaxınlığında bir günlük ev kirayələmişdik. Səfərdən bir gün əvvəl axşam saat 9-da ev sahibindən mail aldım. “Mümkünsə, mənə zəng edin”, - deyirdi. Zəng etdik, bildirdi ki, onu sabah işə çağırıblar, bizi qarşılaya bilməyəcək. Buna görə dönə-dönə üzr istədi. Açarı qapının önündəki dibçəyin altına qoya və ya üzbəüz qonşuya verə biləcəyini dedi. Qonşu variantının daha təhlükəsiz olacağını dedik. Evi təmiz, səliqəli idi. Masanın üstündə bizim üçün çay süfrəsi hazırlamışdı. Bağından üzüm dərib qoymuşdu. Gününə 20 lari (10 manat) verəcəkdik, çox böyük məbləğ də deyildi. Deməyim odur ki, bu qonaqpərvərliyin maddiyyatla əlaqəsi yox idi. Elə həmin günü şəhərə 30-40 dəqiqəlik məsafədəki Tskhaltubodakı Prometheus mağarasına yollandıq. Marşurt sürücüsündən mağaraya necə gedə biləcəyimizi soruşduq, taksi məsləhət gördü. Arxada oturan yaşlı qadın sakitcə qulağımıza taksilərin baha apardığını, 42 nömrəli marşurtla daha ucuz gedə biləcəyimizi pıçıldadı. Mağaranın möhtəşəmliyindən danışmıram, 5 milyon yaşı olduğu qənaətindədirlər. Siz daha öncə 5 milyon yaşlı nəsə görmüsüz? Günortadan sonrakı plan Kutaisiyə dönüb, oradan Gelati Mosantrına getmək idi. Burada saxlanan Gəncə qapısının tayını görəcəkdik. Marşurtda bir sərnişindən ora haradan gedə biləcəyimizi soruşduq. Bizi avtobusların çıxdığı yerədək apardı. Avtobus yenicə çıxmışdı, növbətisi 1 saata gələcəkdi. Qadın bizim üçün taksi danışdı. “Xariciləri görüb, baha qiymət deyə bilərlər, ən yaxşısı mənim danışmağımdı”, - dedi. Getdik ki, monastr son 3 gündə yağan yağışlar nəticəsində qəzalı vəziyyətə düşüb. Baxış üçün Tbilisidən ekspert qrupu gəlib, bir sözlə, bağlıdır. Taksi də çoxdan gedib. Qaldıqmı dağın başında? Baxdıq ki, yolun kənarında kiçik maşın dayanıb. İçindəki xanımdan buradan marşurt keçib-keçmədiyini soruşduq. “Bu vaxt çətin keçə. Yenə Monastr işləsəydi, taksi olardı ətrafda. Mən də dua etmək üçün gəlmişdim, burada bildim qapalı olduğunu”, - dedi. Sonra yaxınlıqdakı Motsamet Monastrına getdiyini dedi və ona qoşula biləcəyimizi təklif etdi. Razılaşdıq. Dağların başında idi bu monastr, mənzərəsi, abu-havası möhtəşəm idi. Qız (Mari) içəridən mənə hədiyyə də almışdı. Gül ətirli yağ idi. İnanca görə bir yerin ağrıyanda dua edib, həmin yerə sürtürsən, ağrını götürür. Növbəti dayanacaq Kutaisi oldu. Mari burada bizə dadlı yeməklər yeyə biləcəyimiz restoran da göstərdi. “Yaxşı bir iş görəndə gərək sonacan edəsən. Mən duzunu da səpim dedim. Dadlı yemək səyahətin duzudur”, - dedi Ondan ayrılandan sonra şəhəri xeyli gəzdik, axşam evə taksi ilə qayıtdıq. Kutaisi Hava Limanından əvvəllər çox istifadə etmişik. Şəhər o qədər xoşuma gəlmişdi ki, fikirləşdim yenə buradan harasa uçası olsaq, bir-iki gün əvvəldən gələ bilərik. Hava limanı da şəhərdən xeyli uzaqdadır. Taksi sürücüsündən hava limanına taksilərin neçəyə apardığını soruşdum. “Buradan hava limanına marşurtlar gedir, 1 ya 2 lariyə. Taksiyə niyə pul verəsiniz?” Marşurtların haradan çıxdığını izah etdi. Hə, bu mənim üçün əsl şok idi Ev sahibəsi də çox içdən, canayaxın biri idi. Gec saatlara qədər bizi gözləmişdi, xeyli söhbət edib, çay içdik. Bir dəfə Bakıda olub, çox bəyənib, xüsusən də şəhərin işıqlandırılmasını. Səhəri gün tezdən durub kanyonlara getdik. Birinci Martvili, sonra Okatseyə. Martvilidən çıxışda marşurta mindik, bizi Okatseyə gedən yol ayrıcınadək gətirdi. Burada dedilər ki, sonuncu marşurt yeni gedib, bazar günü olduğundan növbətisi gec gələ bilər. Yol da 14 kilometrdir. Nə isə vaxt itirməmək üçün düzəldik yola, avtostop (bunu ilk dəfəydi edirdik) edib gedərik dedik. Əl etdiyimiz 2-ci maşın saxladı. 40-45 yaşlarında bir abi idi. Dedi ki, evi kanyonun 1 kilometrliyindədir. Ordan o tərəfə yaxındır. Söhbət zamanı balçı olduğunu öyrəndik. Həm də həyətində böyük kivi bağı salmışdı. Çatanda dəvət etdi ki, keçib baxa bilərik. Bağa da baxdıq, kividən hazırladığı konyakın dadına da Xeyli söhbətdən sonra yola düzəldik. Kanyon möhtəşəm idi, o öz yerində. Təkcə orada 7 kilometrdən çox addım atmışdıq. Qayıdanda yorğunçuluq idi və yenə marşurt tapmadıq. Bu dəfə bizi yoldan betonqarışdıran maşın götürdü. Ömrümdə ilk dəfə idi bu maşına minirdim. Döngələrdə nə hala qaldığımı demirəm Sürücü çox zarafatcıl dayı idi. Saxlayanda soruşdu ki, uşaqlar, daha öncə belə maşında getmisiz? Bizi Kutaisiyədək gətirdi. Arada xəbərdalıq etdi ki, polis görəndə biriniz gizlənin, öndə 2 nəfər otura bilməz Hə, səyahət zamanı Rusiyadan gələn bir xanımla da tanış olduq. Moskvada yaşayırdı, bizi evinə dəvət etdi. Nə zaman Moskvaya yolumuz düşsə, onun evində qala biləcəyimizi söylədi Kutaisi gözəl şəhər idi, çox bəyəndik, yenə getmək haqqında planlar qururuq. Ancaq insanları özündən də gözəl idi, çox sevdik Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Guler Mehdizade

1041 dəfə oxunub

Atlar diyarı - Kapadokiya

Kapadokiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam dostlar. Çoxlarının “must see” siyahısında olan Kapadokyadan təəssüratlarımı yazmaq istəyirəm, sizlərə kömək olmaq ümidi ilə. İlk öncə qeyd edim ki, bu ərazi çox xoşuma gəldi və hər kəsə ən az bir dəfə gedib görməyi məsləhət görərdim. Kapadokya deyilən ərazi bir neçə kiçik şəhərlərdən ibarətdir; Nevşehir, Göreme, Ürgüp, Üçhisar və s. Nevşehir mərkəzdir və daha çox şəhər kimidir ona görə otelinizi digər şəhərlərdə tutmağınız məsləhət görülür.Kapadokyaya necə getmək olar?Nevşehirdəki aeroport hazırda təmirə görə bağlı olduğu üçün təxminən 100 km aralıda yerləşən Kayseri aeroportuna gələ bilərsiz. Alternativ variant avtobusdur. Biz İstanbuldan avtobusla otelimizin olduğu bölgə Görəməyə getdik (təxmini 12 saat). Bileti obilet.com və ya neredennereye.com saytlarında 80/90 TL (tək yön) ala bilərsiniz. “Metro” avtobus şirkətini məsləhət görə bilərəm, həddən artıq komfortlu avtobus idi. Avtobusda pulsuz içkilər, şirniyyat, şəxsi TV, telefonu doldurmaq üçün hər 2 oturacağa ayrıca “socket” var idi. Oturacaqlar çox geniş idi, sürücü isə çox yaxşı sürürdü. Geri dönərkən istifadə etdiyimiz “Öncü Səyahət” şirkətinin avtobusu da rahat idi amma sürücü “vəhşi” kimi sürürdü. İstanbula çathaçatda qəza etdi, azmış kimi avtobusdan bıçaq, uzun dəmir çıxarıb o biri sürücünü döyməyə başladı. Həyatımın ən pis avtobus səyahəti idi. Ümumiyyətlə Türkiyəyə gedirsinizsə təklükələrə hazır olun. Yollarda çox pis sürürlər.Nə zaman getməli?Ən uyğun zaman yaz aylarıdır mənə görə. Yayda çox isti olur, amma başqa vaxtınız yoxdursa yayda da gedə bilərsiniz mənim kimi.Harda qalmaq olar?Qaldığımız Görəmə bölgəsində Kayataş adlı butik ailə oteli   əvvəllər sahiblərinin özlərinin yaşadığı orta böyüklükdə “konak” olmuşdur. Yüksək ərazidə olduğundan otelin terrasından “pəri bacaları”na möhtəşəm görüntü açılırdı. Heç yerə getmeyib saatlarla o görüntünü izləmək olardı. Və hətta səhər tezdən yuxudan qalxsanız terrasdan səmada olan onlarla hava şarını da görə bilərsiniz. Otaqlar mağara stilində idi. 4 nəfər 2 ayrı otaqda  3 gecə qaldıq və cəmi səhər yeməyi daxil 266 AZN ödədik, yəni 1 nəfərə 1 gecəsi 23 AZN. Sahiblər çox mehriban idilər və fikrimcə qiymətə görə çox yaxşı idi.Nə yemək olar?İstər İstanbulda, istər də Kapadokyada yemək qiymətləri gözlədiyimizdən daha yüksək oldu. Ən ucuz yerdə balaca armudu stəkan çay 2 TL (çayları çox acı və dadsız gəldi), ən ucuz maraş dondurma 5 TL, ən ucuz yerdə toyuq yeməyi 25 TL, su 1-4 TL, Cola 3-5 TL, ayran 3-4 TL, mərci 6-8 TL, çörək arası dönər (adı dönər idi, içində sadəcə toyuq və göyərti var idi) 10 TLdən başlayır. Görəmədə BİM və A101 marketləri nisbətən ucuz idilər.Nə almaq olar?Görəmə mərkəzində küçə boyu çoxlu suvenir mağazaları var. Müxtəlif yörəsəl motivli çantalar (25 TL-dən başlayır keyfiyyətinə görə 500TL kimi gedir), çilçıraqlar, maqnit (2 TLdən başlayır), kiçik suvenirlər, bəzək əşyaları, kiçik yörəsəl stildə düzəldilmiş ev əşyaları (6 ədəd stəkan altlığı 10 TL; 4 əd kiçik kasa 10 TL) almaq olar. Təbii ki, qiyməti mütləq aşağı saldırmaq lazımdır. İstər İstanbulda, istər də Kapadokyada olsun azərbaycanlıyam və tələbəyəm desəniz xeyli qiymət saldıra bilərsiniz (bizdən fərqli olaraq Türkiyədə tələbələrə hörmət və sevgi var). Təbii böyük ehtimal qadın cinsi olmağınız da qiymətə təsir edəcək ????Nə etmək olar?Əvvəl qeyd edim ki, Kapadokya 3-4 gün qalmaq bəs edəcək. Bütün otellər istədiyiniz şəkildə sizə tur şirkətlərlə danışıb tur təşkil edə bilər. Həmçinin şəhərdə müxtəlif turlar təklif edən şirkətlərə özünüz yaxınlaşa bilərsiz. İstər otel, istərsə də tur şirkət olsun yenə də qiyməti aşağı saldırmaq lazımdır, azərbaycanlıyıq axı ????Balon turu – Hər bir insanın həyatında azı 1 dəfə etməli olduğu tur. Kapadokyadünyada azsaylı nöqtələrdəndir ki, eyni anda çox sayda balonu havada görə bilərsiniz. Qiymətlər 200 TL və sonsuzluq arasında artır. Bütün balon şirkətləri səhər 3:30 radələrində sizi avtobusla qaldığınız oteldən alır, balon uçan sahəyə gətirir, orada həm kiçik səhər yeməyi yeyirsiz həm də sahədə uçmağa hazırlanan yüzlərlə (onlarla) balonun uçuşa hazırlıq sisteminə baxırsınız. Hava idarəsi ok verdikdən sonra balonlara minib uçmaq olar. Uçuş bitdikdən sonra isə şampan partladıb, sertifikatlarınızı ala bilərsiniz. Daha sonra avtobus sizi saat 8 ərəfələrində otelə qaytaracaq. Bahalı balon şirkətləri ilə aradakı tək fərq uçuş saatının 1 saat olmasıdır, bir də bəzi bahalı şirkətlər endikdən sonra sertifikat yerinə medal kimi şeylər verirlər. Yəni ki, elə də böyük fərq yoxdur, çox pul xərcləməyə dəyməz. Bir də hava şəraitindən asılı olaraq balonlarlar 3-4 gün dalbadal uçmaya da bilər, balon uçmasa hər növbəti gün yenidən aparırlar, lakin artıq sizin qalmağa vaxtınız yoxdursa pulunuzun tamamını geri verirlər.ATV Turu – Balonla yarışa biləcək aktivite. Qiymətlər yenə də dəyişir. 1 saat 60 TL 2 saat 80 TL. Gündüz və Sunset deyilən 2 saatlıq turlar olur. SUNSET məsləhətlidir, həm gündüz həddən artıq isti olur, həm də sunsetdə təpənin başından gün batımını izləyə bilərsiniz. İki saatlıq sunset tur üçün 80 TL ödədik. 1 ATV-də iki nəfər otura bilər və yerinizi dəyişərək 40 TL ödəyə bilərsiniz. Mən  qorxduğumdan rəhbərin arxasında oturmuşdum və 50 TL ödədim, bir qədər getdikdən sonra rəhbər ilə yerlərimizi dəyişdik :) Öndə mütləq rəhbər gedir və arxada siz, maşın yoluna demək olar ki, çıxmırsınız daha çox dağlıq yollarla gedirsiniz. Rəhbərin gözü həmişə üstünüzdə olur. Əgər qorxmursunuzsa rəhbər yolda müxtəlif tryuklar da edir (təbii mən qorxduğumdan çox icazə vermədim)). ATV turunda kiçik qrupla getməyiniz daha məsləhətlidir, məsələn biz cəmi 2 ATV ilə getmişdik (rəhbərin sürdüyü daxil olmaqla). Say çox olanda rəhbər sizə istədiyiniz diqqəti ayıra bilməyəcək. Tur daxilində Görəmədə dağlıq ərazidə  yerləşən məşhur ərazilərə bir-bir getdik. Əlavə olaraq rəhbər maraqlı şəkillərinizi də çəkir. Rəhbərin adı ALİ idi kimsə getsə məsləhət görürəm.Rəngli Turlar – Kapadokya bölgəsində saysız hesabsız gəzilib görüləcək yer var.Ona görə də bu yerlər rənglər üzrə qruplaşdırılıb və turistlərə qırmız tur, mavi tur və sair kimi təklif edilir. Ən əsas turlar qırmızı və yaşıl turdur (hər biri 100 TL). Hər bir turda səhər saat 9-da sizi otelinizdən alıb axşam saat 5-6-ya kimi otelinizə geri qaytarırlar,həmçinin də  1 dəfə yemək və muzey biletləri ilə pulsuz təmin edirlər.Qırmızı turu atv turu ilə demək olar ki, gəzdiyimizdən yaşıl turu seçdik.Yaşıl tura Ihlara vadisi, Selimə manastrı, Güvercinler vadisi, Derinkuyu yeraltı şehri ve s yerlər daxil idi. Ən çox təsirləndiyim yeraltı şəhəri, pəri bacaları və monastr idi.Digər – İstəsəniz at turu (70 TL), motosikl turu, icarə velosiped  də götürə bilərsiniz.Unutmamışkən qeyd edim ki, ilk əvvəl yaxın yerləri piyada və ya avtobusla gəzməyi nəzərdə tutmuşduq amma getdikdən sonra bunun praktik olaraq mümükün olmadığını anladıq. Digər bir variant icarəyə maşın götürüb gəzməkdir. Muzey kimi yerlərə giriş biletləri təxmini 20-30 TL idi.Xoş istirahətlər ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Nigar Eyvazova

1610 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!