Ahh Paris Parisss

Paris deyəndə ağıla ilk gələn əsərlərdən biri də Amelia filmi olduğundan filmin soundtrackını burda sizinlə paylaşıram. Əgər filmə baxmamısınızsa bu yazıdan sonra ilk iş elə filmə baxmaq olsun

Parisdəki otellərlə bu linkdən tanış ola bilərsiz

Bu ilin yanvar ayının sonları idi imtahanlar filan qurtarmışdı, Parisdə olan türk dostumla danışırdım. Dedi ki, bəs geyin-keçin gəl buralara. Mən də eləmədim tənbəllik, (sanki vacib bir iş görürmüşəm kimi) RyanAirlə (Bax: Çox ucuza səyahəti necə təşkil etməli?!) biletimi alıb tam yanvar ayının 28i düşdüm yola Parisə doğru. Qeyd edim ki, Parisdə 3 hava limanı var: Charles de Gaulle (Şarl de Qol), Orly (Orli) və Beauvais-Tille (Buve-tiye). Mərkəzə ən yaxın olanı Charles de Gaulle hava limanıdır. Easyjetlə Charles de Gaulle və Orly, WizzAir və RyanAirlə isə Beauvais-Tille hava limanına və geriyə uçuş biletləri ala bilərsiniz.

cdg
Şarl de Qol hava limanı

İlk öncə qeyd edim ki, Paris ya da fğansızların dili lə desək Paği haqqında fikirlər birmənalı deyil. Bəziləri üçün Paris həqiqətən də möhtəşəm, yaraşıqlı sevgi şəhəri, bəziləri üçünsə adi, Avropa ölkəsi paytaxtıdır və onlar Parisin gözəlliyinin şişirdildiyini düşünürlər. Bu məsələ ilə bağlı çox maraqlı bir məqam var. Belə ki, Parisə gəlib arzuladığı ya da öncədən xəyalında qurduğu Parisi görə bilməyənlərdə “Paris sindromu” adlı bir narahatlıq meydana gəlir. Bu sindrom demək olar ki, əksər hallarda 30-50 yaş arası yapon xanım turistlərdə qeydə alınır və hətta məsələ o qədər ciddidir ki, Parisdəki Yaponiya səfirliyində yapon turistlər üçün xüsusi dəstək xətti açılıb. Yapon xanımların bu narahatçılığının əsas səbəbi odur ki, onlar fotolarda müxtəlif rakurslardan çəkilən Eyfel qülləsinin elə də möhtəşəm olmadığını, Mona Liza əsərinin cəmi 77×53 sm ölçüdə kiçik bir əsər olduğunu və ya Parisin əslində məşhur Amelie filmindəki kimi olmadığını görüb xəyal qırıqlığı yaşayırlar. Nəysə, mənə görə Paris nədir? sualına ən sonda cavab verəcəm.

20150130_135144.jpg
Mona Liza sayyeahın gözüylə – Mona Lisa

Yuxarıda qeyd etdiyim kimi Parisə WizzAir, EasyjetRyanAir loukosterləri ilə və ya normal tarifli hava yolları ilə gedə bilərsiniz. Parisə yaxın olan ölkələrdən Belçika və İsveçrədən isə sürət qatarları ilə qısa bir zamanda Parisə çata bilərsiniz.

Qaldı ki, gecələmək məsələsinə mən dostumun evində qaldığımdan hotel, hostel qiymətləri barəsində bir məlumatım yoxdur amma bu hotel, hostel və apartmentlərin qiymətini öyrənmək üçün booking.com, hostelworld.com, airbnb və ya couchsurfingdən istifadə edə bilərsiniz. Amma onu deyim ki, Parisdə olmasa da Lyonda və Kurşeveldə otellərdə qalmışam və sırf o otellərdə hər səhər “Bonjour monsieur” (bonjuğ müsyö) sözünü eşitməkdən ötrü otellərdə qalmağa dəyər. Qarşına çıxan hər otel işçisi “bonjour monsieur” deyə salamlayır səni, sən də özünü Cem Yılmaz demiş lord hesab eliyirsən 😀 Bir şeyi də qeyd edim ki, mən təcrübəsiz olmuşdum Parisə qışda getmişdim, siz etmiyin eləmiyin, tam 5 gün Parisdə oldum və onun 3 günü yağış yağdı, Parisin dadını çıxara bilmədim, məsləhətdir ki, yaz-yay aylarında gedəsiniz.

00.jpg

İndi gəldik “Parisdə nə yeməli?” sualına. Təbii ki, sizə durub orda kruasan, makaroni yeyin, fransız şərabının dadına baxın deyəsi deyiləm, bunları hamımız bilirik amma məndən eşitmiş olmuyun deyilənə görə Parisə gedib də azı kruasan və makaroni yeməyənləri eşitdiyimə görə döyürlər 😀 tamam bunlar zarafatdır amma yuxarıdakı qeydləri nəzərə almaqda fayda var.

Gəldim yazının ən sevdiyim hissəsinə. Parisdə haralara getməli, nələri görməli?  Parisə hava limanına, dəmir yolu vağzalına çatdığınızda ilk iş şəhərin turistik xəritəsini almaq olsun. Hava limanlarında, dəmir yolu və avtobus vağzallarında və turizm informasiya mərkəzlərində xəritələr pulsuzdur. Parisdə nəqliyyat haqqları bir balaca baha olduğundan çalışacam məkanları ardıcıllıqla qeyd edim ki, piyada gedə bildiyiniz yerlərə piyada gedəsiniz.

20150129_111625.jpg
sayeahın obyektivindən Zəfər Tağı – arc de Triomphe

İlk öncə təbii ki, Paris deyəndə ağıla gələn şəhərin simvolu olan Eyfel qülləsi. Gəldiniz gördünüz, bir-iki selfie çəkdirdiniz, hava yaxşı olsa və axşam deyilsə qülləyə də dırmaşdınız, növbəti dayanacağımız Arc de Triomphe (Zəfər tağı) olacaq. Məşhur yazar Erix Mariya Remark “Zəfər tağı” əsərinin adını məhz bu abidədən götürüb. İstəsəniz abidənin kəlləsinə çıxıb oradan Paris mənzərəsiylə daha 1-2 İnstagramlıq şəkil çəkə bilərsiniz. (qeyd edim ki, Zəfər tağının kəlləsinə çıxmaq ödənişlidir). Zəfər tağı 4-5 yolun kəsişməsində yerləşir ki, bunlardan da biri məşhur Champs Elyseesdir (bizim dildə Şanze-Lize, mahnısı da var e ‘oooo Şanze Lize’, bax o 🙂 ). Champs Elysees prospektinin hər iki tərəfi bahalı restoranlar və brend butiklər tərəfindən işğal olunub. Məşhur futbol klubu PSGnin mağazası da burada yerləşir, əgər azərkeşisinizsə özünüz üçün bir suvenir ya İbrahimoviçin formasını ala bilərsiniz. Bu prospektlə irəliləyirsiniz bir az sonra qabağınız Place de la Concorde çıxacaq. Burda bir fontan, bir şeytan-çarxı bir ədəd də sütun var. Meydan fransız tarixində bir çox məşhurların edamına şahid olub. Bu meydanı keçdikdən sonra kiçik bir park var o parkla müxtəlif ağaclara baxa-baxa irəliləsəniz bir də görəcəksiniz ki, qabağınız İçəri Şəhər metro stansiyasına oxşayan şüşəli bir piramida çıxdı.

20150128_171731.jpg
Luvr Muzeyi – Musee du Louvre

Həə bax bu məşhur Cakonda ya da Mona Lizanın saxlanıldığı Luvr Muzeyidir. Fərqi yoxdur muzeylərə marağınız var ya yoxdur, gəlib piramidanın qabağında 2-3 şəkil çəkdirə və ya orda kiçik kub formalı daşlar var onların üzərinə çıxıb əlinizlə muzeyi qaldırımış kimi şəkil çəkdirə bilərsiniz. Sonra isə muzeyə girmədən məkanı tərk edirsiniz. Niyə muzeyə girmirsiniz çünki, bu piramida olan girişdə adətən çox uzun sıra olur, qiymətli dəqiqələrinizi orda xərcləmək əvəzinə içəri girib Mona Liza ilə 1-2 selfie çəkdirə bilərsiniz. Deməli bu muzeyin bir də metro keçidində olan girişi var ki, turistlərin çoxusu bunu bilmədiyindən o giriş demək olar ki, bom-boş olur heç kim olmur. Əgər metroyla bura gəlirsinizsə o zaman Palais Royal – Musée du Louvre stansiyasında çıxıb oxlarla muzeyin girişini tapa bilərsiniz. Muzeylərə, tarixə marağınız varsa bir gününüzü rahat bura ayırmalısınız. Əgər Avropa birliyi ərazisində yaşamaq icazəniz varsa (residence permit card) o kartı girişdə göstərib içəri pulsuz keçə bilərsiniz (dəqiq məlumat deyil, mən yoxladım işlədi, sizdə də varsa yoxlayın) yoxdursa məcburən 15 avro ödəməli olacaqsınız ki, muzeylərə marağı olanlar üçün dəyər bu məbləği ödəməyə. Bildiyiniz kimi Luvr muzeyi çox böyükdür və eksponatların sayı hədsiz çoxdur amma girişdə olan broşurlardan marağınıza uyğun olan otaqları və mərtəbələri çox asan tapa bilərsiniz. Broşdurda Luvrda görülməli (həm də selfie çəkdirməli) əsas 7 (ola bilər rəqəmi səhv xatırlayım) əsərin yerləri çox aydın göstərilib, vaxtınız azdırsa ən azı bunlara bir baş çəkib çıxa bilərsiniz. Bir az daha vaxtınız varsa orda Napalyonun iqamətgahı var ora da Luvr muzeyində görülməli yerlərdəndir. Parisdə həddindən artıq çox muzey var, hər cür marağa uyğun, Parisə gedib də marağına uyğun muzey tapa bilməyəcək bir şəxs yoxdur çox güman. Qeyd edim ki, hər ayın ilk bazar günü Parisdəki bütün muzeylərə giriş pulsuzdur, tutduzdura bilsəniz şansdan istifadə edin 🙂

20150130_130909.jpg
Luvr muzeyində Napaleonun iqamətgahı

Sonra təbii ki, Parisə gedib də baş çəkmədən geri dönməməli olduğunuz məkan Notr Dam kilsəsidir. Kilsəyə giriş pulsuzdur. Ədəbiyyatda olan məşhurluğu, qotik üslubunda olan abidənin möhtəşəmliyi sizi valeh edəcək, hələ mən kilsənin zərif ornamentlərlə bəzədilmiş iç hissəsini və şəbəkə pəncərələrini demirəm.

Bir sonrakı məkan Luksemburq Bağları adlanan parkdır, hansı ki, yaz və yay aylarında fərqli rəngli çiçəklərə bürünərək möhtəşəm mənzərə yaradır. Növbəti gəzəcəyiniz məkan Saint Germain bulvarıdır. Adının bulvar olduğuna baxmayın, ətrafda gözünüzə dəniz, göl ya çay görsənməyəcək. Bu bulvar Parisdə aktiv həyatın cərəyan etdiyi məkanlardandır. Pantheon digər bir gəzilməli muzeylərdəndir. Amma içində elə də maraqlı eksponatlar yoxdur. Giriş üçün ödəniş etməyə dəyməz amma binanın memarlığı çox gözəldir. Pantheondan qısa bir piyada məsafəsində məşhur Sarbon universiteti yerləşir, getmişkən bir ora da baş çəkin məncə.

Növbəti görülməli məkanımız Hotel de Villedir. Əslində deyə bilərsiniz ki, otelin nəyi maraqlı olacaq? Haqlısınız amma bu bina adındakı otel sözündən fərqli olaraq otel deyil, Paris şəhər bələdiyyəsinin (ya da icra hakimiyyətinin) binasıdır. Bina çox möhtəşəm memarlıq üslubunda tikilib. Mən deyərdim ki, Budapeştdəki əzəmətli parlamentin kiçik formasıdır. Qışda binanın qarşısında buz meydançası olur, hansı ki, buz üstündə sürüşə və yaxud xokkey oynaya bilərsiniz.

Gəldik mənim Parisdə ən sevdiyim yerlərdən biri olan Saint Martin kanalına. Bura ortasından kanal keçən enli bir küçədir. Küçənin hər iki tərəfində kiçik, şirin kafelər var. Ürəyiniz istəsə bir fincan qəhvə ya fransız şərabı içə-içə kanaldan gəlib keçənləri seyr edə bilərsiniz. Yuxarıda qeyd etdiyim Amelia kinosundakı Amelienin ən sevdiyi işlərdən biri də məhz bu kanala gəlib, daş sıçratmaq idi.

Parisdə ən bəyəndiyim bölgə isə Montmarte bölgəsi oldu. Mən deyərdim ki, Parisdə bir neçə saatlıq vaxtınız varsa Eyfel qülləsini boş verin məhz bu məkana baş əkin. Parisin əsl siması, fransız ruhu bu məhəllələrdə dolaşır. Xəritəni qoyun çantanıza özünüzü dar, kiçik, dalanlı küçələrə atın, azın bu məhəllələrdə, Parisin ruhunu kəşf edin. Bu səmtdə ən görülməli abidələr siyahısına Sacre Coeur (Saköe köğ) bizim dildə isə Müqəddəs Ürək (və ya Ağ kilsə) kilsəsi başçılıq edir. Amelie kinosunda da bu kilsəni tez-tez göstərirlər. Kilsə digər binalarla müqayisədə, məsələn Nort Dam kilsəsi ilə ürküdücü görünüşü yoxdur. Montmarte təpə olduğundan kilsənin yanından Parisə açılan gözəl mənzərəyə doya-doya baxa bilərsiniz, bir də bura gün batan vaxtı gəlmisinizsə dadından doyum olmaz mənzərənin, əsl Paris romantikasını burda tapacaqsınız.

Travel-Exploring-Paris-Montmartre-Restaurant-Au-Cadet-De-Gascogne
Montmarte küçələri

Kilsənin arxa tərəfinə keçirsiniz və budur Montmartenin dar küçələri başlayır. Bir az irəliləyirsiniz və qarşınıza kiçik işqılarla bəzədilmiş bir meydan çıxır. Burda rəssamlar öz molbertlərini qoyub şəkil çəkirlər. Yaxınlıqdakı kafelərdən bir qədəh şərab götürüb siz də özünüzü rəssam kimi hiss edə bilərsiniz.

Montmartedə mütləq baş çəkməli olan məkan Creperie Le Tire-Bouchon kafesidir. Kafenin özünə məxsus iç dizaynı var, belə ki, kafenin iç tərəfi kafeyə gələn qonaqlar tərəfindən bəzdilib. Divarda hər yer pul, çek, bilet, müxtəlif kağız materiallarla örtülüb, istəsəniz siz də öz adınızı kafenin divarına həkk edə bilərsiniz mənim kimi.

20150129_191849_HDR

16644930667_0795149f76_b.jpg
Creperie Le Tire-Bouchon

Montmartenin digər məşhur məkanı Montmarte qəbirstanlığıdır. Hiss edirəm ki, deyirsiz qəbirstanlığın nəyi maraqlıdır?! 🙂 ilk öncə burada qəbirlər gül-çiçəklərlə elə bəzədilib ki, heç məzarlıqda olduğunu adam hiss etmir, bundan əlavə dünyanın Edith Piaf, Ahmet Kaya, Şopen, Oscar Wilde kimi məşhurları məhz bu məzarlıqda uyuyur.

Təpənin ətəyində isə Parisin Red Light Districti olan Moulin Rouge (Mulen Ruj) yerləşir, istəsəniz Mulen Rujdakı şouları seyr edə bilərsiniz. Ən ucuz varyant şou+şampandır ki, 110 avro ətrafında bir qiyməti var.

Parisdə baş çəkmədiyim və peşman olduğum iki məkan var. Birincisi məşhur Versal Sarayı, ikincisi Paris katakombaları, yeraltı məzarlıqlar. Siz siz olun parisə gedərkən bu 2 məkana mütləq baş çəkin, yoxsa çox şey itirərsiniz.

small-group-paris-catacombs-tour-in-paris-147943.jpg
Paris katakombaları

Daha bir şəhər yazımızın sonuna gəldik, ümid edirəm ki, maraqlı oldu və Parisə səyahət etsəniz bu yazıdan sonra Paris sindromu keçirməyəcəksiniz. Mənim fikrimə gəldikdə Paris doğrudan gözəl şəhərdir amma mənimçün Parisi sevimli edən Luvr ya Eyfel qülləsi deyil məhz Montmarte bölgəsidir. Növbəti yazılara qədər…

Paylaşdı: Babək Musa-Zadə (sayyeahblog.com)

 

One thought on “Ahh Paris Parisss

  1. I often visit your page and have noticed that you don’t update it often.
    More frequent updates will give your website higher authority & rank in google.
    I know that writing content takes a lot of time, but
    you can always help yourself with miftolo’s tools which will shorten the time of creating an article to a few seconds.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s