Afrikaya ilk səyahətim, Keyptaun

CAR…Bəli, Cənubi Afrika Respublikası…yenə də getmərəm dediyim ölkəyə 18 saatımı təyyarədə keçirərək həyatımın ən uzun hava səyahətini etmişdim. 18 saatlıq uçuşdan sonra Bakıda quruyan payız yarpaqları budaqlara yaşıl günlərimizi unutma deyərək ayrılıq yaşayarkən, cənub qitəsində tumurcuqlanan ağaclar, yarpaqlar yeni həyatlarına qədəm qoyurdular. Çün, orda fəsli Bahar idi…

Afrika məndə özünə qarşı Michael Kiwanuka oxuduğu kimi love&hate münasibəti yaratdı… dost tanış hamı ehtiyatlı ol, ora çox təhlükəlidir deyib təzyiq göstərmişdilər, hətta qara dərililərin ağları girov götürüb yalnız pul qarşılığında azad buraxdıqlarını deyənlər də olmuşdu. Təbii Afrikadan sağ-salamat qayıdan kimi ilk iş dostluq siyahımı yenidən nəzərdən keçirmək oldu. Yaxşı ki, “Google knows almost everything”, bloggerlərin hamısı deyirdi ki, düşündüyünüz qədər təhlükəli deyil, heç bir problem yaşamadıq, gül kimi yerdir. Sözsüz ki, Afrika ayıq turist olmalı olduğunuz məkandır, hətta Kenya, Tanzaniyadan gəlmə taksi sürücüləri belə dəfələrlə xəbərdarlıq edir ki, bel çantanızı qucağınızda saxlayın, şəhərdə əlinizdə pasport gəzməyin.RBZC9453-768x1024

Afrikanın zəngin koloritini, kontrastı hələ aerportdan mərkəzə kimi uzanan magistral yolda gedərkən hiss etmək mümkündür. Digər Afrika ölkələrindən qaçqın kimi gəlib çoxlu tələbləri olan, ağlara nifrət edən, hökumətə qarşı etirazlarını bir vaxtlar körpüdən kərpic, daş ataraq yerli əhaliyə zərər verən, mərkəzdən izolə şiferdən müvəqqəti sığınacaqlı məhəllələrdə yaşayanlar

və ya

okeana möhtəşəm mənzərəli, axşam yeməklərini yüksək zövqlə dizayn edilmiş sahildə sıra ilə düzlənmiş növbəli kafe və restoranlarda saatlarla Afrika şərablarından və kərtənkələdən tutmuş ceyran ətinə kimi qeyri-kosmik qiymətlərə ləziz təamları dadan, Afrika ritmlərini hiss etdirtən “gəzən canlı xor”-dan həzz alan ağlı qaralı yerli əhali.

Axşam olan kimi hamı şəhərin ən sivil, hüzurlu və təhlükəsiz yeri olan Waterfronta Viktoria&Alfred limanına üz tutur. Müxtəlif dizaynerlərin, yerli və xarici brendlərin maraqlı geyim aksessuarlarını, gözəllik vasitələrini özündə birləşdirən bir gün vaxtınızı tələb edən Victoria&Wharf alışveriş mərkəzi və bu gün görəsən harda oturum deyə fikirləşəcəyiniz bir-birindən fərqli steak, dəniz məhsulları, yerli mətbəxi təklif edən kafe və restoranlar. CAR ölkə olaraq həm ağlara, həm də qaralara fərq qoymayan mehriban bir ölkədir. Bir zamanlar ulu babalarının irqi ayrı-seçkilikdən əziyyət çəkdiyi Afrikalılar bu gün kafedə ağlarla birlikdə çiyin-çiyinə çalışır, yerli əhaliyə xidmət edir, birlikdə zarafat edib gülürlər, bununla da utanc dolu keçmiş tarixi sanki yuyurlar.QVAK0969-768x1024

SƏN DEMƏ…
Kafelərdə diqqətimi çəkən bir məqam da saçları düz olan, səliqə ilə yığılan Afrikalı qadınlar oldu. Sən demə Afrikada yalnız varlı qadınlar saçlarını düzləşdirə bilirlərmiş, çünki genetikanın onlara miras qoyduğu hədsiz buruq və qalın saçlara qulluğu hər qadın edə bilmir. Və sadə həll yolu olaraq saçlarını dibindən kəsib hazır yumşaq düz saçlı pariklər taxmaqda tapıblar. Ya da təbiilik gözəllikdir deyib uşaqlıqdan hörülən sim kimi saçlarla gəzirlər.

Axşam düşür hər yer qaranlıqlaşır və işıqlı havada özünüzü nisbətən rahat hiss etiyiniz Keyptaun sizə qorxulu nağıllarını danışmağa başlayır. Kvartal boyunca arxanızca gəlib sizdən “maaaam, please” deyib əlini göz səviyyəsinə qaldırıb pul dilənən digər Afrika ölkələrindən gəlmələr, “hey, bro, bro” deyib sizə nəsə satmağa çalışan drug dealers-lər və kvartallar arası ünsiyyəti nədənsə qışqırmaqda görən əcaib səsli qadınlar. Təbii bu mənzərə ilə işıqlı vaxtlarda da qarşılaşa bilərsiniz. Lakin, addımbaşı Public Security olduğundan nisbətən rahat olursunuz.

HARDA QALDIM?

Afribode Old Mutual Apartments – 1940-cı illərdə sığorta, maliyyə xidmətləri mərkəzi olan, parlament binasına yeraltı gizli keçidi olan, Hollivud filmlərinin çəkildiyi, Nelson Mandelanın da ziyarət etdiyi Darling küçəsində yerləşən təhlükəsiz bina-Mutual Heights. Bura airbnb tipində ev sahiblərinin kirayə verdikləri mənzillərdən ibarət hündür mərtəbəli binadır. Həm də Misirdəki Piramidalardan sonra qitənin ən hündür tikilisi olub. Mən 8-ci mərtəbədə 50m2-lik Mutual Heights 810 mənzilində qonaq otağı, mətbəxi və ikinci mərtəbəsində king yataq otağı olan mənzildə gecəsi təqribən 150 manata qalırdım. Şəhərə və Table Mountain-ə möhtəşəm mənzərəsi olan rahat, işqlı, zövqlə dizayn edilmiş mənzil idi. Afrikaya işlə bağlı yolunuz düşsə elə burada qala bilərsiniz.DKIX7438-1024x768

HARALARI GƏZDIM?

Long street-uzun mərkəzi küçə imiş, amma ağlınız bizim bəzəkli, işıqlı maşın keçməyən Nizami küçəsinə, İstanbulun İstiqlaliyyət caddesinə getməsin. Kiçik suvenir mağazalar, etnik kafe və restoranlar, rəngli bəzəkli bir-birinə meydan oxuyan 2-3 mərtəbəli binalar olan küçədir. Buradan suvenir almayın, endirim etməyə çalışsanız “siz türksünüz?” deyə gülən bir üzlə qarşılacaqsınız. Amma nə yalan deyim, işə yarayır. Qabağa düşdüm deyib mağazadan qürrələnib çıxmağımız Victoria&Wharf-a kimi çəkdi. Çünki orda olan suvenir mağazalarında taxta qaşıqlar, keramik saxsı qablar elə endirdiyimiz qiymətə idi və fərqli olaraq yaxşı bağlama ilə yola saldılar. Ona görə shopping mall üçün ancaq və ancaq Waterfront deyirəm. Lakin long street-də Mama Africaya getməlisiz. Canlı Afrika ritmlərini sizin də duymağınıza şərait yaradırlar. Məsələn mən drums arzumu orada reallaşdırdım, anda itmək nə demək imiş orda yaşadım, sonda mənə qalan isə xatirə video və keyiyən qollar oldu.

Greenmarket Square– bildiyiniz küçə bazarı, səhər açılıb axşam yığışdırılan açıq havada tarixi 17-ci əsrə kimi uzanan meydan bazar. Oradan nəsə almağı məsləhət görmürəm, söz soruşsaz və ayrılsanız “almayacaqdınsa niyə yaxınlaşırdın?” ifadəli qəzəbli xalalar görəcəksiz, ya da mənim bəxtimə eləsi düşmüşdü.

Cape of Good Hope– mərkəzdən 1 saatlıq məsafədə yerləşən, bir vaxtlar gəmiləri əldən saldığı üçün “Fırtına burnu” adlanan, daha sonralar isə Portuqaliya kralı II Juan tərəfindən “elə deməyin, Hindistana dəniz yolunu burdan tapacağıq” ümidi ilə adlandırılan Ümid burnu. Cape Point-ə giriş etmək üçün 303 rand və ya 38 azn ödəniş etməlisiz və bir az da girişdə növbə gözləməlisiz.

Soyuq Atlantik okeanı ilə isti Hind okeanın qovuşması, çox uzaqlarda üfiqdə gizlənən Antarktida qitəsinin səssizliyini, zümrüdü firuzəyi okean dalğalarını duymağa çalışarkən birdən 17 dərəcə havada anidən Mayakdan aşağı düşən bikinili, ağ dərili, uzunboylu, ortayaşlı xanım. Necə olur, hardan çıxdı deyib təəccüblənərək düşdük aşağı və üzümüzü tutduq Pinqvinlərin sahildə turistləri vecinə almadığı kurorta Boulders Beach sahilinə- Noyabr ayı pinqvin koloniyasını görmək üçün ideal mövsümdür. Hamının bir-birinə “bu səs pinqvinlərdən çıxır?”, deyə təəccübləndiyi uzunqulaq sayağı səslərdən ibarət, yırğalana-yırğalana gəzən, okeana addım atanda müvazinətini itirib suya üzü üstə şapalaq kimi dəyən şirin, ayağı gödək canlılar. Turistlər çakkaçak şəkil çəkəndə, “ouu voov” edəndə bəziləri üzür, bəziləri ağ qumda uzanıb günəşlənir, bəziləri kölgəyə çəkilib yatır, bəziləri də turistlərə baxıb selfilərinə bixəbər poz verirdi. Bura qoruq idi ona görə də pinqvinlərlə təmas qura bilmirdik, həm də giriş üçün 18 man pul verməli idik. Bir az fərasətli olsanız 60 yaşlı turistlərdən ibarət qrupların sıxlığından istifadə edib biletsiz də giriş edə bilərsiniz. Çünki biz etdik)) Lakin bir az irəlidə pulsuz da pinqvin görmək, hətta toxunmaq şansınız var imiş, düzdür sayları az olsa da… Bizim pinqvin turumuz qaçaqaç aeroprata tələsdiyimiz vaxta düşdüyündən yaxşı ünsiyyət qura bilmədik, lakin, xatirə qalsın deyə özümə pinqvin formalı taxta qələm aldım.WWAJ2855-1024x768

Table Mountain-Təbiətin yeni yeddi möcüzəsindən biri sayılan, Afrikanın simvolu, Keyptauna möhtəşəm quşbaxışı mənzərə açan, kənardan baxanda stola oxşayan 1085 m-lik dağ. Ora qalxmaq üçün də şanslı olmalısınız. Qondola kanat yolu ilə 40-50 nəfər adamı hava sakit, səma açıq olanda 700-800 m hündürlüyə qaldırır. Əgər yağış, külək, duman varsa kanat işləmir. Cəmi bir ədəd kanat olduğundan növbə qaçınılmazdır. Onun da həlli var imiş, online bilet alıb növbədən canınızı qurtara bilərsiniz ki, biletin də qiyməti 36 man-dır. Bir çox turist bixəbər növbədə vaxt itirirdilər.

ÖZLƏRININ DƏ DEDIYI KIMI – YOU ARE HOME IN AFRICA!
Buludların ayağınızın altında, qaya dovşanlarının dağ başında meditasiya etdikləri, mənəvi istirahəti tapacağınız, özünüzü azadlığın zirvəsində təbiətlə, vəhdətdə hiss edəcəyiniz və mütləq saatlarla tənbəl-tənbəl vaxt keçirməli olduğunuz məkandır. Necə də möhtəşəm idi, bir az da qalıb günəş batımına baxa bilərsiniz, şübhəsiz ömrünüzün ən gözəl gün batımı mənzərəsi olar. Təəssüf ki, vaxt qıtlığından biz bunu edə bilmədik. Dağa hikinglə qalxıb indi də enməkdə olan turistlərə paxıllanıb qalxdığımız göylərdən yerə düşdük.

BƏS NƏQLIYYAT?

Biz Uberdən istifadə edirdik. Çox sərfəli, sürətli, komfortludur. Sürücülərin əksəriyyəti qara dərilidir və başqa Tanzaniya, Kenya kimi ölkələrdən gəlmədirlər. İndi sual verə bilərsiz ki, Afrika deyirsən əlbəttə qara dərili olacaqlar. Məsələ orasındadır ki, Afrikada ağların da sayı heç az deyil. 4 günlük turda müxtəlif sürücülərlə qarşılaşdıq: bürcünüzə uyğun sizə xarakter icmalı verən hipster görünüşlüdən tutmuş, Afrikada doğulub böyüyüb, Filippinli qadınla ailə həyatı qurub, qızı ilə fəxr edən təqaüd dövrünü uber sürücülüyü ilə keçirən, dilənçilərin yaxınlaşdığını görüb maşının qapılarını kilidləyən anlayışlı və tədbirli 60 yaşlı holland əsilli mehriban adama kimi.DBGV5527-1009x1024

BƏS YAXŞI NƏLƏR ALA BILƏRƏM?

Getməzdən əvvəl internətdə “must have” siyahısına baxdım, təxminən bunlar idi: taxta qaşıqlar, suvenirlər, keramikadan qablar, yumşaq roibos çayı, African jazz diski (korinnoy Afrikalı xanımın məsləhəti ilə 10 manata iki ədəd Hugh Masekela və Sipho Gumede disklərini aldım), pinqvin formalı istənilən suvenir, şokolad, ədviyyat, dəriyə qulluq vasitələri (Aloe, African extracts), Made in South Africa emblemli geyim, kosmetik vasitələr və s.

4 günlük CAR səyahətimi bu qədər zəngin xatirələrlə yaşayacağımı düşünməmişdim. Ənənəvi Viktoriya, holland stilli arxitekturası, hörülmə dəmir balkonlu 3-4 mərtəbəli sadə, həm də təntənəli tikililəri, zəngin mətbəxi, roibos çayı, milliyyətini məxsusi şəkildə aşkar nümayiş etdirən, amma “ehtiyat igidin yaraşığıdır” deyib elektrik naqilləri ilə bəzədilmiş hasarlı yəhudi və digər millətlərin evləri, qoltuğunda surf taxtası ilə okeanda dalğalarla yarışmağa gedən kim bilir, bəlkə də qayıdan, sahildə gəzişən sarışın gənclər…

Əsrarəngiz təbiətli, uzaqdan bir qarış görsənən, lakin gəzib bitirə bilməyəcəyiniz Keyptaundan çox zövq alacaqsınız. Ən əsası isə bura Afrikalı deyib ağlınıza ancaq qara dərili gələn ölkə deyil, alman, holland əsilli Avropalıların da qürurla Afrikalıyam dediyi bir ölkədir.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nata Hasanova

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s