Sicilya bələdçisi – I hissə

Hamımızın planımızda mütləq gəzəcəm dediyimiz bəlli ölkələr və şəhərlər var. Hələ “La vita e bella”, “Il bisbetico domato” , “Nuovo cinema paradiso” filmlərinə baxarkən mütləq İtaliyaya gedəcəm qərarına gəlmişdim. Məlahətli, emosional italyan dili, üzüm bağları, mavi dəniz, pesto sosu, hər fürsətdə sizə-turistlərə kömək etmək istəyən istiqanlı cənub insanları. Amma Siciliya…Siciliya heç vaxt planımda olmayıb.

Sicilyadakı otellərə bu linkdən baxa bilərsiniz.

Aralıq dənizinin ən böyük adası olan Siciliyanı görmək 2017-ci ilin Noyabrına qismət imiş. Erasmus+ Youth Exchange proqramı çərçivəsində Catania şəhərindən 1 saatlıq məsafədə yerləşən Messinanın bələdiyyəsi olan Sant’Alessio Siculo-ya iki Turkish Airlines, bir Ryanair- toplam 10-15 saatlıq səyahətlə çatdıq. Siciliya torpağına ayaq basarkən qaranlıq olduğundan ilkin təəssüratımız aydın görsənən, ulduzlarla zəngin açıq səma və dəniz üzərinə yol açan ay işığı idi. Noyabr nə qədər qulağa soyuq səslənsə də əslində Siciliya üçün tam bir yaz havası idi. Dedilər ki, isti hava buraları asanlıqla tərk etmir və çimərlik sezonu yazın əvvəlindən başlayır payızın sonuna kimi davam edir.

Proqrama əsasən Sant’Alessio Siculo qəsəbəsində bizim üçün ayrılmış üç ulduzlu təvazökar, sahildən otuz addımlıq məsafədə yerləşən, çiçəkli, terraslı, palma ağacları ilə qarşılanan, sarıya boyanmış Hotel Solemar-da qaldıq. Qəsəbədə ən bərkgedən hotellər cəmi üç ulduzludur, səbəbi isə sahilinin turistləri qarşılamaq üçün elə də böyük olmamasıdır. Dörd şezlonq arxa-arxaya düzsən divara dəymiş olacaqsan.

Filmlərdə də gördüyümüz kimi İtalyanlar evlərini günəş işıqlarından qorumağı sevirlər. Balkonumuzdan dənizə açılan mənzərini görmək üçün əməlli vaxt sərf etdik. Bunun iki qat pərdəsi, pəncərəsi, taxtadan digər pəncərəsi… Və budur! Sabah günəşi ilə parıldayan mavi dəniz.

ALMAN YAZIÇISI HÖTE HAQLI İMİŞ. “SİCİLİYANI GÖRMƏDƏN İTALİYANI GƏZMƏK, ÜMUMİYYƏTLƏ İTALİYANI GƏZMƏMƏK DEMƏKDİR. SİCİLİYA HƏR ŞEY ÜÇÜN İPUCUDUR”.

Qeyd edim ki, Sant’Alessio Siculo 6 kmərazi və 1500 nəfər əhalidən ibarət kiçik bir qəsəbədir. Biz qeyri-turistlik mövsümdə getdiyimizə görə qəsəbə 50 nəfərdən ibarət görsənirdi və ortalama yaş 65-in üstündə olardı. Səhər bələdiyyədə sədr gördüyünüz xanımı günorta kafedə nahar edərkən, axşam isə turist agentliyində işçi kimi görə bilərdiniz, bu da qaldığımız komunanın nə qədər böyük olması haqqında təsəvvür yaradırdı.

Franz Kafka “hüzur istəyirsən?-az insan, az əşya” deyib. Sant’Alessio Siculo nadir hallarda moped, fiat maşınları keçən boş küçələri, az insanları, “vendere”, “affitto” elanları asılmış kimsəsiz evləri ilə məhz hüzur hissi yaratmışdı. Səssizliyin dadını çıxartmışdım.

Əlbəttə ki, bütün günümüz o qəsəbədə keçmirdi yoxsa Siciliyada həyat maraqsız olardı. Qaldığımız bir həftə ərzində Castelmola, Taormina, Forza D’agro, Savoca, Catania kimi şəhərləri, qəsəbələri gəzdik. Havalar günəşli, sərin keçdiyindən Siciliya torpağında atdığımız hər addımdan zövq alırdıq.

CASTELMOLA

Avtobusla dağı dolanaraq qalxdıq bir tərəfdən möhtəşəm İoniya sahili, başı qarlı Etna dağı, digər tərəfdən isə Giardini-Naxos körfəzi və Sant’Alessio Siculo qalasına açılan mənzərəli kiçik Castelmola qəsəbəsinə. Norman qalasının qalıqları ətrafında dağın başından ta yamacına kimi qurulan qəsəbə təbiət terrasını xatırladırdı. O qədər hündür idi ki, hətta məktəb vaxtı bizə xəritədə sapoqi kimi göstərilən İtaliyanın dabanını və pəncəsini üfüqdən seçə bilirdik. Bir otaqlıq sahəni əhatə edən üç mərtəbəli kafedə bizi məhz Castelmolya məxsus hazırlanan yerli badam şərabına qonaq etdilər. Castelmolaya gedib o şərabı dadmamaq, Zaqatalaya gedib fındıq yememək kimi bir şeydir.

TAORMINA

CASA CUSENI MAISON DE CHARME

Əsrarəngiz! Boşuna Siciliyanın turist paytaxtı demirlər. Taormina ilə tanışlığımız gözəl sənətlər muzeyi olan Casa Cuseni-dən başladı. Tarixin, mədəniyyətin, incəsənətin, tolerantlığın beşiyi olan bu malikanə hər birinin danışmağa öz hekayəsi olan antik əşyalarla dizayn edilib və xüsusi zövqlə salınmış papirus, mandarin, limon ağacları, çiçəklərdən ibarət İtaliyanın ən möhtəşəm bağının əhatəsində qorunub saxlanılır və sizə şəhərə quşbaxışı mənzərə, Etna dağına əzəmətli görüntü bəxş edir. Pablo Picassodan tutmuş Ziqmund Freydin qızı Annaya kimi mötəbər şəxsiyyətləri, yazarları, rəssamları, Koko Şaneli qonaq edən bu malikanə hazırda muzey-hotel kimi Taormina turistlərinə xidmət göstərir. Hoteldən çox, doğma ev abu-havasını yaradan malikanə sizə burada yaşamdan çox, öz dövrünün dahi şəxsləri ilə birgə tarixi, yaradıcı səyahət vəd edir. Məsələn, adına uyğun olaraq tərtib olunan, barokko üslublu balkondan Etna dağı və şəhərə açılan mənzərəli Pablo Picasso otağında gecələmək istəyisinizsə təqribən 510 manatınızdan keçməlisiniz. Bundan başqa amerikalı rəssam Henry Faulkner, isveçli aktrisa Greta Garbo, ingilis yazarı Daphne Phelps adına müxtəlif üslublarda dizayn edilmiş otaq seçimləriniz də var.

20-ci əsrin əvvəlində tikilən Casa Cuseni birinci və ikini dünya müharibələri dövründə tətbiqi incəsənətin beynəlxalq mərkəzi olmuşdur. Britaniyalı rəssam Robert Hawthorn Kitson-nun şəxsi kolleksiyasını özündə saxlayan malikanədə yemək otağının interyeri məhz özü tərəfindən çəkilən, hazırlanan, dizayn edilən dünyada yeganə interyerdir. Qeyd edim ki, həm bağ, həm də malikanə rəssam tərəfindən qurulub.

Casa Cusenini gəzəndən sonra özümə söz verdim ki, bir gün mütləq yenə gələcəm amma bir saatlıq muzeyi gəzmək üçün deyil məhz Pablo Picasso otağında bir gecə də olsa qalmaq üçün…

TURIST PAYTAXTI- TAORMINA

Girişi və çıxışı iki şəhər qapısı ilə müəyyənləşən 13 km2 sahəni əhatə edən turistlərlə zəngin Taormina. Mərkəzi küçədə gəzərkən addımbaşı limonad, vespa suvenirləri, xaç atası film, mahnı diskləri, limon sabunları satan kiçik köşk və mağazalarla rastlaşa bilərsiniz. Xoş limon ətrini şəhərin əksər hissəsində duymaq mümkündür. Taorminanın gözü amfiteatrdır. Ən çox turist növbəsini də elə orada gördüm. Amfiteatra gedərkən diqqətimi fransız turistlərin yaş qrupu çəkdi: 65-75 yaş. Qarşımda tipik avropalı nənə başqa bir qadının qolundan tutub enişli, yoxuşlu pilləkənləri aramla qalxır, bir tərəfdən bələdçinin fransızca turuna qulaq asır, digər tərəfdən də günəşin qızıl saat ərəfəsində amfiteatr üstünə saldığı şəfəqi seyr edirdi. Kənardan baxsanız düşünərdiniz ki, amfiteatr qadının axırıncı səyahətidir. Həmin nənə sevincli-kədərli qəribə hisslər yaşatdı. İnsan ömrünün nə qədər qısa, zamanın isə qəddar olduğunu xatırlatdı…

Günəş batırdı mı, yoxsa amfiteatr günəşdən uzaqlaşırdı mı bilmirəm. Hər halda biz də digərləri kimi “me time” yaşamaq üçün fərqli pilləkənlərdə oturub günəşin həmin gün üçün olan son şüalarından zövq aldıq…

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Nata Hasanova

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s