Luvr muzeyi haqqında hər şey. 1-ci hissə

Parisdəki otellərlə bu siyahıdan tanış ola bilərsiz.
Təqribən 10 bəlkə də daha çox ziyarətdən sonra Luvr muzeyinin daimi kolleksiyasını gəzib bitirdim. Bu münasibətlə də Luvr haqqında biraz məlumat verib, necə getməli, necə gəzməli, vaxtdan necə istifadə etməli kimi suallara cavab verəcək bir yazı yazacam.

Luvr Muzeyi Parisin 1-ci bölgəsində Sena çayının sahilində yerləşir. Muzeyə gəlməyin ən rahat və məsləhətli yolu metrodur. Metronun 1-ci və ya 7-ci xətti üzərindəki Palais Royal – Musée du Louvre stansiyasında düşüb 6. Carroussel du Louvre çıxışını izləyərək Muzeyin turistlər tərəfindən çox da bilinməyən, buna görə də, demək olar ki, növbə olmayan yeraltı girişinə gəlirsiniz. Yox əgər “Mən mütləq o şüşəli piramidadan girəcəm muzeyə” deyirsinizsə, 1 saata qədər növbə gözləməyə hazır olun. Ümumiyyətlə, muzeyin bir neçə girişi var, ən rahatı metrodan girişdir, mən 10+ dəfə getmişəm, növbədə gözləməmişəm.
Muzeyin giriş saatları bazar ertəsi, cümə axşamı, şənbə və bazar günləri saat 9:00-18:00 arasıdır; çərşənbə və cümə Nocturne olur və muzey saat 21:45-ə qədər açıq olur. Zalların boşaldılması adi günlərdə 17:30-da, nocturne günlərində isə 21:30-da başlayır. Çərşənbə axşamı, 1 yanvar, 1 may, 8 may və 25 dekabrda bağlı olur.
Ziyarət üçün ən ideal saatlar: səhər muzey açılanda və nocturne günləri 18:00dan sonra. Şənbə və Bazar günləri mümkün olduğu qədər gedilməməlidir (diqqət: həftəsonu gəzintisinə gələn turistlər!). Ziyarətin müddəti maraq dairəsindən və görüləcək zallardan asılı olaraq dəyişir, amma minimum 2 saat ayırmaq lazımdır.
Standart biletin qiyməti kassada 15€, online satışda 17€-dur (Luvr üçün alınan biletlər həm də Eugène Delacroix muzeyində keçərlidir). Muzeyə giriş 18 yaşa qədər uşaqlar, 26 yaşa qədər Avropa rezidentləri, Nocturne günlərində saat 18:00dan sonra 26 yaşa qədər vətəndaşlığından asılı olmadan bütün gənclər, oktyabr-mart ayları arası hər ayın ilk bazar günü hamı üçün pulsuzdur. Endirimli tariflər və bir çox başqa alternativlər var (Paris Museum Pass və s.). Məsləhətlisi bileti əvvəlcədən almaqdır, yoxsa kassada uzun növbələr gözləməli olacaqsınız. Növbə gözləmədən bilet almağın bir digər üsulu isə Luvrdan çox da uzaq olmayan Eugène Delacroix muzeyindən bilet almaqdır ; beləliklə, həm kiçik və maraqlı Eugène Delacroix muzeyini də görmüş olacaqsınız. Pulsuz girişdən faydalanırsınızsa mütləq şəxsiyyətinizi təsdiq edən bir sənəd göstərməlisiniz, biletsiz kontroldan keçəcəksiniz.
Bilet alındı (ehtiyac varsa), information-dan Luvr xəritəsi götürüldü, növbəti istiqamət yükləri yüngülləşdirmək üçün vestiairedir: istifadə pulsuzdur, özünüzlə pasportu götürün, qalan əşyalarınızı əmanət edin vestiaireə.
Kiçik detallardan biri də ayaqyolu məsələsidir, giriş mərtəbəsi -2də 3 WC var, əgər növbə varsa və vaxt itirmək istəmirsinizsə sərgi zalları arasında WC var 😉
Acmısınızsa -2də Paul-un bir şöbəsi (təbii ki, şəhərdəkilərdən bir az daha bahalı) və yuxarı mərtəbələrdə bir neçə (qlamur) café var.
Bu qeyd sadəcə Luvr üçün yox, demək olar ki, bütün muzeylər üçün keçərlidir: özünüzlə parasetamol götürün, sərgi zallarına qalxmamış atın. Eksponatlara və tavana baxmaq üçün başınızı o qədər yuxarı qaldıracaqsınız ki, başağrısı qaçınılmaz olacaq.
Muzeyin 3 qanadı var – Richelieu, Sully, Denon. Bu üç qanada uyğun da 3 bilet kontrol postu var, muzeyin içində o baş-bu baş gedərək vaxt itirmək istəmirsinizsə, görmək istədiyiniz kolleksiyaları yaxınlıq sıralamasına və qanadlara görə bölün. Ümumiyyətlə, Luvr o qədər böyükdür ki, bir ziyarətə ancaq bir və ya iki kolleksiyanı tam gəzə bilərsiniz. Ona görə də mütləq görmək istədiyiniz yerləri əvvəlcədən qeyd etməkdə fayda var.
Qeyd olunası bir vacib məqam da ziyarət istiqaməti ilə bağlıdır: çalışın kolleksiyanı tam gəzirsinizsə, zalları sıra ilə gəzin, divardakı “Sens de la visite” (ziyarət istiqaməti) oxları ilə hərəkət edin. Əvvəla, beləliklə muzeydə boşuna vaxt itirməmiş olacaqsınız, itməyəcəksiniz, ikincisi, kolleksiyalar xronoloji ardıcıllıq və ya tematik olaraq sərgiləndiyi üçün ortadan başlasanız kolleksiyanın məğzini anlamaq çətin olacaq.
Kolleksiya və eksponatlar haqqında məlumatlanmağın bir neçə üsulu var:
  1. Zalların girişində məlumatlandırıcı lövhə olur – kolleksiyanın tarixi, məğzi, əsərlər haqqında fransız, ingilis və ispan dillərində informasiya verir. Oxumaq lazımdır ki, nə görəcəyiniz haqqında müəyyən bir fikriniz olsun.
  2. Hər bir zalda qapıya və ya oturacaqlara yaxın bir qutu var, bu qutunun içində ingilis, fransız, italyan, ispan, çin, yapon dillərində məlumat lövhələri olur. Oxumaq vaxt aparır, amma zal həqiqətən sizdə maraq oyadıbsa və daha ətraflı məlumat almaq istəyirsinizsə bu lövhələrə göz gəzdirməkdə fayda var.
  3. Eksponatların aşağısında, yuxarısında, yan yörəsində kiçik məlumat lövhəciyi olur: eksponatın aid olduğu dövr, müəllifi, ölkə, hazırlandığı material, nə zaman və necə Luvra gəlib çıxdığı haqqında qeydlər və əgər mühüm bir tarixçəsi varsa həmin məlumat yazılır. Bütün eksponatların etiketini oxumağa çalışsanız bir ömür Luvru bitirə bilməzsiniz, amma sizə maraqlı görünən nümunələr haqqında məlumatlanmaq üçün ideal vasitədir. Tək mənfi cəhəti var – bu etiketlərin 90%-i fransızcadır, ən yaxşı halda isə fransız-ingilis.
  4. Audioguide – mən heç istifadə etməmişəm, ümumiyyətlə audioguidelərlə aram yaxşı deyil, məlumatı yazılı oxuyarkən oxu sürətini özüm seçirəm, amma audioguidedə lüzumsuz xırdaçılıq edilərək vaxt itirildiyini düşünürəm. Siz audioguide istəsəniz kontrol postların yanında şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməklə bir nintendo götürə bilərsiniz.
  5. Şəxsi bələdçi – tariflər, rezervasiya haqqında tam məlumatım yoxdur, amma şəxsi bələdçi ilə də muzeyi gəzə bilərsiniz. Daha baha başa gələcək, amma daha çox şey öyrənəcəksiniz. Yox əgər “O qədər də aristokrat deyilik” deyirsinizsə növbəti maddəyə baxın 😉
  6. Turist qrupları – mənim istifadə etdiyim metodlardan biridir :p Çox məşhur əsərlərin yanında adətən bir neçə turist qrupu olur və bələdçiləri onlara eksponatın tarixçəsi haqqında kifayət qədər ətraflı məlumat verir. Əgər sizə maraqlı olan bir eksponat haqqında danışılırsa özünüzü verirsiniz həmin qrupun yanına 😉
  7. Muzey dostluqları – muzeylərdə selfie çubuqlarını gözünüzə soxaraq muzeyin hər daşının şəklini çəkən uzaq şərqli turistlərdən başqa incəsənət və tarix haqqında kifayət qədər məlumatlı olan ziyarətçilər də olur. Təsadüfən eyni tabloya baxırsınızsa və fikrinizi bölüşmək istəyirsinizsə çəkinməyin, müzakirə edin 😉
  8. Gözətçilər – muzey gözətçilərindən əksərən ayaqyolu və filan zala necə gedərəm tipli suallar soruşulur. Sizi maraqlandıran bir əsər haqqında beyninizdə fırlanan bir sual varsa, soruşmaqdan çəkinməyin, böyük bir ehtimalla cavab verməyə çalışacaqlar (amma gözətçini yarım saat saxlayıb bütün muzeyin tarixini danışacağını da gözləməyin, camaatın işi gücü var)
  9. İnternet – deyək ki, hansısa bir zalda gəzirsiniz və çox maqarlı bir eksponat gördünüz, adını yazırsınız google-a və istədiyiniz qədər məlumatı tapıb rahat bir vaxtınızda oxumaq üçün linki save edib ziyarətinizə davam edirsiniz.
Davamı olacaq….
Paylaşdı: Zaur Valizada

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s