İtaliya bələdçisi – İkinci hissə (Yurdumun insanları)

Birinci hissədə yazdığım kimi İtalyanları Avropanın qafqazlıları adlandırırlar və bu adlandırma əbəs yerə deyil:) Qafqazlılar kimi səsli-küylü, istiqanlı, kişiləri qadınlara qarşı həddindən artıq diqqətli, dadlı yeməklər hazırlayan, sevən, qanun-qayda saymayan bir millətdirlər:)
Romanı və insanlarını xüsusilə çox sevdim, bəlkə uzun müddət orda yaşayanlar belə düşünmürlər amma turist kimi mən xeyli mehribançılıq gördüm:) Orda qaldığım 2 gün yarım ərzində hara girdimsə, kimdən nəsə soruşdumsa hamısı mehriban şəkildə suallarıma cavab verib və hamısı da avtomotik şəkildə gəldiyim ölkəni soruşublar:)

Saatlarla uzun-uzun gəzdikdən sonra Romada, şəhər mərkəzindəki kiçik, amma ürəyi böyük bir kafedə oturdum:) Ən dadlı pastanı seçməyə kömək edən ofisiant qız ( İtalyan kimi İtalyan!:) sifarişimi götürdükdən sonra haradan olduğumu soruşdu. Azerbaijan deyəndə qız dayanmadan “wow”, “wow”, “wow” etməyə başladı, əlini ağzına tutdu, gözləri yaşardı az qala. Mən şoka düşmüşəm, yoxam orda artıq, bilmirəm nə baş verib. Qız sevinə-sevinə içəri getdi, 1 dəqiqə keçməmiş məni restoranın içərisinə çağırdı ( mən bayırda oturmuşdum), getdim gördüm ki, şefi, onun yardımcısı, ofisiantları yığıb məni təqdim edir, “baxin, bu qız azərbaycandandır” deyə. Nə reaksiya verəcəyimi də bilmədən mat-mat sifətlərinə baxıram, şef əlimi sıxdı, bildirdi ki, əvvəl də Azərbaycandan olan müştəriləri olub. Bir az dil-ağız edəndən sonra yenidən keçdim yerimə, pastamı gözləməyə, yenə ofisiant qız gəldi:) Qız elə xoşbəxtdir ki, yerə göyə sığmır. Mənə dedi xahiş edirəm, mənə Azərbaycanın şəkillərini göstər, mənə insanlarınızdan danış, yeməklərinizin şəklini göstər. Qıza googledan xeyli şəkillər göstərdim, insanlarımızdan danışdım, dedim bəs belə qonaqpərvərik, belə istiqanlıyıq (qız hər cümləmə wow, wow edib, hə, sənin kimi deyirdi), mətbəximizdən yoxdur, ölkəmizdə hər şey zordur😀Gördüm mən danışdıqca qız az qala qəhərdən boğulub ağlayacaq, fikirləşdim yəqin azərbaycanlı sevgilisi olub, nisgili böyükdür. Soruşdum ki, sən bəs harda eşitmişdin bizim ölkə barədə, necə tanış olmuşdun Azərbaycanla? Qız mənə deyəsən ki, bəs mən birinci dəfədir eşidirəm sizin ölkənin adını, bundan qabaq heç vaxt azərbaycanlı biriylə tanış olmamışam:) Heç nə, pastamı yeyib, hesabı ödəyib, qızdan da avtobusun nömrəsini soruşub çıxdım😁 Da ağartmadım üstünü😁

20953500_1189494481155302_75616449216684269_n
Elə həmin avtobusun dayanacağına gedəndə avtobusu dəqiqləşdirmək üçün 80 yaşlarından bir nənədən bir də soruşdum. Nənə dedi, bala, elə düz gəlmisən, bu avtobusdur, yolumuz da birdir:) Yolda dedi, a bala, bəs hara maralısan, hansı güzəran gətirib səni buralara? Dedim, ay nənə, bəs mən Azərbaycandanam, məni İtaliya sevgisi gətirib buralara:) Kaşki söhbəti ən yaxşı yerində sonlandırardım və arxasını eşitməzdim, nənə mənə şillə kimi cavab verdi. Deyəsən ki, bəs mən sizin ölkəni çox sevirəm, iki il bundan qabaq Eurovision ərəfəsində sizin ölkəyə gəlmək üçün vizaya müraciət etdim, mənə viza vermədilər! Nənə danışdıqca kədərlənirdi, məndən xeyli Bakı haqqında soruşdu və sonra dedi ki, bala, elə sənin gəlişin Allahdan oldu, mən bu il padruqamla yenə də Bakıya gəlmək üçün vizaya müraciət edəcəm. Dedim sənə viza verməyənlər ölsün, ay Nənə! Bu yaşında qadın Bakı eşqiylə alışıb yanır amma viza ala bilmir. Nənəylə xeyli söhbətləşib düşdük, dedik növbəti dəfə inşallah Bakıda, 65 nömrəli avtobusda görüşərik !:)

Həmin günün səhərisi gəzintimi davam etdirəndə yenə bəzi souslar və ədviyyalar almaq üçün bir marketə girdim. Dəqiq xatırlamıram, satıcı səhv etmirəmsə, əfqan idi. Bir xeyli ədviyyaları seçməkdə mənə kömək edəndən sonra hardan olduğumu soruşdu. Azərbaycanlı olduğumu deyəndə, ooo, ohoo Azerbaijan, Azerbaijan deyib gülümsəməyə başladı:) Bu söhbətin axırının haralara gedib çıxacağını gözləyirdim ki, sağ olsun, çox gözlətmədi məni, hekayəyə başladı:) Edit: Statusdakı bütün yazdıqlarım real həyat hekayələrinə əsaslanır😂 Bunu ona görə qeyd edirəm ki, elə biləssiz bu zarafat idi, amma bütün müqəddəslərə, İtaliya sevgimə and olsun ki, deyildi:) Dedi mənim bir azərbaycanlı dostum var idi, o bir dəfə Azərbaycandan toy kaseti gətirmişdi. O, mən və bir İtalyan dostumuz sizin toya baxdıq, çox xoşumuza gəldi sizin toy mərasiminiz. Kasetə baxanda italyan dostumuz bir qız bəyəndi:) Bizim xeyirxah azərbaycanlının sayəsində qız da italyanı bəyənib:) Bunlar 10 il skypla danışıblar və bu məsələ xoşbəxt sonla bitib:) Keçən il nəhayət ki, evləniblər və mənim bu satıcı əfqan da onların toyunda iştirak edib:)
Daha bir mutlu hekayəni bitirərək diğərinə keçirəm:)

Yenə də axşama yaxın bütün Romanı ələk-vələk edərək, bütün rəssamların çəkdiyi rəsmlərə bir-bir baxaraq, bütün küçə çalğıçılarının konsertlərində şəxsən iştirak edərək, bir az dincəlmək, dincəlmək bəhanə, bir tərəfdə gitara ilə Pink Floydun “Another brick in the wall”nu ifa edən küçə musiqiçilərinin ifasını eşitmək, yanında da show göstərən qara dərililərin performansını izləmək üçün çox strateji bir obyekt seçərək, Panteon kilsəsi ilə üzbəüz olan bir kafedə oturdum. Romaya gəlib tiramisunu yoxlamadan da getmək olarmı (bunlar hamısı behane, tiramisu şehane)? Yox təbii!:) Elə tiramisumu sifariş verəndə növbəti azərbaycansevər ofisiantla qarşılaşdım:) Narahat olmayın, bu qardaş lap real azərbaycansevər çıxdı:) Azərbaycanı lap yaxından tanıyan, ürəyi Azərbaycan eşqiylə döyünən bir rus senyor idi:) Xeyli söhbətləşdik, məndən Bakı haqqında soruşdu, ən dadlı tiramisunu məsləhət gördü:) Yəqin yanında da çay olacaq deyə, bütün mahiyyətimizi ortalığa tökən bir sual da verdi😀 Tez-tez gəlib əhvalımı yoxlamaq bəhanəsilə Bakı haqqında sorğu edirdi məni (bir növ Bakı sevgisi və sualları ilə istismar etdi məni!:). Doğurdan da qardaş çox yaxşı adam idi, 5-ce dənə də dil bilirdi. Deyəssiz ki, bəs yaxşılığını hardan bildin?:) Sən demə, bu kafe card qəbul etmirmiş, mənim isə üstümdə cash pulum yox idi. O bunu mənə deyəndə mən də normal olaraq, panikaya düşdüm. Panikaya düşdüyümü görən yardım, həm də azərbaycansevər ofisiantımız dedi “no panik”, heç narahat olma, sən mənim qonağımsan, qardaşlıq hər şeydən irəlidir. Sənin hesabını mən özüm ödəyəcəm. Onsuz da quru bir maaş üçün bütün gününü ayaqüstə keçirən, o yan-bu yana qaçan mehriban ofisiantın sözləri lap stressə saldı məni. Çantamı diblərinə qədər eşərək, tam-tamına, hesabıma yetəcək qədər 9 avro tapdım. Sevincək pulumu ortaya qoysam da, “yox, yox, narahat olma, sənin pulunu mən ödəyəcəm, bəlkə pula ehtiyacın olar” deyə pulumu geri qaytarmağa çalışdı. 100 dəfə təşəkkür edərək, hər şeyin yaxşı olduğunu bildirərək, mehribanlıqla ayrıldıq😃

20953127_1189494447821972_4776607256624519790_n

Əslində yazacaqlarım daha uzun, hekayələr daha çox idi amma uzun olduğuna görə burda kəsirəm:) Sizin də səyahətlərinizdən belə kiçik hekayələrinizi oxumaq umidilə! 

P.S. Şəkillər yenə də Google’dandı:)

19 Avqust 2017

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:Narmin Kamilsoy

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s