İspaniyadan Azərbaycana 12 gün - İspaniya

#madridtoshaganBir gün qərar verdik ki, Madriddən Bakıya avtotur edək. Və yollarda da minimum pul xərcləyək. Bu məqsədlə hazırlıq gördük, çadır, içərisinə yorğan və odeyallar, termos, balaca manqal, birdəfəlik boşqab, qaşıqlar, balaca qazança aldıq. Və iyunun 30-da səhər yola düzəldik. İspaniya yol sistemi həyatımda gördüyüm (mən isə az görməmişəm) ən mükəmməl sistemlərdən biridir. İstər quruluşu, istər infrastrukturu, istər sırf sürücünün rahatlığına hesablanmış xidmət sahələri. Həm pullu, həm pulsuz. Bu barədə az sonra.Əvvəlcə qeyd edim ki, İspaniyada yolların 90 faizi pulsuzdur. Yəni əsas magistralların. Pullu yollara alternativlər isə o qədər mükəmməldir ki, mən təəccüb edirəm. Saatda 120 km ilə sürmək olar. Ondan yuxarı qadağandır. Yollarda hər 3-4 km-dən bir ya pullu (kafelər, yeməkxanalar, balaca barlar), ya da sırf dincəlməyə hesablanmış və pulsuz olan P nöqtələri var. Onlarda da stol və stul, su, tualet və bəzilərində duş kabinələri var. İdeal təmizlik də öz yerində. Yollarda çox nadir hallarda polis görərsiniz. Əgər ciddi hadisə olmayıbsa heç siz tərəfə baxan da olmayacaq. Ümumilikdə isə İspaniya qanunlarına görə, cəzaya səbəb olacaq hallar bunlardır: uşaqların avtokreslosuz və əmniyyət kəməri bağlamadan getməsi, arxada 3 nəfərdən artıq sərnişinin olması və içkili avtomobil idarə etmək. Qalan bütün məsələlər üçün isə kamera və radarlar var. Vəssalam. Yolboyu polis məntəqələri isə heç yoxdur. Mən bu 5 ildə bircə dəfə yol polisi ilə hansısa kontaktda olmuşam. Onda da yolda dəhşətli yağış yağırdı, onların Guardia Civil deyilən xüsusi qüvvələrinin avtomobilləri gəlib sürücülərə yolu getməkdə kömək etdilər. Hesab edin ki, qarşıda bir polis maşını gedir, arxasınca da bir nə qədər yol maşını. Bu xüsusi qayğı həqiqətən insana güvən verir.Yol kafeləri ayrı aləmdir. Məhz İspaniyada siz yol kafelərində əsl həyatı görürsünüz. Böyük dincəlmə obyektlərindən fərqli olaraq (yanacaqdoldurma, kafe və market) balaca kafelər tam başqadır. Düşünün, bir Pedronun kafesidir,orada həmişə Pedro və oğulları daimi və mənim kimi ixtiyari müştərilərə kofe və qəlyənaltılar təklif edir. Tələsmədən, xüsusi başına fırlanmadan, amma sanki səni illərlə tanıyırmış kimi. Oturub kofeni qurtumladıqca Pedronun daimi müştərilərlə söhbətini dinləyirsən, onlar isə sanki hər şeyi bilir. Özünü bir anlıq ispan hesab edirsən, o mübahisələrə qoşulmaq istəyirsən. İspanlar isə mübahisə etməyi sevir. Həm də bunu ucadan, həvəslə və eyni anda danışaraq edirlər.İspaniya əsasən quru ölkədir. Yəni, Almaniyadakı yaşıllığı burada ancaq şimalda görəcəksiniz. Amma o steplərdə belə yaradılmış şərait insanı valeh edir. Bilirsiniz nədən qaynaqlanır? İspanların həddən artıq rahat olmalarından, özlərinə və ətrafdakılara göstərdikləri səbr və hörmətdən.İspaniyada bəlkə ispan olmayacaqsınız. Amma yaşayıb onların qaydalarına uyduqca onlarda biri olacaqsınız. Sizi sevəcəklər, nə olur olsun təbəssümlə qarşılayacaqlar. Bu ölkənin hər şəhərində fərqli İspaniya görəcəksiniz. Ən sevimli andaluslar, mehriban madridlilər, özündənrazı katalanlar, ispanları sevməyən basklar... Amma ortaq bir cəhətləri var, onlar özlərini sevir və hörmət edirlər. Qarşıdakından da bunu gördükcə eyni münasibəti göstərirlər.İspaniya nağıldır. O heç adi Avropa deyil. O səni hər dəfə başqa dünyaya aparan nağıldır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vento Favoravel

1015 dəfə oxunub

Gəzəyən məsləhəti - Budapeşt

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar hərkəsə! Ümid edirəm ki, bu yazım qrupun formatından kənara çıxma kimi nəzərə alınmayacaq. Amma bu yazını çoxdandır ki, yazmaq istəyirdim.Qısa müddətdir ki, Budapeştdə kiçik bir suvenir mağazasında işləyirəm. Bu müddətdə çox insan gördüm təbii olaraq ???? Gördüklərim, gözləmlədiklərimdən bir nəticə çıxarmışam ki, onu da sizinlə paylaşmağı çox istəyirdim. Çalışdığım müddətdə müştərilərlə ünsiyyət qururam. Yaşlarını, hansı ölkənin vətəndaşı olduqlarını, növbəti səfərlərinin hara olduğunu və s. soruşuram. Bir daha əmin oldum ki, başqa ölkələri, fərqli məkanları, insanları tanımağa heç bir ünsür maneə ola bilməz. Turistlərin arasında cavan nəsil olmaqla yanaşı, yaşlılar, kiçik yaşlılar olur. Bununla yanaşı, fiziki məhdudiyyətli turistlər isə insanın sadəcə yaşama stimulunu artırır. Yanlış anlaşılmasın, ayrıseçkilik etmək ağlımın ucundan keçmir. Sadəcə heçnəyin dünyanı kəşf etməyə, səyahət etməyə, pozitiv düşünməyə maneə olmayacağına toxunmaq istəyirəm. Bu müddət ərzində minlərlə turistin arasından barmaqla sayılacaq qədər azərbaycanlı görmək, onların arasında çoxunun kişi cinsinə mənsub olması, gördüyüm azərbaycanlı xanımlarınsa hamısının ailəli olaraq gəlməsi, çoxunun ingiliscə bilməməsi (ya da çox az "derdimi anlatacak kadar") bilməsi üzücü hallar arasındadı. Ancaq mən bu mövzulara dəymək istəmirəm. Bunları çoxumuz bilirik və həm də yaxın vaxt ərzində düzələcəklərinə ümidim çoxdu. Ancaq başqa bir mövzu var ki, belə görürəm ki, biz( gənc nəsil) bir addım atmasaq düzələsi deyil.Gəzəyənlər, çox-çox xahiş edirəm, özümüz gəzərkən valideynlərimizi də gəzməyə həvəsləndirək. Bizim millətimiz çox işləməyə, özünü fəda etməyə, özünü unutmağa meyllidir. İllər keçir və artıq sonra nə enerji, nə həvəs nə də bəzən pul qalmır. Deyə bilərsiniz ki, əmək haqqı buna yetmir və s. Amma inanın mənə necə maddi vəziyyəti aşağı ailələr görürəm burda. Təsəvvür belə edə bilməzsiniz. Nə də mən demək istəmirəm. İçəri girən kimi "discount, discount" başlayırlar  Əgər orta statistik ailəni nəzərə alıb, birazca kənara "atmağa" can atsaq, biraz da həvəsli olub mütəmmadi olaraq endirimli uçuş, qatar, bus biletləri (gediləcək yerdən asılı olaraq) axtarsaq məncə eləmək çox da çətin olmamalıdı. Bəzən də artıq xərclərimizi azaltsaq? ????Bu iş bizə düşür məncə) Valideynlərimizin, ailəmizin, sevdiyimiz insanların da səyahət etməsini istəmərikmi? Məncə çox gözəl olar.P.S çoxbilmiş, ağılverən biri kimi göründümsə, sorry, məqsəd bu deyildi. Sadəcə gülərüzlü, dünyanı gəzən, görən, marağı olan (gəzdikcə artır, bilirik ????) insanlar, xüsusən yaşlılar görəndə bizim insanları da belə görmək çox istəyirəm. Uzun oldusa, sorry.Azərbaycanlıları cinsindən, ailə vəziyyətindən, yaşından və maddi imkanından asılı olmayaraq dünyalı olaraq görmək ümidi ilə! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Zulya Abdullayeva

991 dəfə oxunub

Misir bələdçisi

Ayaqlarım torpağına dəyməmiş, tarixinə heyran olduğum yerlər .Hər vaxtınız xeyirli və maraqlı olsun, Gəzəyənlər. V sinifdə " История древнего мира” keçəndən , Misir, İtaliya ( qədim Roma) , Yunanıstan tarixlərinin vurğunu oldum . Demirəm dəlicəsinə arzuladım, yox, sadəcə içimdə sakit və qəti bir inam yarandı - mən böyüyəndə bu tarixləri gözümlə görəcəm ))Gəzəyənlər, sizinlə Misir haqda bölüşmək istiyərdim.Misir Afrika materikində yerləşir , şimaldan Aralıq , şərqdən Qırmızı dəniz əhatə edir . Bu iki dənizi 1869-cu ildə süni salınmış Süveyş kanalı (Suez Canal ; Суэцкий канал) birləşdirir . Kanal Asiya və Afrika'nın coğrafi sərhədi hesab olunur və hər il Misirin büdcəsinə 4- 5 milyard $ gəlir gətirir .Bir maraqlı faktı da deyim . Juzeppe Verdi "Aida" operasını Misirin hıdivi İsmayıl paşanın istəyiylə Süveyş kanalının və Qahirə Opera teatrının açılışı eşqinə yazmışdı . (Hıdiv - Misirin vise-sultanının titulu deməkdir. 1867-dən 1914-dek Misir Türkiyə'nin himayəsi altında olmuşdu).Dünyanın 7 möcüzəsindən 2-si bu diyarda yerləşir - Misir piramidaları və İskəndəriyyə Fənəri (Александрийский маяк ;Lighthouse of Alexandria).İlk dəfə Misirdə 2007 oldum. Sonrakı gedişlərimin səbəbi nə tarixə vurğunluğum, nə Qahirə və Nil çayına bayıldığım olmadı ), Qırmızı dəniz oldu❗️Qahirə (Cairo ; Каир)- "Şərqin qapıları" , "1000 minarələr" şəhəri adlanılır . Gəzməli , görməli , heyran olmalı yerləri çoxdu . Misirin paytaxtı nə qədər möhtəşəmdirsə, o qədər də çirkli , çooooxxxx çirklidir .Şəhər boyu uzanan süni salınmış su kanalını qahirəlilər zibillə necə doldurmuşdularsa, təmizləmək mümkün olmadığından, kanalı betonla doldurub örtmək qərarına alınmışdı. İnsanları da məndə heç də müsbət fikir yaratmadılar (İstirahət zonaları tam ferqlidi❗️ Yaşıllıq, gül-çiçəkli , ideal təmizlik , xidmət edən otel personalı - mədəni, gülərüz, temkinli . Yəni hər şey çox səviyyəli ( olduğum otellərə esaslanaraq söyləyirəm) İstirahət etməyi iki tipə bölürəm : passiv - çimərlik +otel istirahəti və aktiv , yəni , rükzaki aldın belinə - ayaqlarına qüvvət, gözünə işıq - gəz və gör. Misir üçün bu iki tipin sintezi əlverişlidi . Mart, aprel, may ayları məsləhətlidir .Olduğum bölgələr- Таба, Шарм-эль-Шейх, Эль-Гуна , Хургада, Марса-Aлам . Hər birindən çox razı qalmışam . Çimərlik istirahəti üçün hər bölgə uyğundur . Dayvinq və vindsörfinq üçün -1ci Şarm-el-Şeyx ve Mars'a-Alam, 2ci Xurqada məslətlidir. El-Quna sakit istirahət üçün gözəl bir yerdi❗️Tabaya nəzər salın. Yordaniya, İsrail və Saudi Arabistan'la sərhəddir. “InterContinental Taba Heights Resort” otelinə 18 qünlük tur-paket qötürdük . Tabada , yerli turfirmaların vasitəsile 3 qünlük İsrail'ə , 1 qünlük İordaniyaya ekskursıya aldıq. Avtobusla gecə 22.00 yola çıxdıq , 20 dəqiqəyə İsrail sərhədində olduq . Turist axını çox olduğundan və sərhədçilər canı-dildən yoxlama apardıqları səbəbdən 3 saat vaxt itirdik.Yordanıyaya gəmiylə 30-35 dəqiqəyə çatdıq , sərhəddə problem olmadı .Böyük Sfinks - insan sifətli , şir bədənli bu skulptura çox sirlər daşıyır . Piramidalardan qədim sayılır .Herodot 445 il e. e. Misirdə olmuş və səyahəti haqda tarix yazmışdır. Sfinksdən bir kəlmə belə söyləməmişdir . Səhra qumu Sfinksi dərin basdırdığı səbəbden , Herodotla görüş baş tutmamışdı )))Luksor və Karnak məbədlərini 3 km uzunluğu olan sfinkslər xiyabanı birləşdirirdi . İndiyədək bu xiyabanın qazıntıları davam edir . Fotoda - Luksor məbədinin birinci giriş qapıları və svinkslər xiyabanının bir parçası .Xatşepsut məbədi . Xatşepsut qadın-firon olub, 1489-1968 il b.e.e hökümranlıq edib. Misirin tikinti inkişafında və iqdisadiyyatının yüksəlməsində böyük iz qoyub .Fotodakı məbədi firon öz sağlığında özü üçün 9 il müddətində tikdirib. Bizim zamana yalnız məbədin fundamenti toxunulmaz qalıb . Gördüyünüz möhtəşəm tikinti təzə yaradılmışdır .Xatşepsut sifətli qranit sfinks və Xatşepsutun mumiyası Qahirə muzeyində saxlanılır.P.S.Misir tarixində 4 qadın-firon olub: Tetişeri , Axxo-tep ll, Yaxmos-Nefertari və Xatşepsut.Qədim və tükürpədici tarixi olan bu diyari gəlib görməyə dəyər ❗️Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sevinch Huseynqizi 

3931 dəfə oxunub

Lou kosterlə uçmaq təhlükəlidirmi?

OnurAir, Pegasus, Pobeda hava yollarının və Xüsusilə də WizzAirin gəlişiylə hamımız loukoster (low coster – çox ucuz qiymətli) hava yolları konsepti ilə tanış olduq. Avropa ölkələrinə 400-500 avro verib bilet alandan sonra, Budapeştə 100 avroya gediş-gəliş bileti almaq bizə şokla birlikdə, təhlükəsizliklə bağlı suallar da gətirdi. Ucuz ətin şorbası misalını əsas tutaraq hamının başında bir sual meydana çıxdı, loukosterlər nə dərəcədə təhlükəsizdir?!Çox rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm amma dünyada loukost hava yolları bazarı haqqında bir az məlumat vermək üçün, bəzi rəqəmləri paylaşacam. 2015-cı ildə dünyada olan bütün uçuşları 28, Şimali Amerikada 30, Avropada 26,  Cənub-Şərqi Asiyada isə 54 faizini loukost hava yolları şirkətləri yerinə yetirib. Rəqəmlərin hər il daha da artacağı təxmin edilir. Rəqəmlərə baxdıqda loukoster bazarının kifayət qədər iri olduğunu görmək olar.Ümumiyyətlə aviyasiya mütəxəssisləri deyir ki, loukosterlərin belə ucuz olmasının səbəbi qətiyyən təhlükəsizlik tədbirlərindən qənaət etməsi ilə bağlı deyil. Xüsusilə də Avropa və Amerikada, uçuşlara nəzarət təşkilatları heç bir halda hava yolları şirkətlərinə standartlardan kənar çıxmağa icazə vermirlər. Bəs onda loukosterlərin ucuz olmasının səbəbi nədir?! Qiymətin belə ucuz olmasının səbəbi şirkətlərin müştəri xidmətləri və təyyarədə verilən xidmətlərə qənaət etməsi, otutacaqların sayını bir az artıraraq, çox sərnişin daşıması kimi faktorlardır.Loukoster hava yolların ilə bağlı bəzi önəmli məqamları sizinlə bölüşmək istəyirəm:Loukosterlərə təyyarənin bir yerdə dayanması sərf etmədiyindən (çünki parking üçün ödənniş edilir), şirkətlər çalışırlar ki, təyyarələri bir yerdə dayanmasın, daimi hərəkətdə olsun. Ona görə də loukosterlər, xüsusilə də Avropa və Amerikada hər zaman çalışırlar ki, “qarajları” cavan qalsın. Təyyarələr yeni olduqda, onun baxımı üçün çox pul tələb olunmur və tez-tez xarab olub, şirkəti yarı yolda qoymur. Məsələn, planespotters.net saytına görə Avropadakı loukosterlərdən WizzAirin təyyarələrinin orta yaşı 4.5, RyanAirin 6.5, Easyjetin isə 6.9 ildir. Full xidmət verən, Türk hava yollarının təyyarələrinin orta yaşı 6.5, Almaniyanın Lufthansa hava yollarının 10.5, Air Francen təyyarələrinin orta yaşı isə 12.5 ildir. Yəni bu statistikadan da göründüyü kimi, loukosterlər heç də işlənmiş, köhnə təyyarələri istifadə etmirlər.Avropa və Amerikada baş verən ən dəhşətli 20 təyyarə qəzasından sadəcə 2i (Avropada və Amerikada, hər birində 1 qəza) loukoster hava yollarının adıyla bağlıdır. Asiyada qaydalar bir az yumşaq olduğundan, Asiyanın çox qəza edən şirkətlərindən bəzilərinə (İndoneziyanın Lion Air şirkəti kimi) Avropa Birliyi ərazisinə uçuş etmək qadağan olunub.Təyyarənin qəza etməsi səbəbi, onun loukoster və ya full service olmağından çox, haradan-haraya uçmasındadır. Məsələn Amerikada hər milyon uçuşdan 0.2, Avropada 0.24, MDB-də (keçmiş sovetlər) 2.74 və Afrikada isə 6.83-ü qəza edir. Xüsusilə Avropada loukoster və full service hava yolları üçün təhlükəsizlik qaydaları birə-bir eynidir.Bunu demək bir az, gülməli səsələnə bilər amma loukosterlər qəza olmaması üçün full service şirkətlərdən daha çox çalışırlar. Hər zaman təhlükəsizliyə standartlardan da çox əməl etməyə çalışırlar. Çünki, hər hansısa bir qəza olsa, loukosterlərin məhv olan imiclərini bərpa etmək üçün elə də çox pulları yoxdur. Bu qədər faktdan sonra inanıram ki, loukosterlə uçmaq təhlükəlidir, ordan-burdan ucuz, yaşı keçmiş təyyarələr söhbətləri olmayacaq. Mən şəxsən artıq 3cü ildir, sevə-sevə loukosterlərin xidmətindən istifadə edirəm, sizə də məsləhət görürəm ????.

867 dəfə oxunub

Motsartın vətəni – Vyana bələdçisi

Viyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.WizzAirin Bakı – Budapeşt reysi açıldığından bilirəm ki, bir xeyli adam Budapeştə səfər edir. Budpeştə gəlib də buradan 2.5 saat məsafədə olan gözəl Avstriyanın  paytaxtı Vyanaya getməsən olmaz. Vyanada ilk dəfə keçən ilin avqust ayında olmuşam. Diplom işimi yazarkən yaranan qısa fasilədən istifadə edib dedim gedim görüm Motsartın vətənini, sonuncu dəfə isə təxminən 1 ay qabaq. Hər dəfəsində də Vyananın fərqli yerlərini kəşf etmişəm. Türklər demiş lafı uzatmadan keçim Vyana haqqında praktiki məlumatları bölüşməyə.lk öncə Vyanaya nə zaman getməli? sualından başlayaq. Vyanaya ilin hansı dövrü getsəniz fərqli bir şəhər görəcəksiniz. Qışda getsəniz, milad bayramı öncəsi möhtəşəm bəzənmiş Vyana sizi özünə valeh edəcək, yaz və ya yayda getsəniz Vyanada olan saray və parkların yaşıllığından həzz ala biləcəksiniz.Qışda onsuz da hazırlıqlı gedəcəksiniz amma yayda gedərkən mütləq özünüzlə qalın bir şey götürün, çünki Vyananın havasının necə və nə vaxt dəyişəcəyi bəlli deyil. Günlü günəşli bir havada 20 dəqiqə içərisində göyün üzünü qapqara buludlar ala və leysan yağış yağa bilər, ona görə də ehtiyat igidin yaraşığıdır ????Vyanaya necə getməli? sualına cavab olaraq bildirim ki, Əgər WizzAirlə Bakıdan Budapeştə gəlirsinizsə, Budapeştdən qatarla getmək istəsəniz Macarıstan dəmir yollarının saytından bilet sifariş edə bilərsiniz. Qeyd edim ki, əgər Macarıstan dəmir yollarından bilet almısınızsa mütləqMacarıstanı tərk etməmişdən həm gediş həm də dönüş biletlərinizi dəmir yol vağzallarındakı maşınlarda çap edin. Sonuncu dəfə Vyanadan gələndə biletimi Budapeştdə maşında çap etməmişdim deyə biletim etibarsız sayıldı və yenidən bilet almaq məcburiyyətində qaldım, buna görə də biletimizi çap etməyi unutmuruq. Əgər Budapeştdən Vyanaya avtobusla getmək istəsəniz Flixbus və ya Orange Waysşirkətinin xidmətlərinə istifadə edə bilərsiniz.Vyanada nə yeməli? sualının cavab olaraq yəqin ki, hamınız bilirsiniz ki, şnitzel german xaqlarının ən məşhur yeməklərindən biridir, ona görə də Vyanaya gəlib də Şnitzel yemədən dönmək olmaz. Şnitzelin yanında verilən kartof salatı da çox dadlı bir şeydir, dadına baxın məncə. Desertlərdən isə sachertorte və alma ştrudeli Vyanaya gedənlərin ən çox daddıqları təamlardandır.Vyanaya çatdıq, toqqanın altını bərkitdik indi harada gecələməli? sualına cavab axtaraq. Bütün digər şəhərlərdə olduğu  kimi burada da booking.com-dan hotel/hostel, Airbnbdən otaq və ya ev kirayələyə bilərsiniz. Tətilinizi ucuza gətirmək istəsəniz Couchsurfingdən də istifadə edə bilərsiniz. Mən Vyanada 2 fərli məkanda qalmışam. Keçən il gedəndə A&O Wien Stadthalle ** hostelində qalmışdım. Avqust ayında 6 nəfərlik otaqda 1 nəfər üçün 19 avro ödəmişdim. Hostelin təmizliyi və sakitliyi kifayət qədər yaxşıdır, sadəcə mərkəzdən 1.5 km məsafədə yerləşir, istəsəniz piyada istəsəniz də metroyla mərkəzə getmək olar. Bu il gedəndə isə Liechtenstein *** qonaq evində qaldıq. 3 nəfərlik otaq üçün bir gecəsinə 75 avro ödədik. Qonaq evi şəhərin tam mərkəzində yerləşir, pulsuz wi-fi ilə təmin olunub. Hər otağın ayrıca hamam və tualeti var və otaqlar təmizdirlər,  verdiyiniz pulun əvəzini deyərdim ki artıqlaması ilə ödəyir.Gəldik yazımızın əsas hissəsinə – Vyananın gəzməli-görməli yerlərinə. İlk öncə başlayaq Vyana zooparkından, deyə bilərsiniz ki, zoopark zooparkdır da nə fərqi var? əslində düz deyirsiz amma Vyana zooparkının digər ölkələrdəki zooparklardan fərqi odur ki, bu zooparkda siz pandaları yaxından görə bilərsiniz, əlbəttə ki, panda sevərsinizsə. Növbəti baş çəkəcəyiniz məkan Şönbrun sarayıdır (Schönbrunn Palace). Saray Avstriya-Macarıstan imperiyası  dövründə Habsburq monarxlarının yay istirahət məkanı olub, 1950-ci illərdən isə əsas turist məkanlarından birinə çevrilib. Sarayın içinə giriş 12 avrodur, sarayın bağlarına giriş üçün ödəniş tələb olunmur, bağları gəzib ağacların arasıyla təpəyə də qalxa bilərsiniz. Orada bütün saray əlinizin içində kimi görsənir.Şəhərin mərkəzindəki əsas görməli yerlərin siyahısına isə habsburqların Hofburg sarayı və ya Imperial Palace başçılıq edir. Sarayın önündə isə faytonlar durur burada faytonlara minərək şəhər turu edə bilərsiniz. Mərkəzdəki növbəti görülməli məkan əlbəttə ki, Dövlət Opera Evidir. Xüsusilə klassik musiqi həvəskarısınızsa opera evində Motsartın, Haydnın əsərlərini dinləyə bilərsiniz. Operanın xüsusi akustikası sizi klassik musiqinin sirli dünyasına aparacaqdır.Növbəti baş çəkəcəyiniz məkan Müqəddəs Stefan Katedralıdır (St. Stephen’s  Cathedral). Katedral qotik üslubda tikilib və içərisi möhtəşəm ornamentlərlə bəzədilib. Katedralın ümumi sahəsinə giriş ödənişsizdir, istəsəniz içəridə 1 avro ətrafında bir məbləğ ianə etməklə dua edib, şam da yandıra bilərsiniz. Sonra mütləq baş çəkilməli məkan Təbiət tarixi muzeyidir (Natural History Museum). Muzeydə dinozavr fosillərini görə bilərsiniz.  Təbiət tarixi muzeyinin arxa tərəfində Muzey Rayonu və ya MuseumsQuartier yerləşir, bura dünyanın ən böyük 8ci mədəni ərazisidir. Burada bir neçə muzey yerləşir, əgər muzeylərə marağınız varsa baş çəkmək məsləhətdir. Muzeyləri gəzib yorulandan sonra meydanın mərkəzində olan kiçik, rahat kafelərdə oturub bir pivə içə bilərsiniz. Muzey rayonundan çıxıb Təbiət Tarixi Muzeyi istiqmətində irəliləsəniz Avstriya Patlamentinin binası ilə qarşılaşacaqsınız. Təbii ki, Budapeştdəki Parlamentdən sonra bu bina çox kiçik və çəlimsiz görsənəcək amma üzərindəki işləməli heykəllərdən zövq alacaqsınızParlamentdən gəldiyiniz istiqamətdə irəliləsəniz qarşınıza 1800-cü illərin sonunda neo-qotik üslübda tikilmiş Rathausçıxacaqdır, bizim dildə desək İcra Hakimiyyətinin binası. Rathausun qarşısında yaz, yay, qış hər zaman nəsə bir tədbir keçirilir. Qışda milad bazarı (christmas market), yayda sadəcə kiçik kafelər şnitzel təklif edir, bu yay gedəndə isə böyük ekranda Avropa Çempionatının oyunlarını izləmişdik.  Elə gəldiyiniz yolla irəliləsəniz qarşınıza dünyaca məşhur Vyana Universiteti çıxacaqdır, Universitetin qarşısından keçib parka girəndə isə Vyananın ən gözəl binalarından biri olan Votiv kilsəsini görəcəksiniz. Bir çox avstriya memarlıq nümunələri kimi, bu bina da neo-qotik üslübda tikilib. Qeyd edim ki, Liechtenstein *** qonaq evi kilsədən cəmi 100-150 metr məsafədədir. Vyana kilsələrindən Müqəddəs Peter (St. Peter) kilsəsi də mütləq baş çəkilməli olan kilsələrdəndir. Kilsələr siyahısında sonuncu bgörülməli olanı Müqəddəs Çarls (St. Charles) kilsəsidir. Kilsə tam şəhər mərkəzində yerləşməsə də hardasa mərkəzdən 10-15 dəqiqəlik yerimə məsafəsindədir. Amma sırf bu kilsəni görmək üçün o yolu qət etməyə dəyər.Şəhərin ən fərqli arxitektur binası isə Kunst Hausdur. Bina əvəllər mebel fabriki olub, sonradan rəssam Friedensreich Hundertwasserin dizaynı ilə dizayn edilib üzərinə rəngli boyalarla şəkillər, grafiklər və grafitilər çəkilib. Friedensreich Hundertwasser tərəfindən dizayn edilmiş digər bina isə müəllifin adıyla adlandırılan Hundertwassehausdur. Vyananın bütün binalarını gəzib gördükdən sonra hiss edirsən ki, bu 2 bina şəhər üçün “yaddır”, heç bir başqa binaya, arxitektur işə bənzəmirlər amma eyni zamanda da şəhərə xüsusi bir gözəllik, cazibə verirlər.Bilirik ki, bloqumuzu oxuyanlar şoppinq etməyi də çox sevirlər ona görə də, onlar üçün də Vyanada gediləcək yeri unutmamışıq ???? Bütün Mariahilfer Strasse və ya Mariahilfer küçəsi boyu geyim və aksesuar mağazaları sıralanıb. Buradan zövqünüzə və tərzinizə uyğun mağazalardan alış-veriş edə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh  

3464 dəfə oxunub

Nağıllar aləmi - Hallstatt

Hallştatdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hədəfimiz Avstriyanın Salzkammerqut adlı dağlıq bölgəsindəki, Hallştat (!) gölünün sahilində yerləşən eyniadlı qəsəbə idi (kənd deməyə adamın dili dönmür).Amma mən getdiyimiz marşrutu sizlərlə bölüşmək istəyirəm. Biz yola Praqadan çıxdıq və üz tutduq, praktiki olaraq Avstriya ilə sərhəddə yerləşən Ceşski Krumlyova. Yola hardasa 2,5 saat yaxın vaxt sərf etdik. Mənim kimi qotik memarlıq abidələrini sevirsinizsə, mütləq görmənizi tövsiyyə edərdim. Sizə kiçik ipucları verim:- Ordakı 1200-cü illərə aid qala qəsrə, 250 krona bilet alıb, zirvəsindən bütün şəhərin panoramasını seyr edə bilərsiniz. Kiçik olmasına baxmayaraq çox gözəl şəhərdir.- Restoran olaraq Eggenbergi məsləhət görürəm. Yeməkləri dadlı, porsiyalar böyük. Həmin restoranın özünün pivovarnisı var və ordakı pivə, Çexiyada dadına baxdığım ən dadlısı idi. Qiymətlər Avropa standartlarına görə çox uyğundur.- Şəhərdə gecələmək üçün hər cibə uyğun otel və hostellər var.- Biz yol üstü Xlll əsrə aid Qluboka qəsr qalasınada baş çəkdik.Orada giriş 260 kron idi. Düzü çox bəyənmədim, ümumiyyətlə muzey və s. içərisini gəzməyi sevmirəm,daha çox binaların xarici arxitektur görünüşündən zövq alıram.Krumlyovda gecələyib, səhəri Hallştata yola çıxdıq. 3 saata yaxın müddət yola sərf etdik. Gördüyümüz mənzərə möhtəşəm idi!Alp dağlarının əhatəsində, büllur kimi suyu olan gölün sahilində kiçicik bir kənd xəyal edin. Gölün suyu göz yaşı kimi dumdurudur. Burdakı evlər sanki qaranquş yuvaları kimi qayalara pərcimlənib. Təbiətlə evlərin arxitekturası o qədər mükəmməl vəhdət təşkil edir ki, heyran olmamaq mümkün deyil. Özünü nağıllar aləmində hiss edirsən.Qiymətlərə gəlincə hər şey bahadır, bütün Avstriyada olduğu kimi. Məsələn funikulyorla dağın zirvəsinə qalxmaq adam başına 30 evro idi.Ordan duz mədənlərinə şaxtayla enmək olurmuş. Amma biz ora getmədik, o cür gözəlliyi qoyub, qaranlıq soyuq şaxtaya enmək cəzbedici gəlmədi. Bəlkə bir dəfə də yay fəslində gəlmək qismət olursa, o zaman düşünərəm. Ora ayırdığımız pulu, Avstriyaya gəlib şnisel yemədən qayıdasan fikriylə, restoranda xərclədik. Emalatxana dükanlar var hardanki 5-20 evro arası kiçik, şirin suvenirlər ala bilərsiniz. Bir sözlə qrupdakı hər kəsə,bir gün oranı gedib görmək diləyirəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mila Garayeva 

1818 dəfə oxunub

Təbiət möcüzəsi - Filippin adaları

Filippinlər – 8 minə yaxın adadan ibarət olan bir ölkədi. İlk öncə onu qeyd edim ki bu ölkəyə getmək üçün Viza prosesi sadə olsa da yani Vizani problemsiz versələr də prosesin özü uzun çəkir. Bunun da əsas səbəbi Bakıda Filippin səfirliyinin olmamasıdı. Viza Türkiyədə vurulub göndərilir. Viza almaq üçün təxminən 1 ay əvvəldən müraciət etmək lazımdı.Filippində 9 gün qaldım. Qaldığım müddətdə gəzdiyim yerlər haqqında qısa məlumat verəcəm.Başlayaq paytaxt Maniladan – Manilada 1 gün belə keçirməyə dəyməz. Şəhərdə demək olar görüləcək heç birşey yoxdu. Çox sıx və tıxaclarla dolu bir şəhərdi. Konfransım olduğu üçün mən də yalnız 1 gün yarım qaldım (o belə çox gəldi mənə).Filippinlərin ən gözəl turizm bölgələri adalarıdı. Bu adalar və digər görülməsi dəyər yerlər haqqında:1) Coron, Palawan adası – Bura gələn turistlərin demək olar 90%-i məhz bu adaya gəlir. Havasının, suyunun, sualtı aləminin və təbiətinin gözəlliyini sözlə ifadə eləmək olmur.2) Kayangan lake – Coron, Palawanda yerləşir. Dağlar arasında dənizdən ayırılmış kiçik bir göldü. Yalnız bi ada-dağda insanlar məskunlaşıb və bura gələn turistləri qarşılayan turizmlə məşğul olan təxmini 100-ə yaxın yerli əhalidi.3) Twin Lagoon - Coron, Palawanda yerləşən və iki dağ arasında olan bu yer turkuaz rəngli suyu ilə məşhurdu. Dərinliyi 3-4 metrə qədər çatsa da suyun dibi və balıqlar aydın görünür.4) Seven commando beach - Saysız hesabsız çimərikləri olsa da ən məşhur və gözəl çimərlik5) Puerto princessa underground river – Palawan adasında yerləşən dağların altından axan kiçik çayla boat turu. Sakitlik, dağ və qayaların gözəlliyi və bir daha heyranedici təmizlikdə olan su.6) El nido – bu ada Coron, Palawannan gəmi ilə təxminən 3 saatlıq yoldu. Ən azı 1 gün keçirə biləcəyiniz meşəsi və çimərlikləri ilə tanınan kiçik bir ada şəhərciyi.7) Calauit safari park – şəxsən mənə görə bu səyahət boyu ən yadda qalan yer oldu bura. Zebra və zürafələrdən ən çoxu 1 metr məsafədə gəzmək,  zürafələri yemləmək və onlara toxunmaq inanılmaz tecrübə oldu mənim üçün.8) Chocolote Hills – Maniladan 650 km uzaqlıqda olan Bahol adasında yerləşən 50 kvadrat km sahədə yerlələşən yüzlərlə şokolada bənzər təpələr. Necə əmələ gəlmələri haqqında bir neçə versiya olsa da hələ də dəqiq yaranma tarixçəsi heçkimə məlum deyil. Ama həddinnən artıq gözəl yerdi.9) Banaue rice terraces – Bu yer haqqında ayrıca paylaşım etdiyim üçün çox şey yazmayacam. Sadəcə Filippinə gedib Maniladan uzaq da olsa burda azı 2 gün keçirsəniz peşman olmarsız. Ciyərləriniz təmiz hava və oksigenlə dolacaq.Sonda onu deyim ki Filippinin pul vahidi peso-du. Bir zamanlar İspaniyanın koloniyasi olduğu üçün dillərində də İspan sözləri çoxluq təşkil edir və pul vahidi də İspaniyanın avrodan öncəki pul vahididi.Bir də ən əsas məqamı söyləyim. Filippinə yay və payız ayları gedəsi olsaz özünüzlə mütləq çətir götürün. Burda gündə ən azı 2 dəfə yağış yağır. Yağış dediyim bizdə olan yağışdan deyil. Burdakı yağış 30 dəqiqə Bakıya yağsa Bakı batar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vugar Guliyev

4438 dəfə oxunub

Şəhər bələdçisi - Budapest

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Budapeştə getməzdən əvvəl bura haqqında kiminlə danışsam daima mənfi rəylər eşidirdim. Bu səbəbdən gözləntimi aşağı səviyyədə tutub buraya 2 gün ayıracağımı planlamağıma baxmayaraq şəhərə gəldikən sonra bütün eşitdiklərimin mənasız olduğunu görüb burada 5 gün qalaraq digər ölkələrə səyahətə davam etdim. Təbii ki, şəhərdə qarşılaşdığım bir çox mənfi hallar olmasına baxmayaraq Budapeşt gələcəkdə bir daha səfər edəcəyim şəhərlər arasında qalmaqda davam edir.İlk dəfə gedəcəklər üçün şəhərdə qarşılaşacağınız mənfi və müsbət hallar haqqında yazmaq istərdim. Budapeştə gəlmək üçün Romadan çox ucuz qiymətə wizzair bileti tapıb gecə saatlarında aeroportda düşdüm. Burada gecə saatlarında ictimai nəqliyyatın olmaması, həmçinin aeroportdan birbaşa şəhərə metro xəttinin olmaması qarşılaşdığım ilk mənfi hal oldu. (editor: Budapestdə Aeroportdan şəhər mərkəzinə 24 saatlıq avtobus var 100 E 3avro) Məcbur qalıb 12 avro ödəyib aeroportdan otelə shuttle busla getdim. (Dostum gündüz saatlarında gələndə aeroportdan 200E nömrəli avtobusla metro xəttinə, oradan isə metro ilə otelə gəlib cəmi 350+350 forint, yəni təxminən 2 avro ödəmişdi, taksilər isə şəhər mərkəzinə təxminən 20-25 avroya aparırlar.)Budapeştdə qaldığım otel Danibius Hotel Hungaria City Center oteli idi. Keleti qatar stansiyasının tam qarşısında yerləşən bu otel Avropa səyahətim dövründə super surətli wifi, geniş otaq, gülərüz və daim yardım göstərən otel əməkdaşları, yeməklər və ən əsası sərfəli qiyməti ilə ən məmnun qaldığım otel oldu. Gedəcəklər üçün məsləhət görürəm. Budapeşt nəqliyyat xaricində mənə görə Avropanın ən ucuz ölkələrindən biridir. Burada muzeylərə qalalara giriş üçün az miqdarda xərciniz çıxacaqdır. “Budapeşt kart” almağı heç məsləhət görmürəm. 1 günlük kart 22 avro, 2 günlük kart 33 avro, 3 günlük kartın qitməti isə 43 avrodur. Metroda tək gedişin 1 avro olduğunu nəzərə alıb gündə maksimum 4 dəfə metro istifadə etsəniz 5 günə 20 avro xərciniz çıxar ki, Budapeşt karta bu qədər yüklü məbləğdə pul ödəməyin heç bir mənası yoxdur. Ondansa Budapeşt City Tour (hop on hop off) kartlarını daha sərfəli qiymətə alıb üstü açıq avtobuslarla 6 line üzrə istədiyiniz qədər şəhəri gəzə, axşam saatlarında isə mini kruizlər vasitəsilə Dunay turu edib həmçinin avtobuslarda və gəmidə sizə veriləcək qulaqcıqlar vasitəsilə rus, türk, inqilis və başqa bir çox dildə bütün tarixi və gəzməli yerlər haqqında məlumat ala bilərsiniz. Hop on/off kartlarının qiyməti 48 saatlıq 24 avro, 72 saatlıq isə 28 avrodur. (http://www.citytour.hu/en)Budapeştdə yeməklər digər Avropa ölkələrinə nisbətdə xeyli ucuzdur. Dadlı yeməkləri, super şou proqramları, bahalı olmayan qiyməti ilə Sir Lancelot restoranını tövsiyyə edirəm. Budapeşt gecə həyatına gəldikdə isə burada köhnə tipli binalarda yaradılmış ruin bar və klublar xüsusi yer tutur. Havalar qaraldıqdan sonra əsasən köhnə yəhudi məhəlləsində yerləşən klublar qapılarını dünyaya açırlar. Instant, Doboz, Grandio, Szimpla Kert,Corvinteto əla əyləncə məkanlarıdır. İçki qiymətləri baha deyil, tək giriş mümkündür. Bundan başqa 50 avrosuna heyfi gəlməyən həftədə bir dəfə Szechenyi Termal Hamamında keçirilən sPArty əyləncəsinə qoşula bilər. Youtubda videolarına baxın, kifayət qədər əyləncəli partylər olur. Budapeştdə mütləq gəzib görməyi məsləhət gördüyüm yerlər:Gellert təpəsi, Buda qalası, Szechenyi Termal Hamamı, St. Stephen’s Basilica, Parlament binası, Qəhrəmanlar meydanı, Váci Utca küçəsi, Central Market Hall, Dunay turu, Fisherman’s Bastion + vaxtınız varsa Budapeşt tarix muzeyi, Hospital in the Rock muzeyi, Vajdahunyad Şatosu, Margaret Adası, New York kafesi və başqaları.Onu da deyim ki, Budapşetdə qarşılaşdığım insanlardan bir çoxu uzun müddət şəhərdə yaşayanlar üçün oranın maraqsız olduğunu, qısa müddət üçün gələnlərin isə şəhərdə məmnun getdiklərini deyirlər. Budapeştin termal sularının həzzini çıxarmaq, gəzərkən istid olmaması üçün sentyabr ayından sonra oraya getməyinizi məsləhət görərdim. Budapeşt səyahətinin sonunda mütləq oraya yaxınlıqda yerləşən Vyana, xüsusilə isə Praqaya səyahət etməyinizi məsləhət görərdim. Praqaya gedirəm, yolda Bratislavada düşüm oranı da görüm fikirləşənlər üçün deyim ki, Bratislava çox sıxıcı şəhərdir. Xoş səyahətlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1244 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!