Stereotiplərə qarşı İran səyahəti

Belə görürəm, Avropadan postlar kifayət qədər çox olur. Mən də dedim marağınızı tam başqa yerə, sevimli qonşumuz İrana çəkim  1 il əvvəl demək olar ki, bir anda qərar verib, dostlarımı və çoxdan görmək istədiyim İranı görməyə getdim. Birbaşa durub getdim avtovağzala, güc-bəla ilə bir Astara avtobusu tapıb, yola düşdüm. Avtovağzaldan sərhədə çox qısa yoldur, piyada, və ya 1 manata taksiylə getmək olur. Sərhədi keçmək kifayət edir ki, İrana gedib-getməyəcəyinizi bir daha düşünəsiniz. Hər şeyi əllə dəftərə yazan, kobud danışan, heç nəyi izah etməyə əziyyət çəkmək istəməyən, bir az qəribə geyimli adam görən kimi incitməyə çalışan qəribə sərhəd işçiləri var. Sərhədi keçdim və İrandaydım. O an bir daşın üstünə oturdum, düşündüm, bəlkə geri qayıdım. Sərhədi keçən kimi taksistlər və pul dəyişmək istəyənlər adama elə bir hücum çəkir ki, dünyanın ən qorxulu filminin baş rolunda hiss edirsiniz özünüzü. Biri çantamı əlinə alıb getməyə başladı ki, maşınına qoysun, biri pulları gözümə soxur, hamı qışqırır, uşaqlar ağlayır, rəsmən real olduğuna inanmırdım. Qarışıqlıqdan güc-bəla ilə canımı qurtarıb bir az irəliyə getdim, təəssüf ki, çox səhv bir qərarla bir taksiyə mindim. Adamın mənə pul atmaq üçün elədiyi oyunları danışsam, dəli olarsınız. Deyir ki, istədiyim pulu verməsən, səni burda düşürdəcəm, qoy səni zorlasınlar. Məndə də az yoxdu, dirəndim, birtəhər gedib çıxdım Rəştə gedəcəyim avtovağzala. Qəribə bir taksiyə mindim, adam 3 saatlıq yolu 6 saata getdi, yolda yüklər çatdırırmış, bir-birimizi də heç cür anlaya bilmirik ki, izah edim ki, çox tələsirəm, məni dostlarım gözləyir. Hər dəq düşür çay içir, mənə də təklif eləyir, rominqim də işləməmək üçün dirənir, heç olmasa telefonla yardım istəyim. Hava da qaranlıq. Birtəhər çatdım Rəşt avtovağzalına. Artıq özümü hazırlamışdım ki, dostlarım məni 2 saatdan artıq gözləyən deyil, gəlməyəcəyimi düşünüb, çıxıb gediblər Tehrana. Onları görəndə necə sevindim, izah eləyə bilmərəm. 22365376_10214150583177830_2326914261277447983_n

İrana təzə düşəndə özünüzü necə aparacağınıza şübhə etməyə başlayırsınız. Məsələn, qərar verə bilmirəm ki, dostlarımı qucaqlaya bilərəm, yoxsa yox, iranlılarla əllə görüşüm, yoxsa yox  Stereotiplər o qədər çox olub ki illər boyu. Əslində isə hər şey o dərəcə dəhşətli deyil. Sadəcə bir az geyiminizə, hərəkətlərinizə diqqət etsəniz, hər şey yaxşı olacaq.

Rəştdən yola düşdük Tehrana. Həyatımda Tehran qədər mənasız bir şəhər görməmişəm. Fars dilində yazılar görməsəniz, harada olduğunuzu anlamaq mümkün deyil. Şəhərin heç bir özünəməxsusluğu yoxdu, böyük bir xaosdan ibarətdi. İnsanlar vəhşi kimi maşın sürür, şəhərin mərkəzi haradı, kənar haradı, anlamaq olmur, kolorit yox, ruh yox, tərz yox. Taksi baha sayıla bilər, təxminən bizdən 2 dəfə artıq. İranlı tanışlar bizi daim bahalı kafelərə aparmağa çalışırlar, ən qlamur kafeləri bizim batmaq üzrə olan kafelərdən fərqlənmir. Pizzeriaya getdik, elə pizza növləri vardı ki, italyanlar ömür boyu eşitməyib. Ən geniş menyusu olan kafenin menyusu cəmi 2 səhifədən ibarət olur. Allahın unutduğu yer dedikləri bu olmalıydı. Təəssüf, metroya minə bilmədim, çünki iranda maşınsız olmaq beyinsiz olmağa bərabər kimidi, qızlı-oğlanlı bir az işi-gücü olan adam da maşın sürür. Dostlarımız maşınsız çörək almağa belə getmirdilər.

Kabus sona yetdi və nəhayət, Şiraza getdik. İranın necə görünməyinə baxmayın, bizdən daha çox turistə alışıblar. Otellərin heç birində soruşmurlar ki, qızla oğlan bir otaqdamı qalır, qalırsa nigahı varmı və s. Çox rahatdılar. Şiraz balaca, gözəl şəhərdi. Tehrandan sonra dərman kimi gəldi. Çox gözəl məscidləri var, “pattern” cənnətinə düşmüş olursunuz. Çoxlu bağları var, insanlar istirahət üçün adətən bu bağlara gedir. Ən çox Eram bağını bəyəndim. Bağda saatlarla vaxt keçirirdik, çəmənlikdə yatırdıq, özümüzlə yemək aparıb yeyirdik. Bağlara və bəzi məscidlərə giriş pulludur, yerli və xaricilər üçün dəhşətli fərq var. Yerlilərə giriş bizim pulla 2-3 manat, xaricilərə 20-25 manat olur. İrana gedəndə çox böyük bir səhv elədim, bir azca dil öyrənmək işimi çox asanlaşdıra bilərdi, çünki heç kim xarici olduğumu hiss etmirdi. Çox rahat yerli biletlərlə gəzə bilərdim 🙂 Məscidləri də çox gözəldir, məncə, hamısını gəzmək lazımdır, 10 gün vaxtım olduğu üçün çox rahat qarış-qarış gəzdim Şirazı, amma qısa vaxtda da çatdırmaq olar. Nəsir əl mülk məscidi aura olaraq ən unudulmazı oldu mənim üçün. Ora mütləq səhər 9-dan gec olmayaraq getmək lazımdır ki, rəngli şüşələrin əksini günəş içəriyə vursun. Biz bir az gecikmişdik, amma hər bir halda gözəl idi. Məscidlərdə uzun müddət oturub, dincələ bilərsiniz, insanlarla tanış olub, söhbət edə bilərsiniz. Məscidlərdə tanış olduğum iranlılar mənə çoxlu hədiyyələr verirdilər (adətən təsbeh ).22448150_10214150583977850_3720527397194725783_n

Sentyabr ayı dəhşətli dərəcədə isti idi. Orqanizmim çox əziyyət çəkdi. Orada yarım litr su almaq anlayışı olmur. Marketdən birbaşa 2 litrlik su alıb gəzirsiniz, quruluqdan bədən tamamilə taqətini itirir. Günə 6-7 litr su içirdim, yenə də kifayət etmirdi. Yemək baxımından da çox əziyyət çəkdim, addımbaşı ancaq lülə kabab və düyü satırlar, başqa yeməklər tapmaq çox çətindir. 6 ya 7-ci günüm idi, bədənim yeməkdən tamamilə imtina etdi. 2 günə yaxın heç nə yeyə bilmədim, arada bir neçə meyvəni, çayı və suyu çıxmaq şərti ilə. Çay demişkən, İranda möhtəşəm çay səfası edəcəyimi düşünürdüm, çox yanıldım. Əksər kafelərdə paket çay verirlər. Amma möhtəşəm halvaları və nabatları olur. Kafelərdə çay çox ucuz olur, yemək isə təxminən porsiyası 10-12 manat arası. Amma porsiya həddən artıq böyükdür, bir porsiyada 2 şiş lülə kabab və az qala bir qazan düyü olur. Yeməyin yanında hamı pivə içir, əvvəlcə mən də sizin kimi çaşdım, sonra alkoqolsuz pivə olduğunu öyrəndim.

Hər addımda isə sizə şiraz şərabı və araq təklif edirlər. Restoranların çoxunun xüsusi “2-ci mərtəbə”ləri olur. Ümumiyyətlə, şəhərdə hamı içir. Dükana girib nəsə alırdıq, görürdülər xariciyik, içki təklif edirdilər, arxaya keçirdik ki, yığışıb 5-6 nəfər araq içir. Amma içkilərin keyfiyyəti fəlakətdir. Bir dəfə şərabın dadına baxdım, üzüm sokuna tibbi spirt töksəniz, daha dadlı olardı.

Əsas məsələni deməyi unutmayım, İranda plastik kartlarınız işləməyəcək  Mən hər səfərimdə olduğu kimi, işlətməyi planladığım cash pulu götürürəm, kartlarımda da çətin anlar üçün dollar və eurolar saxlayıram, İranda isə bu gülüş obyektinə çevrildi  Burada mastercard, visa və s. keçmir, öz kart sistemləri var. Ödəmə eləyəndə də kartı verib pin-kodu deyirsiniz, pin-kodu özün yığmaq söhbəti yoxdu 

Ümumiyyətlə, İranda turistlərə böyük hörmət var. Hamının hər addımda pul atmağa çalışmağına baxmasaq, əhali turistləri sevir. Bir az da qəribə baxırlar. Durduq yerə sizinlə şəkil çəkdirmək istəyirlər, sanki yad planetlisiniz  Bir də qorxurlar sanki. Geri dönüşümdə tək idim, sürücü, köməkçisi filan üstümdə əsirdilər. Hər dəqiqə halımı soruşurdular, razıyammı, xoşbəxtəmmi, çay, su təklif edirdilər. 22365187_10214150573137579_3116858497080924447_n

Astaraya geri dönəndə 17 saatlıq avtobus səfərim var idi. Mən Bakıdan Tiflisə hər gedəndə o 9 saat dəhşət gözümə dururdu, bu 17 saat necə keçdi hiss eləmədim. Avtobusları bir az baha, amma inanılmaz rahat olur. Mən bileti gec aldığım üçün 2-ci dərəcəli bir şirkətdən almalı oldum, ona görə qorxurdum. Amma o yarı-luks şirkətin belə avtobusu çox rahat idi. Geri qayıdanda yaxşıca yatırdım, ayaqlarımı toplayıb kresloya yığışmışdım. Birdən qışqıraraq oyandım. Sürücünün köməkçisi üstümə ağır bir parça atmışdı. Şalvarda olmağıma baxmayaraq, görüntü xoşuna gəlməmişdi. Mən də hirslənib parçanı yerə atdım. Bunu çıxmaq şərtilə çox rahat qayıtdım  Geri dönüşdə acmışdım, 4-5 kafesi olan bir yerdə saxladılar, hər yer kabab idi, iyrənirdim artıq. Birdən gözüm hot-doq yazısına ilişdi. İran səfərim boyu dirənib yemədim, çünki o sosislərə güvənə bilməzdim. Amma elə ac idim ki, kababdan başqa tək seçimim o oldu. Bu, həyatımda yediyim ən ləzzətli sosis idi. Hot-doqun tərkibiylə bir az oynamışdılar, o nə dad idi! Porsiya da ki giqant.

İran yeganə ölkə oldu ki, öz sərhədlərimizə daxil olanda dəhşətli dərəcədə xoşbəxt idim. Astaraya çatanda özümü çox güvəndə hiss etməyə başladım. Halbuki, İran təhlükəlidir deyə bilmərəm. Vətən sözünü ilk dəfə ürəkdən dedim  Və saçımı, qollarımı örtən o ağırlıqlardan elə bir sevinclə qurtuldum ki, geyimin də azadlığın bir parçası olduğunu anladım və azadlığın ən gözəl sərvət olduğuna əmin oldum.

Amma soruşsalar, bəli, Şiraza, İsfahana bir daha gedərdim və bəli, xoşbəxt bir səfər keçirdim 

Bu çox uzun yazı üçün bura qədər oxuya bilənlərdən üzr istəyirəm. Başqa suallarınız olarsa, yaza bilərsiniz. Bu yazı demək istədiklərimin dörddə biri belə deyil 

Sevgilər 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ayuk Utopik

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s