Montserrat monastrı – Kataloniyanın simvolu

Barcelona`nı nə qədər gözəl saysaq da, dahi Qaudi`nin tikintidə bucağın vacibsizliyi nəzəriyyəsinin canlı şahidi olsaq da, Montserrat`sız Kataloniya səfəri natamam olar.

Barcelona`nın 45 kilometrliyində yerləşən benedikt monastırı Monasterio de Montserrat Kataloniya`nın dini mərkəzi və dünya katoliklərinin əsas zəvvarlıq mərkəzlərindən sayılır. Dəniz səviyyəsindən 745 km hündürlükdə yerləşən monastır adını Montserrat (Kəsilmiş dağlar) dağlıq ərazisindən götürmüşdür. Kiçik bir ərazidə qeyri adi formalarda olan minlərlə əhəng sallarından ibarət dağ silsiləsidir. Monastırın yaranma tarixi IX-cu əsrin sonuna təsadüf edir. Əsrlər sonra Cristobal Colon bu monastırın adını ikinci səfəri zamanı Kiçik Antil Adaları ərazisində kəşf etdiyi adada yaşatdırdı. 1811-ci ildə Pireney müharibələri dövrü monastır Napoleon ordusu tərəfindən yandırılıb dağıdılır. Yalnız 1844-cü ildə monastırın Kataloniya əhalisi tərəfindən bərpası başlanır. Bərpa işləri 100 il davam edir. XX-ci əsrdə Montserrat Kataloniyanın simvoluna və ağır tarixi günlərinin dəstəyinə çevrilir. Bircə bu faktı qeyd etmək kifayətdir ki, Franko diktaturası zamanı qadağan olunmuş katalan dilində nikah mərasimləri yalnız Montserrat`da keçirilirdi. Monastırda dünyada ən qədim sayılan uşaq xoru fəaliyyət göstərir – Escolania de Montserrat. Bu xor 9-dan 14 yaşa qədər olan 50 oğlandan ibarətdir. Bu uşaqların ifasında səslənən Qara Məryamın himni adama ləzzət verir. Uşaqların geyimi bizim dövrün insanlarının çox sevdiyi “Nu poqodi” cizgi filmindəki dovşanların xorunu xatırladır.

32806144_10216523678190553_3376700882933514240_o

Monastıra ad qazandıran və bütün dünyaya tanıdan Qara Məryam heykəli əfsanəyə əsasən 880-ci ildə bu dağlarda oynayan yerli uşaqlar tərəfindən tapılıb. Bu xəbəri eşidən Monresa şəhərinin yepiskopu heykəli bu şəhərə getirmək əmri verir. Lakin heykəlin çox ağır olması bu ideyanı mümkünsüz edir. Yepiskop anlayır ki, Qara Məryam heykəlin dağda qalmasını istəyir və burada monastır inşa etmək qərarına gəlir. Lakin bizim vaxtlara gəlib çatan ilkin abidə deyil. 95 sm hündürlüyündə olan Qara Məryam və qucağındakı İsa peyğəmbərin heykəli XII-ci əsrdə qovaq ağacından düzəldilib.

Barcelonadakı otel və hostellər üçün bu linkə baxın (check this link for hotels and hostels in Barcelona)

İnternetdə yayılmış Montserrat`a gedmək yolunun ən sərfəli və maraqlısını sizinlə bölüşürəm. Əvvəla onu qeyd edim ki, Montserrat`a maşınla gedmək ən böyük cinayət olardı. Bu halda özünüzü bir sıra maraqlı təəssüratlardan məhrum etmiş olarsınız. Yalnız qatar. Ilk növbədə səhər sübhdən oyanmaq lazımdır ki, İspaniya Meydanından saat 8:00 qatarı ilə yola düşəsiniz. Avtomatdan komplekt bilet alırsınız – Manresa istiqamətində gedən qatara və Cremallera`ya. Cremallera dağa qalxan qatar növüdür, amma bizim funikulyorla heç bir qohumluğu yoxdur. Montserrat`da iki fərqli dayanacaq var – Aeri de Montserrat və Monistrol de Montserrat. Montserrat Aeri`də əksər turistlər Montserrat sözünü eşidib enirlər. Bu stansiyadan Montserrat`a kəndir yolu qalxır, lakin onlar bilmirlər ki, bu kəndir yolu belə tez açıq olmur. Onlar gedib növbədə dayanan vaxtı siz artıq öz stansiyanızda enib qatarla dağa qalxa qalxa selfie çəkdirirsiniz.

Qatardan enən kimi ilk növbədə Kafedral kilsəyə gedirsiniz. Hələ ki, adam azdır kilsənin qarşısındakı meydanda biraz şəkil çəkdirib daxil olursunuz içəri. Kilsədən çıxıb tez sağdakı girişə daxil olursuz. Burada bu yerin yaranmasının səbəbkarı olan La Moreneta (Qara Məryam) yerləşir. Pilləkənlərlə qalxıb Moreneta xanımın əyləşdiyi yerə çatıb qara yumurtaya toxunub arzu və istəklirinizi bildirin. Çox axtarsam da divarlarda qəpik yapışdırmağa yer tapmadım. Yəqin ki, gələcək üçün bunu da düşünərlər və iki ədəd də çıxış və girişdə nəzir qutusu qoyarlar.

Morenita`nı belə tez ziyarət etməyimiz çox vacıb idi, çünki birazdan giriş qapısı bir neçə saatlıq bağlanacaq, yenidən açılandan sonra isə əməlli başlı izdiham yaşanacaq. Beləliklə, Moreneta`dan ayrılıb qaçırıq yuxarı istiqamətdə gedən Sant Joan funikulyoruna. Yuxarıda qarşılaşdığımız gözəllik adamı valeh edir. Və bu anda kataloniyalıların nə qədər biznesdə, ticarətdə aciz olduqlarını dərk etmiş olursan. Burada o qədər kababxanalar tikmək olar ki, Ağsu aşırımı yalan olsun.

Bu təbii gözəlliyi qavrayandan sonra və bu əjdahadan niyə bizdə olmaması haqda özünə sual verdikdən sonra Santa Cova funikulyoru ilə enirik aşağı ki, 13:00-da kilsədə başlayan oğlan uşaqlarının xoruna özümüzü çatdıraq. Biraz tez gəlsəniz lap yaxşı olar, çünki başlamağa 15 dəqiqə qalmış zalda bir dənə də olsun boş yer tapmaq mümkün olmayacaq. Xoru dinlədikdən sonra kilsəni tərk edib üz tuturuq yaxınlıqda yerləşən bazara. Burada yerli fermerlər öz istehsalları olan məhsulları satırlar. Missiyamızı bitmiş hesab edəndən sonra qayıdırıq əvvəldə qeyd etdiyim kəndir yoluna, hansı ki, bizi gətirir Aeri de Montserrat stansiyasına. Buradan isə İspaniya Meydanına gəlib günümüzü bitmiş hesab edə bilərik. İnanın ki, Montserrat`ın gözəlliyi və cazibədarlığı sizi hələ dəfələrlə bu yerlərə çağıracaq.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Mətin Rəhimli

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s