Avtraliyanın iç üzü

Artıq beşinci ildir ki, Avstraliyada yaşayıram. Bura gəldikdən az sonra bu ölkənin böyük şəhərlərinə səfər etməyə başladım. Belə baxanda, Avstraliyada böyük şəhərlərin sayı elə də çox deyil – Sidney, Melburn, Pert, Brisban və Adelaida əhalisinin sayına görə ölkənin ən böyük şəhərləri sayılır. Maraqlıdır ki, Avstraliya əhalisinin 91%-i ölkə ərazisinin cəmi 0.22%-ində yaşayır. Yəni, ölkə ərazisinin 99.8%-də əhalinin yalnız 9%-i məskunlaşıb.

Qeyd etdiyim kimi, böyük əksəriyyət məhz yuxarıda adlarını çəkdiyim 5 şəhərdə yaşayır. Bu fakt heç də təsadüfi deyil. Belə ki, ölkənin böyük hissəsi (Mərkəzi Avstraliya) yaşamaq üçün əlverişsiz səhralıqdan ibarətdir. Xalq arasında ölkənin bu hissəsinə – səhralıqdan ibarət olan mərkəzi hissəsinə, “outback” deyirlər.Australia-Outback-Gunbarrel-strada-con-veicolo-dove-possiamo-notare-il-clima-tipicamente-della-zona-1024x683

Eşitdiklərimdən və oxuduqlarımdan belə qənaətə gəlmişdim ki, bir gün bu səfərə – “outback səfərinə” də çıxmaq lazımdır. Axı niyə adamlar bu regionda yaşamaq istəmir?

Digər tərəfdən əvvəllər bu yerlərdə olan dostların “outback”i görmədən “Avstraliyanı gördüm” demək olmaz” fikri də cəlbedici görünürdü. Onların qənaətinə görə “outback” sözün həqiqi və məcazi mənasında Avstraliyanın iç üzüdür. Uyğun bir vaxtda bu səfəri reallaşdırmağı qərarlaşdırmışdım.

2016-cı ilin may ayında belə bir fürsət əlimə düşdü və Avstraliyanın iç üzünü görmək üçün Melburndan Darvinə yola çıxdıq. Xoşbəxtlikdən, bu səfər təsəvvür etdiyimdən daha ucuz başa gəldi. Təcrübəmin bu yazını oxuyan oxucular üçün yararlı ola biləcəyini nəzərə alıb burada bir haşiyə çıxıram.

Pulsuz maşın kirayəsi

Nəqliyyat vasitəsini kirayə götürmək heç də hər zaman ucuz başa gəlmir. Xüsusilə də, maşını birtərəfli icarəyə götürəndə şirkətlər, adətən, əlavə cərimə edirlər. Buna səbəb odur ki, müştəri maşını bir şəhərdən götürür, digər şəhərə aparır və geri qaytarmır. Bu isə şirkətlərə ziyan vurur. Şirkətlər maşını öz qarajlarında saxlamağı üstün tuturlar ki, səhəri gün maşını başqa şəxsə icarəyə verə bilsinlər.

Məsələn, belə bir vəziyyəti göz önünə gətirin: Kimsə maşını Sidneydə götürür və üç gün sonra maşını həmin şirkətin Melburn ofisinə qaytarır  (Sidney əvəzinə). Tutaq ki, icarə şirkətinə başqa şəxs maşını sifariş etdiyinə görə həmin maşın iki gün sonra məhz Sidneydə lazımdır. Məhz bu səbəbdən, həmin şirkət öz saytında maşını Melburndan Sidneyə pulsuz icarəyə verdiyi barədə elan yerləşdirir. Bundan başqa, həmin adama yanacaq pulu da verilir. Melburn-Sidney yolunu gəzmək istəyən üçün bu səyahət göydəndüşmə olur: necə deyərlər, həm ziyarət, həm ticarət…

Biz də bu səyahəti bu yolla etdik. Melburndan Darvinə – təxminən 4500 km məsafəni pulsuz kirayə götürdüyümüz Toyota Land Cruiser ilə getdik. Bizim maşın “yeriyən evlərdən” (campervan) idi. Maşının üstündə 5 nəfərin rahat yata biləcəyi “mini-ev” var idi. Bu “evi” açıb-yığmaq 10 dəqiqəyə başa gəlirdi. Beləliklə, maşına pul verməməklə yanaşı, gecələməyə də pulumuz çıxmırdı. Bundan əlavə, maşının içində yatmaq (yastıq, örtük və s.), yemək, bişirmək (qaz balonu, qazan və s.), yemək yemək (qab-qacaq, çəngəl-qaşıq) üçün lazım olan hər şey var idi.5062c994a0af08ca06c5c455d9a9ec6e

Əgər hansısa səfər zamanı belə variantlar sizi maraqlandırırsa, google-də “car relocation deals”, “campervan relocation deals” axtarın. Avstraliya üçün ən gözəl sayt isə ceseats.com.au-dur.

Maraqlı məqamlar

Səyahətimiz təxminən 8 gün davam etdi. Səfər boyunca bir neçə maraqlı məsələlər diqqətimi çəkdi.

  • Səyahətin birinci hissəsi – Melburn-Adelaide hissəsi yaşıllıq idi. Adelaide-dan üzü yuxarı boz çöllər, sonra isə qırmızı səhralar gəlməyə başladı. Qırmızı səhra Şimalda Darvinə çatana qədər davam etdi.
  • “Outback” ilə bağlı bir neçə qorxu filmi çəkilib. Bu ərazi hər şeydən, hər yerdən çox uzaq olduğuna görə, qorxu filmi üçün əsl şərait var. Açığı, bu çəkilmiş qorxu filmlərinin çoxu elə olmuş hadisələrə əsaslanıb (Wolfe creek, Snowtown). Məsələn, 90-cı illərdə İvan Milat adlı bir manyak bu yollarda tək səyahət edən turistləri müəyyən yollarla aldadıb öldürürmüş. Beləcə, bir neçə il ərzində 7 nəfər öldürmüş, sonda isə polis tərəfindən tutulub ömürlük həbsə məhkum olunub.
  • Məsafədən söz düşmüşkən, bu baxımdan “outback” həqiqətən də qəribə yerdir. Adelaida şəhərini keçdikdən sonra şəhərciklər arasında məsafə genişlənməyə başlayır. Bəzən bir yaşayış məntəqəsi ilə növbəti məntəqə arasında məsafə 200 km olurdu. Bu 200 kilometr məsafədə isə sözün həqiqi mənasında HEÇ NƏ və ya HEÇ KİM olmur.eyre-yolu-768x513
  • Hətta bəzi yerlərdə şəhərlər arası məsafə daha genişdir. Məsələn, bu aşağıdakı şəkildə xəbərdarlıq edilir ki, növbəti 1000 km ərzində heç bir mağaza yoxdur deyə, su, yemək almaq lazımdır (şəkli mən çəkməmişəm, outback-in başqa yerində çəkilib).
  • Yeri gəlmişkən, yaşayış məntəqəsi dedikdə, sözün həqiqi mənasında 3-5 evdən və bir yanacaqdoldurma məntəqəsindən ibarət olan ərazini nəzərdə tuturam. Əraziləri keçdikcə Vikipediada onlar haqda yazılanları oxuyurduq. Adətən belə məntəqələrin cəmi 20-25 nəfər əhailisi olduğu məlum olurdu…
  • Amma outback-də hərdən çox “xarizmatik”, özünəməxsus barlara (pub) rast gəlmək mümkündür. Bu barlar turistlər üçün dayanacaq, istirahət, həm də yemək məkanı olur. Belə barların sahibi adətən yaşlı yerli sakinlər olur. İllərdir turistlərlə təmas bu yerlərə xüsusi ruh verir. Bəzən bu pablarda maraqlı kolleksiyalara rast gəlmək olar. Məsələn, outbackin şimalında Daly Waters şəhərciyində yerləşən barda dünyanın müxtəlif ölkələrindən gələn turistlər öz vəsiqələrini, öz ölkə valyutasını və…öz alt paltarlarını bu bara hədiyyə edir və barın sahibi bütün bunları divardan asır. Nəticədə belə bir mənzərə yaranır.Daly-Waters-Pub
  • Əhalinin sıxlığından söz düşmüşkən… “Outback”də əhali və hətta turist kimi səyahət edən insan və maşın o qədər azdır ki, yolda üzbəüz gələn iki maşın sürücüləri həmrəylik rəmzi kimi bir-birlərinə əl işarəsi ilə salam verirlər.
  • Şəhərlər və yaşayış məntəqələri o qədər seyrəkdir ki, bir şəhərdən digərinə yük daşımaq üçün 1 qoşqulu yük maşınları sərf etmir. Belə deyək, 1000 km yol sürmüşkən, 5 ton əvəzinə 20 ton yük aparmaq iqtisadi cəhətdən daha sərfəlidir axı. Məhz ona görə də, bu yoldakı yük maşınlarının orta hesabla 4-5 qoşqusu olur. Bu baxımdan onlara “road train” (yol qatarı) deyirlər. Bəzi hallarda bu yük maşınlarının qoşqularla birlikdə uzunluğu təxminən 73 metrə çatır.
  • Yolboyu xeyli sayda mal-qara, qoyun və kenquruya rast gəlmək olur. Təəssüf ki, bir çox hallarda onların özlərinə yox, cəsədlərinə rast gəlinir. Buna səbəb isə onların qəfil yola çıxması, sürətlə gələn maşınların isə vaxtında maşını dayandıra bilməməsi olur. Nəticədə, yol boyu heyvan cəsədlərini görmək adi hala çevrilir.
  • Sürət limiti səyahət boyunca 110 (Viktoria ştatında) və 130 km/saat (Northern Territories ərazisində) arasında dəyişir. Yalnız “outback”in şimal hissəsində təxminən 300 km-lik ərazidə sürət limiti yoxdur.
  • Yol çox uzun və darıxdırıcıdır. Hətta bəzi hissələrdə 100 km boyunca sükanı belə fırlatmırsan, sözün həqiqi mənasında düppədüz gedirsən.
  • Həmçinin ətrafın qırmızı səhra olması və landşaftın dəyişməməsi nəticəsində yol yorucu ola bilir. Bütün bunlar avtoqəza üçün münbit şərait yaradır. Bunun qarşısını almaq üçün demək olar ki, hətta çölün düzündə belə hər 5-10 km-dən bir dincəlmək, yuxulamaq üçün yerlər ayrılıb. Bundan başqa, tez-tez yol kənarlarında kəməri taxmaq, yuxunu almağın vacibliyi haqda xatırlatmalara rast gəlinir. Həmin xatırlatmalar bəzən kreativ və sərt ola bilir.
  • Melburndan təxminən 1600 km aralıda yerləşən Coober Pedy şəhəri Melburn-Darvin yolunun demək olar ki, tən ortasındadır. Sən demə, bu kiçik şəhər dünyanın opal (qiymətli daş) paytaxtı imiş. Şəhər sırf opal sənayesi üzərində qurulub. Maraqlıdır ki, buranın təbiəti çox kəskindir. Yay həddən artıq isti olur. Ona görə də, şəhərdə bir çox evlər, müəssisələr (kitabxana, bar, kafe və s.) yerin altında tikilib.
  • Səyahətin ən maraqlı məqamlarından biri də Uluru ziyarəti oldu. Səhranın ortasında yerləşən bu ərazi yerli aborigenlər üçün ən müqəddəs abidədir. Bu təpə həyatda şəkildə göründüyündən daha möhtəşəm, daha əzəmətlidir. Təpənin başına çıxmaq qanunla qadağan deyil, ancaq, yerli aborigenlər bunu təhqir kimi qəbul edir. Ona görə də, bir çox turist onlara hörmət olaraq təpəyə dırmaşmır.
  • Yeri gəlmişkən, bu ərazidə hava çox isti olmasından əlavə, çoxlu milçək və ağcaqanad olur. Ona görə də, bəzən kreativ yollara əl atmaqla canımızı qurtarırdıq.
  • Darvin şəhərinə yaxınlaşdıqca səhralıq yenidən yaşıllıqla əvəz olunmağa başlayır. Şəhərə çatmamış yolumuzu dünyanın ən gözəl və qədim milli parklarından biri olan Kakadu Milli Parkından saldıq. Bu parkın 40 min ildən çox yaşı var. Parkda olan möhtəşəm şəlalələr, ağaclar, zəngin heyvanat aləmi buranın niyə UNESCO-nun Ümumdünya Mədəni İrsi siyahısına salınmasını izah edir. Maraqlıdır ki, parkda gəzinti zamanı dinqo itlərinə, timsaha və digər heyvanlara rast gəldik. Qeyd edim ki, Kakadu Milli  Parkında da Qobustandakı kimi qayaüstü rəsmlərə rast gəlmək olur.nacionalniy_park_kakadu_2
  • Nəhayət 8 gündən sonra Darvin şəhərinə çatdıq. Şəhər əslində kiçik və sadə şəhərdir. Lakin turistlərin çox olması buranın özünəməxsus ab-havası olmasına səbəb olub. Bundan başqa, şəhərin İkinci Dünya Müharibəsi ilə bağlı xoş olmayan tarixi də var. 1942-ci ilin fevral ayında Yapon hərbi hava qüvvələrinə məxsus 200-dən çox təyyarə Darvin şəhərinə hücum edib, şəhərin bir çox strateji obyektlərini dağıtmış, 250-ə yaxın insanın qətlinə səbəb olmuşdur. Yaponların hücumuna səbəb isə, Darvinin strateji mövqedə yerləşməsi və müttəfiq orduları üçün baza rolunu oynaması olmuşdur. Şəhərdə İkinci Dünya Müharibəsinə aid çox gözəl bir muzey var. Yolu ordan düşənlərə həmin muzeyi ziyarət etməyi məsləhət görürəm.

Yerli əhali haqda

Bir neçə kəlmə də Avstraliyanın aborigenləri haqqında. Mən yaşadığım Viktoriya Ştatında onların sayı çox deyil. Ancaq “outback”in əksəriyyəti yerli aborigen tayfalardır.

Mən səyahətdən əvvəl onların ağır və fərqli şəraitdə yaşadıqlaırnı bilirdim. Amma bu qədərini gözləmirdim. Bəzən onların yaşadığı ərazidən keçməli olurduq. Mən belə yaşayış şəraitini ancaq televiziyada, özü də  3-cü dünya ölkələrində görmüşdüm. Çox çirkli və cırıq-yamaq paltarlar, ayaqyalın, aylarla, bəlkə də, illərlə duşa girməmək – bütün bunlar gördüyümüz bir çox aborigen yaşayış məntəqələri üçün ortaq xüsusiyyətlər idi.

Bundan başqa, həmin ərazilərdə alkoqolizm və narkomanlıq da kifayət qədər ciddi problemdir. Bir çox yerlərdə (məsələn, nisbətən iri şəhərciklərin barlarında) aborigenlərə içki satılmaması haqda elan yerləşdirilib. Maraqlısı odur ki, bu qadağanı biznesmenlər yox, məhz aborigenlərin ağsaqqalları (bəli, onlarda da bu anlayış var- “elders” deyirlər) qoyub. Problem o həddə çatıb ki, ağsaqqallar hökumətə müraciət edib ki, bizim tayfaya alkoqol satılmasın.

Daha başqa bir maraqlı və kədərli fakt: benzin alıb onu iyləmək aborigenlər arasında geniş yayılıbmış. Bu isə təəbii ki, onların sağlamlığı üçün çox zərərlidir. Vəziyyət o həddə çatıb ki, Avstraliya hökuməti həmin zonalarda benzinə əlavə maddə qatıb onun iyini neytrallaşdırmaq üçün xüsusi bir proqram maliyyələşdirib. İndinin özündə də yanacaq doldurma məntəqələrində benzin iyinin neytrallaşdırılması barədə xüsusi elan olur.

Qısası, outback səfəri çox gözəl alındı. Məhz bu səfərdən sonra, “Avstraliyanı gördüm” demək olar. İmkanı olan hər kəsə Avstraliyanın iç üzünü görməyi tövsiyə edirəm. Səfərin 4 dəqiqəlik xülasəsinə buradan baxa bilərsiniz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rashad Hasanov 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s