Lvov – A`dan Z`yə

Lvovdakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

TURİST ÜÇÜN VACİB MƏLUMATLAR:

Rəsmi dili: Ukrayna dilidir. Normalda rus dilində danışdıqda sizi asanlıqla başa düşürlər, amma özləri ukrayna dilində danışdıqlarından onları başa düşmək xeyli çətindir.İngilis dilini əsasən gənclər bilir. Dil bilməsələr də, sizə kömək etmək üçün dəridən-qabıqdan çıxan insanlar çoxdu bu şəhərdə.

Pulu: Ukrayna qrivnası (UAH). Mağazalarda və digər yerlərdə qısaldılmış şəkildə daha çox грн ilə rastlaşacaqsız. 2016-cı ilin sentyabrı üçün olan məzənnə: 1 UAH=0,063 AZN və ya 1 USD=26,5 UAH. Kağız pul vahidləri: 1, 2, 5, 10, 20, 50, 100, 200 və 500 UAH-lıq əskinaslar. Metal pul vahidləri: 1, 2, 5, 10, 20, 50 qəpiklər. Nominal dəyərləri çox az olduğundan metal pullardan demək olar ki, istifadə olunmur, daha doğrusu pul mübadiləsi zamanı banklar, böyük marketlər və alış-veriş mərkəzləri istisna, demək olar ki, nəzərə alınmır.

Saat fərqi: Azərbaycan vaxtı ilə müqayisədə bir saat geri

Telefon kodu: +380. Çalışın Lviva getdiyinizdə mobil nömrə alasınız. Vodafone, Kievstar, Lifecell kimi məşhur mobil operatorlar var. Məsələn, Lifecell-dən 2 GB internet, 500 sms və 500 dəqiqə Ukrayna daxili danışıq paketini sadəcə 60 UAH, təxminən 3,8-4 AZN məbləğində əldə etmək olar.

GPS: Mobil telefonunuzda internet olduqdan sonra Google Maps ilə istədiyiniz məkanı tapa və ora rahatlıqla gedə bilərsiniz. Google Maps-in Lviv, eləcə də, bütün Ukrayna üçün olan ən müsbət tərəfi, sizə həm avtomobil, həm piyada, həm də ictimai nəqliyyat yolunu göstərməsidir. İctimai nəqliyyat seçənəyi ilə siz nəinki dayanacağı, hətta dayanacaqdan hansı avtobusa (tramvaya, troylebusa, qatara və s.) minməli olmanız, nəqliyyat vasitəsinin gəlmə müddəti, nəqliyyat vasitəsində gediş haqqı, gedəcəyiniz dayanacaqların sayı və müddəti tam dəqiq göstərilir. Piyadalar üçün olan seçimdə isə məhəllələr arası yollara qədər dəqiqliklə Google Maps-a güvənə bilərsiniz.

İctimai nəqliyyat: Lviv-da qədim arxitektura binalarının çox olmasını nəzərə alıb orada metro çəkilişi fikrindən daşınıblar. Amma buna baxmayaraq şəhərdə çox rahat tramvay-avtobus-troylebusdan ibarət ictimai nəqliyyat sxemi qurulub. Tramvaylar 2 UAH, avtobuslar isə 3-5 UAH arası qiymətlərlə fəaliyyət göstərir. Bilet nəqliyyata minən kimi dərhal alınmalıdır.

Gediş-gəliş: Lviv şəhərinə Bakıdan birbaşa təyyarə reysi var. Amma qiymət bahadır deyirsizsə, Bakı-Kiyev-Bakı reysindən istifadə edə bilərsiz. Alternativ variant kimi Gürcüstandan da uçuşları nəzərdən keçirməyiniz məsləhətdir. Kiyev və Lviv arasında bir neçə qatar reysi var. Ən rahatı hər iki şəhərdən qarşılıqlı olaraq saat 22-23 radələri arasında hərəkət edən gecə qatarlarıdır. Quruluş baxımından bizim gecə qatarlarına bənzəsə də, onlar tam yeni, tam işlək, təmiz və səliqəlidir. Təxminən 7 saat davam edən səyahət müddətində qətiyyən narahatçılıq hiss etməyəcəksiniz. Ukraynada şosse yollarından istifadə məsləhət olunmur (yolların vəziyyətinin pis olmasına görə). Bu səbəbdən qatar bileti almaq üçün uzun növbəyə dayanmaq istəmirsizsə, biletinizi əvvəlcədən http://uz.gov.ua/ saytından online alın.

Maraqlı fakt: Lviv şəhərinin altından Poltva adlanan çay axır. Həmin çayı açıqlıqda görməniz mümkün deyil. Çaya Opera və Balet teatrının binasında və Əfsanələr evində quraşdırılmış monitorlardan baxa bilərsiniz. Təsəvvür edin ki, uzun illər öncə həmin çaydan Lviv şəhərinin sakinləri balıq tuturlarmış, amma indi kanalizasiya sisteminin əsasını təşkil edir.

Gəz və Gör: Lviv şəhəri ortalama olaraq 4-5 gün ərzində gəzmək olar. Lakin bu müddəti hər bir şəxsin marağına uyğun olaraq azaltmaq və artırmaq da olar. Məsləhət olar ki, Lvivda olacağınız ilk gün şəhər turistik avtobusu ilə tur alıb şəhəri avtobusla gəzib və qiyabi olaraq tanıyasız. Tur 1 saat 30 dəqiqə davam edir və 110 UAH-dır. Tur zamanı sizə qulaqcıqlar təqdim olunur və siz bələdçini rus, ingilis, türk, alman, polyak, ukrayna dillərində dinləyə bilərsiniz. Şəhər mərkəzində hər yer piyada gəziləcək məsafədə yerləşir. Gəzə biləcəyiniz məkanlardan bəzi məşhurları:

  • Opera və Balet Teatrı
  • Svobodi (Azadlıq) prospekti
  • Taras Şevçenko prospekti
  • Rynok (Bazar) meydanı
  • Əczaçı muzeyi
  • Əfsanələr evi
  • Liçakiv qəbiristanlığı
  • Lviv Yüksək Qala parkı
  • Lviv Arsenalı
  • Müqəddəs Olqa və Elizabeta kilsəsi
  • Tarix Muzeyi
  • Domisian katedralı
  • Müqəddəs Corc katedralı
  • Latın katedralı
  • Xalq Arxitekturası və həyatı Muzeyi
  • Şəhər Meriyasının binası

 

Yuxarıda qeyd etdiklərim sadəcə bir neçəsidir. Onlarla bağlı bəzi maraqlı faktları diqqətinizə çatdırım.

  • Opera və Balet Teatrı 1900-cü ildə inşa edilmişdir. Maraqlıdır ki, teatrın sol tərəfində, Azadlıq prospektinin digər hissəsində Dram teatrın binası yerləşir. Məhz həmin iki binanın arasından, yəni Azadlıq prospektinin altından yeraltı Poltva çayı axır.
  • Svobodi (Azadlıq) prospektinin mərkəzində park yerləşir və bu park həm yerli sakinlərin, həm də turistlərin ən çox vaxt keçirdiyi yerlərdən biri hesab olunur. Bir növ Barselonanın məşhur La Rambla`sını xatırladır. Prospektin kənarında Lviv pivə istehsalının başlamasını simvolizə edən pivəçi heykəli var. Pivəçinin əlindəki pivə qabının üzərində saat təsvir olunub və orada sadəcə iki rəqəm göstərilib 17 və 15. Bu da Lvivda pivə istehsalının əsasının qoyulduğu 1715-ci ilə işarədir. Deyilənə görə həmin heykəlin qarnına toxunduqda işlərin uğurlu olurmuş. Yerli sakinlərə görə Lviv Münxen və Praqadan sonra Avropanın 3-cü ən yaxşı pivə şəhəridir.
  • Lviv-City-Hall
  • Rynok (Bazar) meydanı şəhərin döyünən ürəyi hesab olunur. Ətrafda maraqlı əyləncələr, kafelər, həftə sonları musiqi və rəqs göstəriləri olur. Meydanın hər küncünə bir heykəl yerləşdirilib. Onlarla da şəkil çəkdirməyi unutmayın: Neptune, Diana, Amphitrite və Adonis.
  • Şəhər Meriyasının binası Bazar meydanında yerləşir. Mütləq binanın saat qülləsinə qalxın ətrafdan Lviv mənzərəsini izləyin. Giriş pulu sadəcə 15 UAH-dır.
  • Əfsanələr evi – House of Legends terasla bərabər altı mərtəbədən ibarətdir və hər mərtəbəsi müəyyən konseptlə bəzədilib. Terasda “uçan avtomobil” var və turistlərin ən çox şəkil çəkdirdiyi yerlərdən biridir. Terasda bacaya qalxaraq qarşınızdakı baca təmizləyənin papağına qəpik ata bilərsiz. Qəpik papağa düşərsə, diləyiniz yerinə yetəcək deməkdir. Eyni zamanda Lviv saatı ilə saat 21:00-da binanın üzərindəki qatar hərəkətə gəlir və əjdaha od püskürür. Nəzərə alın ki, Lviv saatı ilə 21:00 yerli saatla 21:24 deməkdir.
  • Lviv Yüksək Qala Parkı – hamı tərəfindən Visokiy Zamok olaraq adlandırılan həmin ərazidə bir vaxtlar möhtəşəm qala ucalırmış. Lakin Avstriya işğalından öncə qalanın bir hissəsi dağıdılmış, Avstriya zamanı isə tam dağıdılaraq yerində park salınmışdır. Adından da göründüyü kimi Lviv şəhərinin ən yüksək yeridir və həmin parkdan möhtəşəm Lviv mənzərəsi açılır.
  • Liçakiv Qəbirsanlığı əsl açıq hava muzeyidir. Qəbiristanlıqda XVIII-XIX əsrlərdən günümüzə qədər bir çox məşhur insanların qəbirləri yerləşir. Əgər Ukrayna, Polşa üçün məşhur olan insanlar sizi maraqlandırmırsa belə, yenə həmin yerə getməyiniz şiddətlə tövsiyə olunur. Tarix, arxitektura, mədəniyyət və heykəltəraşlığı özündə birləşdirən Liçakiv qəbiristanlığı əsl sənət əsəridir. Giriş isə 25 UAH-dır. Əgər şəkil çəkəcəksizsə, əlavə 10 Uah da ödəməlisiz
  • Xalq Arxitekturası və həyatı Muzeyi Şevçenko Hay adlanan parkda yerləşir və 80 hektar ərazini əhatə edir. Burada Ukraynanın müxtəlif kəndlərindən olan gündəlik yaşayış tərzini sərgiləyən 100-ə yaxın taxta evlər və kilsələr yerləşir. Park olsa da, əslində enişli-yoxuşlu meşənin içində yerləşən böyük bir ərazini gəzmək üçün əvvəlcədən fiziki cəhətdən yorğun olmamanız məsləhətdir. Muzeyə giriş 20 UAH-dır.
  • Restoranlar və kafelər: Lviv yeyib-içmək sarıdan ən bəxtəvər şəhərlərdən biridir. Azərbaycan qiymətləri ilə eyni səviyyədə daha dadlı və keyfiyyətli yeməkləri və içkiləri əldə etməniz mümkündür, özü də düz şəhərin mərkəzində. Lviv pivəsi, kofesi və şokoladı ilə çox məşhurdur. Həmçinin Ukraynanın şirniyyat brendinə çevrilmiş Roshen-in də məhsullarını, xüsusən tort və eklərlərini yoxlayın. Ən populyar restoranlar siyahısında Baczewski Restaurant, “Diana at Rynok Square” open air cafe, House of Legends, Mazoch Cafe, Kumpel, Kryjivka (Криївка), Lviv Handmade Chocolate, Gasovo Lampa və sair göstərə bilərik.Restoranlar haqqında bəzi faktlar:
    • Kryjivka (Криївка) Bazar meydanında bunkerdə yerləşir. Restoranın dəqiq adresi heç bir yerdə yazılmır və qapıda hər hansı lövhə vurulmayıb. Buna baxmayaraq ən məşhur restorandır və bir müddət növbədə gözləməli olursan. İçəri keçmək üçün qapıda döyüşçü qismində dayanan silahlı şəxsə mütləq parolu söyləməlisən. Parol isə “Slava Ukraina”dır, yəni “Çox yaşa Ukrayna”. 1939-1945-ci illərdə Ukraynanın müstəqilliyi üçün həm faşistlərə, həm də sovetlərə qarşı döyüşən Ukrayna partizanlarının bunkeri olub bu restoran. İndi də yeməklər dəmir qablarda təqdim olunur. Administrator isə əlində silahla gəzir. Yaxınlaşan hər ofisiant “Slava Ukraina” dedikdə mütləq “Slava Geroem”, yəni “Qəhrəmanlara eşq olsun” deməlisən. Yoxsa cəzalandırıla bilərsən.
    • Gasovo Lampa restoranı müasit kerosin lampanın ixtiraçıları polyak Ignacy Łukasiewicz and Jan Zeg-ə həsr olunub.
    • Mazoch kafe mazoxizmin yaradıcısı Leopold von Sacher-Mazoch-un xatirəsinə həsr edilən konsepti ilə məşhurluq qazanmışdır. Bura sadəcə mazoxizmi sevənləri deyil, maraq üçün hər kəsi özünə cəlb edə bilir.
    • Lviv şəhərinin mərkəzində həyat 24 saat davam edir. Gündüzlər adi kafe və restoran kimi fəaliyyət göstərən obyektlər axşam saatlarından pub, klub və barlara çevrilir. Burda hər zövqə və hər istəyə uyğun içki, musiqi və məkan tapmaq mümkündür.Alış-veriş: Şəhərdə Rynok (Bazar) meydanı ətrafında suvenir satılan kiçik bazarlardan başqa Lviv Forum kimi tam müasir alış veriş mərkəzi də yerləşir.

       

      Dəyərli məsləhətlər: Ukrayna haqqında bizdə formalaşmış bəzi stereotiplərdən azad olmağa çalışın. Lviv sizi gözlədiyinizdən tam fərqli qarşılayacaq. Bu fərqlilik yalnız müsbətə doğrudur. Sizi başa düşməsələr belə (dil olaraq) sizə yardım etməyə çalışacaqlar. Yerli əhali bu baxımdan çox nəzakətlidir. Səhəri kofe və ya pivə ilə açmağı, restoranlarda yeməyi, əylənməyi, çalıb-oynamağı sevirlər. Qısacası, həyatdan zövq almağa çalışırlar. Donuz əti bir çox yeməkdə istifadə olunur, yemək sifarişində bunu nəzərə alın. Spirtli içki içmirsizsə, o zaman kofe sifariş verdiyinizdə də bunu dəqiqləşdirin. Bəzi restoranlarda yerli kofe içkilərində alkoqol ola bilər (məsələn, House of Legends Lviv kofesində alkoqoldan istifadə edir).

      Əgər Lvivda uzun müddət qalırsızsa, mütləq yaxınlıqda yerləşən Karpat dağlarına da gedin. Bunun üçün həm Bazar meydanında təklif olunan tur paketlərdən (təxminən 300 UAH) istifadə edə, həm də öz təşəbbüsünüzlə gedə bilərsiniz. Skole ən yaxşı variantlardan biridir. Bu kiçik qəsəbədə XVII əsrə aid taxta kilsə ilə yanaşı “Skole Beskid” Milli Parkını da (Національний природний парк “Сколівські Бескиди”) ziyarət edin.

      Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

      Paylaşdı: Tural Isgandarov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s