Luvr muzeyi haqqında hər şey. 2-ci hissə

Deməli, yoldaşlar, vaxtdır. Muzeyin kolleksiya və strukturu haqqında danışmağa başlaya bilərəm.
Muzey tematik kolleksiyalara bölünüb, çalışacam bu zallar haqqında məlumat verib mütləq görülməli əsərləri qeyd edim.

Yazılar arasında itməmək üçün xəritə: fr / en / ru
Qeyd: Fransada mərtəbələr 0-dan başlayır, yəni fransuzski 1-ci mərtəbə = bizim 2-ci mərtəbə. 0-cı mərtəbəyə rez-de-chaussée (RDC) deyilir.

Antiquités du Proche-Orient – Yaxın şərq əntiqləri

Richelieu qanadı, mərtəbə 0

Qədim Mesopotamiyadan başlayaraq İran, İraq, Suriya tarixinə aid arxeoloji tapıntılar, heykəllər, yazı texnikaları daha nələr nələr. Mənim, şəxsən, ən çox sevdiyim kolleksiyalardan biridir. Tarixin ən qədim yazı nümunələrindən olan Şumer yazılarını görə biləcəyiniz silindrlər həmin dövrün hadisələri haqqında müəyyən təsəvvür oyadır. Şumer-Akkad hökmdarlarının heykəllərinin bəzədiyi zallar, Laqaş şahzadəsi Gudeanın müxtəlif versiyalarda heykəlləri görülməyə dəyər.
Kolleksiyanın digər bir özəlliyi də bəzi zalların tarixi məkanları təkrarlama inisiatividir. Belə zallardan biri Xorsabad zalıdır: mifik Lammasuların sərgiləndiyi və insanı bir anlıq qədim dünyaya aparan bu zalın xüsusi bir aurası var. Digər belə zal I Daranın Sarayıdır: divarlarda oxçular, Əhəmənilərin simvolu olan şirlər (A coat of gold, a coat of red / A lion still has claws)
Mütləq görülməsi lazım olan eksponat isə sözsüz ki, Hammurapi Qanunlarıdır. Qədim Dünya Tarixi kitablarından oxuduğum tarixin ilk yazılı qanun külliyatını yaxından görmək möhtəşəm bir hiss idi. Sütunun yanında qanunların tərcüməsi verilib, oxuyub bir az şoka düşə bilərsiniz 😉
Kolleksiyanın sonuncu zalında isə Luvr Muzeyindəki ən qədim eksponat – 9 min il əvvələ aid olan, Ain Ghazalda tapılmış insan fiqurunu görmək olar.

Antiquités égyptiennes – Misir əntiqləri

Sully qanadı, mərtəbə O və 1

Kolleksiya iki mərtəbədə yerləşir : 0-cı mərtəbədə sivilizasiyanın təqdimatı (gündəlik əşyalar, adət-ənənə, tanrılar, heroqliflər, rituallar və s.), 1-ci mərtəbədə isə Misir tarixinin xronoloji təqdimatı yer alır. Bütün kolleksiyanı görmək istəyənlərə məsləhət : 0-cı mərtəbədən başlayıb, zalları sırasına görə gəzin.
Girişdə sizi Tanisin Böyük Sfinksi qarşılayır. Davamında ikinci zala keçirsiniz və qədim dövrlərin Nil sahillərinə gedib çıxırsınız : qədim alətlər, gəmi fiqurları və s. Sonra keçirsiniz qədim Misir yazı texnikasına həsr olunmuş bölməyə. Misir heroqlif sistemi, dil strukturu, işarələr haqqında kifayət qədər ətraflı məlumat əldə edə biləcəyiniz bu zalda həmçinin heroqliflərin necə daş lövhələr və papiruslar üzərinə həkk olunduğunu da öyrənə bilərsiniz. Növbəti istiqamət olaraq “Chapelle du mastaba d’Akhethétep” görülməlidir; Axetetepin məzarının bir hissənin rekonstruksiyası olan bu piramidvari məkanda özünüzü həqiqətən Qədim Misirdə hiss edəcəksiniz. Növbəti zallarda ev əşyaları, saxsı qablar, dövrün mebelləri sərgilənib.
Kolleksiyanın ən əzəmətli zallarından olan Məbədə gələrkən Sfinks Xiyabanında onlarla sfinks tərəfindən qarşılanırsınız. Məbəddən sonra sizi məzarlar, mumiyalar, sarkofaqlar gözləyir. Bu zallardan sonra isə Misir Allahlarının hüzuruna çıxırsınız.
Birinci mərtəbəyə qalxarkən divarda Misir tarixinin önəmli hadisələrin xronoloji ardıcıllığı ilə qarşılaşırsınız. Sonra isə kolleksiyanın ikinci hissəsi olan Misir tarixi bölməsinə keçirsiniz və çənənizi yerində saxlamağa çalışırsınız, çünki bu zallar həqiqətən möhtəşəmdir.
Burada mütləq görülməli eksponatlar sırasına Le Scribe accroupi də əlavə etmək lazımdır.

Antiquités grecques, romaines, italiques et étrusques – Yunan, Roma, İtalik və Etrüsk əntiqləri

Denon və Sully qanadları, mərtəbə -1, 0 və 1

Denon qanadına -1-ci mərtəbədən daxil olanda sola dönərək tarixin ən qədim sivilizasiyalarından biri olan yunan mədəniyyətinin ən uzaq dövrlərinə gəlib çıxırsınız. Gündəlik əşyalar, xırdaca heykəllər, vazalar, divar yazıları b.e.ə. 6500-500-cü illərə aiddir.
0-cı mərtəbədə sıra ilə Yunan, Roma, Etrüsk əntiqləri sizi gözləyir. Mona Lizadan sonra Luvrun bəlkə də ən məşhur eksponatı sayılan Venus de Milo da məhz bu kolleksiyalar silsiləsində yerini alır. Denon qanadından Sully qanadına keçiddə böyük turist qrupu görən kimi Veneranın yaxında olduğunu başa düşəcəksiniz. Həmin zalda yunan Allahlarının hər cür formada heykəllərini görmək olar.
Bir mərtəbə də yuxarı qalxsanız 1-ci mərtəbədə üzərində qədim dövrün müxtəlif hadisələri əks olunan etrüsk vazaların sərgiləndiyi uzuuuuun bir zala çıxacaqsınız. Muzeyin bu hissəsi daha interaktivdir – bəzi eksponatlar xüsusi seçilib və elektron lövhələrdə həmin eksponatın üzərindəki detallar izah edilib. Bir belə eksponata baxmaqla bu sənət növü haqda kifayət qədər məlumat almaq olur.

Arts du Proche-Orient et de l’Égypte – Yaxın Şərq və Misir incəsənəti

Denon qanadı, mərtəbə -2 və -1

Luvrdakı ən sevdiyim kolleksiya olan İslam incəsənəti (aşağıda) kolleksiyasının yanındadır. İslam incəsənəti kolleksiyasının -1-ci mərtəbəsindəki balkonvari məkandan durub -2-dəki mozaikalara baxmaq lazımdır, sonra da düşüb yaxından incələmək. Mozaikaların bəziləri Türkiyə ərazisində tapılıb.
Kolleksiyanın davamında isə hansı zalda olduğunu dəqiq xatırlamadığım “məzarlıq” var. Burada sarkofaqlar, tabut incəsənəti ilə yaxından tanış olmaq olar 😀 Zallardan biri isə koptik Misirə aid kilsənin rekonstruksiyasıdır.

Arts de l’Islam – İslam incəsənəti

Denon qanadı, mərtəbə -2 və -1

Şübhəsiz, Luvrda ən çox sevdiyim kolleksiyadır. Bilmirəm, bəlkə də, Azərbaycanlı olmağım və bu coğrafiyanın incəsənətinə olan marağımla bağlıdır. Kolleksiyaya giriş Yunan Əntiqləri kolleksiyasındandır. Kolleksiya iki mərtəbəyə bölünüb: yuxarı mərtəbədə qab-qaşıq, yazı nümunələri, müxtəlif əşyalar yerləşir. İslamın yaranmasından başlayaraq Ərəb Xilafətinin genişlənməsini əks etdirən interaktiv məlumat lövhəsi var.
Əsas gözəlliklər aşağı mərtəbədədir. Burda virtual guide olaraq məsləhət görürəm ki, pilləkəndən düşəndə əvvəla arxaya gedib miniatürlər və kitablara baxın. Sözlərlə ifadə edilə bilməyəcək dərəcədə maraqlıdır. İnteraktiv lövhə var: ingilis, fransız, ispan dillərindən birini seçməklə kitabların hazırlanma tarixçəsinə, miniatürlərlə necə bəzədildiyinə baxa bilərsiniz. Sonra keçirsiniz üzəri müxtəlif naxışlarla bəzədilmiş mis, dəmir qablar, şamdanlar və s. olan zala. Bu zalda Yunus ibn əl-Hüseyn əl-Əstürlabi tərəfindən İslam Dünyasında hazırlanmış ilk selestial qlobusu (Globe Céleste) görəcəksiniz.
Növbədə İslam aləminə xas müxtəlif dekorlarla bəzədilmiş qapılar, boşqablar, miniatür sənəti ilə bağlı hansı kitabı açsanız görəcəyiniz dekorativ kirəmitlər var.
Bir divar boyu düzülmüş Türkiyədən gətirilmiş miniatür motivlər kolleksiyanın ən görülməli işlərindəndir. (maraqlı fakt: divardakı fayanslardan bəziləri ermənilər tərəfindən hazırlanıb)
Səfəvi dövrünə aid güzgüdən tutmuş bıçağa, divar motivlərindən tutmuş dekorativ qapılara qədər bir çox eksponat görəcəyiniz bu hissədə xüsusi diqqət verilməli eksponat İsfahandan gətirilmiş Bağ Səhnəsidir.
Kolleksiyanın kulminasiya nöqtəsi xalçalardır. Yavaş-yavaş xalçalara baxırsınız və burda sizi fərəhləndirəcək o eksponatı görürsünüz – Azərbaycan xalçası. Diqqət: son gedişimdə xalça eksponat mübadiləsinin qurbanı olmuşdu :/

Sculptures – Heykəllər

Richelieu qanadı, mərtəbə -1 və 0

Heykəltəraşlıq nümunələri bir neçə zalda tematik olaraq bölünüb. -1-də iki “həyət” var, bu həyətlərdə Avropa və Fransa heykəllərinə baxıb, onlarla eyni pozada durub şəkil çəkdirə bilərsiniz (bəzi heykəllərin həqiqətən gülməli pozaları var).
Heykəllərin bir qismi “qəbristanlıq” mövzusu üzərində qurulub: qəbir daşları, qəbirlər, white walker.
Bir digər bölmədə isə Akademiyaya təqdim edilmək üçün hazırlanan heykəllər sərgilənir. Mötərizə açıb Luvrun tarixi haqqında çox qısa bir məlumat verəcəm. Luvr Kral Sarayı olaraq istifadə olunarkən bütün otaqlar yalnız kralın yatması, yeyib-içməsi və hər küncdə bir məşuqəsini gizlətməsi üçün istifadə edilmirdi. Zalların bir qismi Charles X Muzeyinə çevrilmişdi – buraya Misir əntiqləri yığılmışdı. Sarayın digər bir hissəsi isə incəsənətə həsr edilmişdi. 1648-1793-cü illər arasında Luvrda Académie Royale de Peinture et de Sculpture (Rəssamlıq və Heykəltəraşlıq üzrə Kraliyyət Akademiyası) fəaliyyət göstərirdi. Akademiyaya daxil olmaq üçün gənc (bəzən də yaşlı) istedadlar iş hazırlayırdılar və həmin işlərin bir qismi ilə siz məhz Luvrda tanış ola bilərsiniz. Jean-Baptiste Pigalle-ın hazırladığı Volterin qalmaqallı çılpaq heykəli (Voltaire nu) də bu zalda yerləşir.
İtalyan heykəlləri zalında isə Michelangelonun əsərlərini görə bilərsiniz.
Gabrielle d’Estrées et une de ses sœurs

Peintures – Rəsmlər

Richelieu, Sully və Denon qanadları, mərtəbə 1 və 2

Luvr deyəndə turistlərin 99%i Mona Liza deyə exo verir. O boyda muzeydə sanki Mona Lizadan başqa bir eksponat yoxmuş kimi. Xülasə, Luvrun Starı, xanım-xatın Jakonda sizləri Muzeyin Denon qanadının 1-ci mərtəbəsində xüsusi bir təbəssümlə gözləyir. Mona Lizadan əvvəl kolleksiyaya nələr daxildir ondan danışaq.
Luvrun Rəsm kolleksiyası bir neçə hissədən ibarətdir ki, bu hissələr də coğrafi mənşəyə görə bölünüb.
Fransa rəsmləri
Avropa incəsənətinin beşiyidir Fransa (İtaliya ilə birlikdə :p). Delacroixnın nəhəng tablolarına baxıb personajlar arasında itmək istəyirsinizsə, və ya İngresin bizə arxasını çevirib çim-çim edən xanımlarına salam demək istəyirsinizsə, ya da Corot-nun peyzajlarına baxıb feyziyab olacam deyirsinizsə, mütləq bu kolleksiyanı görməlisiniz.
Burda yenə bir mötərizə açıram. Luvrun Saray dönəmində Akademiyada hər il Salon təşkil edilirdi. Salonda həmin ilin seçilmiş tabloları nümayiş olunurdu. Salonda əsərinin nümayiş olunması rəssam üçün çox böyük prestij sayılırdı. Prestij dərəcəsinə görə tabloların kateqoriyaları var idi (ən prestijlilər daha çox təxəyyül tələb edən işlər, ən az prestijli isə nəyinsə tam kopyası):
  1. tarixi rəsmlər
  2. portret
  3. insan rəsmləri (gündəlik həyatdan fraqmentlər və s.)
  4. peyzaj
  5. natürmort
Kolleksiyadakı əksər işlər Salona qəbul olunmuş tablolardır. Hər tablonun qarşısında 30 saniyə keçirsəniz, hər halda 1 həftəyə sırf Rəsm kolleksiyasını bitirə bilərsiniz. Amma mütləq görülməli əsərlər sırasında Delacroixnın “La Liberté guidant le peuple” və İngresin “La Beigneuse Valpançon” xüsusi qeydedilməlidir. “Gabrielle d’Estrées et une de ses sœurs” tablosu da burdadır 😉
Şimali Avropa rəsmləri
Əvvəlcə pis xəbəri vermək istəyirəm: kolleksiyanın böyük bir hissəsi bağlıdır. Yaxşı xəbər: görüləcək vacib əsərlər sərgilənməyə davam edir.
Almaniya, Danimarka, Hollandiya rəssamlarının əsərlərini görəcəyiniz bu zalda bir çox üstadın izinə rastlayacaqsınız. Rembrandtın tünd palitrası, Rubensin qırmızısı, Antoine van Dyckein portretləri, Vermeerin Astronomu sizi alıb aparır başqa dünyalara. Kolleksiyadakı ən sevimli əsərlərim Rembrandtın avtoportretləridir.
Portretlərlə zəngin kolleksiya gəzməyin bir digər maraqlı məqamı isə hərdən bir tanışınızın oxşarını görməkdir: mən bir dostumun əkizini tapdım Şimali Avropa rəsmləri arasında.
İtaliya rəsmləri

Maître de Dreux Budé, Le baiser de Judas et l’arrestation du Christ
İtaliya = incəsənət. Denon qanadının 1-ci mərtəbəsində İtaliyanın bir az qədim dövrlərinə gedib çıxırsınız, əsasən kilsə və din temalı tablolar və müxtəlif rəsmlər görürsünüz. Sonra tarixdə addımlayaraq Botticelli, Caravaggio, Raphael, Tizianoya yaxınlaşırsınız. Məşhur xanımın zalının qarşısındakı uzuuuun zalda sağlı sollu tarixin ən dəyərli italyan rəsmlərini görürsünüz. Əlbəttə, Liza xanımın yaratdığı qara dəliyə düşməsəniz. Turistlərin böyük əksəriyyəti Leonardo da Vincinin Luvrda bir yox, bir neçə əsəri olduğundan belə xəbərsizdirlər.
Gələk Starımıza. Luvrdakı ən möhtəşəm əsər olduğunu deyə bilməyəcəm, amma ziyarətinizdən sonra “O qədər deyirlər ki, əslində bapbalaca bişeydi, özü də uzaq, heç görünmür” deməyiniz üçün mütləq görülməlidir. Cazibədar gülüşünü böyük bir ehtimalla sezə bilməyəcəksiniz, çünki Luvrdakı digər əsərlərdən fərqli olaraq Mona Liza ilə sizi təqribən 2 metr uzaqlaşdıran taxta hasar, xanımın sağ və solunda qorumalar, üzərində ikiqat şüşə var. Bütün bunlar azmış kimi telefon və kameraları ilə az qala gözünüzü deşən turistlər sizin o bir neçə dəqiqəlik həzzinizi burnunuzdan gətirirlər.
İspaniya rəsmləri
İki dəfə kolleksiyaya daxil olub ikisində də tam detallı gəzə bilməmişəm: ilk dəfə dəhşət yorğun olduğum üçün, ikinci dəfə isə Afrika incəsənəti kolleksiyasına tələsdiyim üçün. El Greco, Zurbaran, Ribera, Murillo, Goya kimi rəssamların əsərləri sərgilənir.
Böyük Britaniya və ABŞ rəsmləri
Not impressed. Gainsborough, Raeburn, Turner kimi rəssamların işləri var.
Məsləhət: əgər bütün rəsm kolleksiyasını görmək istəyirsinizsə (və ancaq rəsm kolleksiyasını görmək üçün getmisinizsə), Richelieu qanadında 2-ci mərtəbədən Şimali Avropa rəsmlərindən başlayın, sonra Sully qanadında Fransa rəsmlərini görüb aşağı düşün. 1-ci mərtəbədə İtaliya rəsmləri ilə başlayıb daha sonra İspaniya, Böyük Britaniya və ABŞ rəsmlərini görüb kolleksiyanı bitirin. Beləliklə həm daha az vaxt itirmiş olacaqsınız, həm də muzeyi iki dəfə fırlanıb yorulmayacaqsınız

Arts décoratifs – Dekorativ incəsənət

Richelieu, Sully və Denon qanadları, mərtəbə 1

Luvr muzeydir, amma onun Saray keçmişi var. Bu o deməkdir ki, Luvrda saymaqla bitirə bilməyəcəyiniz qədər Saray əşyaları var. İncəsənət əşyaları adı altında toplanan saysız hesabsız eksponatlar kolleksiyanı o qədər rəngarəng edir ki, ən az bir zalı mütləq görülməlidir. Deməli, kolleksiyaya nə daxildir: taxt, xalçalar, mebellər, zinət əşyaları, saysız taclar, saatlar, boşqablar, daha çox xalça, portretlər, şamdanlar, qılınclar, silahlar… Kolleksiyada bir İmperatorun özü çatmır!
Əgər Luvra getmisinizsə, mütləq görməli olduğunuz zallardan biri, sözsüz ki, Denon qanadında yerləşən Apollon Qalereyasıdır (Galerie d’Apollon). Bu zalda taclar, zinət əşyaları, ananızın evdə servanta düzdüyü qab-qaşığın brilyant, qızıl işləməli nümunələri, hər şey var. Eksponatlardan əlavə zalın özünün divarları, tavanı, qapıları, pəncərələri hər bir yeri ayrıca görülməyə dəyər. Elə Jaconde-a aparan yolun üstündədir, xanıma salam verməmiş, buranı ziyarət edin 😉
Luvru 2 iyul 2018-ə qədər ziyarət edirsinizsə, Dekorativ incəsənət kolleksiyasında sizi daha bir sürpriz gözləyir. Fransa Milli Kitabxanası ən dəyərli kitablarını bu kolleksiyada sərgiləyir. Dəyərli dedikdə kitabın içindəki məlumatlar yox, üz qabığındakı cəvahirat, qızıl, müxtəlif mini heykəllər nəzərdə tutulur. Bəlkə də həyatımda gördüyüm ən bahalı kitablar ola bilər.
Game of Thrones fanatısınızsa, qulaqcıqlarınızı taxırsınız, soundtrack albomunu çalırsınız (xüsusən Bastard və Spoils of War part 1 & 2) və özünüzü atırsınız 24-cü zala. Luvrun silah salonuna xoş gəldiniz! Qılınclar, qalxanlar, zirehlər və… DRACARYS!

Arts graphiques – Qrafik incəsənət

Sully qanadı, mərtəbə -1

Luvrun ən göz qabağında olub da bilinməyən kolleksiyası. İçəridə Delacroix, Poussin, Rubens kimi məşhur rəssamların ağ-qara təsvirləri, etüdləri, şəxsi blaknotları, qravürlər, estamplar var. Eksponatlar işığa və rütubətə həssas olduqlarından davamlı olaraq sərgilənmir, kolleksiyanın sərgisi periodik olaraq dəyişilir.

Arts d’Afrique, d’Asie, d’Océanie et des Amériques – Afrika, Asiya, Okeaniya və Amerika incəsənəti

Denon qanadı, mərtəbə 0

Bir muzeyə getməklə iki muzey görmək mümkündürmü? Bəli, Luvrda mümkündür! Muzeyin ən gizli, bəlkə də heç bir turistin xəbəri olmayan, ən uzaq bucağında yerləşən bu kolleksiyasında Quai Branly Muzeyinin seçmə eksponatları sərgilənir. Olduqca maraqlı əşyalar var. Pasxa Adalarından gətirilən moaiTrrou Körrou görülməyə dəyər eksponatlar arasındadır. Bir sözlə, vaxtınız boldursa, daha ekzotik bir şeylər görmək istəyirsinizsə, gəlirsiniz adı yarım metr olan bu kolleksiyaya. Kolleksiya dünyanın o biri başında yerləşir və birbaşa giriş ancaq qruplar üçün mümkündür; qrupsuz gedirsinizsə, gərək 2-ci mərtəbəyə çıxıb İtalyan, İspan, İngilis və Amerikan Rəsmləri kolleksiyalarını axıra qədər gedib pilləkənlə aşağı düşəsiniz. Uzaq və yorucudur, amma əsl ekzotikadır.

Le Pavillon de l’Horloge (découvrir le Louvre) – Saat pavilyonu (Luvru kəşf)

Sully qanadı, -1, 1 və 2

Tarix qoxulu Luvr! Luvr ilk dəfə tikilərkən sadəcə Sully qanadının kiçik bir hissəsi boyda bir qala olub. Sonradan hər Kral qalaya dəyişikliklər edib və yüz illər ərzində bu kiçik qala böyük Saraya çevrilib. Lakin Saray bu gün tam deyil 🙂 Belə ki, 1871-ci ilə qədər Luvrun sağ və sol qanadları arasında Tuileries Sarayı yerləşirdi. 23 may 1871-ci ildə Jules Bergeret-in əmri ilə 12 nəfər Tuileries Sarayını atəşə verib, üç gün davam edən böyük yanğında bürünclər əriyib, mərmərlər toza çevrilib. 27 mayda isə artıq Tuileries Sarayının ancaq sütunları və bəzi hissələri qalıb. 1883-cü ildə Sarayın bu hissəsi dağıdılır. 2003-cü ildən bu yana isə Tuileries Sarayının yenidən tikilməsi təklif olunur: əvvəla, sarayın yenidən tikilməsi Luvrda yer azlığı ucbatından sərgilənə bilməyən eksponatların sərgilənməsinə səbəb olacaq; ikincisi, Tuileries Sarayından 1870-ci ildə daşınan əşyalar öz yerinə qaytarılıb sərgilənə biləcək; üçüncüsü isə Parisin məşhur Tarixi Oxu bərpa olacaq.
Luvr haqqında digər bir maraqlı fakt isə Luvrdakı bəzi əsərlərin hələ də itkin düşməsidir. İkinci Dünya Müharibəsində Alman işğalı zamanı əsərlərin oğurlanmasından qorxan Muzey rəhbərliyi Muzeydəki eksponatları güvənli saxlanma yerlərinə (müxtəlif şato və muzeylər, İsveçrə bankları, bəzi şəxsi mülklər) evakuasiya ediblər. 1940-cı ildə Paris Nazi Almaniyası tərəfindən işğal olunur və Nazilər Luvr Muzeyinə gəlirlər, burda isə onları boş divarlar gözləyir. Müharibədən sonra əsərlərin bir hissəsi Luvra qaytarılıb, bir hissəsi digər muzeylərə paylanılıb (mələn İmpressionizm kolleksiyası sonradan Orsay Muzeyinə göndərilib), bir hissəsi isə tapılmayıb, itkin düşüb.
Xülasə, möhtəşəm Luvr haqqında daha çox məlumat almaq üçün üz tutursunuz Pavillon de l’Horloge-a. Bu sayədə Sarayın necə Muzeyə çevrilməsi və bu kimi maraqlı məlumatları əldə etmiş olursunuz.

La Petite Galerie – Kiçik Qalereya

Richelieu qanadı, mərtəbə -1

Hər il Luvrda daimi kolleksiyadan əlavə müvəqqəti sərgilər təşkil olunur. 2018 iyula qədər “Le Théâtre du Pouvoir” sərgisinə baxa bilərsiniz. Sərgiyə daxil olan eksponatların bəziləri elə öz kolleksiyalarındadır (yəni öz “otaqlarında”), altda xüsusi tabloda həmin sərgiyə aid olduğu qeyd edilir.
Gəldik oxuması bir azca uzun olan qısa virtual Luvr ziyarətimizin sonuna. Kolleksiyalar haqqında məlumatlardan sonra bir neçə alternativ ziyarət üsulu təklif edirəm.
  • Əgər hər şeydən əvvəl tarixlə maraqlanırsınızsa → Əntiqlər, İslam incəsənəti, Dekorativ incəsənət (silah zalı)
  • Əgər rəsm sizin həyatınızdırsa → Rəsmlər, Qrafik incəsənət, İslam incəsənəti (miniatür)
  • Əgər kətan/kağız üzərində incəsənətlə qane olmayıb 3D ART axtarırsınızsa → Heykəllər
  • Əgər muzeyə yox, Saraya gəlmisinizsə → Dekorativ incəsənət (xüsusən Napoleonun otaqları)
  • Əgər ekzotika axtarırsınızsa → Afrika, Asiya, Okeaniya və Amerika incəsənəti
  • Əgər cer-cehiz yığmaq üçün ilhama ehtiyacınız varsa → Dekorativ incəsənət
Luvr hədsiz böyük muzeydir və gəzib qurtarmaq, gəzməkdən doymaq mümkün deyil. Müvəqqəti kolleksiyanın daim yenilənməsi, yeni eksponatların alınması, eksponat mübadiləsi nəticəsində həmişə Luvrda görüləcək yeni nə isə olur. Tipik bir turistin təqribən 2 saatını Luvra ayırdığını düşünsək, kolleksiyaları tam gəzməyə vaxt çatdırmaz. Ona görə də görülməsi ən vacib, görmədən qayıtmağın günah olduğu bir neçə eksponatı qeyd edirəm:
  • Bağ Səhnəsi (İslam incəsənəti)
  • Azərbaycan xalçası (İslam incəsənəti)
  • Hammurapi qanunları (Yaxın Şərq Əntiqləri)
  • I Daranın Sarayı (Yaxın Şərq Əntiqləri)
  • Venus de Milo (Yunan əntiqləri)
  • “Mona Lisa” Leonardo da Vinci (İtalyan Rəsmləri)
  • “La Liberté guidant le peuple” Eugène Delacroix (Fransa rəsmləri)
  • “La Beigneuse Valpançon” Ingres (Fransa rəsmləri)
  • “Gabrielle d’Estrées et une de ses sœurs” (Fransa rəsmləri)
  • Rembrandt (Şimali Avropa rəsmləri)
  • Galerie d’Apollon (Dekorativ incəsənət)
Luvrda hansı eksponatı görməyinizdən, hansı zalda və kolleksiyada olmağınızdan asılı olmayaraq yeni bir şeylər öyrənəcəksiniz. A musée vous 😉

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s