Makedoniyanın Mirvarisi – Ohrid

Ohriddəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Makedoniya haqqında maraqlı faktlar:

  • Orta statistik azərbaycanlı turist üçün Makedoniya, səyahət etmək üçün ən ideal ölkələrdən biridir. Burda ingilis dili demək olar ki, lazım deyil, slavyan dilli olduğundan dilləri rus dilinə bənzəyir, özü də kiril əlifbasını işlədirlər, digər tərəfdən də ölkədə Osmanlı dönəmindən xeyli sayda türk qalıb. Demək olar bütün turistik yerlərdə, türklərə, türkcə danışanlara rast gələ bilərsiz. Deməli ölkədə dil probleminiz olmayacaq.
  • Makedoniya Respublikası və ya rəsmi adı ilə Keçmiş Yuqoslaviya Respublikası Makedoniya Azərbaycan Respublikası vətəndaşlarından viza istəmir.
  • Qiymətləri Şərqi və Qərbi Avropa ölkələrinə baxanda daha ucuzdur, təbiəti, dağları, göllər mükəmməldir və əlbəttə ki, hər bir azərbaycanlının vazkeçilməzi olan mətbəxi əladır.
  • Makedoniya Yuqoslaviya dağılanda, ondan qansız-qadasız ayrılan yeganə dövlətdir.
  • Ölkə ərazinin ortalama hündürlüyünə görə dünyada 5-cidir, zirvələrinin sayına görə isə dünya lideridir. Makedoniya ərazisində yerləşən 50dən çox göl və 34 zirvə dəniz səviyyəsindən 2000 m-dən çox hündürlükdə yerləşir.

Indi isə başlayaq Ohridə səyahət zamanı başıma gələnlərə. Makedoniyaya Budapeştdən WizzAirlə uçmuşdum. Budapeşt – Skopye – Budapeşt reysinə 9504 macar forinti ödəmişdim, təxminən 30 avro. Gəlib Skopye aeroportuna çatanda artıq ilk şoku yaşadım, belə ki, şəhər mərkəzinə olan növbəti avrobus tam 1 saat 40 dəqiqə sonra idi. Açığı o qədər vaxtı orda heyf etmək istəmirdim amma taksilər də 20 avroya (tabloda yazılan rəsmi qiymət) aparırdı mərkəzə. Nəysə elə bu vaxt Budapeştdə yaşayan bir rumın qız bizi tapdı, biz də Kosovalı bir day-dayı tapdıq, oturduq maşına ki, gedirik mərkəzi avtovağzala adama da 5 avro ödəyəcəyik. Getdik çatdıq vağzala sürücü dedi ki, bu kosovalı adamın sizə dəxli yoxdu, siz 3 nəfər 20 avro verməlisiz, bu adam da 10 avro verməlidi. Elə bunu demişdi ki, mərəkə qopdu. Dayday qırıq ingiliscəsiylə anladır, izah edir, soruşur ki, do you understand? Deyirəm ki, No 😀 mən sənə 20 avro verməyəcəm. Nəysə sonda razılaşdıq ki, 3 nəfər 16.5 eur verək (1000 denar), adama gözlədiyimizdən 0.5 eur çox. Yəqin artıq bəlli oldu ki, makedoniyanın yerli valyutasının adı denardı.

ohrid

Beləcə day-daya ürək sözlərimi deyib üz tutdum avtovağzala. Avtovağzaldan biletləri kartla almağın mümkün olmadığını görüb özümü verdim vağzala ki, pul dəyişmək üçün yer axtarım, beləcə 10 dəqiqə axtarandan sonra gördüm ki, bilet satılan pəncərələrin arasında 1 pəncərə pul dəyişmək üçündür, gözümün qabağında imiş görmürmüşəm. Avrolarımı dəyişib getdim bilet almağa.

Skopyedən Ohridə bir çox avtobus şirkətləri gedir, onlardan ən ucuzu türklərin şirkəti olan “Delfina turs”dur. Bir tərəfli biletlər 450 denar (7.3 avro), gediş-gəliş biletləri isə 680 denardır (11 avro), bundan başqa qayıdış bileti açıq olduğu üçün, qayıdarkən 30 denar (0.5 avro) verib check in etməlisiz. Beləcə növbəti reysin 4 dəqiqə sonra yəni saat 9da olduğunu görüb, gediş-gəliş biletlərimi aldım və qaçdım avtobusa doğru. Saat 9-da avtobus yola düşdü. Avtobusla Skopyedən Ohridə səyahət hardasa 3-3.5 saat çəkir.

Ohrid haqqında maraqlı faktlar:

  • Ohrid şəhəri və gölü Makedoniyada yeganə yerdir ki, UNESCOnun qoruması altına alınıb və gölün təxminən 4 milyon il yaşı olduğu güman olunur.
  • Ohridi bəzən Makedoniyanın Yerusəlimi adlandırılar, bunun da səbəbi odur ki, burada tam tamına 365 kilsə var, hardan baxsan günə 1 kilsə düşür.
  • Hal-hazırda makedonlar da daxil, bir neçə slav xalqın istifadə etdiyi kiril əlifbası da məhz 9-cu əsrdə Kiril və Metodi qardaşları tərəfindən Ohriddə yaradılıb.

Skopyedən Ohridə olan yolu 3-5 kəlimə ilə təsvir etsəm: dağlar, dağlar, dağlar, meşələr, meşələr, meşələr kimi olar. Bir də arada olan kiçik şəhər və qəsəbələr. Beləcə gəlib çatdıq Ohridin mərkəzinə, indi qalırdı tutduğumuz aparta getmək, nə xəritəmiz var, nə də internetimiz, qarşımıza çıxan ilk oteldən də dedilər ki, yollar 1 az dolanbacdır çətin olar sizə tapmaq. Qarşıma çıxan ilk taksiyə oturub dedim ki, bizi apar apartımıza. Bəxtimdən taksistimiz Erhan adlı türk çıxdı və 50 denara bizi aparta apardı. Kiməsə lazım olsa Erhanla bu nömrədən əlaqə saxlaya bilər, Viberdən də yaza bilərsiniz +389 71 351 008.

Ohriddəki otellərə bu linkdən baxa bilərsiniz. Bizim tutduğumuz apartın linkini isə bura yerləşdirirəm. Apartın bir gecəsinə 20 avro verdim. Açığı apartdan Ohrid gölünə açılan mənzərənin gözəlliyi və ev sahibinin qonaqpərvərliyi o qədər xoş idi ki, bir gecə də qalmaq istəyirdim bu apartda amma artıq Skopyedə oteli rezerv eləmişdim. Beləcə yerləşib, düşdüm şəhərin canına.

Ohriddə gəziləsi yerlər:

  • Yuxarıda da qeyd etdiyim kimi Ohriddə 365 kilsə var və onların bir çoxu xaricdən bir-birinə bənzəyir, daxilini görmək üçünsə gərək azı 1-2 ay orda yaşayıb, gəzəsən amma mən sizə öz gördüklərim və turistlər arasında daha məhşur olanlarından danışım. Bir faktı qeyd edim ki, Balkanların bütün müsəlman və xristiyanlar yaşayan şəhərləri kimi, Ohriddə də bu 2 icma arasında bir yarışma var sanki və xristiyan tərəf üstünlük olduğundan hər yerə xaç basdırıblar, bütün qədimi kilsələrin üzərindəki xaçlara mavi led lampalar yeləşdirilib. Ohriddəki, kilsələrin ən gözəli yəqin ki, St. John Kanoe kilsəsi Kilsə X əsrdə tikilib və gölün sahilindəki qayanın üzərində yerləşir. Kilsənin ətrafından gölə möhtəşəm mənzərə açılır. Azacıq yuxarıdan isə Kilsənin fonunda gölü seyr edə bilərsiniz.
  • John Kanoe kilsəsindən meşənin içi ilə üzü yuxarı irəliləsəniz qarşınıza St. Clement və Panteleimon kilsəsiçıxacaq. Kilsə Avropada ilk universitet kimi tanınır və Osmanlı dönəmində 2 dəfə məscidə çevrilsə də sonradan kilsə olaraq “həyatını davam etdirib”.
  • Clement və Panteleimon kilsəsi ilə üzü yuxarı çıxsanız Çar Samuelin qalası ilə qarşılaaşacaqsınız. Mən axşam getdiyimdən qala bağlı idi və içinə girə bilmədim. Deyilənə görə gölə olan mənzərəni çıxsaq görüləsi çox şey yoxdur.
  • Çar Samuelin qalasından bir az da irəli doğru irəliləyərkən qarşınıza Antik Teatr çıxacaq. Teatr eramızdan əvvəl 200cü illərdə tikilib amma bu günümüzə qədər çox yaxşı qorunub, sanki elə dünən tikiblər.st-john-kanoe-kilsesi-axsam-night1
  • Antik Teatrdan dolanbac və dar yollarla aşağı düşsənizSophia kilsəsinə çatacaqsız. Kilsə 9-cü əsrin sonlarında tikilib, istifadəyə verilib. Balkanlarda olan digər kilsələr kimi, bu da Osmanlı dönəmində məscidə çevrilib. Kilsənin içində 11, 12, 13-cü əsrdə çəkilmiş freskaları görmək olar. Çox qədim olduğundan freskalar bu günümüzə çox da yaxşı gəlib çatmayıb. Kilsəyə giriş xaricilər üçün 100, yerlilər üçün 50, tələbələr üçünsə 30 denardır.
  • Sophia kilsəsindən sahilə tərəf düşəndə qarşınıza 2 ağ rənglənmiş ev çıxacaq. Bu evlərdən biri məşhur Robevlərin digəri isə Uranijaların evidir. Evlər ənənvi ülubda tikilib və tikintiləri 19-cu əsrin sonlarında başlayıb.
  • Evlərin yanında isə əlişi kağız sexi yerləşir. Burada qədim üsullarla kağız düzəldilməsini izləyə, eyni zamanda özünüz ənəvi üsulla kağızın hazırlanmasında iştirak edə bilərsiniz. Kağızların hazırlanması, quruması bir neçə gün çəkir amma siz daha öncədən hazırlanmış və üzərinə rəsm çəkilmiş kağızlardan ala bilərsiniz.
  • Bunlardan başqa Ohriddəki görülməli yerlərin siyahısına Ohrid, Bulvarını və şəhərin Tarqovusunu məsləhət görə bilərəm. Və bir də ki, Ohridin dar, dolanbaclı yollarında mütləq gəzilməlidir.
  • Ohridi dünyada məşhur edən digər bir şey isə Ohridin mirvarisidir. Ohrid mirvarisi dünyaca məşhurdur və bir çox tanınmış və vəzifəli şəxslər Ohridin mirvarilərindən öz kolleksiyalarına əlavə ediblər. Bunların siyahısına, Kraliça II Marqarita, II Yelizaveta, Danimarka Kraliçası, Hollandiya Kraliçası və s. göstərmək olar. Ohriddəki mirvarilərin demək olar ki, yarında çoxu saxtadır. Original Ohrid mirvarisi almaq istəyirsinizsə ya Talev ya da Filev ailəsinə mənsub olan mağazalara baş çəkin. Bu 2 ailə Ohrid gölünün dərinliklərindən çıxardıqları mirvarilərin işləməsini hələ də sirr olaraq saxlayırlar.Ohridə gəlmişkən bir qayıq turu da götürüb şəhəri motorlu qayıqdan seyr etmək yerinə düşər. Qiymətlər qayığın böyüklüyündən, turun uzunluğundan və qayıqçının insafından asılı olaraq dəyişir. Alışın bəri başdan, qayığa minməmişdən turun müddətini və ödənişi razılaşdırın. Makedoniyanın taksistləri kimi, qayıqçıları da turistləri dollar işarəsi kimi görürlər. Məsələn qayığq minmədən deyilən 15-20 dəqiqəsi 5 avroluq tur, qayığa minəndən sonra yarıbayarı azalaraq 8-10 dəqiqəyə qədər azala bilər. Və  ya qayıqdan düşdükdən sonra böyük pulu versəniz ki al çıx, qayıqçı portmanem gəldiyimiz yerdə qalıb, xırdam yoxdu deyə bilər. Çalışın daha öncədən hazılıqlı olun, özünüzlə xırda pul götürün ya qayıqçını gözlədin gedib restoranlarda xırdaladıb verin. Ohridin qayıqçıları haqqında bu qədər.

    cevapi

  •  Ohriddə nə yeyilməlidir soruşulsa, deyərdim ki, mütləq balkanların məşhur çevapçiçasının dadına baxılmalıdır, yaxşı bir restoranda plyaskaviça da yemək olar. Bundan başqa Ohrid gölündən tutulmuş farel (Dalga restoranı) və kiçik belviçalar (Antik Teatrın yanındakı Gladiator restoranı) əladırlar və əlbəttə ki, bütün öyünlərdə yeməyin yanında yeyə biləcəyiniz şopska salatı. Balkanları bureksiz təsəvvür etmək çətindir. Pendirli, kartoflu, spanaqlı burekləri alıb aclığınızı azacıq yatışdıra bilərsiniz. Şiriniyyatlardan isə, bütün Balkanlarda məşhur olan triliçenin dadına baxmaq olar.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s