Portuqaliyada 10 gün: Lisbon, Sintra, Cabo da Roca, Madeira və Porto
10 günlük Portuqaliya səyahətim hər mənada yaddaqalan oldu. Tarix, okean, dağ yolları və səmimi şəhərlərlə dolu bu ölkə sanki daxili bir balans yaratdı.
1–4-cü günlər: Lisbon və ətrafı
Səfərimə Lisbonda başladım. Şəhərin dar küçələri, azulejo plitələri və nostaljik atmosferi dərhal təsirini göstərdi. Tramvay 28 ilə keçdiyim Alfama, Bairro Alto, Baixa məhəllələri, gündəlik sadəliyi və tarixiliyi ilə yadda qaldı.
Bu mərhələdə bir günümü Sintra və Cabo da Rocaya həsr etdim. Sintra – nağıl kimidir. Pena Sarayı və Quinta da Regaleiraya mütləq baş çəkməyi məsləhət görürəm. Məni ən çox təsirləndirən Quinta da Regaleira oldu.
Quinta da Regaleira, Sintra’nın mərkəzinə yaxın yerləşən, həm təbiət, həm memarlıq, həm də simvolizm baxımından olduqca zəngin və mistik bir mülkdür. 20-ci əsrin əvvəllərində Portuqaliyalı zəngin iş adamı və mason António Augusto Carvalho Monteiro tərəfindən inşa etdirilib. Onun məqsədi yalnız gözəl bir villa tikdirmək yox, həm də gizli mənalarla dolu, ruhani və fəlsəfi bir dünya yaratmaq idi. Burada Gothic, Manueline, Romanesque və Renaissance memarlıq üslubları bir arada mövcuddur. Amma mülkün əsl cazibəsi onun bağlarında və gizli keçidlərindədir.
Ən maraqlı hissələr:
Initiation Well: Ən məşhur hissəsidir. 27 metr dərinliyində spiral pilləkənlə enilən bu quyu sanki bir yeraltı ritual məbədini xatırladır. Masonluq və ruhani yenidən doğuluş simvolları ilə doludur. Aşağıya endikcə işıq azalır, bu da öz-özlüyündə simvolik bir “özünə eniş” yoludur. Quyu yeraltı tunellərlə bağın digər nöqtələrinə açılır.
Yeraltı Tunellər: Bağda bir çox tunel var ki, bunlar quyunu, gölməçəni, qüllələri və müxtəlif gizli çıxışları bir-birinə bağlayır. Sanki gizli bir dünyada gəzir insan.
Ardınca Cabo da Rocada dayandım. Cabo da Roca, Portuqaliyanın və eyni zamanda Avropanın ən qərb nöqtəsidir. Bura Atlantik okeanına baxan, 140 metr hündürlüyündə qayalı bir sahildir. Əvvəllər insanlar buranı “dünyanın sonu” hesab edirdilər – çünki buradan sonra sadəcə okean, sonsuz mavi və bilinməyən var idi. Bu hiss, bu gün də orada duranda dəyişmir. Külək üzünə çırpılır, dalğalar qaya ilə toqquşur və sanki yerin özü sənə deyir: “Bura son deyil, başlanğıcdır.” Qayalıqların üstündə dayananda arxanda yaşadığın dünya, qarşında isə bilinməyənlər dayanır. Bura sadəcə bir turistik nöqtə deyil, varlıqla yoxluğun sərhədi kimi hiss olunur.
5–8-ci günlər: Madeira adası
Madeira gözləntilərimi aşan bir ada oldu. Sakitlik, möhtəşəm mənzərələr və səmimi insanlar burada hər anı dəyərli etdi. Əvvəlcədən bir çox adam mənə maşın icarəsi tövsiyə etsə də, normal qiymətə olan avtomobillərin əksəriyyəti mexanika idi. Funchal və ümumilikdə Madeira dağlıq ərazidə yerləşdiyi üçün yollar həm dar, həm də kəskindir. Bəzi küçələrdə sürücülərin avtobuslara yol vermək üçün 500-600 metr geriyə doğru hərəkət etmələri insanı heyrətləndirir. Ona görə maşın götürməkdən çəkinib alternativ yol seçdim.
Əvəzində, Yellow Bus Company vasitəsilə iki günlük ada turu aldım:
• West Coast turu: Cabo Girão (Avropanın ən hündür şüşə platforması), Ribeira Brava, São Vicente, Porto Moniz (lava hovuzları ilə məşhur), və Paul da Serra yaylası.
• East Coast turu: Camacha (səbət sənətkarlığı ilə tanınır), Pico do Arieiro (Madeiranın 3-cü ən yüksək zirvəsi), Ribeiro Frio (balıq ferması), Santana (rəngarəng üçbucaq evləri), Machico və Caniçal.
9–10-cu günlər: Porto
Səfərin son nöqtəsi Porto oldu. Şimalın bu sadə və səmimi şəhəri Douro çayı boyunca gözəl bir ahəng içində yaşayır. Dom Luís I körpüsündən gün batımını izləmək və Porto şərabı ilə günü tamamlamaq – əsl klassik sonluq.
Portoya gəlirsinizsə xüsusilə Livraria Lello kitabxanasını mütləq ziyarət edin– interyeri, spiral pilləkənləri və ruhani enerjisi ilə Porto-nun vizual və mədəni simvoluna çevrilib bura. Kitabları sevməsən belə, bu məkanda sadəcə nəfəs almaq belə bəs edir.
Səfər zamanı dadına baxdığım yeməklər sadə olsa da, hərəsinin bir tarixi, bir kimliyi var idi.
Pastel de nata
Ən sevdiyim – Pastel de nata. Balaca kremli tart. Xarici xırt-xırt, içi yumşaq və şirin. Ən yaxşısını Lisbonda məşhur Pastéis de Belém mağazasında dadmaq olur deyirlər, amma mən Lissabonun mərkəzindəki Manteigaria kafesində yeyib eyni zövqü aldım. Üstünə darçın səpirlər, yanına bir espresso – və gün başlayır.