8 günlük Zaqatala, Qax, Şəki və Oğuz səyahəti

Deməli dostlar, sizə 8 günlük Zaqatala, Qax, Şəki və Oğuz səyahətimdən bəhs edəcəyəm.

1ci gün. 14 km
Orxan ilə qərara gəldik ki, yürüşə Zaqatalada yerləşən Şamilovka yaylağından başlayaq və bunun üçün yollandıq Zaqatalanın Car kəndinə. Yaylağa gedən piyada cığır çimərlik kafe adlanan istirahət mərkəzinin yanından başlayır .Kafedə işləyənlər bizə 2-3 saatlıq yol olduğunu dedilər, lakin biz 5 saatdan çox vaxt sərf elədik yola və artıq hava qaralanda gəlib Şamilovka yaylağına çatdıq. Yaylaq taxta evlərdən ibarətdir və əhali əsasən yay aylarında burda istirahət və mal qara saxlamaq üçün qalır. Əgər siz gedəsi olsanız mütləq özünüzlə su ehtiyatı götürün, çünki biz adama 0,5l su götürmüşdük və yolun yarısına çatmamış suyumuz artıq bitmişdi. 12 km-ə yaxın yolu qalxmaq elə də asan deyildi. Yaylağa çatan kimi yaylaqda yaşayanlar bizi çaya qonaq elədilər. Bizə çadır qurub gecələməyə münasib yer göstərdilər. Yaylaqda gecə ulduzlar və ay olduqca gözəl görünür. Gecəni ocaq başında kəklikotu çayı içərək, söhbət edərək keçirməkdən aldığım zövqü tərif etməyə söz tapmıram))).

69864804_2127951030847975_5155054223808790528_n (1)

2ci gün 17 km
Orxan səhər tezdən durub günəşin doğuşunu kameraya çəkməyə getdi. Və daha sonra başladıq yaylaqdan Car kəndinə doğru qayıtmağa. Yol boyunca böyürtkən yeyərək özümüzə əlavə güc toplayırdıq))). Yol həqiqətən gözəl mənzərələr ilə doludur. Zaqatala rayonunu və kəndlərini görmək mümkündür.
Zaqatalada isə artıq Orxanın vacib işi çıxdığı üçün Bakıya qayıtmalı oldu. Mən isə yola davam elədim və özümü gecə olmamış Qaxın İlisu kəndinə çatdırdım, çadırımı quraraq orda gecələdim))).

3cü gün 19 km
Artıq tək idim və İlisuda əsas iki yerə getmək istəyirdim. Biri Sarıbaş kəndi, digəri isə İlisu dağ hamamları idi və başladım piyada yola və nəhayət İlisu dağ hamamlarına gedən yola gəlib çata bildim (yol boyunca kənd camaatı məni ingilis zənn edib mənimlə dəfələrlə ingiliscə danışmağa cəhd elədilər . Mən isə onlara Azərbaycan dilində cavab verəndə təəccüblə aaaaa bu bizimkidir ki dedilər)))) və belimdə 15 kq-lıq backpack ilə 6 km-lik daş yola başladım (əgər siz getməkistəsəniz İlisu kəndindən 50 AZN-ə UAZ maşınlar aparıb gətirir hamamlara).

69622008_2127951170847961_4055389673722216448_n (1)

Az getdim çox getdim bir 7- 8 dəfə buz kimi çayı keçəndən sonra nəhayət gəlib dağ hamamlarına çatdım. Burda bir az istirahət etdikdən sonra İlisudan olan dostlarla tanış oldum və qərara gəldik ki, hamamdan yuxarıda kanyonda yerləşən Şahverdi şəlaləsinə yollanaq. Olduqca maraqlı bir kanyon yürüşümüz oldu. Bəzi yerləri iplərin köməyi ilə qalxmalı olduq. Dəfələrlə buz kimi suya girdik və yekunda möhtəşəm şəlaləyə çatdıq))). Şəlalədən qayıdarkən dağ hamamında girib çimdik (hamam suyu 40 °C -ə yaxındır və insan orda çimərkən bütün yorğunluğu çıxır). Nəhayət qayıtdım o gözəl ağac evə, ağac evin yerləşdiyi dərə ayı dərəsi adlanırdı. İki gecə orda qalmağıma baxmayaraq təəssüf ki ayını görə bilmədim ))).
Tək gəzdiyimi biləndə ağac evdə qalan digər insanlar səyahətim haqqında maraqlanırdılar ))).
Hətta bəzən insanlar soruşurdu ki, bu işdə qazancın nədir? Haradansa maliyyə dəstəyi alırsanmı?
Tək gəzməyin bir digər üstünlüyü insanların sizə daha çox kömək etmək istəməkləridir))).

69286143_2127953010847777_5973272749559250944_n.jpg

69414167_2127953494181062_7396049093778210816_n

4cü gün 8 km ( İstirahət günü  )
Telefon şəbəkəsinin olmadığı (şəbəkə üçün təxminən hamamdan 2-3 km kəndə tərəf qayıtmaq lazımdır) sosial media mesajlarının insanı narahat eləmədiyi bir yerdə təbiətlə vəhdətdə olmaqdan zövq aldım. Hamamda çimib, ocaq başında kəklikotu çayı içərək səmadakı ulduzları seyr eləmək məni hədsiz dərəcədə xoşbəxt elədi (təbiətdə olarkən səmadakı ulduzları seyr edib saatlarla xəyala dalmaq möhtəşəm bir şeydir).

5ci gün 18 km
Səhər yol yoldaşım olan backpackımı yığıb yola düşdüm üzü İlisuya tərəf. Məqsədim İlisuda gəzmədiyim bir neçə yeri gəzib daha sonra Sarıbaş kəndinə yollanmaq idi. Dostum Fuadın Şəkidən İlisuya gəldiyini və Sarıbaşa getmək istədiyini öyrəndim))). İlisuya çatar-çatmaz Şamil qalaya getdim. Qalanın yolu dik və günorta saatları olduğundan yol heç də asan olmadı. Oradan Sarıbaşı və İlisu kəndinin möhtəşəm mənzərəsini seyr elədim. Məni üzən məqam qalanın içi və çölünün baxımsız halda olması idi (restavrasiya olunub turizm məqsədi ilə istifadə oluna bilinər əslində).

69270996_2128048714171540_8555003494132613120_n

Nəhayət dostum Fuad da gəlib İlisuya çatanda onunla birlikdə Ram-rama şəlaləsinə yollandıq. Yay ayları olduğu üçün şəlalədə su az idi. İlisuda yerləşən Ulu məsciddə tarixi tikili xoşuma gəldi. Axşam hava qaralanda Sarıbaşa doğru yola düşdük. Yolun gözəl mənzərəsini biz səhər tezdən qayıdanda görə bildik.
Sarıbaşda qaranlıq olmasına baxmayaraq bizi kənd camaatı olduqca xoş qarşıladı, evlərinə qonaq çağırdı. Qaxlı dostlarımdan Sarıbaş camaatının qonaqpərvər olduğunu eşitmişdim (həqiqətən elə imiş). Sarıbaşlıların dili ilə desək “Qax bir üzükdür Sarıbaşda onun qaşı“. Sarıbaşda Məktəbin yanındakı böyük alma bağında ocağımızı qaladıq, çayımızı dəmlədik. Səmada Süd yolu çox möhtəşəm görünürdü. Bu cür açıq gözlə süd yolu çox az kənddə görünür. Kəndin havası o qədər xoş idi ki, insan özünü hədsiz dərəcədə xoşbəxt və gümrah hiss edirdi))) Sarıbaşlılar bizə öz əlləri ilə hazırladıqları pendirdən də hədiyyə elədilər (dadına mütləq baxmalısınız).

6ci gün 16 km
Səhər mən yuxudan oyanmamış Fuad artıq çayı dəmləyib, qayğanağı hazır eləyirdi 
O təmiz havada insanın çox gözəl iştahası olur həqiqətən, insan yedikcə yemək istəyir)))
Daha sonra isə yollandıq kəndi gəzməyə. Kənd SSRİ illərdə olduqca inkişaf etmiş bir kənd olub həmin vaxt kənddə böyük məktəb (2011-də fəaliyyətini dayandırıb) kitabxana, klub və s olub. Kəndin qədim məscidi restavrasiya olunub və olduqca gözəl görünür. Qədim minarəsi hələdə ayaq üstədir və minarədən kənd olduqca gözəl görünür.
Kəndə asfalt yolun olmaması bir növ kəndin tarixiliyini qoruyub saxlayıb. Yoxsa Allah bilir kənd villalarla, kafelərlə, otellərlə dolub daşardı. Tarixi kəndlər mənə hər zaman maraqlı gəlib. Bu baxımdan Sarıbaşı da çox sevdim. Sarıbaşın küçələri, qədimi evləri çox xoşuma gəldi)).

69417748_2127954434180968_6729627167673548800_n

69814515_2127953310847747_5906102948563255296_n

69302778_2127954630847615_789248949864103936_n

Sarıbaşdan İlisuya oradan da üzü Şəkiyə doğru yollandıq.
Qax-Şəki yolunun yaxınlığında yerləşən Kürmük Alban məbədinə də baş çəkməyi yaddan çıxarmadıq. Məbəd I-III əsrlərdə tikilib daha sonralarda təmir olunub, lakin hal-hazırda içi baxımsız vəziyyətdədir.

69301840_2127955387514206_3546919245851918336_n

Şəkidə isə sadəcə Kiş Alban məbədini və Kiş kəndinin qədim küçələrini gəzə bildim. Gecəni isə Adventure Hosteldə Müşfiqə qonaq oldum)))  (məsləhətli yerdir).

69269753_2127955480847530_6635629265779949568_n.jpg

7ci gün 20 km
Həmin gün Müşfiq və 6 nəfər əcnəbi turist ilə yenidən yollandıq İlisuda yerləşən hamamlara və oradan da kanyon boyunca Şahverdi şəlaləsinə doğru. Turistlər şəlaləni görəndə “amazing” dedilər və yürüşdən olduqca razı qaldılar. Biz isə Müşfiqlə hamama girərək yol yorğunluğunu çıxardıq))).

8ci gün 14 km
Şəkidən Oğuz rayonunun Calut kəndində yerləşən Alban monastırına yollandım. Monastır V-VI-cı əsrə aiddir, lakin baxımsız vəziyyətdədir. İçində inəklərin gecələdiyi məlum olurdu.

69724184_2127957007514044_3297014001048748032_n

Əslində Oğuzu bir neçə gün gəzməyi istəyirdim, lakin meşə yanğınları səbəbi ilə bir tək Calut ilə kifayətləndim.
Yürüş boyunca təxminən 130 km piyada yol qət etmiş oldum.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ulvi Aslan

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s