Amsterdamın məşhur kanalları

Qrupdakı Amsterdam fanatları üçün növbəti paylaşımı edim: bu dəfəki mövzumuz şəhərimizin məhşur kanallarıdı.Amsterdamı kanallarına görə əsasən "Şimalın Venesiyası" adlandırırlar. Amma Amsterdamda kanalların sayı, məsafəsi Venesiyadan çoxdu: quruluş etibarilə Amsterdamın kanallarının uzunluğu təxminən 90 km edir. Şəhərin şimal bölgəsində isə əlavə olaraq adalar mövcuddu.Ümumilikdə Amsterdam suyun üstündə tikilib. Xüsusilə kanala baxan qədim evlərin bünövrəsində dayaqlar taxtadandı. Buranıı gəlib gəzənlərin diqqətindən yayınmayıb yəqin: belə evlərin çoxunun sağa-sola əyri olması məhz bu səbəbdəndi.Kanal turu Amsterdam turizm biznesinin ən gəlirli sahələrindən biridi. Şəhərdə bu turları təşkil edən bir çox şirkət var. Hərəsinin öz qiyməti, fərqli qayıqları olur. Məsələn Pizza Cruise-lə kanal turu etsəniz 1.5 saat davam edən tur vaxtı sizin gəmidə pizza verilir (şəkildə var). Şəhəri yaxından tanımaq istəsəz kanal turunu məsəhət görürəm. 2 ildir bura təhsil üçün gələn əcnəbi tələbələrin introduction həftəsində coach kimi grupları gəmi ilə gəzdirməkdən bezmişəm.Ona görə də bu qrupdan kim gəlsə turu təklif edib özüm qoşulmuram Turistlər üçün gəzməli yer olmaqdan əlavə, təəssüf ki kanallar həm də turistlərin qənimi sayılır. Belə ki, hansısa turistin itmək xəbəri yayılan kimi polis və dalğıclar hər şeydən öncə ilk kanalları yoxlayır. Və 99% itən turistlərin cəsədi bu kanallardan çıxır. Çox vaxt turistlər içkili, və Amsterdam olduğunu nəzərə alsaq hallı olduqları üçün kanallardan tualet kimi istifadə etmək istədikdə və ya kanala yaxın yerdə gəzdikdə müvazinətlərini itirib yıxılırlar. Alkoqollu bədən suda daha çox temperatur itirir deyə daha tez donurlar və hərəkət edə bilmirlər, beləcə batırlar. Ona görə də bu məsələdə diqqətli olmağınız arzuolunandı.Kanallar eyni zamanda velosipedlə doludur. Amsterdam bələdiyyəsi hər il 1-2 dəfə böyük təmizliklə məşğul olur və kanallardan 10.000-dən çox velosiped çıxır hər dəfə  (şəkildə var)Və Amsterdam kanallarının daha bir (g)özəlliyi: şaxta olanda kanallar donur və xizək sürmək xəstəliyi genlərində olan Hollandlar kanalların üstü ilə sürüşürlər. Amma burda olduğum 15 il ərzində kanalların cəmi 2 qış tam donduğunun şahidi olmuşam.Enjoy the canals! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Isa Yusibov

1012 dəfə oxunub

Malaziya bələdçisi - Penang adası

Penang! Növbəti dayanacağımız Malaziyanın Penang adasıdır(Əyalət). Paytaxtı, Georgetown şəhəridir və şəhər UNESCO Dünya İrsi siyahısına daxildir. Əhalisinin 40% yerli Malay, 40% Çinlilər (yerli) qalanı isə Hind, Tayland və Avropalılardan ibarətdir. Yahoo Travelə görə ölmədən görüləsi yerlərdən biridir. Şəhər ingilis müstəmləkəsinin izlərini binalarında hələ də daşımaqdadır. CCN Penangın məşhur “Laksa” yeməyini (qaynadılmış balıq suyunda, tərəvəzli, ananaslı sup) dünyanın ən yaxşı 7. yeməyi kimi təqdim edib. Penang küçə graffitiləri ilə dünyaya səs salmış və bu incəsənət nümunələri ilə hər il milyonlarla turist çəkən kiçik bir adadır.Şəhərdaxili gəzmək üçün velosiped ən uyğun seçimlərdən biridir, lakin isti havaları nəzərə alıb qərar vermək lazımdır. Ən rahat və ucuz vasitə Grab (Uber kimi mobileApp) vasitəsilə taksi sifariş etməkdir. Qiymətlə çox ucuzdur. Gecələmək üçün hər büdcəyə uyğun yer tapa bilərsiniz. Normal şəraitli, mərkəzdə olan otel (2 nəfər, 1 otaq) 15-18 Dollardan başlayır.Penangda gəzməli-görməli, yeməli mövzulardan danışacıq.1) Penangın ən məşhur muzeylərindən biri ‘Upside Down’ muzeyidir (şəkillərdən görə bilərsiniz). Muzey bu sahədə rəsmi olaraq dünaynın ən böyük muzeyi olduğunu düşündüyü üçün Guinnes rekordlar kitabına müraciət edib (bəlkə artıq seçilib də). Muzeyə giriş 27 MYR (1 USD = 4.2 MY)5-12 yaş = 16 MYRTələbə kartı (beynəlxalq/İSİC) = 16 MYRMuzeydə köməkçilər sizə harada durmalı olduğunuzu əyani şəkildə göstərir və sizin telefonunuz/fotoaparatınızla şəkillər çəkir. Bir bələdçi sizə başdan sona kimi canı-könüldən kömək edir.2) “Wonderfood Museum” bizim kimi yemək həvəskarı olanlar üçün ölmədən öncə görüləsi muzeylərdən biridir. Muzeydə yerli və dünya mətbəxindən olan məşhur yeməklər xüsusi materiallardan hazırlanmış nəhəng porsiyalar şəklində təqdim olunur. Əlavə olaraq bəzi “ən” lər (ən acı, ən şirin, ən məşhur və.s) haqqında maraqlı məlumatları da özündə əks ettirir.Giriş 25 MYRUşaqlar 15 MYR3) Penang Oyuncaq muzeyi – Muzey qiyməti və mövzusu baxımından bəziləriniz üçün maraqlı olmaya bilər, amma uşaqlı gəzəyənlər üçün əvəzolunmaz təcrübə olacaq. Muzeydə 110 000 dən çox fərqli oyuncaq eksponat var.Giriş = 39 MYR (bəli – bəli)Uşaqlar = 24 MYRRəhmətlik Mirzə Babayevin yeri məlum. Dünyanın ən böyük Kəpənək fermalarından biri (Entopia) Penang adasındadır. Şəxsi fikrim əgər büdcəniz qısıtlıdırsa yuxarıda sadalanan muzeyləri boş verin amma mütləq kəpənək fermasına/bağçasına gedin. Sadəcə kəpənklər haqqında yox digər həşəratların, sürünənlərin (AzTVnin gözündən iraq) həyat tsiklı haqqında (mükəmməl vizuallarla) detallı məlumat almaq imkanınız olacaq. Ərazi olduqca böyükdür və özünüzü botanika bağında kimi hiss edəcəksiniz. Qiymətlər ucuz deyil lakın, mütləq şəkildə ödədiyiniz pula dəyər.Giriş = 65 MYRUşaqlar = 45 MYRXüsusi ailə paketi = 202 MYRVə gəlirik bizim üçün ən önəmli olan məqama. Mətbəx! Malaziya mətbəxi Çin, Hind və Malay mətbəxindən ibarətdir. Zövqlər müxtəlifdir əmma və lakin bu mövzuda təcrübəmizə dayanaraq bir neçə yemək seçmişik.1) Laksa - qaynadılmış balıq suyunda, tərəvəzli, ananaslı sup. Dadlı idi, amma qaynar Penang havasında çox da həzz almaq olmur. Qiymət 4-6 MYR2) Penangın dünyaca məşhur Kapitan restoranı. Hind restoranıdır. Təndirdə bişən ədviyyatlı toyuqları və bərabırində təqdim olunan sosları ilə dillərə dastandır. Set qiyməti (nan (hind çörəyi), təndir toyuq, 3cür sos) 13 MYR. Yanında sadə Lasi (Ayran) içə bilərsiniz.3) Çin mətbəxindən gələn Char Kuey Teow = qızarmış krevetka, çin sosiskası, əriştə soya sosu, soya filizi. Mükəmməl dad. Qiyməti 4-5 MYR4) Penang küçələrinin ən məşhur içki/şirniyyatı “Chendul” adlanır. Tərkibi Süd, şəkər sirupu, düyü əriştəsi, xırdalanmış buz vəəəə möhkəm dayanın – qaynadılmış lobiya dənələri. 2+ ildir Asiyada yaşadığımız üçün bizə çox da qəribə gəlməsə də şirniyyatın içində lobiya dənəsinin olması ilk səslənişdə adamı diksindirə bilər lakin ortaya çıxan dad fərqli və ləzzətlidir.Qısaca desək Yahoo Travel haqlıdır, ölmədən öncə mütləq Penang adasına gedin. Səyahət üçün ən optimal vaxt (mülayim hava baxımından) dekabr və yanvar aylarıdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sakit Abdullayev

1775 dəfə oxunub

Azor adaları - Sao Miguel və Flores

Atlantik okeanında olan bir vulkanik ada təsəvvür edin, qara qumlu sahilləri, ecazkar təbiəti, termal suları, möhtəşəm gölləri, şəlalələri, insanı rahatladan sakitliyi olsun. Çoxlarının ağlına ilk gələn ada İslandiya olacaqdır. Amma bura İslandiya deyil, İslandiyadan fərqli olaraq burada sıx meşələr, isti qumlu çimərliklər vardır, qiymətlər çox ucuzdur. Söhbət yerli sakinlərin Atlantisin son hissələri olaraq adlandırdığı Portuqaliyaya məxsus Azor adalar qrupuna daxil olan Sao Miguel və Flores adalarından gedir.Azor adalar qrupu 9 adadan ibarət olmaqla Amerika ilə Avropa arasında Atlantik okeanının ortasında yerləşir. Qrupda daha əvvəl Sao Miguel haqqında 1 post olub, Floresə isə bizim ölkədən gedən olub mu bilmirəm. Amma yaxın vaxtlarda paylaşacağım bir neçə post sonrası əminəm ki, bir çoxları yolunu bu adalara salacaqdır. Mən Sao Miguel adasında 6 gün, Floresdə 1 gün keçirməyimə baxmayaraq Sao Migueli tam gəzib qurtara bilmədim. Adada turist sayı və yerli əhali olduqca azdır. Daima sakitlikdir, təbiətin səsi hər yerdə insanı valeh edir. Sao Miguel adasında banan, ananas kimi meyvələr yetişdirilir. 1800-cü illərdən qalma çay plantasiyaları var. Hər tərəfdən nəhəng inəklər otlayır. Buna görə süd, pendir və sair heyvandarlıq məhsulları ölkəmizdən belə ucuzdur. Hər tərəfdə yerdən termal sular qaynayıb çıxır.Termal su axan şəlalə, təbii jakuzilər və hovuzlar vardır, hətta adanın bir hissəsində termal su Atlantik okeanının tam kənarında çıxır. Katerlə okeana çıxıb balina və delfinləri müşahidə etmək mümkündür. Restoranlarda balıq məhsullarının qiyməti çox sərfəlidir. Hətta ilin bəzi vaxtlarında balina ovlamağa icazə vardır və restoranlarda bu əti yeyə bilərsiniz. Məhşur yeməkləri cozidodur. Ət, kartof və əllərinə nə keçsə yığırlar bir qazana və Furnas bölgəsində olan Termal suların qaynadığı quyu kimi yerə basdırıb üstünü torpaqla bağlayırlar. Təxminən 10 saat sonra qazanları torpağın altından çıxarırlar və yemək hazırdır.Adada ictimai nəqliyyat vardır amma saytları portuqal dilindədir. Gün ərzində paytaxt Ponta Delgadadan kəndlərə bir neçə dəfə avtobuslar gedir. Amma bu möhtəşəmliyi görmək üçün ən ideal variant aeroportda avtomobil kirayə götürməkdir. Taksilər çox baha olduğu üçün avtomobil kirayə götürməsəz ada səyahəti boyunca əziyyət çəkə bilərsiz. Mən Sixt firmasından Renault Clio kirayə götürdüm. 5 gün üçün full insurance daxil təxminən 120 avro ödədik. Təxminən 500 km avtomobil sürdük, cəmi 30 avroluq gas istifadə edildi. Buna görə istədiyimiz hər yeri rahatca görə bildik. Yol boyunca otostop çəkən bir çox insanla dostlaşdıq. Ümumi ilkin olaraq bunları yazıb şəkillərlə baş başa buraxıram. Adanın möhtəşəmliyi barədə gələcək postlarda məlumat verəcəm. Kimin nə sualı olsa verə bilər.P.S. -Frankfurt, Lissabon ve Portodan adaya Ryanair uçur birbaşa reysle.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1384 dəfə oxunub

Uqandada həyat

UQANDADA GÖRDÜKLƏRİMDƏN, ÇƏKDİKLƏRİMDƏN...Çox adam fikirləşir ki, əgər ölkədə həyat səviyyəsi aşağıdırsa, deməli, həmin ölkədə dəhşət ucuzluqdur. Dərinə getsək bu, qismən belədir. Uqandada 50 ABŞ dolları bir aya bəs edə bilər. 50 000 şillinqə (təqribən 14 USD) sınıq-salxaq evcik kirayə etmək mümkündür. Qeyd edim ki, bu cür evciklərin əksəriyyəti içində yalnız çarpayı və kiçik stulun yerləşə biləcəyi kərpicdən tikilmiş dördkünc formalı tikilidir. Evdə tualet və hamamı xəyalınıza belə gətirməyin. Əgər qapısı varsa - o da adi mismarla bağlananlardan olacaq. Ev yiyəsi rəhmli olsa sizə hətta köhnə döşək də verə bilər. Qalan pulu yeməyə xərcləyə bilərsiz. Yemək də matoke (şirin olmayan, yaşıl banandan hazırlanmış yemək. Zahiri görünüşü və dadı yaman gündədir, amma uqandalılar onu sevir, çox xeyirli olduğunu deyirlər), kələm və kartofun qarışığına bənzər maniokadan ibarətdir. Əziz gündə bir balaca balıq və ya toyuq əti də yeyə bilərsiz. Bu oldu 50 dollarlıq həyat. Bəs kiminsə iştahası daha böyükdürsə? Bax, bu andan etibarən də Uqanda həyatı o qədər də ucuz görünməyə bilər. Elektrik enerjisi çox bahadır və qeyd etmək lazımdır ki, gərginlik gün ərzində daima artıb-azalır. Heç də ucuz olmayan stabilizatorsuz elektrik məişət сihazları tez bir zamanda sıradan çıxır. Bəzən heç stabilizatorlar da köməyə gəlmir. Məsələn, qaldığımız oteldə 1000 USD-yə alınmış yeni televizor cəmi 1 il işlənib qeyri-stabil gərginlik ucbatından sıradan çıxdı. Heç kim təmir edə bilmədiyindən onu atmaq məcburiyyətində qalıblar. Ölkənin iri şəhərlərindən sayılan Entebbedə (beynəlxalq aeroport məhz bu şəhərdədir) gündəlik 2-4 saatlıq elektrik enerjisi kəsilir. Günəş batareyaları və ya generatorlar yardım edə bilər, amma bu, özlüyündə çox baha başa gəlir.Su ilə də bağlı eyni vəziyyətdir. Hotelimizin yetərincə iri Viktoriya gölünün sahilində olmasına baxmayaraq, su hotelə fasilələrlə verilir. Adi yaşayış evciklərində isə ümumiyyətlə yoxdur, suyu kanistrərlə quyudan, gölə yaxın ərazilərdə yaşayanlar isə elə göldən daşıyıb gətirirlər.Daha nə qaldı? Limitsiz internet üçün aylıq ödəniş 100 USD. Maksimal sürəti isə 512 Kbit/s.Səhiyyə sahəsində ürəkaçan bir şey yoxdur. Pulsuz olmağına pulsuzdur, amma səviyyəsi "otur ağla" silsiləsindəndir. Nəsə baş versə təcili yardıma ümid bəsləməyə dəyməz. QİÇS çox yayılıb. Ölkə əhalisinin 40%-i QİÇS daşıyıcısıdır. Bu xəstəliyə qarşı yetərincə təbliğat işləri aparılır. Sadəcə əhali profilaktikaya meyilli deyildir. Hər bir uqandalı orta hesabla ildə 1-2 dəfə malyariya xəstəliyinə tutulur. Əsasən də körpələr. Xəstələnənlərin təqribən 20%-i də dünyasını dəyişir.Hal-hazırda təhsil də səhiyyə kimi pulsuzdur. Böyük şəhərlərdə məktəblər, demək olar ki, hər məhəllədə var, kəndlərdə isə uşaqların məktəbə getmələri üçün bəzən 10-15 km yol qət etmələri lazım olur. Belə şəraitdə, əlbəttə ki, hamı məktəbə getmir. Gedənlərin də normal təhsil alacaqlarına ümid yoxdur. Uşaq yaşlarında məktəbə getməyənlər üçün bəzən xeyriyyə yönümlü "axşam məktəbi" fəaliyyət göstərir.Məktəbi bitirdikdən sonra bir çoxları ali məktəbə daxil olur. Yeri gəlmişkən, ali təhsillə bağlı vəziyyət elə də pis deyil. Kampaladakı universitet Afrikada ən yaxşı universitetlərdən sayılır. Bura hətta qonşu ölkələrdən də təhsil almağa gəlirlər. Amma, məsələn, otelimizdəki ali təhsilli aşpaz aya 40 USD alırdı.İşsizlərin sayını Uqandada heç kim dəqiq bilmir. Ölkədə hər kəs hər bir işin öhdəsindən gələ biləcəyini israrla deyir. Rusiyadan olan otel sahibimizin dediyinə görə, evinə peyk antennasını quraşdırmağa gələn usta televizorun belə necə işə salınacağını dəqiq bilmirdi. Bir saat ötürücüylə qurdalanandan sonra "bu gün hava şəraiti antennanı quraşdırmağa imkan vermir" deyib geri qayıtmaq üçün yolpulu da istəmişdi. Deyir: "Məcbur olub verdim, əks halda qalıb evimdə yaşayacaqdı".Paytaxt Kampaladakı ofis içşilərinin aylıq maaşı maksimum 600 min şillinqdir (350-400 USD). Kafe və otellərdəki ofisiantlar 400 min şillinqə qədər maaş alırlar. Digər orta inkişaf etmiş şəhərlərdə bu rəqəm 150-300 min şillinqdir. Kəndlərdə adamlar özlərinin əkib-becərdikləri ilə də qidalanırlar, bəzən heç pul üzü görmürlər, elə becərdiklərini başqalarıyla dəyiş-düyüş edirlər. Həftədə bir dəfə əlindəkiləri bazara çıxarıb al-ver edirlər, bundan da 5-6 USD aylıq qazancları olur ki, bu da onlara bəs edir.Kəndlərdə ət və ət məhsullarını bayramdan-bayrama yeyirlər. Əsasən tərəvəzlə qidalanırlar (qarğıdalı, banan, kassava, kartof). Meyvələri həddən artıq dadlıdır. Qəpik-quruşa istənilən kafedə çox dadlı ananas, banan, marakuya, qarpız, manqo, papaya şirələrindən dadmaq olar.Taksi xidməti gözümə dəymədi. Əvəzində çoxlu sayda marşrut taksiləri və ya motosikletlə göstərilən taksi xidməti var. Şəhərlərdə iri tıxaclar həddindən artıq çoxdur.Ən yaddaqalan xoşagəlməz məqamlardan biri - iaşə obyektlərində xidmətin ləng getməsi oldu. Hətta iri şəhərdəki müasir restoranda belə sifariş edilən adi yeməyi 30-45 dəqiqəyə gətirirlər (məsələn, sadəcə qabdan çıxarılıb müştəriyə gətirilən dondurmanın gəlib çıxmasına 25 dəqiqə vaxt getdi). "Çay? Bir az çox vaxt gedəcək, 1 saata yaxın, gözləyəcəksiz?" Tələsdirməyin adı yoxdur, onsuz da gecikəcək. Səhər və ya axşam yeməyini 1 gün öncədən sifariş etmək daha məsləhətlidir.Ölkənin şərqindən qərbinə avtomobillə gedərkən yol boyunca bir nəfər də olsa "ağ adam"a rast gəlmədim. Uzun illər İngiltərə müstəmləkəsi olmasına baxmayaraq, avropalılara çox nadir hallarda rast əlmək olar. İnsanları özlüyündə çox qonaqpərvərdilər. Körpələr turist görəndə sevincək salamlaşır, hal-əhval tuturlar. Verdiyimi hədiyyələrə çox sevinib təşəkkür edirdilər. Qızlar kişi cinsindən olan bütün turistlərə potensial ər gözü ilə baxırlar. Anaları da - kürəkən. Yeri gəlmişkən, yerli əhali rəsmi nikaha tələsmirlər. Vətəndaş nikahına daha çox üstünlük verirlər həm də ona görə ki, toy filan mərasimi çox baha başa gəlir. Eynən bizdəki kimi. Hər ailədə 5-6 uşağın olması normal haldır. 10 və daha artıq uşağlı ailələr də çoxdur.Şəhərlərdə əhalinin orta yaş həddi 55-60 yaşdır. Kənd yerlərində - daha az.Uqandada xarici vətəndaşların biznes açmaları üçün çox münasib şərait yaradılıb. Məsələn, otel açmaq üçün illik cəmi 200 USD və gəlirdən 5-10% ödəmək kifayətdir. Amma buna baxmayaraq xaricilər ölkəyə həvəssiz gəlir. Ölkədə onların açdıqları cəmi 2-3 otel ola ya olmaya.Rəsmi dil - ingilis dilidir. Amma anlanılması müşkül olan dəhşətli özünəməxsus ləhcəylə. Bundan əlavə Uqandada 30-dan çox yerli dil və dialektlər də var. Amma uşaqlar məktəbdə ancaq ingilis dilində tədris alırlar. Çox nadir hallarda - suahili dilində.Hə, bir də, ölkədə olduğum müddət ərzində siqaret çəkən adam görmədim. Bir də dilənçiləri... Yox idilər.Vəhşi təbiət, möhtəşəm şəlalə, Nil çayının mənbəyini, zürafə, kərgədan, fil, aslan və s. görmək həvəsiniz varsa - Uqandanı mütləq bəyənəcəksiz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

1086 dəfə oxunub

Cənnətdən bir parça - Hallstatt

Qabaqdan yay gəlir və düşünürəm ki, Hallstatta getməyi planlaşdıran çox adam var aranızda, ona görə bir-iki xırda detala toxunum.Hallstatt barədə əvvəlki postlarda ora getmək barədə ətraflı hər şey yazılıb. Mən sadəcə bir-iki xırda məsələyə toxunacam və şəkilləri paylaşdım ki, gözəllikdən zövq alasız.1) Salzburgdan avtobusla Bad Ischl-a gəlib çatanda ordan Hallstattdan keçən qatara aparatla bilet alırsız. Aldığınız biletin üstündə qatarın gəlmə vaxtı yazılır.Məndə belə bir hadisə baş verdi.Bileti aldım. Biletin üstündə 11:50 yazılmışdı. Hələ qatarın gəlməyinə 25 dəqiqə var idi. Orada məndən basqa Hallstatta gedən hardasa 10-12 turist həmən qatarı gözləyirdi.Saat 11:47 də bir qatar gəldi. Bütün turistlər cumdular qatarın üstünə. Hamı mindi qatara. Burda artıq "kütlə psixologiyası" işə düşdü. (Yəqin oxumusuz, svetofor məsələsi) Mən də hamının qatara minməyini gözləyib sonuncu qatara minəndə gözüm dayanacaqdakı Hallstatt sözünə ilişdi. İstiqamət sağa idi, qatar isə sola gedirdi. Tez qatara minib, qışqırdım ki, bu qatar Hallstatta getmir, düşün qatardan. Düşün nədi rəhməttinin nəvəsi? Elə dərhal qaplar bağlandı, özüm də qaldım içəridə. İçəridə nə qədər turist var idi yığışdı başıma. Qatarın içində manitorda qatarın gedəcəyi direction və stansiyalar göstərilirdi, orada Hallstatt yox idi. Hamını lomkaçılıq basdı. Gedib Ebensee stansiyasında düşüb, təzədən orada 25 dəq gözləyib, Hallstatta gedən qatara mindik.Yadınızda saxlayın Bad İschldan Hallsttata getmək üçün Stainach-İrdning istiqamətinə tərəf gedən qatara minməlisiz.2) Hallsttata tək getmək elə də məsləhətli deyil. Niyə? İki şeyə görə.a) Şəkildə görəcəksiz, qatardan düşəndən sonra orada balaca bir "butka" olur. Hansı ki, oradan səni gəlib qayıq götürüb, gölün o biri tərəfinə Hallstatta aparır. Ora yaxınlaşanda görürsən ki, ancaq "para"lar düzülüb, hamısı qız-oğlan əl-ələ tutub, sən isə qulyabani kimi ora-bura baxırsan. Guya öz aləmində təbiətin gözəlliyindən ekstaz vəziyyətə düşmüsən????Hələ bu heçnədi. Qayığın arxa tərəfi açıqdı, hamı orada ayaq üstə dayanır. Əgər orada durdunsa oldun bədbəxt. Hamı qızla durub, sən tək, elə Hallsttata kimi bunların şəkilini çəkirsən. O anda yeganə müsbət olan şey özünü məşhur fotoqraf hiss etməyindi. Başqa heçnə.b) Gəzdikcə maraqlı yerlərdə şəkil çəkdirmək istəyirsən və elə alınır ki, heç kimi tapmırsan. Yeganə çıxış yolu telefondakı taymerdən istifadə etməkdi. Kameranı qoyursan 10 saniyəyə, telefonun özünü də harasa qoyursan, qaçıb istədiyin yerdə dayanana kimi şəkil çəkilir. Gəlib baxırsan ki, elə bil hansısa ruh Hallstatta gəzməyə gəlib. (təbii ki bu mənim kimi selfie çubuğu ilə şəkil çəkdirməyi sevmiyənlərə aiddi)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rajab Zade

1039 dəfə oxunub

Arazın o tayı- İran macəraları 2

Poldəşt Azərbaycandır ya İran?– anlamadım! Bakcell orada tuturdu və 3G istifadə edirdim ???? Qonaq olduğum evdə dadlı sübhanə (səhər yeməyi) yedim. Doşablı və cevizli qayğanaq səhər yeməyi üçün əla fikirdi məncə. Demək olar ki, yeməkləri bizim yeməklərlə eynidir. Ancaq, həyatımda yediyim ən dadlı çiyələk mürəbbəsi Poldəştdə oldu. Sapları üzərində qalmışdı və çox şirin deyildi. Onlar da qoz mürəbbəmizi sevdiklərini dedilər.Sonra Maku şəhərinə getdik. Bu nə gözəllik? Bu nə əzəmət? Bir az Kapadokyaya bənzəyir. Orada bizim (insanların) nə qədər balaca olduğumuzu daha asan anlayırıq. Bu böyük dağlar nə çox şeylərə şahid olmuşdu… Deyilənə görə Çaldıran döyüşü də məhz burada baş vermişdi.Sərdar şahın sarayına da getdik. Bu əslində xüsusi bir şah olmayıb, elə insanları talayırmış. Ancaq sarayı gözəl idi. Orada bərpa işləri getdiyi üçün daha çox piknik yeri kimi istifadə olunurdu. Biz də azca gəzib, çıxdıq. Çoxlu gilas yedik ????Gəzintidən sonra şəhərə qayıtdıq. Ancaq bayram olduğu üçün çox restoran açıq deyildi. Burada bayram bir gün qeyd edilir. Yaxşı ki, bizdə çox bayramlar var ???? Novruz bayramı İranda da sevilən bayramdır və uzun günlər qeyd edilir. Onlarda sadəcə Od çərşənbəsi var. Həftənin 6 günü işləyib, cümə günləri istirahət edirlər. Bunu eşitmək üzdü məni. 6 gün işləmək məncə çoxdurHəmin gün İran futbolda qalib gəldi. Çox sevincli idilər. Şəhərdə hamı bayraqlarla şənlik keçirirdilər. Ayağım düşərli olmuşdu ????Çox gözəl təəssüratlarla buradan ayrıldıq. Bu qədər gözəl insanları bir arada görmək çox xoş oldu! İranlılar demiş: Xeyli məmnun qaldım ????İkinci günümüzdə Araza getdik. Arazı burada xüsusi sevirlər. Ətrafında piknik üçün yerlər düzəldilib. Balıq tutmağa icazə verilir. Ümumiyyətlə insanlar bərabər gəzməyə çox çıxır. Arazın ətrafı insanlarla dolu idi.Arazdan sonra tarixi bir kilsəyə getdik. Burada ermənilər çoxdur və çox uzun zamandır yaşayırlar. Həmin kilsə də erməni kilsəsi idi, UNESCO tərəfindən qorunur. Turistlər çox idi. O qədər çox idi ki, insanlar parking üçün yer tapmaqda çətinlik yaranırdı.Monastery of Saint Stepanosİnsanlar həvəslidirlər gəzməyə, birlikdə əylənməyə. Bu çox xoş təsir bağışlayır. Həmən bu kilsədə xoş bir dialoq eşitdim:Bir qadın rəfiqəsinə deyir:Ərimə demişəm, azadlıq gəlsin İrana. Şortik geyinib, şəhərə çıxacam. O isə bu məsələyə yaman hirslənir ????Siz o azadlığa layiqsiniz. Gəlsin!Kilsənin qarşısında piknik üçün xüsusi yer var idi. Hər yer dolu idi. Bir stolda ana və qızı oturmuşdu. Xahiş etdik və onlarla oturduq. Bir az söhbət etdik və biz stoldan qalxanda bizə (əsasən də mənə- qonağa) dərin ehtiramını bildirmək üçün ana və qızı ayağa qalxdılar. Çox utandırdı bu hərəkət məni. Ancaq insanların bu qədər hörmətli olması çox gözəldir. Bu hörmət yaşa görə deyil, insanların bir birinə qarşı olan xoş davranışıdır.Yolda yenə kilsə gördük. Çox gözəl mənzərəsi olan yerdə tikiliblər. Daha sonra yol üstü mağazalara da girdik. Hər şey tapmaq mümkündür. Zara, Mango da var idi. Ancaq bura gələndən sonra mənə daha da aydın oldu ki, brendlər hər ölkənin tələblərinə uyğun paltarlar hazırlayırlar. (çox zərli-zürlü idi)Böyük market gözümə sataşmadı. Çoxu balaca baqqallar idi. Başqa ölkələrdən olan məhsullar da var satışda. Amma çoxu İran istehsalıdır. Hər şey satırlar. Hətta laaaaap hər şey ????Yenə yollardayıq- Xoya gedirik. Günəbaxan tumlarının əsas vətənidir bura. İranda kənd təsərrüfatına, əkinçiliyə xüsusi qayğı ilə yanaşılır. Bütün yol boyu sünbüllər, günəbaxanlar, meyvə ağacları səni salamlayır. Bunları hasara almırlar. İnsanlar da gedib qoparmır. Ancaq könlü istəyən qopara da bilər azca.Qohumlarımızı ziyarət etdikdən sonra, Puriyayi Vəlinin məqbərəsinə getdik. Keçmiş zamanlar da həm şair, həm də pəhləvan olub. Ürəyi çox təmiz insan olub, mərdliyi ilə seçilirmiş. Haqqında bəzi rəvayətlər də var:Bir gün Puriyayi Vəli bir pəhləvanla yarışa çıxacaqmış. Həmin Pəhləvanın anası da onu izləməyə gəlib. Bunu bilən Vəli, bilərəkdən pəhləvana uduzub. Çünki ananın oğlu ilə fəxr etməsi onun qalibiyyətindən daha önəmli idi…Sonra, Şəmsi Təbrizi məqbərəsinə getdik. O, Mevlana ilə çox yaxın dost olub. Hətta Mevlananın fikirlərinin tam formalaşmasında Şəmsin ona güzgü rolunu oynadığını da qeyd etmək istərdim. Deyilənə görə, Şəmsin məqbərəsinə Mevlananın nəvəsi dərin ehtiramını göstərmək üçün ayaqqabılarını çıxarıb, gedib.Ey aşk! Seni senelerce yaban ellerde, hoyrat dillerde aradım. Oysa bendeymişin bilememişim. Oyalanmışım. Kalakalmışım. Şemsi TebriziŞəmsi Təbrizinin məqbərəsində bir şey də diqqətimi çəkdi. Uzun binanın üzərində heyvan buynuzları vardı. Bu buynuzların nə anlama gəldiyini soruşdum.Səfəvilər zamanında, Şah İsmayıl Xətai buraya gəlib və 40 gün burada qalıb, şikar edib. Daha sonra həmin şikarların buynuzlarını buraya asıb ki, hamı onun qüdrətindən xəbardar olsun.Daha sonra yavaş-yavaş əsas mənzil Urmiyəyə yola çıxdıq. Orada nələr oldu? Bunu bilmək üçün azca da səbr edin ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunel Yashar

1052 dəfə oxunub

Soçi bələdçisi

Soçi haqqında paylaşım görmədiyim üçün, orda olduğum 1 həftə müddətində gördüklərim haqqında yazmaq qərarına gəldim.Öncəliklə Soçi Rusiyanın kurort həm də olimpiya şəhəri sayılır. Bura getməmişdən qabaq, haqqında sadəcə FIFA 2018-in baş şəhəri olduğunu bilirdim, amma gəldikdən sonra həqiqətən Qara dəniz mirvarisi adlandırdıqları Soçiyə bir sözlə aşiq oldum, başdan ayağa Qara dəniz sahilində yerləşən bu şəhər çoxlu parklar, şəlalələr, çimərliklər və sanatoriyalar ile zəngindir.Amma bunlarla yanaşı mənfi cəhətləri də var, getməmişdən qabaq otelləri dəqiq yoxlayın. Getdiyim otel 5 ulduzlu olmağına baxmayaraq, 3 ulduzlu otel səviyyəsində idi, üstəlik də heç kim ingiliscə danışa bilmirdi. Qiymətinin niyə baha oldugunu soruşanda dəniz kənarıdır, vəssalam.Soçidə Adler adlanan kiçik bir qəsəbə var, bura olimpiya şəhərciyi de deyilir. Bir çox məşhur yerlər o cümlədən Fist stadionu, Soçi park Adlerdə yerləşir. Məndən məsləhət əgər getsəniz, Adlerdə ev tutmağınız daha yaxşı olar.Gezintime Soçi parkla başladım, bura giriş adam başı 1700 Rubl təşkil edir, uşaqlara endirim var təbii ki. Parkda çoxlu atraksionlar o cümlədən dünyanın ən hündür atraksionu, delfinariya,gözəl fontanlar bir sözlə bütün günü gəzməklə bitməz, uşaqlı ailələr üçün daha məsləhətlidir. Parkın çıxışında olimpiya stadionuna gedən yolda "Колесо Времени" adlı çarx var, oradan bütün şəhəri görə bilərsiniz qiymət 450 rubl., ordan çıxdıqdan sonra olimpiya parkına gedə bilərsiniz. Burada ucuz qiymətə velosiped götürməklə, həm vaxtınıza həm də hər yeri görməyinizə səbəb olarsınız. Hər gün saat 9-un yarısından 10-un yarısına qədər Medal abidəsinin qarşısında möhtəşəm fontan şou olur, mütləq izləməyiniz məsləhətdir. İkinci gün məni heyran edən "Дендрарий" parka getdim, parka giriş 250 rubl idi, amma parkın daxilində kiçik bir zoopark da var. Bir sözlə çox zövq aldım.Üçüncü günümü Roza Xutor hesr etdim, dağlar qoynunda yerləşən bu qəsəbə məni heyran etdi, Adler və yaxud Soçi stansiyasından hardasa 90 dəqiqəlik yoldur, çox rahat kondisonerli, lastocka, gedi.-gəliş 700 rubl. Parka giriş pulsuzdur, amma kanata minib ən hündür zirvəyə çıxa bilərsiniz. Kanatın qiyməti 1500 rubl idi. Bahalı məkanlarla zəngin olsa da bir az axtarsaz nisbətən ucuz market tapa bilərsiniz.Dördüncü günümü Sky Park adlanan yere həsr etdim, Soçi stansiyasının qabağından üstündə skypark yazılan avtobuslar gedir əgər taxi ilə getsəz 1000 rubldan çox edəcək. Park həyəcan dolu atraksionlarla zəngindir. Parka giriş 700 rubl., amma atraksionlar 1000 rubldan yuxarıdır. Orda ən məşhur jumping var, 100 metri 5000 rubl, 500 metr 15 000 rubl. Bir sözlə əsl adrenalin həvəskarlarının məkanıdır. Beşinci günümü Delfinariuma getdim, şəhərin mərkəzindən avtobuslar 22 rubla aparır. Məkana giriş 600 rubl təşkil edir, delfinlərlə 5 deq üzmək 2000 rubl, yarım saat 5000 rubl. Akvariumlarda Rusalkaların olmağı daha çox marağa səbəb olur (təbii bunlar balıq paltarı geymiş qızlardır). Sonrakı günlərimi yalnız dəniz kənarında keçirdim, Qara dənizin şəffaf suyunda üzməkdən insan doymurdu. Bir sözlə istirahət üçün gözəl məkandır. Ümid edirəm, kimsə faydalanar, səhvlərim oldusa üzrlü hesab edin.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Naila Mammadova

2289 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü - Yazda Qaradəniz turu

Yenə mən, yenə Qaradəniz:)Bu dəfə yazda Qaradəniz bölgəsində gediləcək yerlər tövsiyələriylə buralardayam :)Yayda Qaradənizdə sərinləmək üçün yaylaya getmək lazımdı şübhəsiz, bəs apreldə, mayda nə etməli? Və ya getdiniz, sadəcə 2-3 gün vaxtınız var, bu vaxtı necə keçirə bilərsiniz?Bölgədəki az qala bütün yayla və kəndləri gəzən biri olaraq deyirəm - Çamlıhəmşin kəndlərini mütləq görməlisiniz.Necə gəzmək lazım olduğunu daha əvvəlki postlarda yazmışdım, təkrar edirəm - ən komfortlusu maşınla gəzməkdi. Kondisyonuna güvənən və vaxtı olan üçün isə ən gözəli yürümək :) Kəndləri gəzmək üçün qalacağınız bir neçə yer məsləhət görürəm:- Teleferiklə keçilən Çulina məhəlləsində (Kendini Koruyan Mahalle) daha əvvəl yazdığım iki bunqalovdan əlavə bu il ağacın budaqlarının üstündə tikilən ağac ev də var. Ağac ev iki nəfərlikdi - sabah və axşam yeməyi daxil iki nəfərə 700 lirə, yəni bir nəfərə 350 lirə. Bal ayına getmək istəyənlər varsa, düşünsün:) Bunqalovlar bir nəfərə 250 lirə.- Ortan kəndində Qaradənizin ən, ən, ən gözəl yeməklərini bişirən Platoda Mola pansiyon. Pokut yaylasında da evləri var, qarışdırmayın, kənddəki evi soruşun yazda. Qiymət - sabah və axşam yeməyi daxil 300 lirə.- Aşağı Viçə kəndində The High Tress pansiyon. Bölgənin ən fərqli yerlərindən biridi. Sabah yeməyi daxil 250 lirə.- Aşağı Viçədə Ekodanitap pansiyon. Bungalovlarda 1 nefer sabah ve axşam yeməyi daxil 200 lirə. Bir də ağac evləri var - bir nəfər qala bilir və içində tualeti, hamamı yoxdur. Qiyməti 150 lirə - sabah və axşam yeməyi daxil.- Daha da uyğun və daha da mərkəzi bir yerdə qalmaq istəsəniz, Çamlıhəmşin Taşmektep otel. Qalmadım, amma gəzdim, otaqları çox təmiz, rahat, yeməkləri yaxşıdı. Qiymətlər bayram öncəsi-sonrasına görə dəyişir, amma başqa yerlərə görə daha uyğundu. 3-4 nəfərlik otaqları da var.Qalmağa da yer tapdız, indi gəzməyə keçək :)- Məcmun kəndinə çıx, Zilkaleni izlə. İzləyəcəyin yerdəki evin sahibi bir az əsəbidi, əsəbiləşdiyini hiss etdiyin anda uzaqlaş :)- Çamlıhəmşinin ən gözəl kəndi Küşüvəni mütləq gəz.- Makrevis kəndindən Ortan kəndinə meşə yürüşünü unutma.- Küşüvə, Makrevis və Ortanda bölgənin ən gözəl konakları yerləşir, onları gör.- Çulinada Mətin abidən səni yuxarı məhəlləyə aparmasını xahiş et. Özün gedə bilməzsən, inad etmə :)- Bir sabah Dovor məhəlləsini gəz- Vaxtın olsa Çat düzünə mütləq get. Ən gözəl vaxtı may-iyundu, unutma.- Aşağı Viçədə qalsan Tomaslı və Poginaya uzun yürüyüşə çıx.Başqa sualınız olsa, yazın, pulsuz online rəhbərlik eleyim :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1149 dəfə oxunub

SƏYAHƏTİNİZƏ RƏNG QATA BİLƏCƏK MOBİL TƏTBİQLƏR (applications)

İndi kasada-masada, suda-muda, kartda-martda fala baxmırlar! Application! Səfərinizi planlaşdırmağa, vaxta, pula qənaət etməyə yardımçınız ola bilər bu cubbulu tətbiqlər (applicationlar).1️⃣ PackPointSaatlarla səfər üçün çamadan yığmısız və sonra da bəlli olur ki, nəsə yaddan çıxıb? Onda qoy bunu sizin üçün PackPoint etsin. Gedəcəyiniz şəhəri, tarixi, yola sərf edəcəyiniz vaxtı, səyahətdə nəylə məşğul olacağınızı qeyd edin və o sizin əvəzinizə yol üçün lazım olan nə varsa - hamısının siyahısını özü tərtib edəcək. Sonradan lazım olmayanları siyahıdan çıxara bilərsiz. Əsas odur ki, yaddan çıxan heç nə olmayacaq və yadınızda belə olmayan, amma səfərdə karınıza gələ biləcək nəyisə tətbiqin hesabına əlavə etmiş olacaqsız.iOS üçün - https://itunes.apple.com/…/packpoint-travel-pac…/id896337401Android üçün - https://play.google.com/store/apps/details…2️⃣ Flightradar24100-dən çox ölkədə səyahət üçün ən yaxşı tətbiq kimi seçilən Flightradar24 sizi maraqlandıran təyyarənin tipi, aviaşirkəti, marşrutu, sürəti, hündürlüyü, uçuş və enmə vaxtı barədə məlumatı 3D effektlərlə sizə peşkəş edəcək. Lap heç özünüz olmayın, dost-tanışdan kimsə harasa təyyarəylə səfər edirsə, siz də narahat qalmayasız deyə, həmin reysin nömrəsini tətbiqə əlavə etməklə uçuş barədə sadaladığım məlumatlarla tanış ola bilərsiz.iOS üçün - https://itunes.apple.com/…/flightradar24-flight…/id382233851Android üçün - https://play.google.com/store/apps/details…3️⃣ SkyGuruBu tətbiq təyyarəylə uçuşlardan hürkənlər üçündür, aerofobiyadan əziyyət çəkənlər üçün sanki bir psixoloqdur adamla bərabər təyyarədə uçur. Uça-uça da təyyarədə baş verən cüzi bir məqamla bağlı belə açıqlama verir, məsələn, təyyarə qəfil enəndə deyir ki: "Sən canı panikaya düşmə, bu, normal haldır, filan şeydən ötrüdür". Aerofob da özünə gəlib həşirə düşmür.iOS üçün - https://itunes.apple.com/app/id1382240614Android üçün - https://play.google.com/store/apps/details…4️⃣ Rome2RioAvtomobillə və ya qatarla səyahət edənlər hərdən A-dan B-yə çatmaq üçün C və D-dən keçməli olurlar. Bu halda tətbiq bir neçə ölkə arasında belə marşrutunuzu cızıb verir sizə. Hətta, məsələn, Antalyadan Tbilisiyə çatmaq üçün hansı avtobuslardan istifadə etməlisiz, Moskvadan Ulan-Batora çatmaq üçün neçə qatar dəyişməlisiz. Hər seqment üzrə təqribi qiymət və bilet ala biləcəyiniz saytı da göstərilir.iOS üçün - https://itunes.apple.com/…/rome2rio-find-out-ho…/id569793256Android üçün - https://play.google.com/store/apps/details…5️⃣ RailPlannerQatarların gediş-gəlişi filanı ilə bağlı adam hərdən öz ölkəsində də çaş-baş qalır, o ki qalmışdı xaricdə. Avropa üzrə bu problemin həllində RailPlanner tətbiqi qulunuz ola bilər. Offline rejimdə bütün stansiyalar üzrə cədvəlləri göstərə, birbaşa hərəkətdir ya yox barədə böyük məmuniyyətlə xəbərçilik edə bilər.iOS üçün - https://itunes.apple.com/…/rail-planner-offline…/id579547877Android üçün - https://play.google.com/store/apps/details…6️⃣ MobikeBu tətbiq vasitəsilə icarə üçün nəzərdə tutulan velosiped seçirsiz, dayanacaqda onu blokdan çıxarıb istifadə edirsiz, bezəndə də onu ya xüsusi dayanacaqda, ya da elə küçənin ortasında (əgər şərtlər buna icazə verirsə) qoyub gedirsiz.iOS üçün - https://itunes.apple.com/app/id1044535426Android üçün - https://play.google.com/store/apps/details…7️⃣ StravaVelosipedlə bağlı daha bir tətbiq. Bu tətbiqdən hətta təkcə səyahət zamanı yox, elə fitnes məqsədi ilə də istifadə edə bilərsiz. Tətbiq sizin velosipeddə və ya adi qaçışda qazandığınız uğurları digər istifadəçilərlə paylaşır. Başqalarıyla ən yüksək göstərici uğrunda yarışa da bilər, yeni cığırları birgə kəşf edə də bilərsiz.iOS üçün - https://itunes.apple.com/app/strava-cycling/id426826309Android üçün - https://play.google.com/store/apps/details?id=com.strava8️⃣ OruxMapsCığırlardan kənarda trekinqə və ya velosipedlə səyahətə hazırlaşırsızsa, Maps.me tətbiqi bəs etməyə bilər. OruxMaps vasitəsilə çadırı harda qurmaq, su mənbəyini necə tapmaq olar və sair kimi məlumatları tapmaq olar.Android üçün - https://www.oruxmaps.com/cs/en/9️⃣ Citymapperİctimai nəqliyyatla bağlı sizə olmazın köməkliyi göstərməyə hazır olan tətbiq. Marşrutunuzun ilkin və sonuncu məntəqələrini qeyd edirsiz və tətbiq sizə həmin yerə necə çatmaq barədə ətraflı məlumat verəcək (o cümlədən tranzitlə, piyada və ya velosipedlə). Hər nəqliyyat növü üzrə tətbiq qiymətləri də göstərir və, məsələn, avtobusun nə vaxt gələcəyini də diqqətinizə çatdırır. Bir əmması var, o da tətbiqin yalnız böyük şəhərlərdə işləməsidir. Citymapper-də tapmadığınız şəhəri digər tətbiqdə - Moovit-də axtarın.iOS üçün - https://itunes.apple.com/…/citymapper-transit-n…/id469463298Android üçün - https://play.google.com/store/apps/details…???? BudgyDost-tanışla səyahət etdikdə xərclərlə bağlı qanqaraçılıq yarana bilər. Restoranda kim pulu ödədi, avtomobilə görə icarə pulu kimin cibindən çıxdı, parkdakı piknik kimin hesabına başa gəldi - bütün bu kimi məqamlarda qardaş qırğınına çıxmamaq üçün Budgy-də ümumi büdcə tərtib edə bilərsiz. Bütün ödənişləri bura əlavə edin və səfərin sonunda o, hesablayıb deyəcək ki, kimin kimə nə qədər borcu var.iOS üçün - https://itunes.apple.com/ru/app/budgy-2/id1156229427Android istifadəçiləri, vəziyyəti özünüz birtəhər yola verin.1️⃣1️⃣ Google Arts & CultureYaxınlığdakı muzeylərin koordinatları, iş qrafiki, muzeydə nələrə baxa bilərsiz və sair barədə məlumat ala biləcəyiniz tətbiq də budur.iOS üçün - https://itunes.apple.com/…/app/google-arts-cul…/id1050970557Android üçün - https://play.google.com/store/apps/details…1️⃣2️⃣ YugglerƏliuşağlısızsa, səyahət zamanı arada uşağın da marağlı vaxt keçirməsi barədə düşünməlisiz. Amma siz düşünməyin. Qoy bunu Yugger düşünsün. Uşağlar üçün əyləncə meydançaları, hovuzlar, zooparklar, muzeylər və s. barədə məlumatı tezbazar tapıb sizə təhvil verəcək.iOS üçün - https://itunes.apple.com/us/app/yuggler/id741597223Android istifadəçiləri, səfərə uşaqsız çıxın :)1️⃣3️⃣ izi.TRAVELİntrovertlər üçün bələdçidir. Tətbiqdə görməli yerlər barədə audio-bələdçi xidmətindən istifadə etmək olar. Yəni canlı bələdçinin arxasıyca düşüb gəzmək istəmirsizsə, bu tətbiq vasitəsilə istədyiniz tempdə, istədiyiniz vaxt gəzə-gəzə istədiyiniz yer barədə audio məlumat ala bilərsiz. Səfər vaxtı internetə pul xərcləməmək üçün wifi olan yerdə sizə lazım olan turu telefona yükləyin. Tətbiqi işə salanda o, GPS-ə görə təyin edəcək olduğunuz yeri və əvvəlcədən yüklədiyiniz məlumatlar hesabına başlayacaq həmin yer barədə əngə verməyə.iOS üçün - https://itunes.apple.com/app/opas/id554726752Android üçün - https://play.google.com/store/apps/details…1️⃣4️⃣ FoursquareYeyib-içməyi də yaddan çıxarmadıq. Qarşınızdakı restoranın ləyaxlı olub-olmadığı barədə və ya hər hansı suşi-bar axtarışındasızsa özünüz ərazini qeyd edib həmin barın orada olub-olmadığı barədə məlumatı rahatlıqla bu tətbiqdən öyrənmək olar. Həm də başqalarının bu və ya digər iaşə obyektində çəkdikləri fotolarla da tanış olmaq olar. Amma diqqət edin ki, rəylər 100 ilin rəyi olmasın. Çünki qısa müddət ərzində də hansısa kafe imicini dəyişib əvvəlki vaxtlardan fərqli olaraq dovğaya noxud qatmaya bilər. Siz də peşman olassız.iOS üçün - https://itunes.apple.com/…/foursquare-city-guide/id306934924Android üçün - https://play.google.com/store/apps/details…1️⃣5️⃣ HappyCowAdından da bəlli olduğu kimi, vegetarian ve veqanlar üçün yaradılmış tətbiqdir. Ürəyləri istəyən ətə xor baxan restoran-kafeləri burada tapa bilərlər. Həm də tətbiqdə müxtəlif fermer bazarları, sağlam qida mağazaları haqqında da məlumat boldur.iOS üçün - https://itunes.apple.com/…/happycow-find-vegan-…/id435871950Android üçün - https://play.google.com/store/apps/details…1️⃣6️⃣ VivinoŞərab manyakları, sizi də unutmadıq! Kaxetiyada hansı şərabı almaq məsləhətdi? Burqundiyada, Toskanada hansı şərabdan dadmasaz ömrünüzün axırınacan bunu özünüzə bağışlamaya bilərsiz? Dünyanın istənilən nöqtəsində adınıza layiq şərab barədə məlumatı bu tətbiqdən ala bilərsiz. Tətbiqi qoyun qarşınıza və açın sinənizi: məsələn, 50 AVRO-ya ağ italyan şərabı və ya 3,5 ulduzdan yuxarı Gürcüstan şərabı… Tətbiq o dəqiqə axtarışınıza uyğun bütün şərab çeşidlərini reytinq və rəyləri ilə birgə tapıb sizə göstərəcək.Mağazada hər hansı şərabı seçməkdə çətinlik çəksəz, bu tətbiqlə onun etiketkasını skan edin və ən son rəy, reytinqi barədə məlumat alın.iOS üçün - https://itunes.apple.com/app/id414461255Android üçün - https://play.google.com/store/apps/details?id=vivino.web.appP.S. SkyScanner, Uber, Google Maps, Maps.me, BlaBlaCar, Couchsurfing filan barədə də day özünüz bilirsiz. Bir də yazmayım.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

1164 dəfə oxunub

Pireney yarımadasında gizlənmiş “Balaca Cənnət”

Avropa səyahəti deyilən zaman bəzilərimizin beynində çox zaman bəlkə də standart bir mənzərə canlanır: Kimisi üçün bu mənzərə qədim daş döşəməli küçələr, kimisi üçün brend geyimlərin satıldığı maqazinlər, kimisi üçün tarixi qoxulu tikililər, kimisi üçün hansısa şəhərin “old part” hissəsi və s. və ilaxır... Şəxsən mənim üçün Avropa səyahəti nədənsə mütləq ya payız, ya da yazda, amma nədənsə mütləq sərin havada olmalıdır, bu səbəbdən Avropaya qısaqol geyimdə getməyi arzulamamışam heç bir zaman )))). 2015-ci ilin mart ayında Dubaya getmək üçün hazırlaşırdım. Artıq biletləri alıb, oteli də bron etmişdim. Təsadüfən elə oldu ki, turizm agentliklərinin birində sərfəli qiymətə maraqlı səyahət proqramı gördüm. Səyahət Barcelonadan başlamaqla, İspaniyanın bir neçə şəhəri, daha sonra Fransanın cənubundan - Kann, Nitsa şəhərlərini keçməklə Monacoya, ordan da İtaliyanın şimalına – San Remoya qədər uzanır və eyni istiqamətdə də geri qayıdırdı, uçuş istiqaməti Bakı – Kiyev – Barselona – Kiyev – Bakı idi. Bir az tərəddüd, bir az analizdən sonra “Görəsən, Dubay biletlərini zərərlə də olsa ləğv etməyə dəyərmi ?” deyə düşünərkən bir də özümü Barselonanın hava limanında gördüm ).Barselona haqqında danışmaq məncə artıqdır. Şəhərin Gaudi dəsti-xətti ilə “yazılmış” qeyri-adi arxitekturasından başlayıb, iqliminə qədər, dəniz limanlarını, çimərliklərini, hələ üstəlik, bir azarkeş kimi bu futbol ölkəsinin stadionları haqqında yazmaqla bitməz. Mən isə sizə bu yarımadada gizlənmiş “Balaca Cənnət” haqqında bəhs edəcəyəm. Barcelona gəzintisindən sonrakı ilk məntəqəmiz Kataloniyada - Costa Bravada yerləşən kiçik Lloret de Mar qəsəbəsi idi. Bu qəsəbə haqqında ora gedənə qədər heç nə eşitməmişdim. Qəsəbə Barcelonadan çox da uzaqda olmayan, təxminən 40 dəqiqəlik bir məsafədə idi. Amma Barcelona kimi böyük və modern şəhərdən 40 dəqiqəlik bir məsafədə bu cür gözəl bir yer xəyal belə etmirdim. Bu qəsəbə bəlkə də hər fəsildə “gəl-gəl” deyən nadir yerlərdən biridir. Balacadır, çox balaca – amma bura səyahət etmək üçün o qədər səbəb var ki: say-say bitməz... Yayda – göz oxşayan çimərliklər, yaz payız aylarında – meşəliklərə, yaşıllıqlara bürünmüş dağların sıldırım ətəklərinə vuran dəniz ləpələri, rəngli daşlardan tikilən evlər, əsrarəngiz Kataloniya təbiəti o qədər gözəldir ki, danışmaqla qurtarmaz.​Lloret de Mar bəlkə də gizli duyğularınızın üzə vuracağı nadir yerlərdəndir. 2 saata qəsəbəni tam başdan-ayağa gəzə bilərsiniz: əgər gəzə bilsəniz... Amma gəzmək mümkün deyil 2 saata – səbəb isə sadədir: addımbaşı gözəllik, addımbaşı təbiət naxışları və bu naxışları əsla pozmayan insanlar... Ayağınızı basdığınız hər qarış torpaqdan baxdığınız bu “Balaca Cənnət”in ayrı-ayrı istiqamətləri bir başqa gözəldir. Dənizi desən-dənizlərdən, qumsalı desən-qumsallardan, havası desən-hər yerdən fərqlidir. Bu fərqlilik insana o qədər xoş gəlir ki, hər yeni gün, doğan günəşdən, gecə yatana qədər sonsuz pozitivə yüklənirsən.Amma bu qəsəbənin gözəlliyi qədər də, bir balaca riskli turist həyatı var. Xüsusilə yay aylarında bura dünyanın 4 tərəfindən turist axını olur, çünki “WaterWorld” adlanan, dünyanın ən böyük aquaparklarından biri burada yerləşir. Attraksiyonlar və su əyləncələri “n” qədərdir. Riskli tərəf bu attraksiyonlardır deyə düşünməyin ) Riskli tərəf bura gələn turistlərin bəzilərinin 7/24 narkotikanın təsiri altında və içkili halda “beyni dumanlı” dolaşması, əylənməsidir. Ayrıca çimərliyə girən zaman, qumsalda nəzarətsiz qalan mobil telefonunuzun və ya foto kameranızın, hətta paltarınızın belə burda oğurlanması necə deyərlər, adi və normal haldır. Ona görə yaxşı olar ki, oteldən çimərliyə elə birbaşa “geyçim”lərinizi geyinib, gedəsiniz )) Amma, onu da vurğulamamaq haqsızlıq olar ki, bu neqativ hallar əksər hallarda yalnız yay aylarına təsadüf edir.Lloret de Mar sahil boyu uzanan bir qəsəbədir. Yay aylarında bu qəsəbə yatmır. 24 saat dayanmadan fəaliyyət göstərən restoranlar, gecə klubları, çimərliklər yorulmaq bilmir ki, bilmir. Əllərindəki içki şüşələri ilə sarmaş-dolaş gəzən qızlar, oğlanlar, yaşlılar... Hər tip insan görə bilərsiniz burda. Və hər fərqli tipin ruh halının və düşüncə tərzinın başqa bir insanınkı ilə uzlaşmaq ehtimalı sıfır nisbətindədir. ))) Ona görə də macəra sevən insanlar üçün Lloret de Mar unudulmaz yay tətili imkanıdır – bu imkandan yararlanın )) Yox əgər mənim kimi sakit yerlərə üstünlük verirsinizsə və sizə qələbəlik yox, sükut və təbiət daha çox hüzur verirsə, o zaman Lloret de Mara ya payızda, ya da yazda gedin. Amma mütləq gedin ))) Sizə bəhs edəcəyim gizli cənnət haqqında bu qədər.Növbəti yazılara qədər...PS: Yanında şəkil çəkdirdiyim Bakı nömrəsi olan BMW X5 markalı avtomobil Monacoda, Monte Karlo casinosunun qabağında park etmişdi ))) Kimindir bilmədim, amma ümid edirəm casinodan üzüağ çıxıb )))))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Şirxan Ayxan Adgözəl

1596 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!